Duymursanmı bu öpüşdə nəsə var... - Məmməd Aslanın şeirləri

Duymursanmı bu öpüşdə nəsə var... - Məmməd Aslanın şeirləri
24 dekabr 2025
# 13:00

Bu gün Əməkdar incəsənət xadimi, şair Məmməd Aslanın doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

BU YOLU SEÇDİM Kİ

Səpib göyərdərəm sözü-kəlməni,
Ayrı sənətim yox, ayrı işim yox...
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənədim yox, arayışım yox!..

Sözlər közərdimi, qəlbim yanacaq,
İsidər ruhumu bu od, bu ocaq.
Mənim ov silahım dilimdir ancaq,
Ayrı sapandım yox, ayrı daşım yox!

Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam,
...Ömrü söz uğrunda girov qoymuşam,
Ayrı ürəyim yox, ayrı başım yox!

ƏS, BAHAR NƏFƏSLİM

Sən mənə ömürsən,sən mənə bahar,
Sən elə bilmə ki, sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən,süsənsən elə.

Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.

Tələs,harayıma çatmağa tələs,
Tez çatsan,qəm mənə girişə bilməz,
Əs,bahar nəfəslim, ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.

KAŞ Kİ

Kaş ki bu xəyala o vaxt düşəydin,
Ömrümün bəxtəvər çağıydı onda.
Uğruma qəmlərdən qabaq düşəydin,
Gözlərin ömrümə yağıydı onda.

Yönü belə qəmədimi bu dağlar?,
Qəmə batma demədimi bu dağlar?,
Sənsiz qalan ümidimi bu dağlar,
Udub da üstümə şaxıdı onda.

O vaxtlar qəlbimə bir ay doğardı,
Üstümə nur yağar, ümid yağardı,
Darılmaz səbrimə dərya sığardı,
Ləşkər arzularım sağıydı onda.

Gözündə güləsi bir səhər idim,
Mən necə nurluydum, nə təhər idim,
Hələ yazılmamış bir dəftər idim,
Şehli gümanlarım ağıydı onda.

Arxanca çırpınıb sındı qanadım,
Polad sərtliyindən düşdü inadım,
Dünənimlə bu günümü qınadım,
Ürəyim dözümdə dağıydı onda.

NİYƏ İTİRDİN MƏNİ

Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır, bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.

Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü, sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.

Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın, tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin, sən hara məni.

Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən, gah ara məni.

TANIMADIN BƏS MƏNİ

Kaş biləsən qəlbən necə istərəm,
Məndən xəfif inciməni, küsməni.
Ürəyimin tellərində gizlərəm,
Yarpaq kimi nazlı-nazlı əsməni.

Meh olmuşam, öyrənmişəm çəm indi,
Səndən ayrı ta etmərəm qəm indi,
Heç demirsən bu çağırış kimindi,
Hardan səslər belə tanış səs məni.

Hər səninlə öpüşdükcə bulaqlar,
Duymursanmı bu öpüşdə nəsə var,
O Məmməddi, çeşmə kimi çağlayar,
Pıçıltımdan tanımadın bəs məni?

BELƏ KÜSKÜN GÖRÜNMƏ

Çinar yarpağıdı,bu nədi yoxsa,
Xəzanmı qonubdu çiyninə belə.
Dərdinə bu göylər göynədi yoxsa,
Alma bu dünyanın eyninə belə.

Aydımı,ya sənsən buludda çimən?
Yandırıdın çökərəm tezi-geci mən,
Hər Məcnun xəyalı bir güllü çəmən,
Geyin bu çəməni əyninə belə.

Qəm yemə,yurdumun gözəl gəlini,
Şaxta tanımasın çiçək telini,
Dünyanın ardınca yellət əlini,
Salma hər fikiri beyninə belə.

SƏNİ APARAN YOLLAR

Sən getdin, arxanca açıla qaldı,
Bir də qapanmadı qollar beləcə.
Mənimlə dumana, çənə büründü,
Hönkürdü yamaclar, yallar beləcə.

Sənsiz dünya mənə dərd-qəmə döndü,
Üyündü zirvələr, dağ quma döndü,
Şəkərim, şərbətim zəqquma döndü,
Zəhərə çevrildi ballar beləcə.

Bir uca dağ idin yaz görkəmində,
Şehli çəmənlərin öz görkəmində,
Səni apardığı qız görkəmində,
Geriyə qaytara yollar beləcə.

# 858 dəfə oxunub

Oxşar xəbərlər

"Maşenka, indi hanı şux səsin, şux bədənin?" - Günün şeiri

"Maşenka, indi hanı şux səsin, şux bədənin?" - Günün şeiri

13:30 15 aprel 2026
Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

17:30 14 aprel 2026
"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

15:00 13 aprel 2026
Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

14:20 13 aprel 2026
"Ərǝb yazılı quşlar uçurdular ömrümü..."  - Yeni imza

"Ərǝb yazılı quşlar uçurdular ömrümü..." - Yeni imza

13:30 11 aprel 2026
"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri

"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri

13:10 11 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər