"Xocalı ayı": Xocalıda ağlayan uşaq - Surxay Sultan

"Xocalı ayı":  Xocalıda ağlayan uşaq  - Surxay Sultan
22 fevral 2022
# 13:30

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Surxay Sultanın “Xocalıda ağlayan uşaq” şeirini təqdim edir.

Ermənilərin Xocalıda törətdiyi soyqırım zamanı qətlə yetirilən 613 nəfərdən 63-ü uşaq idi

Güllələr oyandı günəşdən qabaq,

Alışdı Xocalı, yandı Xocalı.

Səhər açılmadı, açılmayacaq,

O gündən bir dərya qandı Xocalı.

Sancıldı millətin- türkün köksünə,

Gecənin bağrını yaran güllələr.

Bir anlıq fırlandı dünya əksinə,

Qışın şaxtasında açıldı “güllər.”

Bir ananın sinəsində “gül” aça...

Yaxasının düymələri qırılıb.

Məsum körpə əl uzadıb astaca,

“Gül” oynadar, anasına sarılıb.

Yalar qanı, özü özün ovudar,

Kəsər səsin, aram olub, dinləyər.

Bir kimsə yox olsun ona havadar,

İçin çəkub, için-için inləyər.

Eşitməz o səsi, ana eşitməz,

Olan tək canıydı, keçibdi candan.

Sipər olub, batıb qana, eşitməz,

Sorur körpə, sorur indi o qandan.

Uşaq hardan bilsin doğulub harda,

Hansı qandır axan qan damarında.

Hardan bilsin puç olacaq arzular,

Qanına susayan nankor qonşu var.

Hardan bilsin təkdir çölün düzündə,

Nədən anasının sinəsi “gül”dür.

“Ay ana, təbəssüm olsun üzündə,

Təki bircə dəfə sən onu güldür.”

O hardan bilsin ki, tək türklüyüdür,

Süd əmən körpənin böyük “günahı”.

Hayın dəyirmanı yalan üyüdür,

Guya ki, məzlumdur, qurtarmır ahı...

O hardan bilsin ki, bu yağı düşmən,

Onun varlığına kəsilib qənim.

Bir sərsəm, ağılsız xülyaya düşən,

Erməni yurduma göz dikib mənim.

O hardan bilsin ki, dünya kar olub,

Böhtan ayaq tutur, yalan yeriyir.

Dünya haqq deyənə niyə dar olub,

Dünya qaniçənə niyə “can” deyir.

... Xocalı yaralı, sinəsi dağlı,

Düşmən tapdağında, yolları bağlı.

O qarın içində, çölün düzündə,

O qandan yaranan gölün üzündə,

Sərgərdən ruhları dağlayar uşaq,

Hələ də, hələ də ağlayar uşaq.

Elə hey ağlayar, kəsməz, kiriməz,

Orda zaman donub, zaman yeriməz.

Kömək diləməyə ümid yeri yox,

Ona həyan duran kimsə biri yox.

Böyüməz, boy atmaz heç vaxt o uşaq,

Bədbaxt doğulubdu, bədbaxt o uşaq.

Sən ey nəvəsini oynadan baba,

Hərdən yaddaşını oyadan baba,

Sən ey nəvəsini güldürən nənə,

Gülən nəvəsinə gül dərən nənə,

Sən ey övladına süd verən ana,

Ömrün yanan şama çevirən ana,

Övlad arzusuyla yaşayan gəlin,

Ay bəy, subayların başına əlin,

Hələ Xocalıda ağlayır uşaq,

Ümidin yollara bağlayır uşaq.

Xocalı qoşulub ona ağlayır.

Yetmir müsibəti sona, ağlayır...

Ağlayan o uşaq həm sən, həm mənəm,

Gündə yüz yol öləm, diriləm, mənəm.

O, babam, o, atam, o, balam, nəvəm,

Onu qurtarmamış mən öləmmənəm!

# 4262 dəfə oxunub

Oxşar xəbərlər

"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

10:00 9 sentyabr 2025
Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

13:22 7 sentyabr 2025
Ələ almağa çalışdığım, amma əlində qaldığım Hamartia... - Furqan Əliyevin şeirləri

Ələ almağa çalışdığım, amma əlində qaldığım Hamartia... - Furqan Əliyevin şeirləri

14:45 26 avqust 2025
Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi... - Günel Mehrinin şeirləri

Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi... - Günel Mehrinin şeirləri

13:25 25 avqust 2025
Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri

16:58 19 avqust 2025
Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri

11:30 15 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər