Allah bizi öldürsün, ya öldürməsin?

Allah bizi öldürsün, ya öldürməsin?
8 oktyabr 2014
# 15:19

Sabah-salamımızı bir müddətdir işğal edən, vulqar sözlərlə dolub-daşan kral videogörüntüləri başqalarını bilmirəm, amma məni narahat edir.

Birinə sabahın xeyir, deyəndə ehtiyat edirəm vallah. Dönüb, cavabında “sabahın xeyir, kral” desə, gülüş hədəfi olacağımı düşünürəm. İndi deyəcəksiniz ki, bəs özün necə, heç gülməmisən bu kral məsələsinə?

Gülmək yaxşıdı, əzizlərim. Amma əndazəsində.

Heç kimə ağıl, filan öyrətmək kimi bir niyyətim yoxdur, əsla. Sadəcə bu kralın sehr gücünə məəttəl qalmışam. Dostoyevski demiş, insanların bəzən nəyə güldüklərini anlamaq çox çətindir. Ətrafımdakı gənclərdən soruşanda ki, gülməli nə var burda? Bir cavab eşidirəm. Prikoldu da, ləzzət edir.....

Əslində krala gülənləri də qınamıram. İndi o qədər qarışıqlıq yaranıb ki, nəyə gülüb, nəyə ağlayacağımıza çaşırmışıq. Ya insanların dərdindən düzəldilən şoulara baxıb ağlayırıq, ya yelimiz-duzumuz tökülənə qədər oynayırıq, ya da şit, bayağı videogörüntülərə gülürük.

Demokratiyadır deyib, kralla sadə adamların allı-güllü dialoqlarına baxa-baxa ağlamağın da, gülməyin də yerini səhv salırıq.

Unuduruq ki, azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. Əxlaqda, tərbiyədə, böyüyə-kiçiyə hörmətdə özbaşınalığa gətirib çıxarır.

Mətləbdən uzaqlaşmayım.

Gəlin etiraf edək ki, o görüntülər şit, bayağı və ən əsası tərbiyədən kənar sözlərlə doludu. Və bu sözləri hər gün yüzlərlə gənc, uşaq əzbərləyib, dodaqqaçdı göstərmək üçün telefondan-telefona ötürür, sosial şəbəkələrdə yayır.

Obyektlərə “Sabahın xeyir, kral,” adı verib, meyxana da qoşmuşuq. Görünən odur ki, belə getsə, hələ çox mahnılar bəstələyib, nəinki kral-1, kral-2, kral-3 hazırlayacağıq, hətta çoxseriyalı film də çəkəcəyik. Təki reytinq gətirsin və gülməyə bəhanəmiz olsun.

Amma əslində mahnı, film mövzusu olacaq o qədər çox problemlərimiz var ki... Gənclərimiz qabiliyyətini, enerjisini milli- mənəvi dəyərlərimizin təbliğinə yönəldə biləcəyi halda, bu yersiz yumorlar kimə lazımdır, axı.

Ana dilimiz hər gün bir az baltalanır, savadsız, bayağı, əxlaqsız kəlmələrlə. Nə öyrənir uşaqlarımız? 20 ildən çox müharibə şəraitində yaşayan, torpaqları işğalda olan, yüzlərlə şəhid qurban verən bu Vətənin övladları mənəvi aşınmaya məruz qalırsa, onda itirdiklərimizi necə geri alacağıq?

Gəncliyimiz Krala salam, deyə-deyə, cuşa gəlib, getdikcə korlanan əxlaqını, tərbiyəsini çılpaq şəkildə göstərir. Eyni ilə gündəmdə olan, “Allah səni öldürsün” kimi məşhur olan görüntülərdəki kimi...

Buna da gülürük, sözlərini əzbərləyirik və yayırıq. Birimiz dəli olanda, o birimiz ağıllı olmağı bacarmırıq təəssüflər olsun.

Dilimizdə yeni, “mədəniyyət” və “tərbiyə” təcəssümü olan sözlər yaradırıq. Etik qaydalara əməl edərək, o söz və cümlələri burda yazmağa utanıram.

Amma marağınız olsa sözügedən görüntülərdəki kəlmələrə bir də qulaq asın. Kralla hal-əhval tutandan sonra, bir az düşünək bəlkə.

Allah bizi öldürsün, ya öldürməsin?

# 3053 dəfə oxunub

Müəllifin son yazıları

# # #