Güllələr gilizlə hörür zəfəri - Günün şeiri

Güllələr gilizlə hörür zəfəri -  Günün şeiri
27 sentyabr 2024
# 12:00

Bu gün Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin Anım Günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən Tural Turanın "27 sentyabr" şeirini təqdim edir.

Dan yeri yaşmağı üzdən açmamış
şimşəklər Tanrıya yağdırır alqış!
Açır sinəsini buludlar yenə,
torpaq göz yaşını geyir əyninə;
Hava narahatdı tutqunluğundan...
Divarı analar, körpələr olan
ev narahatdı, yuva narahatdı.

...Tanrı məktub yazır hər bir səngərə
qaşları düyünlü yorğun havadan.
Yazır ki, buludda ilişib qalan,
zirehi deşməyən dua narahatdı...

Danyeri qorxuyla boylanır Yerə!
Günəş də qorxuyla açır gözünü.
Gündüzün köksünə sanki qan damıb...
Özün öz ovcunda can verə-verə,
ölən duaların qaldır üzünü,
sən ey ibadətin yorğun adamı!..

...Payızın rəngindən qorxan durnalar
Yüksəlir havaya tələm-tələsik...
Göy üzündən yerə baxan durnalar,
Bütün səngərlərə deyir: - hələlik...

Baxıram saata, altıya qalır,
Hansısa mərminin yuxusu qaçır.
Sansısa silahda oyaqdı güllə,
Hansısa qəlpənin qorxusu qaçır,
çəkir son nəfəsi, çəkir içinə;
açılan sabaha o gülə-gülə...

Açıldı ilk güllə, açıldı, Tanrı!
“Ardımca!”, qışqırdı səbrin kasası...
Döyüş meydanında durub üz-üzə
Dualar duadan alır qisası...
İlk güllə səsində dünya büküldü,
Bütün müqəddəslər kiçildi, Tanrı!

...Cəbhədən ilk xəbər yazır durnalar,
Manşeti atırlar göyün üzünə:
- Hər mərmi bir evin divarın sökür,
Güllələr gilizlə hörür zəfəri!

Sonra?
Sonra da analar döyür dizinə,
Danışır güllələr, susur durnalar;
Atılır döyüşə sülhün kəhəri!

# 2713 dəfə oxunub

Oxşar xəbərlər

Еy hеyf, səadət ki, bu yеrdən gеdəcəkdir - Molla Pənah Vaqif

Еy hеyf, səadət ki, bu yеrdən gеdəcəkdir - Molla Pənah Vaqif

17:00 2 aprel 2026
Vərəmli bir gecə təm iztirabı qoynunda - Cəfər Cabbarlı

Vərəmli bir gecə təm iztirabı qoynunda - Cəfər Cabbarlı

12:15 2 aprel 2026
Vaxtımız var idi, şərait əla... - Yevtuşenkonun Heminqueyə yazdığı şeir

Vaxtımız var idi, şərait əla... - Yevtuşenkonun Heminqueyə yazdığı şeir

15:02 1 aprel 2026
"Göz-gözü görmür, yolu itirmişəm..." - Günün şeiri

"Göz-gözü görmür, yolu itirmişəm..." - Günün şeiri

11:00 31 mart 2026
"Ruhunu dəyişəcək yeni bir Adəməm mən..." - Pol Verlenin şeirləri

"Ruhunu dəyişəcək yeni bir Adəməm mən..." - Pol Verlenin şeirləri

14:30 30 mart 2026
Ağrılıdır müharibə, əgər orda sevgi yoxdursa... - Günün şeiri

Ağrılıdır müharibə, əgər orda sevgi yoxdursa... - Günün şeiri

13:00 28 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər