Lenin və Kirovun heykəllərinin əridildiyi, Babəkin "qolları"nın saxlanıldığı yerdən - Reportaj

Lenin və Kirovun heykəllərinin əridildiyi, Babəkin "qolları"nın saxlanıldığı yerdən - Reportaj
16 oktyabr 2023
# 15:00

Kulis.az APA-ya istinadən Nihat Pirin İstehsalat Yaradıcılıq Kombinatından reportajını təqdim edir.

Bir müddət öncə Babəkin abidəsi haqqında araşdırma yazısı yazanda Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərən İstehsalat Yaradıcılıq Kombinatının rəisi Baloğlan Hüseynovla telefon danışığımız olmuşdu. O zaman abidənin hazır olan hissəsini çəkmək istəsək də, Baloğlan müəllim: “Hamısı toz-torpağın altındadır, – cavabını vermişdi, – mənası yoxdur”. Elə kombinata girər-girməz abidənin modelinin tozun-torpağın arasından boy göstərməsi ilə Baloğlan müəllimin eyni fikri yenə də olduğu kimi təkrar eləməsi bir oldu: “Hamısı toz-torpağın altındadır”.

Bura Bakıda gördüyümüz heykəllərin 90 faizinin hazırlandığı yerdir – İstehsalat Yaradıcılıq Kombinatı. Adında əzəmət var, elə gördüyü işdə də: zarafat gəlməsin, Bakı boyda şəhərdən danışırıq, saysız-hesabsız abidədən danışırıq.

Kombinatın səliqəsiz görkəmi əvvəlcə adamda neqativ duyğular yaratsa da, içəri girdikcə, hazırlanmış və hazırlanmaqda olan abidələrin eskizlərini, modellərini, işçilərin dər-dəmirin nazı ilə oynamağını gördükcə adam bütün neqativliyi unudur.

Burada adamlar yox, daş-dəmir danışır. Bu, mübaliğə deyil, həqiqətən də, kombinatda olduğumuz müddətdə, demək olar ki, insan səsi eşitmədik. Ancaq dəmir səsi, ancaq dəmir əridən ocağın səsi, ancaq dəmir kəsən aparatın səsi...

Bizi həyətdə kombinatın mühafizə xidməti qarşılayır.

– Baloğlan müəllimlə danışmışam, çəkiliş edəcəyik, – fikrimi tamamlayan kimi uzaqdan, cansız heykəllərdən can uman uçuq-sökük tikililərin yanından kiminsə iti addımlarla bizə sarı gəldiyini görürəm. Bu bizim onunla ilk görüşümüzdür. Sözün düzü, Baloğlan müəllimin heç şəklinə də rast gəlməmişəm. Amma çəkiliş heyətini görər-görməz bizə sarı gəlməsi, canfəşanlığı özünü ifşa elədi – və Baloğlan müəllimin xahişi ilə reportajda onun şəklini görməyəcəksiniz. Yəni Baloğlan müəllimi görmək istəyən birbaş kombinata üz tutmalıdır. Bu da onun istəyidir. Bu qədər daşa can verən adam sirri-xuda qalmaqdan məmnundur.

– Niyə şəklinizi çəkməyə qoymursunuz? – sualına isə sadə bir cavabı var: “xoşum gəlmir”.

– Xoş gəlmisiniz, – deyib bizi kombinatın içərisinə dəvət edir.

İlk baxışdan hərbi hissəni xatırladan kombinatın həyətində yan-yana bir neçə uçuq-sökük tikili var. Zamanında hərəsinin öz işi olduğu kimi, bu günə görə isə hərəsinin öz xatirəsi, öz tarixi var. Amma bizi əsas maraqlandıran Bakımızda, eləcədə Azərbaycanın, az qala, dörd bir tərəfində izi və imzası olan kombinatın binasıdır.

1964-cü ildə təməli qoyulan kombinatda sonradan bir neçə dəfə təmir-bərpa işləri aparılıb. Amma, təəssüf ki, binanın indiki vəziyyəti barədə o qədər də xoş söz demək mümkün deyil. Hələlik isə, işin və keyfiyyətin həmənki olmasını əsas tutub təmir-bərpa qılafında tezliklə kombinat binasının da qayğı görəcəyinə ümid eləməkdən başqa çarəmiz yoxdur.

İçəri daxil olan kimi qapının ağzında sipər olan Babəkin abidəsinin modeli istər-istəməz adamı özünə cəlb edir. Yaxınlaşdıqca Baloğlan müəllim ətrafdakı heykəl hissəciklərini göstərib deyir ki, bunlar hamısı abidənin bürüncdən tökülmüş hissələridir.

– Bu, Babəkin qoludur, – küncdə toz-torpağın içərisində itib-batan “əl”i göstərir.

– Bu hissəciklər gördüyünüz bu model əsasında hazırlanıb. Çoxdan. Amma qalıb yarımçıq. Abidənin müəllifi rəhmətlik Arif Qazıyev idi, onun rəhmətə getməsindən sonra isə, ümumiyyətlə, maraqlanan yoxdur, arabir ailəsi gəlib-gedir, o da ki nəticəsiz, – elə bunu deyə-deyə kombinatın digər hissəsinə keçirik.

Giriş hissədə daha çox əvvəllər hazırlığı burada aparılan, yaxud yarımçıq qalan abidələr, onların eskizləri, gipsdən tökülmüş hissələr yığılıb. İçəri tərəfdə isə qızğın iş gedir. Bir tərəfdə dəmir kəsənlə dəmir doğrayırlar, bir tərəfdə gürzlə daş parçalayırlar, bir tərəfdə gips qarışdırırlar - kəsəsi, hamı işində-gücündə.

– Bu da Aşıq Ələsgər, – deyən Baloğlan müəllim kombinatın girişini tutan əzəmətli abidəni bizə göstərir, – mənə deyilən vaxtda təhvil verdim. Tərtəmiz.

Aşıq Ələsgərin abidəsi üzərində işlər, demək olar ki, bitib. Kombinatın işçiləri son tamamlama işlərini görürlər. Baloğlan müəllim gedə-gedə əlavə edir.

– İşimiz bitib. İndi işçilər abidənin üzərindəki yazı işi ilə məşğuldurlar. Onları da həll edək, vəssalam, gəlib aparsınlar. Bu gips materialları isə, – əli ilə qapının arxa tərəfində üst-üstə səliqəsiz formada yığılmış parçaları göstərir, – Hacı Zeynalabdin Tağıyevin heykəlindən qalıb. “İçərişəhər”də qoyulub.

– Onun da təsbehini qırdılar.

– Hə... – Replikama sanballı bir qarşılıq gözləsəm də, başqa heç nə demir. Mən də söhbəti uzatmıram.

Baloğlan müəllimdən kombinatdakı fəaliyyəti haqqında soruşuram. Bir qədər duruxur və dərin bir ah çəkir.

– Oooo, düz 45 ildir... Bu, az rəqəm deyil. Düzü, mənim müsahibə verməklə aram yoxdur. Amma indi day başlamışıqsa, gərək sənlə bir az dərdləşək, – gülə-gülə bizə – fotoqrafımız Orxanla mənə kombinatın içərisində bələdçilik edir.

– Demək, buranın ikinci mərtəbəsi də var, –ikinci mərtəbəyə uzanan beton pilləkənləri göstərirəm.

– Hə, var, amma yox kimidir, – istəsəniz, gedin baxın, – deyən Baloğlan müəllim özü də işə qoyulur.

Pillələrini daş-kəsək parçaları, toz-torpağın basdığı yöndəmsiz pilləkəni çətinliklə, hündürlük qorxumu basa-basa birtəhər qalxıram. İkinci mərtəbədə həyata dair heç bir işartı yoxdur. Dar, işıqsız koridorla irəlilədikcə yarımcan pəncərədən içəri süzülən işıq bizə yol-yoldaşlığı edir. İşığın fonunda kimsəsiz otaqlarda yarımçıq heykəl hissəcikləri, hansısa heykəlin gipsdən tökülmüş variantı, eskizlər, çertyojlar, mişar daşı, qırılmış pəncərə şüşələri gözə dəyir, başqa heç nə.

Baloğlan müəllimdən 45 illik fəaliyyətini nəzərə alıb Sovet vaxtı ilə indiki vaxtın yaxşı və pis tərəflərini də soruşuram.

– Mən 1979-cu ildən buradayam. Bu müddət ərzində sahə rəisindən tutmuş, direktora qədər müxtəlif vəzifələrdə çalışmışam. Sən deyirsən, o dövrlə indiki dövrün fərqi... Bilirsən, onda kombinatın içində ayrı-ayrı sektorlar var idi. Xalça sektoru, şüşə sektoru və sair. Amma sənə bir şeyim deyim, indiki abidələr sənət əsəridir. Məncə, ən böyük fərq budur.

Biz söhbətləşdikcə kombinatın işçiləri bir-birlərinə dəstək verə-verə öz işlərində-güclərindədirlər. Baloğlan müəllim işçiləri göstərib Aşıq Ələsgərin heykəli üçün onların əməlli-başlı tər tökdüklərini deyir.

– Bu abidəni biz iki ay yarıma hazır eləmişik. Bayaq da dedim, tam vaxtında. İşçilərlə gecə-gündüz işləmişik. Bilirsən, mən dəqiq adamam. Bu vaxtda demişəmsə, vəssalam.

– Bəs materialları haradan alırsınız? – sualına da müəllimin cavabı çox qəti olur: “Oradan-buradan”.

Bir az dayanıb əlavə edir:

– Əvvəllər Rusiyadan alırdıq, amma indi, dediyim kimi, oradan-buradan. Metal satılan yerlər var ha, bax gedirik oraya, seçirik, oradan götürürük.

– Maraqlıdır, bəs bu qədər abidə üçün “oradan-buradan” yığılan dəmir bəs edirmi?

– Əlbəttə, eləmir. Qıtlıq yaşadığımız vaxtlar da olur. Bir şey də var ki, sökülən heykəllər də bura gətirilirdi. Məsələn, Leninin, Kirovun heykəli, On Birinci Qırmızı Orduya aid abidə... Gətirilib burada əridilib, istifadə edilib.

Baloğlan müəllim yaxşı metalın tapılmamasından da şikayətçidir:

– Uşaqları salırıq çöllərə, gedib axtarıb, seçib gətirirlər. Çətindir e, buranın iş prinsipi çox çətindir. Bilirsən, siz prosesi tam olaraq, görmürsünüz, bilmirsiniz. Bax indi biz dayandığımız bu yerdə metal əriyəndə elə bir istilik olur ki, içəridə dayanmaq olmur. Bax, – əli ilə kombinatın uçuq-sökük pəncərələrini göstərir, – hamısı ona görə qırıqdır ki, istilik buradan çıxa bilsin, yoxsa içəridə nəfəs almaq olmaz.

– Ceyms Uilsonun “sınıq pəncərə” nəzəriyyəsi var, yəqin, bilirsiniz, – fikrimi tamamlamağa imkan vermir:

– Ay qardaş, bura hava girməlidir, hava!.. Və isti buradan bayıra çıxmalıdır. Pəncərə buna görə qırıqdır, vəssalam, – deyib əli ilə fotoqrafımıza işarə edir:

– Məni yox, amma bu işçiləri çəkə bilərsən, dəmir əridirlər.

Kombinatın işçiləri xırda-para metal parçalarını onları əritmək üçün nəzərdə tutulan, bir az da Domna sobasını xatırladan qurğuya atırlar. Atılan metal parçalarına baxdıqda, həqiqətən də, onların elə oradan-buradan yığıldığını görmək olur: nəyinsə dəmir qapağı, hansısa borudan kəsilmiş hissə, dəmir dəstək və sair. Həyatın gərdişinə bax ki, nə vaxtsa haradasa, hansısa küçədəsə qaz borusu kimi ömrünü başa vurmuş dəmir parçası sabah əzəmətli bir abidədə pay sahibi ola bilir, şəhərin bəzəyinə çevrilir.

– Bu isə Babəkin qılıncıdır, – Baloğlan müəllim qarşımıza çıxan növbəti hissəciyi göstərir.

Dönüb-dolanıb yenə də Aşıq Ələsgərin abidəsinin yanında qərar tuturuq. Məhz bu cür abidənin ümumi maya dəyərini soruşuram:

– Ən azı, iki yüz min manat. Çətindir e bu proses. Bax bu gördüyün abidənin çəkisi üç tondan çoxdur. Təsəvvür elə, – bunu deyib saatına baxır və əllərini qaldırır:

– Nihat, ilk adamsan ki, məni bu qədər danışdıra bildin, daha bəsdir, mən getməliyəm. Kombinat sizin ixtiyarınızda, çəkin...

Baloğlan müəllimi kombinatdan yola sala-sala bir az da söz qoparıram.

– Bakıda başqa kombinatlar da var, eləmi?

– Var e, nə bilim e... Buranın keyfiyyəti tamam başqadır. İtaliya, Türkiyə, İran - hamısında bu kombinatdan çıxan heykəllər var. Burada görülən bütün işlərin məsuliyyəti mənim üzərimdədir, keyfiyyətinə mən nəzarət edirəm, – kombinatın çıxışına çatar-çatmaz Baloğlan müəllim Babəkin abidəsinin modelini göstərir:

– Yeri gəlmişkən, bu abidədə xırda yanlışlıq var, – modelə yaxınlaşıb izah edir, – atın bu ayağı irəli çıxıbsa, arxa ayaq mütləq irəli gəlməlidir. İnşallah, abidə qoyularsa, biz bunu aradan qaldıracağıq, – bir qədər dayanır, – amma qoyulsa da... Bu abidə hazırlansa, bilirsən, nə qədər olacaq? Əlli ton! Bir də bunu kombinatdan çıxarmağı düşün...

Baloğlan müəllim yolüstü kombinatın çıxışındakı üst-üstə yığılmış dəmir, gips, taxta parçalarını göstərib deyir:

– Bax, bu da Babəkin başı... – deyib binadan çıxır və müəllim yarımcan tikililərin arasında itir.

Baloğlan müəllimin gözdən itməsi ilə Babək mövzusunu da qapayıb kombinatın işçiləri ilə həmsöhbət oluram. Kombinat işçiləri Aşıq Ələsgərin abidəsinin üzərindəki yazı işi ilə məşğuldurlar. Həmsöhbətimin adı Oqtaydır, düz otuz ildir ki, kombinatda işləyir. Deyir, işini sevir, maraqlıdır, amma ağırdır.

– Bizə hazır forma gəlir, həmin formanı torpaqdan çıxarırıq. Torpaq həmin formadakı boşluqları tutmaq üçündür. Metal əriyəndən sonra bu formanın içərisinə süzəcəyik. O torpaq məhz formadakı boşluqları tutur ki, süzülmüş metal ora girməsin, forma pozulmasın.

Oqtay bəy deyir ki, bəzən elə olur, aylarla iş olmur.

– Biz maaş müqabilində işləmirik. Bizdə qonorardır. Yəni heykəl olduqca işləyirik, ona uyğun qonorar alırıq. Buna da şükür...

Oqtay bəylə söhbətimiz əsnasında kombinatın başqa bir işçisi bizə işarə edir:

– Gəlin, gəlin, bu sizin üçün də maraqlıdır.

“Humay” mükafatı. Mükafat 1993-cü ildən təsis edilib və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilir. Bu milli mükafat, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur. İllərini bu kombinata qurban vermiş, – düz otuz il – digər müsahibim Rasim bəy mükafatı xüsusi qəlibə sala-sala izah edir:

– Bu mükafatın da müəllifi rəhmətlik Arif Qazıyevdir. Bax, – əli ilə kombinatın metal əridilən iri qurğusuna söykənmiş qalxanı göstərir, – Babəkin qalxanıdır, bunun da müəllifi Arif müəllim olub. O da abidənin yarımçıq qalmasından gileylənir. Görünür, bu abidə, bu heykəl, bu “Qordi düyünü” misalı elə bu kombinatın, onun işçilərinin və həm də mənim alnımıza yazılıb...

Rasim bəy deyir ki, “Humay” mükafatını, demək olar ki, yarandığı vaxtdan bu kombinatda düzəldirlər. Sifarişi isə, adətən, rəhmətlik Azər Paşa Nemətov verirmiş.

– Siz bu mükafatdan almamısınız ki? – bir qədər duruxub ciddi görkəm alır.

– Yox, – gülə-gülə cavab verirəm.

– İnşallah, alarsınız, bu boyda əziyyətiniz boşa gedəsi deyil ki... – əlindəki işi dayandırıb mənə yaxınlaşır, əli ilə kombinatın lap o biri başındakı balaca otağı göstərir:

– Gedin ora da baxın, peşman olmazsınız.

Qalaq-qalaq yığılmış materialların arasından sivişib özümüzü işarə verilən otağa yetiririk.

Bura orden və medalların hazırlandığı otaqdır. Bapbalaca, içəridə, az qala, üçüncü adamın yeriməsinin mümkün olmadığı bir otaq. Amma bu balaca otaqda hazırlanan orden və medalların dəyəri ölçüyə gəlməz qədər böyükdür. Medalların müəllifi belə deyir.

Rizvan bəy də ömrünün böyük qismini burada keçirib. Bizi görər-görməz əvvəlcə əyləşməyimizi təklif edir, tez-bazar çay dəmləyir və tez bir zamanda işə qoyulur. İşini gördükcə danışır, bizə mümkün izahlar verir:

– Burada proses belə olur ki, əvvəlcə orden, ya medalın eskizi çəkilir. Bilirsən, heykəldən fərqli olaraq, orden və medalın eskizi konkret olmalıdır. Çox da xırda detallara girməyə lüzum yoxdur, çünki bu zatən özü xırda bir işdir, bir də onun daha da xırdalığına getmək... bir az mümkünsüzdür.

Danışdıqca hazırda əlində olan işləri masaya düzür.

– Eskiz hazırlandıqdan sonra gipsdən qəlibini çıxarırıq, daha sonra isə onun mumdan qəlibi düzəldilir. Yekunda isə gedir “vanna”ya. “Vanna” bunun son mərhələsidir. O mərhələ də bitəndən sonra ya qızılı, ya da gümüşü suya salırıq, vəssalam. Xırdaçı işdir, bunun üçün bizə lupalar, böyüdücülər də lazım olur: 3 dəfə böyüdən, 5 dəfə böyüdən və hətta 200 dəfə böyüdən və sair.

Rizvan bəyin sözlərinə görə, hazırda sifarişlər azalıb. Səbəbini isə gülər üzlə ifadə edir: “İndi əsas iş Qarabağda gedir”.

Bizi kombinatda daha başqa sürprizin gözləmədiyini nəzərə alıb yavaş-yavaş dəm-dəstgahımızı yığıb çıxırıq. Çıxışda binanın ümumi görünüşünü çəkdiyimiz vaxt Rizvan bəy tələm-tələsik özünü bizə yetirir:

– Bayaqdan baxıram, xatırlaya bilmirdim, mən sizin Tofiq Ağababayevlə müsahibənizi oxumuşam, – deyir və elə cavab gözləmədən əlavə edir:

– Mən özüm 1970-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında işləmişəm. Cizgi filmi çəkirdik, ilkin adı “Bulud” idi, sonrasını bilmirəm. Ondan sonra əsgərliyə getdim, qayıdandan sonra ora qayıtmadım, getdim indiki Heydər Əliyev Sarayında işlədim - işıq üzrə rəssam kimi. İndi də buradayam, dəmirlə əlləşirəm, məncə, bura daha yaxşıdır... (gülür)

Görünür, kombinatda oxşar talelərin cəm olması da həyatın növbəti gərdişidir: küçə-küçə, məhəllə-məhəllə yığılan və artıq həyatını başa vurmuş dəmir parçalarının hansısa abidədə yeni nəfəs tapması kimi, Rizvan bəy də ikinci nəfəsini məhz burada tapıb...

Sağollaşıb kombinatın həyətindən çıxırıq. Sürücümüz soruşur:

– Bayaq o kişiyə dedin e, – bir az dayanır, – nəzəriyyə.

– Hə, “sınıq pəncərə” nəzəriyyəsi.

– O nə deməkdir?

Artıq kombinatın həyətindən çıxıb qarşı tərəfə - maşınımıza sarı keçirik. Geri çevrilib kombinatın binasını göstərirəm.

– Bax, görürsən, binanın pəncərə şüşələrinin bir çoxu qırılıb və onu düzəldən yoxdur. O nəzəriyyə bunu deyir ki, pəncərənin bir şüşəsi qırılsa və təmir olunmasa, mütləq digər şüşələr də qırılacaq.

Sürücü maşına oturub motoru işə salır. Sükanı döndərməmişdən qabaq başı ilə kombinata sarı yüngülcə işarə edir:

– Əşi, kimin nəyinə lazımdır?! Pəncərə...

# 1646 dəfə oxunub

Müəllifin son yazıları

# # #