Ölüm – o, müdhiş yoxluq

Ölüm – o, müdhiş yoxluq
25 iyun 2015
# 15:34

Hərdən keçmiş quduz canavar kimi üstümə atılır. İllər əvvəlki körpə yaddaşımdan sivişib irəli cuman xatirələr uzun labirintdən yarısağ, yarıölü gözlərimin önünə dikilir. Əllərimi sinəmdə çarpazlayıb gözlərimi yumuram. Bulanıq yaddaşımdan işaran anları xatırlamağa başlayıram... Məsələn məhləmizdən yuxarıdakı o yaşlı rusu.

60-65 yaşı olardı. Yaman içərdi. Məhlənin başına çatan kimi görürdük yola sərələnib. Deyərdin canındakı bütün su (axmaq alimlərin dediyinə görə orqanizmin 3/4-nü təşkil edir) asfalta yayılıb. Həm də çox çəkirdi. Bəd ayaqda yağış gölməçələrindən tutmuş, məhlənin kəsif qoxan tinlərindən siqaret kötüklərini sallaq ciblərinə doldurub acgöz-acgöz tüstülədirdi. Təkəmseyrək dişləri yumurta sarısını xatırladırdı. Onun uzaqdan səkkiz yaza-yaza gedən qaraltısını görən heç kim təəccüblənməzdi. Hər gün evində Nuh əyyamından qalma, sınıq-salxaq valı yorğun-yorğun ulayırdı. Həmişə də bir qəmli musiqi olardı. Yatdığım otağın pəncərəsi onların məhləsinə baxırdı. O otaq ki, orda uşaqlığım keçib, hər səhər günəşin solğun şöləsi çat vermiş şüşələrdən yorğun-yorğun içəri süzülüb. Gözdən iraq bir küncdə armud kimi nazik boynumu pəncərədən uzadıb uşaq sadəlövhlüyü ilə o mahnıya qulaq asırdım. Səs arabir batırdı. Səsi boğan gah dərədəki arxın şırıltısı, gah da biz tərəflərdən heç əskik olmayan küləyin vıyıltısı olurdu. Kəsik-kəsik gələn musiqi daha çox üzür adamı... Bir səhər ayıldıq, məhlə bir-birinə dəymişdi. Kişi damağında siqaret yatıb qalmışdı. Səhər ondan qalan bircə ovuc kül və hələ də evin bir küncündə həzin-həzin sahibinin yoxluğuna ağlayan val qalmışdı...

Mən onda ölümün ağırlığını dərk elədim. Daha doğrusu, bu barədə ilk dəfə düşünməyə başladım. İllər keçdikcə daha bir şeyi anladım - ölüm qarşısında bir çox şey acizdir. Ölümün qaynar nəfəsi, adındakı qəribə zabitə hər şeyi məhv etmək gücündədir. Anladığım bir də o idi ki, incəsənət hər şey deyil. Əvvəllər incəsənətə xilasedici gözüylə baxırdım, uşaqların nağıllara inandığı kimi inanırdım. Yaşım artdıqca, inancım sarsıldı. İndi istəsəm də, incəsənətə o gözlə baxa bilmirəm. Mən həmin gün başa düşdüm ki, bəzən musiqi də insanın qatilinə çevrilə bilər. Hərdən o belə insanı xilas edə bilmir. Bəlkə də o ölməsə idi, inamım bu qədər sarsılmazdı. Amma həmin itki mənim yaddaşımda dərin iz buraxdı. Ondan sonra ölümün hənirtisini hiss etməyə başladım. Uşaq üçün ölümü düşünməyin nə olduğunu izah etmək mənə çox çətin gəlir. Kiçik travmalar böyük həqiqətlərə gedən yolun başlanğıcı, müdhiş gizlinlərin açarıdır. Çıxardığım digər qənaət bu idi. Hətta bu məndə bir qənaət olmaqdan çıxıb, isbat olunmuş teorem kimidi. İyirmi altı əsr əvvəl sübuta yetmiş Pifaqor teoremi kimi.

Amma düşündükcə ölüm mənim gözümdə əvvəlki hökmünü itirməyə başlayırdı. Hətta o qədər itirdi ki, o mənə özünü xatırlatmağı bacarmadığı anlarda belə mən ondan bir nişan axtarmağa başladım. Telefon kitabçamda həm cismən, həm də mənən ölən tanışlar var. Cismən bu dünyada olmayan tanışlarıma tez-tez zəng edirəm. Qəribə vərdişə çevrilib. Hər dəfə xəttin o biri ucundan ümidlə gözlədiyim səslər əvəzinə cansıxıcı kəsik siqnallar, operator qızın tənbəl ədayla dediyi quru sözlər boy göstərir. Hərdən operator qızın vecsizliyinə, donuq səsinə əsəbiləşirəm. Bilə-bilə özünü aldatmaq bərbad hisdir. Ümid etmək ondan da pisdir. Bu özünü aldatmaq, ümid etmək deyildi - bu cavabı mən uzun çək-çevirdən sonra tapdım. Bunun adı ölüm üçün darıxmaq idi. Tozlu küçələrdə tanış qoxu, məhrəm üz, telefonun bucaqsız ənginliyində doğma səs axtarmaq - hamısı ölümü - o müdhiş yoxluğu xatırlamaq üçün idi.

# 1148 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #