"Təlxək rolu oynamaq məcburiyyətində deyildim..." - Osamu Dazainin "İnsanlığımı itirərkən" əsərindən bir hissə

"Təlxək rolu oynamaq məcburiyyətində deyildim..." - Osamu Dazainin "İnsanlığımı itirərkən" əsərindən bir hissə
19 iyun 2026
# 12:00

Bu gün XX əsrin ən tanınmış Yaponiya yazıçılarından biri Osamu Dazainin doğum günüdür.

Kulis.az onun "İnsanlığımı itirərkən" əsərindən müəyyən hissələri təqdim edir.

Bu dəfəki gülümsəmə qırışları olan bir meymunun gülümsəməsi deyildi, olduqca uğurlu bir gülümsəmə idi. Yenə də bir insanın gülümsəməsindən fərqlənirdi. Nəsə çatışmırdı. Qanın ağırlığımı, yoxsa həyatın ağrısıdımı deyim, bilmirəm. Cövhərsiz kimi idi; bir quşun yox, bir qanadın yüngüllüyü kimi. Gülümsəyən boş, bəyaz bir vərəq kimi. Yəni təpədən-dırnağa insana saxtalıq bəxş edirdi.

***

Mənim xoşbəxtlik anlayışımın digər hamının xoşbəxtlik anlayışı ilə ziddiyyət təşkil etməsindən qorxuram. Bu qorxu məni daxildən yeyib bitirir; bəzən gecələr qıvranmağıma, acı içində inildəməyimə, dəlilik həddinə çatmağıma səbəb olur. Görəsən, mən xoşbəxtəm?

***

...Buna necə dözürlər? Hər gün təslim olmadan, ümidsizliyə qapılmadan, intihar etmədən, hətta siyasəti müzakirə etməyə davam edərək necə yaşayırlar? Bu qədər qatı eqoist ola bilərlərmi? İşlərin məhz belə olmalı olduğundan o qədər əmindirlər ki, özlərindən bir dəfə də olsun şübhə etmirlər? Əgər elədirsə, zənnimcə, dözmək daha asan ola bilər. Maraqlıdır, insanlar həqiqətənmi belədir və onları xoşbəxt edən şey məhz budurmu?

***

..."Təlxəkliyimlə" insanlarla bir nöqtədə bağ qurmağı bacardım. Zahirən hər zaman gülümsəsəm də, daxilən çarəsiz bir mübarizə ilə çarpışırdım; kəndir üzərində yeriyirdim, tər içində idim və onları əyləndirdikcə fəlakət ehtimalı hər an daha da yaxınlaşırdı.

***

İnsanları güldürdüyü müddətcə, nə olmasından asılı olmayaraq hər şeyi edə bilərdim. Düşünürdüm ki, əgər onları güldürə bilsəm, onların "həyatlarına" tam mənada uyğunlaşmamağımı görməzdən gələrlər.

***

Nə istədiyim soruşulduğu andaca artıq heç nə istəməz olurdum. "Nə olsa fərq etməz, onsuz da məni xoşbəxt edəcək bir şey yoxdur" düşüncəsi hasil olurdu.

***

İnsan həyatı, qarşılıqlı olaraq bir-birini aldadıb heç bir şeyin fərqinə varmadan bir-birinə acı verməsi və bu qəribəliyin aşkar şəkildə ortada olduğu nümunələrlə doludur. Ancaq mənim qarşılıqlı aldadılmağa heç bir marağım yoxdur.

***

Həyatım boyu kiminsə məni öldürə bilməsini xatırladığımdan daha çox arzulamışam, lakin heç vaxt başqa birini öldürməyi düşünməmişəm. Bunun o qorxunc insanlara bir az da olsa, xoşbəxtlik bəxş edə biləcəyini düşünürdüm.

***

Mənim üçün qadınlar, kişilərdən yüz qat daha çətin anlaşılan insanlardır.

***

Yanında özümü rahat hiss edirdim və təlxək rolu oynamaq məcburiyyətində deyildim; həqiqi təbiətimin üzə çıxmasına icazə verdim, qəmgin və tutqun bir halda səssizcə içdim.

***

...Hər zaman narazı idi. Mən onu güldürməyə çalışsam da, gülməzdi. İnsan deyilən varlıq bu qədər asanlıqla, bir göz qırpımında dəyişə bilərdi – utancverici, yox, gülünc dərəcədə qorxunc bir dəyişiklik idi bu.

***

İntihar edəcək enerjimi belə itirmişdim.

***

Yalan danışdığımın ifşa olunacağını ən başından bilsəm də, doğrunu demək üçün həddindən artıq utancaq idim, ona görə də həqiqəti həmişə bəzəyib-düzəyərdim.

***

Başqaları tərəfindən çox sevildim, lakin görünür, onları sevmək qabiliyyəti məndə yox idi. Bu baxımdan, mənim kimi birinin yaxın dostunun olmaması çox təbii idi.

***

Ona görə mən hələ də ölməyi belə bacarmamış utanmaz, axmaq bir ruhdan, "yaşayan bir cəsəddən" başqa bir şey deyildim.

***

Ağzımdan qeyri-ixtiyari çıxan ilk sözlər "Evə getmək istəyirəm" pıçıltıları olub. Evimin tam olaraq harada olduğunu özüm də bilmirəm, amma belə dedikdən sonra hıçqıra-hıçqıra ağlamışam.

***

Mən insanların məsləhətlərinə çox da qulaq asmazdım. İnsanları məyus etməyə məhkum olduğum kimi qəribə bir düşüncəyə özümü bir təhər inandırmağı bacarmışdım.

***

Artıq nə xoşbəxtəm, nə də bədbəxt. Hər şey keçib gedir. Bu vaxta qədər yaşadığım, soyuq bir cəhənnəmi xatırladan "insan" dünyasında tək həqiqət budur. Hər şey keçib gedir.

***

Başqa birini tanımağın qeyri-mümkünlüyü. Yəni, anlamağın və anlaşılmağın mümkünsüzlüyü...

Türk dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 649 dəfə oxunub

Oxşar xəbərlər

Kor – Gi de Mopassanın hekayəsi

Kor – Gi de Mopassanın hekayəsi

11:50 5 avqust 2026
İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

10:50 5 avqust 2026
Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

10:00 5 avqust 2026
Ölmüş - Günel Mehrinin hekayəsi

Ölmüş - Günel Mehrinin hekayəsi

16:00 4 avqust 2026
Vəsiyyət - Şarl-Lui Filippin  hekayəsi

Vəsiyyət - Şarl-Lui Filippin hekayəsi

13:50 4 avqust 2026
Sirli dərd - Knut Hamsunun hekayəsi

Sirli dərd - Knut Hamsunun hekayəsi

10:00 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər