Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Salman Rüşdinin "Xeyirxah məsləhət" hekayəsini təqdim edir.
Ayın axırıncı çərşənbə axşamı hələ işıqları yanan səhər avtobusu miss Rehananı ingilis səfirliyinin darvazası qabağına gətirdi. Avtobusun qaldırdığı toz bir müddət onun gözəlliyini yad gözlərdən gizlətdi. Avtobus başdan-ayağa rəngbərəng naxışlarla örtülmüşdü; ön tərəfində iri yaşıl, qızılı rənglərlə “salam, əzizim” sözləri yazılmışdı; arxadasa “tata-bata”, “həyatda xoşbəxtlik yoxdu” ifadələri görünürdü. Rehana sürücüyə dedi, avtobusu çox xoşuna gəlir, o da qadın düşəndə kabinədən tullanıb qapını qarşısında nümayişkaranə açdı. Miss Rehananın iri qara, yetərincə iti gözləri varıydı, sürtüyün köməyinə ehtiyacı yoxudu, ekspert-məsləhətçi Məhəmməd Əli həmin gözləri görəndə hiss elədi ki, iyirmi il cavanlaşıb. O, miss Rehananın get-gedə işıqlaşan havada səfirliyin darvazasına yaxınlaşdığını, türban qoyub, xaki paltar geymiş saqqallı gözətçidən qapının nə vaxt açılacağını soruşmasını izləyirdi. Həmişə ikinci dərəcəli qadınlarla kobud davranan gözətçi onunla, demək olar, nəzakətlə danışırdı.
“Yarım saatdan sonra, - o, xırıltılı səslə dedi. - Bəlkə də iki saatdan sonra. Kim bilir? Ağalar səhər yeməyi yeyirlər”.
Avtobus dayanacağıyla səfirlik arasındakı tozlu həyət artıq ikinci dərəcəli qadınlarla doluydu, onlardan yalnız bəziləri miss Rehana kimi, çadrasız idilər. Hamısı qorxa-qorxa özlərini inamlı göstərməyə cəhd eləyən ərlərindən, yaxud qohumlarından yapışmışdılar. Amma miss Rehana tək gəlmişdi, üz-gözündə azacıq da olsa, rahatsızlıq əlaməti yoxuydu.
Bu həftəlik axının içindəki ən müdafiəsiz adamlara məsləhət vermək üzrə ixtisaslaşmış Məhəmməd Əli qəfildən hiss elədi ki, onu bu qəribə, irigözlü, sərbəst qızın yanına ayaqları öz-özünə apardı.
“Miss, - o, sözə başladı. - Məncə, siz Londona viza üçün gəlmisiniz”.
Qız həyətin küncündəki köşklərin arasında, piştaxtanın yanında dayanmışdı, ciddi-cəhdlə ketçuplu kartof çeynəyirdi. Sözlərini eşidib çevrilən qızın gözlərinin yaxınlığından Məhəmməd Əlinin kürəyindən gizilti keçdi.
“Hə”.
“Onda icazənizlə, sizə bir məsləhət verim. Baha deyil”.
Miss Rehana gülümsündü.
“Xeyirxah məsləhət yaqutdan qiymətlidi, - dedi. - Amma təəssüf ki, o məsləhətin əvəzində verməyə bir şeyim yoxdu. Yetiməm, bu varlı xanımlar kimi deyiləm”.
“Ağ saçlarıma inanın, - Məhəmməd Əli onu dilə tuturdu, - məsləhətim təcrübəyə əsaslanır, sizə lazım olacaq, görərsiniz”.
Qız başını yırğaladı:
“Deyirəm ki, bir qəpiyim də yoxdu. Bax, ordakı qadınların qohumları, kişiləri var, hamısı da qazanırlar. Yaxşı məsləhətə görə pul verilməlidi”.
“Dəli oluram”, Məhəmməd Əli səsini içində özü eşidə-eşidə fikirləşdi.
“Miss, məni sizin yanınıza xəyal göndərib. Neyləyəsən. Görüşümüz təsadüfi deyil. Mən də kasıbam, amma qoy məsləhətim sizə pulsuz qismət olsun”.
Qız yenə gülümsündü.
“Onda həmin məsləhətə qulaq asmalıyam. Xəyal hədiyyə göndərirsə, deməli, xoşbəxtlik əlamətidi”.
Məhəmməd Əli qızı köşklər arasında yerləşən xüsusi, özünə məxsus, alçaq taxta masaya tərəf apardı. Miss Rehana qəzet torbacıqdakı kartofu yeyə-yeyə onun dalınca getdi. O, yeni tanışına yemək təklif eləmədi.
Məhəmməd Əli döşəkçəni tozlu torpağın üstünə atdı:
“Zəhmət olmasa, oturun”.
Qız tabe oldu. O, miss Rehanayla üzbəüz, bardaş qurub masanın arxasında oturdu, gözəl bilirdi ki, bu dəqiqə iki, ya üç düjün kişi gözləri həsədlə onu izləyir, köşklərdəki bütün qalan kişilər də artıq bu ağsaçlı qoca fırıldaqçını nəyə görəsə, cəlb eləyən xam qadına göz qoyurdular. Məhəmməd Əli sakitləşmək üçün dərindən nəfəs aldı.
“Adınız, zəhmət olmasa”.
“Miss Rehana, - qız dedi. - Londondan, Bredforddan Mustafa Darın nişanlısıyam”.
“Bredford, Böyük Britaniya, - o, yumşaqca düzəliş verdi. - London olsa-olsa, Multan, yaxud Bhavalpur kimi şəhərdi. Böyük Britaniyasa dünyanın ən soyuqqanlı məxluqlarının böyük millətidi”.
“Başa düşdüm. Sağ olun”, - qız elə ciddi cavab verdi ki, kişi tanışının onu ələ salıb-salmadığından rahatsız oldu.
“Anketi doldurmusunuz? Zəhmət olmasa, izin verin, baxaq”.
Qız ona qəhvəyi zərfdə bir neçə dəfə qatlanmış sənədi uzatdı.
“Hamısı düzdü?”
Qızın səsində ilk dəfə həyəcan əlaməti peyda oldu.
O, qızın əlinin yaxınlığında masanı sığalladı.
“Həyəcanlanmayın, - dedi, - imkan verin, baxın”.
Məhəmməd Əli kağızları vərəqləyənəcən qız kartofu yeyib qurtardı.
“Tip-top, - nəhayət, dilləndi. - Hər şey qaydasındadı”.
“Köməyə görə, sağ olun, - qız qalxmağa hazırlaşa-hazırlaşa dedi, - gedib darvazanın qabağında gözləyərəm”.
“Nəyə ümid eləyirsiniz? - Məhəmməd Əlini alnına çırpıb qışqırdı. - Sizə elə gəlir, bu belə asandı? Sadəcə, anketi verəcəksiniz, sizə təbəssümlə viza yazacaqlar? Miss Rehana, nəzərə alın ki, hər hansı polis sahəsindən də pis olan bir yerə gedirsiniz”.
“Ciddi deyirsiniz?” - Kişinin hədə-qorxusu öz işini gördü: indi qız itaətkar dinləyiciydi, Məhəmməd Əli ona bir az da baxa biləcəkdi.
Növbəti sakitləşdirici nəfəsini alıb öz nitqinə başladı. Qıza dedi ki, səfirliyin işçiləri çərşənbə axşamları gələn, özlərini Putondan avtobus sürücülərinin, yaxud Mançesterdə müqaviləylə işləyən fəhlələrin ailə üzvləri kimi təqdim eləyən qadınları yalançılar, oğrular və fahişələr sayırlar.
“Amma onlara izah elərəm ki, belələrindən deyiləm”, - qız hiddətləndi.
Onun təcrübəsizliyi Məhəmməd Əlini soyumağa məcbur elədi
“Sağsağancığaz, - ona dedi, - bu adamlar yerə baxırlar, amma onlar əjdaha kimi bir şeydilər”.
İzah elədi ki, ona suallar - şəxsi, qadına hətta doğma qardaşının da verməyə cürət eləmədiyi suallar - verəcəklər. Soruşacaqlar ki, bakirədi, ya yox, nişanlısı yataqda nəyi sevir, ikilikdə qalanda, bir-birlərini necə çağırırlar. Məhəmməd Əli onun şokunu yumşaltmaq üçün kobud danışırdı; bu, yaxud buna oxşar bir şey nə vaxtsa baş verəcək. Qızın gözləri hərəkətsiz qalmışdı, amma masanın kənarlarına qoyduğu əlləri titrəməyə başladı.
Məhəmməd Əli davam eləyirdi:
“Soruşacaqlar ki, valideynlərinin evində neçə otaq var, o otaqlar necə rənglənib, zibili nə vaxt atırsınız. Soruşacaqlar ki, nişanlının üçüncü dönən qohumunun ögey dayısı qızının adı nədi. Bütün bunları da artıq Bredfordda sənin Mustafa Darından soruşublar. Heç olmasa, bircə səhv eləsən, işin bitdi”.
“Hə, - qız özünü ələ alıb dedi. - Bəs, sən mənə nə məsləhət görürsən?”
Burda Məhəmməd Əli, adətən, inandırıcı tərzdə səfirlikdə işləyən yaxşı bir adam tanıdığını, həmin adam vasitəsilə bütün möhürlü lazımi kağızları, pulla almağın mümkünlüyünü pıçıldamağa başlayırdı. İşləri yaxşı gedirdi, çünki qadınlar tez-tez beş yüz rupi, yaxud narahat elədikləri üçün qızıl bilərzik verib razı halda çıxıb gedirdilər.
Qadınlar uzaqdan gəlirdilər – adətən, buna əvvəlcədən əmin olurdu – ona görə də əgər fırıldaq aşkar olurdusa, geri qayıtmaları az inandırıcıydı. Onlar Sarqodhaya, yaxud Lalukhetə əşyalarını qablaşdırmağa gedir, kim bilir, nəhayət, nə vaxt aldandıqlarını başa düşürdülər, amma bütün hallarda artıq gec olurdu.
Yaşamaq çətindi, qoca yaşlarında da vəziyyətdən çıxmağı bacarmaq lazımdı. Məhəmməd Əli bu ikinci dərəcəli qadınlara görə rahatsızlıq hissi keçirirdi.
Amma səsi onu yenidən pis vəziyyətdə qoydu, hazır nitqini davam elətdirmək üçün ən böyük sirrini açmağa başladı.
“Miss Rehana, - onun səsi dedi, eyni zamanda özü bir şey başa düşmədən qulaq asırdı, “siz – nadir adamsınız, almazsınız, doğma qızım üçün eləməyəcəyim şeyləri də sizin üçün elərəm. Məndə problemlərinizi birdəfəlik həll eləyə bilən bir sənəd var”.
“Axı, o sehrli sənəd nədi belə?” - qız soruşdu.
Onun gözləri kişini artıq açıq-aşkar ələ salırdı. Məhəmməd Əli səsini pıçıltıya qədər yavaşıtdı.
“Miss Rehana, ingilis pasportudu. Həqiqi, hazır. Dostum adınızı yazar, şəklinizi yapışdırar, vəssalam, hazırdı, İngiltərədəsən!”
O, bunu ağzından çıxardı!
İndi hər şey mümkündü - bu gün onun ağılsız günüdü. Bəlkə elə pasportu qıza peşkəş eləyəcək, sonra bütün ilboyu bunu özünə bağışlaya bilməyəcək. “Qoca sarsaq, - öz-özünə söyləndi. - Ancaq qoca sarsaqlar gənc qızlardan ötrü ağıllarını itirirlər”.
“Dayanın, qoyun fikirləşim…, - qız dilləndi, - yəni, istəyirsiniz ki, mən cinayətə qol qoyum…”
“Yox, cinayət deyil bu, - o, qızın sözünü kəsdi, - kömək…”
“… və getdim Bredforda, Londona, gizli şəkildə, bununla hər şeyi təsdiq elədim, səfirlikdəki bu adamlar haqqımızda nə fikirləşirlər? Məsləhətin elə budu?”
“Bredford, Böyük Britaniya, - Məhəmməd əli kədərlə düzəliş verdi. - Peşkəşimi belə qəbul eləməməlisiniz”.
“Bəs necə?”
“Bibi, mən olsa-olsa, kasıb bir oğlanam, bunu da ona görə təklif elədim ki, gözəlsən. Səxavətimə tüpürmə. Bunu götürürsən, yoxsa götürmürsən, evinizə qayıt, İngiltərəni unut, amma bu binaya girmə, öz şərəfini, öz gözəlliyini itirmə…”
Qız artıq qalxmışdı, arxasını ona çevirib qadınların yığışdıqları darvazaya sarı gedirdi, gözətçi də onlara xəbərdarlıq eləyirdi ki, sakit dursunlar, yoxsa ümumiyyətlə, heç kəsi buraxmazlar.
“Ağılsız, - Məhəmməd Əli onun arxasınca qışqırdı, - atam sənə görə tabutda da çevrilməyəcək!” (Demək istəyirdi ki, heç vecimə də deyil.)
Qız geri dönüb baxmadı.
“Hər şeyimiz belədi, - o, bağırdı, - dilənçiyik, nanəcibik, heç nəyi də öyrənmək istəmirik”.
“Ey, Məhəmməd Əli, - batel satan qadın onu səslədi, - bir şey çıxmayacaq, o, cavanları sevir”.
Məhəmməd Əli bütün gnü səfirliyin qabağında süləndi, “Çıx get burdan, qoca kötük, - hey öz-özünə təkrar eləyirdi, - xanım daha səninlə danışmaq istəmir”. Amma qız nəhayət, bayıra çıxanda o, hələ də çıxışın ağzında dururdu.
“Salam, çoxhörmətli məsləhətçi”, - qız onu salamladı.
Miss Rehana sakitiydi, daha ona acığı tutmurdu, kişi fikirləşdi ki, ey İlahi, hər şeyi yoluna qoyub. İngilislər gözlərinin işığında qərq olublar, onu İngiltərəyə buraxıblar.
Məhəmməd Əli çəkinə-çəkinə gülümsədi. Qız da cavabında qəzəbsiz-filansız gülümsündü.
“Miss Rehana bəyim, - kişi dilləndi, - təbriklərimi qəbul eləyin. Zəfər vaxtınızdı».
Qəfildən qız onun dirsəyinə toxundu.
“Gedək, - dedi, - məsləhətinə görə, sənə kartof alım, özümü kobud aparmışamsa, sən də məni bağışla”.
Onlar artıq yola düşməyə hazırlaşan avtobusun yanında, həyətin günorta tozunun içində durmuşdular. Hələ avtobusun damına yatmaq üçün həsir bağlayırdılar. Səyyar satıcı sərnişinlərə qışqırır, onlara sevgi romanları, bütün dərd-bəlalardan qoruyan yaşıl həblər satmağa çalışırdı. Miss Rehanayla xoşbəxt Məhəmməd Əli “mud-guard”ın – “qabaq çirkabitələyən”in, daha doğrusu, önlüyün yanında oturub kartof yeyirdilər.
Qoca məsləhətçi hansı filmdənsə melodiyanı astaca mızıldayırdı. İsti artıq səngimişdi.
“Bu, nikah müqaviləsiydi, - qəfildən miss Rehana dilləndi, - valideynlərim nikaha girəndə doqquz yaşım vardı. Mustafa Dar artıq otuz yaşındaydı, amma atam qayğımı ondan da yaxşı çəkməyi bacaran bir nəfər tapmaq istəyirdi, Mustafasa, etibarlı adamıydı. Sonra valideynlərim vəfat elədilər, Mustafa Dar İngiltərəyə çıxıb getdi, dedi, dalımca viza göndərəcək. Bu, çox-çox illər bundan qabaq olub. Şəkli var, amma məndən ötrü yad adamdı. Hətta telefonda səsini də tanımadım”.
Qızın etirafı Məhəmməd Əlini çaşdırdı, müdrikliyə yozulacağını ümid elədiyi ifadəylə başını tərpətdi.
“Bütün hallarda valideynlərimiz bizim marağımız naminə hərəkət eləyirlər. Sənin üçün sözünə əməl eləyib viza göndərən yaxşı, namuslu adam tapıblar. Onu tanımaq, sevmək üçün həyatınsa, hələ irəlidədi”.
Məhəmməd Əli qızın dodaqlarındakı təbəssümün qəfildən niyə belə acı olduğunu başa düşmədi.
“Dostum, - qız ondan soruşdu, - nədi, artıq məni qablaşdırıb İngiltərəyə göndəribsən?”
O, dəhşət içində yerindən sıçradı.
“Elə sevinirdin… fikirləşdim ki… Bağışla, nədi, imtina elədilər?”
Onlara hər şeyi səhv dedim, - qız cavab verdi. Xalı başqa üzə qoydum, plitəni vanna otağına keçirdim, hər şey tamamilə elə deyil, başa düşürsən?”
“Bəs, neyləyəcəksən? İndi hara gedəcəksən axı?”
“İndi geri, Lahora gedəcəyəm, orda işim var. Böyük evdə işləyirəm, üç oğlan uşağına baxıram. Getsəydim, onların kefi pozulardı”.
“Amma bu faciədi, axı! - Məhəmməd Əli kədərləndi. - Eh, bəxşişimi qəbul eləməyin üçün necə yalvarırdım! Ancaq indi bu haqda heç düşünməyə də dəyməz. Qovluğu açıblar, yoxlaya bilərlər, hətta pasport da kömək eləyə bilməz. Hər şey məhv oldu, hər şey məhv oldu, məsələsə o qədər asanıydı ki, sadəcə, vaxtında məsləhətimə əməl eləmək qalırdı…”
“Belə fikirləşmirəm, - qız dedi, - heç düşünmürəm ki, sənin kədərlənməyinə dəyər”.
Toz buludu avtobusu bürüyənəcən həyətdə dayanan Məhəmməd Əlinin gördüyü vida təbəssümü uzun, təhlükəli və tənha həyatında rast gəldiyi bütün təbəssümlərdən xoşbəxtiydi…