Pər açıb könül onunçün dolaşır Cıdır düzündə - Ağasəlim Əmrinin qəzəlləri

Pər açıb könül onunçün dolaşır Cıdır düzündə - Ağasəlim Əmrinin qəzəlləri
20 may 2025
# 16:30

Kulis.az Ağasəlim Əmrinin qəzəllərini təqdim edir.

Danışarkən ayrılıqdan, duyulur fəğan Arazdan,
Acı həsrətin sədası ucalır yanığlı sazdan.

Üzülüb əlim vətəndən, düşüb ayrı can bədəndən,
Nə deməkdi parçalanmaq, onu sorma anlamazdan.

Qızışır soyuq küləklər, üşüyür qərib ürəklər,
Soluxur çiçək diləklər bu payız nəfəsli yazdan.

Nəfəsim sönür, nəfəs ver mənə, ey günəş nəfəslim,
İsinim hərarətinlə, yaxa qurtarım ayazdan.

Doluxan buluddur Əmri, qaralıb fələk gözündə,
Gəlib ağlamaq havası, yağacaq yağış bir azdan.

***

Üşüyən qəlbimi, mehrim, isidərdi nəfəsin,
Məni bağlardı həyata yanar eşqin, həvəsin.

Gözümü yaşlı qoyub həsrəti ahu gözünün,
Çarəsindən uzaq ağlar gözü biçarə kəsin.

Qəlbimi aç, gör içində nə cəhənnəm yaşanır,
Səhər-axşam qapısı bağlı qalan bir qəfəsin.

Ta nə qurban edim, ey büt, gələsən insafə,
Aşiqin can kimi qurbanı deyildirmi bəsin?!

Yenə canlandı xəyalın, dedin: Əmri, gəldim!
Məni sevdalı keçən keçmişə qaytardı səsin...

***

Dilbərim, ahu nəva, səndən iraq, eyləmişəm,
Şadlığı, nəşəni könlümdən uzaq eyləmişəm.

Gər ki, dərdim az idi, eşq ilə artırdım onu,
Öz əlimlə böyüdüb zərrəni dağ eyləmişəm.

Dedim: ey şux, bu matəm bitəcəkdir nə zaman?
Dedi: mən aşiqə bayramı yasaq eyləmişəm.

Bir vəfa əhli varındırmı? cahandan sordum,
Söylədi: yoxdur, onu mən də soraq eyləmişəm.

İzzət ilə açar ev sahibi mehmanə qapı,
Qəlb evimdə nə ki, qəm gəldi qonaq eyləmişəm.

Ey bu gün lağ edən əhvalıma, et, mən də dünən,
Eşqdən əqlin itirmişlərə lağ eyləmişəm.

Nabələd görmə bəla dəştinə bir ləhzə məni,
Mən bu yollarda, gözüm, qarəni ağ eyləmişəm.

Əmri, qəm bəzmi ara susdu nəvakeş üşşaq,
Xətm edib məclisi naləmlə ayaq eyləmişəm.

***

Dilimi yaxan bir atəş yanır ayrılıq sözündə,
Dönür ahımın dumanı buluda səma üzündə.

Qədəmin, behişt ətirlim, yol açır behiştə doğru,
Mənə gizli cənnət, ey gül, olur aşikar izində.

Can üzür bu qəmli sahil, mənə bir baxış nicat ver,
Boğulum, ölüm, kəsilsin nəfəsim dəniz gözündə.

Yol uzun, ömür gödək, gəl, özün aşiqin əlin tut,
Gedir əldən ixtiyarı, tükənir dözüm dizində.

Yarışır vəfasız illər, dəyişir yerin fəsillər,
Necə gəldi getdi ömrün, bilə bilmədin özün də.

Şuşatək camalı göyçək gülə aşiq olmuş, Əmri,
Pər açıb könül onunçün dolaşır Cıdır düzündə

***

Hicran ilə, sən söylə, bilim, neyləyə billəm?
Ah eyləyirəm, özgə, gülüm, neyləyə billəm?

Bir dərdimə dərman eləyən olmadı, keçdi
Dərd içrə günüm, ayım, ilim, neyləyə billəm?

Əfv et, qoyuram mən səni, yarım, yarıyolda,
Mən getməliyəm, gəldi ölüm, neyləyə billəm?

Qəlbimdə sözüm var, vəli yox dinməyə tabım,
Dilbər, donub ağzımda dilim, neyləyə billəm?

Saf eşqü məhəbbətlə hər an tutduğum əldən,
Naçar üzülür indi əlim, neyləyə billəm?

Gül, ağlama, ağlatma məni son nəfəsimdə,
Çatmış əcəlim, ey gözəlim, neyləyə billəm?

Qalsın sənə bir xatirə, qoy, Əmrili günlər,
Dünyaya çətin bir də gəlim, neyləyə billəm?

***

Yandırır könlümü hicran qəmi sənsiz gecələr,
Qəm olur aşiqinin həmdəmi sənsiz gecələr.

Alışıb atəşi-hicrə, gətirir zarə könül,
Sübhədək nalə ilə aləmi, sənsiz gecələr.

Ay üzün yadə salıb ağlayıram sübhə qədər,
Gəlişiylə gətirir matəmi sənsiz gecələr.

Sübhədək aşiqi eşqin qəmi tənha qoymaz,
Yoxdu bir özgə könül məhrəmi sənsiz gecələr.

Mənə rö'yanı haram eylədi hicran, ey gül,
Gözlərimdən silə bilməz nəmi sənsiz, gecələr.

Qədəmin torpağını Əmriyə lütf et, gözəlim,
Bəlkə olsun yaramın məlhəmi, sənsiz gecələr.

***

Bülbülün tutsa səsi gülşəni, xatırla məni,
Elə bil səsləyirəm mən səni, xatırla məni.

Ayrılıq fırtınası haqladı ömrüm gəmisin,
Yatırıldı əbədi yelkəni, xatırla məni.

Yetməyib sahilə, göz yaşımı qatdım suyuna,
Dalğalandıqca bu dərya, məni xatırla məni.

Tə'n edib etməyə ta ruhumu naşad, ey yar,
Unudub, şad eləmə düşməni, xatırla məni.

Əmri bir ömr, gözəl, vəsfini etmiş Bakıda,
Gəzişərkən bu gözəl məskəni, xatırla məni.

***

Ey həsrətini çəkdigim ismətli mələk, gəl,
Pak eşqimə ünvan, mənə hər dəmdə gərək, gəl.

Getdin, sən ilə ruhumun asayişi getdi,
Hicran alıb aramımı, qoyma məni tək, gəl.

Köksüm qəfəsindən yaralı quş tək atar can,
Pərvazə gəlib vəslinə yetməkçün ürək, gəl.

Həsrətlə keçib zülmət içində günüm, ey məh,
Gəl ki, gəlişinlə gələ parlaq gələcək, gəl.

Cismimdə təvan qalmadı, möhnət yükü ilə,
Nun etdi Əlif qəddimi, ey sərv, fələk, gəl.

Son qoy payızın ömrünə, ey tazə baharım,
Bəxtim çəmənində aça hər qönçə çiçək, gəl.

Ta bir gecə bu Əmrinin olsun gözü aydın,
Ey mahcəmalım, aradan pərdəni çək, gəl.

***

Sən vətən gülzarının, ey gül, güli-rənasısan,
Yaz təravətli, müəttər güllərin ə`lasısan.

Kuyin, ey gül, bilmişəm bir kam, məqsəd gülşəni,
Könlümü bu gülşənin bir bülbüli-şeydası san.

Gah, çapar eşiqinlə dağlar, gah, tutar səhrayə üz,
Sən bu nakam aşiqin Şirinisən, Leylasısan.

Sən bir aləmsən, bu dünya bir yana, sən bir yana,
Eşqə düşmüş qəlbimin dünyada öz dünyasısan.

Sən gözəlliksən, gözəllik sənsən, ey dilbər gözəl,
Mən gözəllik şairi, sən şerimin mənasısan.

Ey könül, var hasil olmaz mətləbin, yox sahilin,
Duyğulardan dalğalanmış arzular dəryasısan.

Əmriyə göstər hərarət, ey günəş surətli yar,
Odlu Azərbaycanın sən mehriban simasısan!

***

Səndən səni, ey ülvi muradım, dilərəm mən,
“Mən”-dən keçib ancaq “Sən”-i məqsəd bilərəm mən.

Sən yadə düşərsən duyularkən çiçək ətri,
Bülbül səsi gəldikdə, xəyalə gələrəm mən.

Ah, ağlaram, ey gül, səni andıqca payıztək,
Vəslinlə yetib kamə bahartək gülərəm mən!

Eşq aləminin qüdrəti gər olsa əlimdə,
Hicran sözün ömrün lüğətindən silərəm mən.

Göydən yerə enmiş qonağam, bir gün, ayüzlüm,
Pərvazə gəlib getmək üçün yüksələrəm mən.

Cananə yetən kəsdi, könül, bəxtiyar aşiq,
"Canan" deyə həsrətli kamantək mələrəm mən.

İnsan necə dünyadə yaşar, Əmri, nəfəssiz?
Şe`rim nəfəsimdir, o kəsilsə ölərəm mən.

# 227 dəfə oxunub

Oxşar xəbərlər

Türk öldürdü, türk ağladı - Günün şeiri

Türk öldürdü, türk ağladı - Günün şeiri

18:12 20 may 2025
Vaxtanq Kikabidze oxusun - Qulu Ağsəs

Vaxtanq Kikabidze oxusun - Qulu Ağsəs

15:40 20 may 2025
Güllər açılsın, güllələr açılmasın - Rəsul Rzanın şeirləri

Güllər açılsın, güllələr açılmasın - Rəsul Rzanın şeirləri

17:00 19 may 2025
Araz vay, məftil vay, sərhəd telim vay! - Piruz Dilənçinin şeirləri

Araz vay, məftil vay, sərhəd telim vay! - Piruz Dilənçinin şeirləri

12:20 16 may 2025
Özün donundan gözəl, donun özündən, ay qız... - Günün şeiri

Özün donundan gözəl, donun özündən, ay qız... - Günün şeiri

14:35 14 may 2025
Tanrının yaratdığı "Qadın" adlı nəğmədən - Sara Selcanın yeni şeirləri

Tanrının yaratdığı "Qadın" adlı nəğmədən - Sara Selcanın yeni şeirləri

11:30 14 may 2025
#
#
# # #