95 yaşlı Xalq rəssamı: “Birinci dəfədir ki, belə nazir görürəm” - MÜSAHİBƏ

Xalq rəssamı Tofiq Ağababayev

Xalq rəssamı Tofiq Ağababayev

13 sentyabr 2023
# 16:35

Kulis.az Xalq rəssamı Tofiq Ağababayevin APA-ya müsahibəsini təqdim edir.

– Bəli... – telefonun o biri başından xırıltılı səs gəlir, – eşidirəm.

– Tofiq müəllim, salam, mənəm, dünən sizdən müsahibə götürən oğlan, – tələsik özümü təqdim edirəm.

– Kim oğlan?

– Sizinlə dünən müsahibə eləyən oğlan, APA-dan Nihat.

– Hə, hə, yadımdadır, – bir qədər ara verir, – nəsə olub? Bir az ucadan danış, ağır eşidirəm səni.

– Yox, sadəcə sizinlə müsahibəni yığırdım, Prezident İlham Əliyevin Sərəncamı çıxdı ki, sizi “Şöhrət” ordeni ilə təltif edib, dedim, bir təbrik edim.

– Necə? Kim edib?

– Cənab Prezident sizi “Şöhrət” ordeni ilə təltif edib, – Tofiq müəllimin məsələdən xəbərsiz olmasını fürsət bilib fikirlərimi daha da genişləndirirəm, – sizin rəssamlıq xidmətlərinizə görə, incəsənətə töhfələrinizə görə...

– Hə? Mənim xəbərim yoxdur. Çox sağ olsun, mən... – səsi titrəyir, söhbətdən, həqiqətən də, xəbərsiz olması indi daha şirin görünür, – mən buna çox şad oldum, sən də sağ ol...

– Tofiq müəllim, ayağım düşərli oldu...

– Hə, hə, sən də sağ ol, oğul, Prezidentimizə çox-çox təşəkkür edirəm... “Nadya, idi, suda, idi, suda...” – əlaqə kəsilir.

***

Bir neçə dəqiqədən sonra Tofiq müəllimdən zəng gəlir.

– Bəli, Tofiq müəllim.

– Oğul, bu dəqiq söhbətdir, hə? Mən bilmirdim.

– Hə, Tofiq müəllim, dəqiqdir, bir daha təbrik edirəm.

– Çox sağ olsun, var olsun! Sən də var ol!

***

Tofiq müəllimlə müsahibəni danışanda ev ünvanını heç cür başa düşə bilmədim. Amma Tofiq müəllimin: “Mən sizi balkonda gözləyəcəyəm”, – deməsi ilə problemin böyük qismi həll olunmuşdu. Elə də oldu. Biz məhəlləyə girər-girməz ona zəng vurduq ki, üzbəüz binanın üçüncü mərtəbəsindən bənövşəyi köynəkli oğlan bizə əl yellədi. Özü idi, Tofiq Ağababayev. 95 yaşında gənc oğlan.

Xalq rəssamı Tofiq Ağababayevin APA-ya müsahibəsi

– Sizə heç də 95 yaşı vermək olmur. Maşallah olsun! – koridorda rastlaşırıq.

– Hə, belədir də, insan gərək özünə baxmağı bilsin.

– Belə gümrah qalmağınızın sirrini bölüşsəniz, şəxsən mən özüm faydalanaram, hətta qeydlərimi də götürərəm, əlimdəki dəftər-qələmi göstərirəm.

Tofiq müəllim əli ilə masadakı üzümü bir qədər geriyə itələyir və barmaqlarını düz mənə sarı tuşlayır:

– Mən bu yaşıma qədər bir dəfə də olsun, süfrədən doyub qalxmamışam. Vəssalam.

– Mədəniyyət naziri Adil Kərimli ilə görüşdünüz. Təəssüratınız necə oldu?

– Çox əla. Mənim çox xoşuma gəldi. Savadlı adamdır, dərin adamdır və ən əsası isə, açıq adamdır. Mən çox mədəniyyət naziri görmüşəm, birinci dəfədir ki, beləsini görürəm. İnsan kimi insandır, xeyirxahdır, sənəti sevəndir. Qışqır-bağır adamı deyil.

– Tofiq müəllim, belə bir anlayış var ki, biz Sovet dövrü incəsənəti üçün, o mühit üçün darıxırıq. Siz necə düşünürsünüz?

– Bilirsən, mən bu fikirlə qətiyyən razı deyiləm. Sovet dövründə də biz azərbaycanlı idik və sənət Azərbaycan sənəti idi, indi də. Sənət sevgi deməkdir. Hökumət dəyişdi, dəyişmədi, fərqi yoxdur. Sənəti yaradan, yaşadan xalqdır. Xalq sənəti sevir, qoruyursa, qiymət verirsə, qorxusu yoxdur.

– Yaxşı, bəs bizdə xalq sənətə lazımi qiyməti verir?

– Əlbəttə. Söhbət həqiqi sənətdən gedirsə, lazımi qiymət verilir.

– Tofiq müəllim, son zamanlar Bakıda ucaldılan heykəllər heç də birmənalı qarşılanmır. Sizcə, niyə belədir?

– Mənim yaşım və yaddaşım o deyil, oğul. Sən hansı heykəlləri deyirsən? Konkret.

– Məsələn, bəzi həvəskarlar Müslüm Maqomayevin heykəli barədə dedilər ki, uğursuzdur.

– Müslüm Maqomayevin heykəlini qoyan heykəltəraş çox böyük heykəltəraşdır. (Heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov, - N.P) Bilirsən, mən sənə bir şeyi deyim: rəssam, heykəltəraş, ümumiyyətlə, incəsənət adamı fikirləşir və öz fikrinə, öz duyğularına görə nəsə yaradır. Bu, bəzilərinin xoşuna gəlməyə bilər. Normaldır. Amma “O bəziləri kimlərdir”, “Səviyyələri nədir” məsələsi də var. Sənət hörməti sevir, sənətə hörmət edilməlidir. Elə durub nə gəldi, necə gəldi tənqid edəsən, bu düzgün deyil. Sənət müxtəliflikdir. Hərə bir cür düşünə bilər, bir cür duya bilər. Heykəllərdən sual verdin, yadıma düşdü. Bizdə dekorativ heykəllər çox azdır.

– Niyə azdır?

– Ona görə ki azdır. (Gülür) Bilirsən, monumental sənətlə məşğul olan adamlar arxitektorlarla birgə işləməlidirlər. Hər zaman. Mən Bakının baş rəssamı olanda Kommunal Təsərrüfat İdarəsinin (Komxoz.-red.) sahibi erməni idi. Buna görə də Bakıda ən yaxşı yerlərdən bizim mədəni şəxslərin heykəllərini uzaq tuturdular. Cəfər Cabbarlının heykəlinin yeri Dağlı məhəlləsində idi. Şaumyanın heykəli isə şəhərin mərkəzində. Mən bütün bunların hamısını pozdum. Cəfər Cabbarlının heykəlini vağzalın yanına qoydurdum. Yəni indiki kimi o zaman da ermənilər ancaq maneçiliklə məşğul idi. Onların elə qanında var bu. Mən də bacardıqca mübarizə aparırdım.

– Siz Bakının gerbinin və açarının müəllifisiniz.

– Yaxşı yadıma saldın, Bakının gerbi 1870-ci ildən var. Amma orada Xəzər dənizinin təsviri yer almamışdı. Mən 1967-ci ildə o gerbə dəniz əlavəsini etdim. İki sıralı dalğadır, beş xətt boyunca. Sən orada-burada qoyulan həmin gerbə bax, birində o dalğa sırası üç xətdir, birində dörd, birində beş. Ay qardaş, bu gerb beş dalğalı təsdiq olunub axı. Sən kimsən, sən nəçisən onu dəyişəsən? Sənətə bu qədər ağılsız, laqeyd yanaşmaq olar? Bunun konkret etalonu var, hökumət tərəfindən təsdiq edilibsə, niyə dəyişirsən onu?

– Bakıdan söz düşmüşkən, paytaxtın indiki halı və sizin xatırlaya biləcəyiniz keçmiş halı. Müqayisə edəsi olsaq, Bakıda Bakılıq qalmayıb deyirlər.

– Boş söhbətdir. Dünyada inkişaf gedir. Arxitekturada, memarlıqda, hər şeydə. Bakı da inkişaf edir. Bakının öz siması var. Rusu, yəhudisi, ermənisi, fərqi yoxdur, Bakı adı gələn kimi ürəyi gedir. Niyə? Çünki Bakı Bakıdır.

– Tofiq müəllim, bax indi sizin qaldığınız bina ilə üzbəüz dəbdəbəli şadlıq sarayı var, ondan arxada isə hündürmərtəbəli təzə bina. Budur Bakı? Siz Bakını belə görməkdən məmnunsunuz?

– Olmalıdır da, oğul. Bakı İçərişəhər kimi qala bilməz axı. İçərişəhər olduğu kimi qorunub saxlanılır. Amma Bakı inkişaf etməlidir, proqres etməlidir, dünyaya ayaq uydurmalıdır.

– Yaxşı, onda gəlin bir az da ailənizdən, atanızdan danışaq. Atanızı “Xalq düşməni” adı ilə güllələyiblər.

Tofiq müəllim siqaretini axtarır. Bayaqdan söhbətimizə qonşu otaqdan qulaq asan oğlu Toğrul bəy kömək edir.

– Oğlum da rəssamdır, – əli ilə ona işarə edir. Siqareti yandırır, dərin bir qüllab alır, – atam həbs olunanda 37 yaşı var idi. Onda atam kapitan rütbəsində idi. Azərbaycan Diviziyasında xidmət edirdi. Bilirsən, bütün diviziyanı güllələdilər. Bütün e, bütün. Bir nəfər belə qalmadı. Təsəvvür edirsən? Sən çox gəncsən, mən sənə bir şeyi də deyim, bu adamlar boş-boşuna güllələnirdi. Sadəcə say xətrinə. Oradan rəqəm gəlirdi, o rəqəmə uyğun hamı güllələnirdi. Mən bunları bilirəm, artıq hamı bilir, amma nə fayda?

– Atanız həbs olunanda neçə yaşınız vardı?

– Doqquz.

– Həbsindən nə qədər sonra güllələndi?

– 1938-ci ilin 26 iyulunda.

– Bəs o vaxt “Xalq düşmənləri”nin ailəsinə qarşı hansısa sıxışdırmalar, təqiblər olurdu?

– A kişi, nə danışırsan... “Xalq düşmanı”n oğlu. Vəssalam. Alnındadır elə bil. Mənim xatirimdədir, məktəbdə yanımda oturan qızın atası gəlib dedi ki, mənim qızımın yerini dəyişin, bu uşaq “Xalq düşmanı”nın oğludur. Sən başa düşürsən bu nə deməkdir? (Bir qədər duruxur)

Bax mənim yadımdadır, onda bir müəllimə vardı. Onun ayaqları... ayaqlarını yerə döyməsi səhnəsi heç vaxt yadımdan çıxmaz. Danışdığım şeylər baş verən zaman o müəllimə ayaqlarını yerə döyüb ağladı. (Bir qədər dayanır) Bunu edənləri təqsirləndirirdi. Pis olurdu. Nə bilim, əşi. Nəysə. (Daha bir siqaret yandırır)

– Yaxşı, o zaman söhbəti dəyişək. Tofiq müəllim, bir xeyli mozaika müəllifisiniz.

– Hə, hə. Çoxdur. Bakı Dövlət Sirkini yadına sal. İçəridə. Koridorda. Bax o mənimdir. Amma görmüsən onu nə günə qoyublar?

– Nə ediblər ki?

– Rəngləyiblər. Sarı rəngə boyayıblar. Yadımdan çıxdı, cənab nazirə bunu deyəcəkdim. İmkanın olsa, sən de. Belə şey olmaz. O mozaikaya görə mənə yaxşı qonorar verdilər, hətta təqdim edəndən sonra bir də qonorar yazdılar, mükafat kimi. Amma indi götürüb onu sarı rəngə boyayıblar.

Sonra o biri. (Barmaqlarını cütləyib alnını ovuşdurur) Elmlər Akademiyası tərəf. Orada beş-altı mozaika müəllifiyəm. Ona görə mükafat almışam.

– Nə qədər mükafat almışdınız?

– Yadıma gəlmir. Amma çox idi. Təhvil verəndə buna görə də əlavə mükafat verdilər. Amma mən sənə deyim ki, məni pul qətiyyən maraqlandırmayıb.

– Tofiq müəllim, day maraqlandırmaz da. Hər işə görə iki dəfə qonorar yazıblar sizə (Gülürəm).

– Yox. Məni pul maraqlandırmır. Bax indi mənə pulu, sağ olsun, hökumət verir.

Özümdən asılı olmadan “Nə qədər?” – deyə soruşuram.

– Mən bilmirəm. (Bir az ara verir). Nadya! – qonşu otaqdan həyat yoldaşını səsləyir.

– Yox, yox, mən zarafata soruşuram, ehtiyac yoxdur.

– Hə, mindən çoxdur.

– Tofiq müəllim, heyf ki sizinlə emalatxanada görüşə bilmədik. Burada, evdə işlərinizdən var? Eskizlər və sair.

– Bilirsən, mənim iş xoşuma gəlmədisə, eskizi atıram. Dostum Səyavuş var, gəlib o atdığım eskizləri yığır, aparır evə. Bax sənə son işimi göstərim: budur. (Divardakı rəsmi göstərir. Daha sonra ayağa qalxır və bizi yan otağa dəvət edir)

Divardakı iri qadın rəsmini görüb soruşuram.

– Kimdir bu?

Gülür.

– Xanım. Nadya xanım. O biri otaqda lap irisi var. Gəlin göstərim.

Yan otağa keçirik.

– Bayaqkını evlənməmişdən qabaq çəkmişdim, bunu isə evlənəndən sonra.

Divardakı rəsmləri bir-bir göstərib izah edir.

- Bu İlisudur.

- Bu payızı qarşılayan qız.

- Bu Nadyadır. Nadya.

Qayıdırıq əvvəlki otağa. Divarda Füzulinin nəhəng portretini görürəm.

– Tofiq müəllim, Füzulini həmişə qəmgin, küskün, düşüncəli çəkirik. Məktəb kitablarında da belədir.

– Füzulinin iki kəlməsini oxuyub adam dərdə düşür. Beş səhifə izah axtarırsan. Füzulini necə göstərim? (Əllərini yana açıb oynayırmış kimi davranır) Belə çəkək? Füzuli nəhəngdir. Böyükdür. Böyük. Bax Nizami ancaq farsca yazıb. Amma Füzuli...

–Tofiq müəllim, Nizaminin əsərlərini türkcə yazmasa da, türk qadını əsərlərində həmişə ümdə olub. Sadəcə dil dövrün...

Fikrimi tamamlamağa qoymur.

– Yox, əşi, Füzuli başqadır. Fakta baxmaq lazımdır. Mənim üçün fakt indi oxuduqlarım, ona uyğun düşündüklərimdir. Mən Füzulinin başqa bir portretini çəkmişdim. Əllərini açıb göyə dua edir. Niyə? Çünki Füzuli Allahı sevən adam olub.

Kataloqdan şəkli tapıb göstərir.

– Bax, burada “Bismillahir rəhmanir rəhim” yazılıb.

Tofiq müəllimin oğlu qızğın söhbətimizi fürsət bilib baxdığımız kataloqu bizə bağışlamasını təklif edir.

– Əla olardı, – dərhal cavablayıram.

– İtirməzsən ki? (Gülərək soruşur)

– Yox, ay Tofiq müəllim, - kataloqu vərəqləyirəm, birdən Şeyx Şamilin portretini görürəm.

– O Şeyx Şamili məndən oğurladılar. Deyəsən, Moskvada. İndi bilmirəm, haradadır.

– Tofiq müəllim, gənc heykəltəraşların işləri ilə tanışsınız? Xoşunuza gələnləri var?

– Vallah, xoşuma gəlirsə, deyirəm, xoşuma gəldi. Day yaşını heç soruşmuram. Amma, əlbəttə, istedadlıları var. Mən Akademiyaya gedib-gəlirəm, oradakı işlərə baxıram, çox sevindirirlər məni.

Elə rəssam, heykəltəraş var, çəkir, düzəldir, amma baxırsan ki, ürək yoxdur. İş yaxşıdır e, qəşəngdir. Amma ürək yoxdur. O dəqiqə hiss edirsən. Elə biri var. Sən də tanıyırsan. Amma adını deməyəcəyəm. Heç sən də soruşma.

– Tofiq müəllim, xarici ölkələrdə bir xeyli sərgiləriniz olub. Hansıları xatırlayırsınız?

– Almaniya, Türkiyə, Polşa. Çox olub e. İngiltərə. Bax bayaq sənə dedim e, sənətə yanaşma məsələsi. İndi yadıma düşdü. İngiltərədə maraqlı bir heykələ rast gəldim. Dayanıb diqqətlə baxırdım. Bir də gördüm, bir nəfər ingilis xanım da gəldi, mənimlə yanaşı dayanıb başladı baxmağa. Mən ingiliscə bilmirəm, o da Azərbaycanca. Amma mən ona baxıb deyirdim: “Yes”. O da mənə baxıb deyirdi: “Yes”. Sənət budur. Dilsiz-ağızsız anlamaq.

– Sərginizin olduğu ölkələrdə Azərbaycan incəsənətinə maraq necə idi? Ümumiyyətlə, Azərbaycan incəsənəti brend kimi tanınır?

– Bilirsən, bir ölkədə başqa bir ölkədən olan sənətkarın sərgisi nümayiş olunursa, o boş yerə ora getməyib. Bunu sənətdən anlayışı olan oralı adamlar da bilir, başa düşür. Onlar üçün bu bayramdır...

Nadya xanımın çay süfrəsinə qonaq olandan sonra yavaş-yavaş müsahibəni yekunlaşdırırıq. Biz çıxana yaxın başqa bir televiziya əməkdaşından Tofiq müəllimə zəng gəlir. Məlum olur ki, onlar da artıq yoldadır. Tofiq müəllim gülümsünüb deyir: Bax sən qabağa düşdün, söhbətin ən yaxşısını sənlə elədim, nigaran qalma...

Foto: Orxan Kərimov

# 3809 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #