Mən ki sevdim deməkdən ayrılmam - Repressiya qurbanının şeiri

Əli Yusif, şair

Əli Yusif, şair

10 iyul 2026
# 16:20

Kulis.az "Günün şeiri" layihəsindən Əli Yusifin "Ayrılmam" şeirini təqdim edir.

Qayalar bir birindən ayrılsa,
Kürələr məhvərindən ayrılsa,
Bütün əşya yerindən ayrılsa,
Mən o dilbər məkandan ayrılmam!

Şanə tökdükcə tellər, ayrılınız!
Coşunuz, sellər, siz də sellər, ayrılınız!
Solunuz, cümlə güllər, ayrılınız!
Mən o solğun çiçəkdən ayrılmam!

Sellər alıb həp çiçəklər olsa xəzəl,
Yenə sönməz könüldə eşqi-əməl,
Bəni istərsə sevməsin o gözəl,
Mən ki sevdim deməkdən ayrılmam.

Əli Yusif kimdir?

Əli Yusif azərbaycanlı şair, siyasətçi, Cümhuriyyət tələbəsi, Gizli Müsavatın Mərkəzi Komitəsinin üzvü, repressiya qurbanıdır.

11 yaşından etibarən mətbuatda tərcümə və şeirləri ilə çıxış edib. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumətin İşlər İdarəsində draqoman kimi işləməyə başlayıb. "Yaşıl Qələm" cəmiyyətinin idarə heyətinin və Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Parisdə yerləşən Siyasi Elmlər Məktəbində ali təhsil alıb.

Təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb. Azərbaycan SSR Maarif Nazirliyinin mətbuat orqanı olan "Maarif və mədəniyyət" jurnalına məsul katib təyin olunub, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Terminologiya Komitəsində fəaliyyət göstərib. Azərbaycan Ədəbiyyat Cəmiyyətinin 21 qurucu üzvündən biri olub. Bundan başqa, Bakıda gizli fəaliyyət göstərən Müsavat partiyasına qoşulub. 1923-cü ildə Gizli Müsavatın Mərkəzi Komitəsinə üzv seçilib.

İlk dəfə 1924-cü ildə həbs olunsa da, bir neçə ay sonra azad edilib. 1926-cı ildə ikinci dəfə həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilərək Solovetski adalarına sürgün olunub. Sürgündə olduğu müddətdə müsavatçı dustaqlar arasında təbliğat işi aparıb, onların təşkilatlanmasında iştirak edib. 1935-ci ildə həbsdən azad olunsa da, Bakıya qayıtmasına icazə verilməyib və Daşkəndə sürgün olunub. Bir müddət Daşkənddə Qida Ticarəti şöbəsində mühasib kimi fəaliyyət göstərib. 1937-ci ildə yenidən XDİK tərəfindən həbs olunub. XDİK üçlüyünün qərarı ilə yoldaşları ilə birlikdə güllələnib.

Şair, yazıçı, Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü, 1928-ci ildə qurulmuş gizli antisovet "Müstəqil Azərbaycan" təşkilatının qurucu üzvlərindən biri olan Mirzə Cəlal Yusifzadənin oğludur.

# 636 dəfə oxunub

Oxşar xəbərlər

"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

14:00 10 avqust 2026
"Ümid vəd eləmir o gözlər sənə..." - Abay Kunanbayev

"Ümid vəd eləmir o gözlər sənə..." - Abay Kunanbayev

11:30 10 avqust 2026
"Rayon uşaqlarını  balıq kimi atırlar mikrorayonlara..." - Nadir Yalçından yeni şeir

"Rayon uşaqlarını balıq kimi atırlar mikrorayonlara..." - Nadir Yalçından yeni şeir

10:25 10 avqust 2026
"Bildinmi dünyanın harasındasan?!" - Çingiz Əlioğlunun şeirləri

"Bildinmi dünyanın harasındasan?!" - Çingiz Əlioğlunun şeirləri

14:10 9 avqust 2026
"Deyirlər: dərdi-eşqin adəm öldürməz, dürüstdür bu..." - Xurşidbanu Natəvanın qəzəlləri

"Deyirlər: dərdi-eşqin adəm öldürməz, dürüstdür bu..." - Xurşidbanu Natəvanın qəzəlləri

15:00 6 avqust 2026
"Sevişənlər hər gün sarmaş-dolaşdı..."  - Ejen Gilvik

"Sevişənlər hər gün sarmaş-dolaşdı..." - Ejen Gilvik

14:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər