Oğrular - Xan Abdulla

Xan Abdulla

Xan Abdulla

21 noyabr 2022
# 22:18

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Xan Abdullanın "Oğrular" hekayəsini təqdim edir.

– Bundan nə qədər vurursan ki?
– Baxır yediyin yeməyə... Bax indi beş vahid vuracağam. Çünki içki də qaldırır. Kartof, düyü və ya xəmir yeməyi yeyəndə bir az çox vururam: on beş vahid.
– Mələsən, altmış vahid vursan, nə olar?
– Yarım saat sonra ölərəm... – dedi və güldü, sonra qarnına beş vahid insulin vurdu.
Dayanacaqda görüşmüş, marketdən altı butulka pivə alıb evə gəlmişdilər. Bacısı universitetdə idi, atası isə rayona getmişdi.
Pivə içə-içə kart oynadılar. Üç dəfə o uddu, bir dəfə qız.
– Niyə uduzursan? – B soruşdu.
– Öyrənmisən, – A cavab verdi. – Əvvəl uda bilmirdin.
– Yadındadır, demişdin ki, sevəcəyim oğlan hər şeydə məndən üstün olmalıdır.
A gülümsədi, qalxıb divanda oturdu. O da stuldan qalxdı, uzanıb başını qızın dizlərinə qoydu. Bir müddət musiqi dinlədilər.
– Filmə baxaq?
– Yox, gec olar...
– Yaxşı...
– Deyəsən, içki məni tutub... Axmaqca hərəkətlər edə bilərəm, ehtiyatlı ol.
– Necə yəni?
– Heç...
– Yadındadır, ilk dəfə bu mahnının sədaları altında qucaqlaşmışdıq...
– Yox...
– Qucaqlaşmağımız yadında deyil?
– Yadımdadır, amma həmin vaxt bu mahnının çalındığı yadımda deyil.
– Sənlə bağlı hər şey mənim yadımdadır.
– Yaxşı, onda de görüm biz ilk dəfə nə vaxt görüşmüşük?
– Üç il qabaq... Oktyabrın on dördü... İstəsən, sənə nə vaxt aşiq olduğumu da deyə bilərəm. Üçüncü görüşümüzdən sonra... Ürəyim bərk çırpınırdı. Həmin çırpıntı mənə dedi ki, sən bu qızı sevirsən.
A əlini onun sinəsinə qoyub dedi:
– İndi də çırpınır...
– İstəyirsənmi, bu dəqiqə ürəyimi çıxarıb verim sənə?
– Gic-gic danışma, – A güldü.
– İnanmırsan?
– İnanıram... Bəs məni nəyə görə sevirsən?
– Bilmirəm... Bəs sən məni nəyə görə sevmirsən?
– Bilmirəm...
– Düşüb siqaret alım? Çəkərik.
– Hə...
Gödəkcəsini geyinib aşağı düşdü. Dükandan iki gilə siqaret alıb evə qayıtdı. Mətbəxə keçib pəncərələri açdılar və üzbəüz oturub siqaretlərini yandırdılar.
– Ehtiyatlı ol. Pişik gəlib hoppanar aşağı... Dinc durmur. O gün bacım güclə tutdu.
Siqaretlərini çəkib qonaq otağına qayıtdılar.
– Mənim başım fırlanır, – A dedi.
– Otur, bir az özünə gəl, gedərik.
Beş dəqiqə keçdi... Susurdular...
– Gəl yanımda otur.

Masadan qalxıb divanda – A-nın yanında oturdu. Qız başını onun çiyninə qoydu. B dodaqlarını A-nın alnına toxundurdu. Bu günə kimi onu öpməmişdi, bir neçə dəfə dost kimi qucaqlaşmışdılar. Xoşbəxt idi. “Kaş zaman duraydı”, – deyə düşündü.

A dikəlib üzünü B-nin üzünə sürtdü, boynundan, buxağından öpdü, sonra dodağından öpmək istədi. B üzünü yana çəkib qaranəfəs dedi:
– İçkilisən, olmaz.
A onun boyun-boğazını öpməkdə davam edirdi.

B ayağa qalxıb otaqdan çıxdı. İstəmirdi ki, A sonradan peşman olacağı bir şey etsin. Hamama girib əl-üzünü yudu. Qayıdanda A-nın ağladığını gördü.

Yaxınlaşıb qızın yanında oturdu, onu bərk-bərk qucaqladı, alnından öpüb gülərək soruşdu:
– Niyə ağlayırsan?
– Bilmirəm...
– Dur gedək, artıq gecdir...

Ayağa qalxdılar. Qız qəfilcə yaxasından tutub B-nin dodaqlarından öpdü. B özünü itirdi. Artıq heç nə edə bilməyəcəkdi...

Öpüşə-öpüşə divana oturdular, qız onun üstünə çıxıb koftasını soyundu. Çəhrayı ipək büstqalter geymişdi. A-nın qasığını qasığına dirəyib qurcuxması B-ni daha da ehtiraslandırdı, büstqalterini çıxarması üçün qıza kömək etdi.

A-nın dodaqları peşmək kimi şirin və yumşaq, döşləri daş kimi möhkəm idi. Qızı altına aldı, boğazını, şümal qarnını öpdü. A-nın süzgün-süzgün ona baxdığını, dodağını dişlədiyini görəndə, iniltilərini eşidəndə, bədəninin xoş rayihəsi burnunu dalayanda sanki ağlını itirdi. Qızın şalvarını, daha sonra krujevalı, çəhrayı rəngli alt paltarını çıxartdı. Bütün bədənini öpüb oxşamaq istəyirdi... Elə sevişməli idilər ki, sonradan hər ikisi bunun min dəfə, milyon dəfə təkrarlanmasını istəsin.

Sol əli ilə qızın qasığını, sağ əli ilə döşlərini ovuşdurmağa, dodaqlarını öpməyə, dişləməyə başladı, ağızlarında bir-birinə dolanan dillərinin ilahi rəqsi şüru etdi. A qalxıb onun qucağında oturdu, şalvarının düyməsini açdı, oğlan köynəyini, şalvarını, daha sonra alt paltarını soyundu. A on dəqiqə boyunca bapbalaca qınını – tüksüz qasığını B-nin azca tüklü qasığına sürtdü. Sonra bərkdən inildəyib B-nin boynunu qucaqladı. B boşalandan sonra gözlərini açdı, pişiyinin diqqətlə onlara baxdığını gördü. Qız qalxıb salfet gətirməyə getdi...

Geyinib evdən çıxdılar. Nədənsə A-dan üzr istəmək istəyirdi, sanki pis bir iş görmüşdü. Liftdə qızın yanağından öpüb dedi:
– Bağışla məni.
Fərqinə vardı ki, ilk dəfə qızın yanağından öpür. Xəlvəti gülümsədi.
– Nə üçün? – qız soruşdu.
– Bilmirəm...
Liftdən çıxıb dayanacağa doğru getdilər...

***

Ertəsi gün işdən evə, bütün xoşbəxt insanlar kimi, zümzümə edə-edə qayıtdı. Qapı açıq idi. Əvvəl şaşırdı, daha sonra məşum bir təlaş bütün bədənini çulğaladı. Qapıdakı çeki qamarlayıb hövlnak içəri girdi. Pişik dərhal qaça-qaça gəlib başını onun ayağına sürtdü. Dəhlizin işığını yandırmaq istəsə də, qaranlıq arsız bir qonaq kimi qovulduğu yerdən getmədi. Telefonunun fənərini yandırdı, kimsə kitablarını rəfdən aşağı boşaltmışdı, o evdən çıxanda masanın üstündə olan yüz manatlıq əsginas da yox idi. Evə oğru girmişdi. Nədənsə evdən çıxıb başılovlu qonşunun qapısını döydü, işıqlarının yanıb-yanmadığını, kimisə görüb-görmədiklərini soruşacaqdı. Qapının açılmasını gözləmədən sayğacların quraşdırıldığı mərtəbəyə düşdü, gördü ki, evin işığı sayğacdan söndürülüb. İşığı yandırıb cəld yuxarı qalxdı. Yataq otağı yaman gündə idi. Paltarlar, yorğan-döşək yerlə bir edilmiş, bütün siyirmələr çəkilmiş, sanki evdə fırtına qopmuşdu. Evin pulunu gizlətdikləri siyirməyə baxdı, toxunma pul kisəsinin yerdə olduğunu gördü. Pulu həmin siyirmədə – ayaqqabı qutusunun altında, pul kisəsinin içində saxlayırdılar. Oğru anasının sırğalarını və boyunbağısını da aparmışdı.

Atasına zəng vurub evə oğru girdiyini dedi. Atası ona təmkinli olmasını tapşırdı, sonra polisə xəbər verəcəyini dedi, ən axırda pişiyi soruşdu.
Bir azdan evə polislər gələcəkdi. Bu hadisə necə baş verə bilərdi? Qapını kilidləməyi unutmuşdu? Varlı deyildilər, evləri də varlı evinə oxşamırdı. Evlərinə girən, bütün pullarını aparan kim idi? Bacısı oğru içəridə olan zaman evə gəlsəydi, nə olacaqdı? Güman ki, qızı öldürüb qaçacaqdılar. C-nin qan içində qapının ağzına sərələndiyini təsəvvürünə gətirib üşürgələndi.

Polislər barmaq izi götürəcəkdi. Dünən A burada idi... Onun barmaq izləri çıxsaydı, nə olacaqdı? Dörd gün əvvəl yeni şəxsiyyət vəsiqəsi almışdı, yəni barmaq izlərini götürmüşdülər. Həyəcandan boğazı qurudu. A-ya baş verənlər barədə mesaj yazdı. Polislər A-nın yaşadığı evə getsəydi... Yox, bu barədə düşünmək istəmirdi. Qızın valideynləri, iş yoldaşları bundan xəbər tutsaydı, böyük rüsvayçılıq olacaqdı. A-dan dünən haralara toxunduğunu soruşdu. A silməməyini tapşırsa da, qızın toxunduğu yerləri koftası ilə silməyə başladı. Şəkəri düşmüşdü, əl-ayağı əsirdi, mətbəxə keçdi, soyuducan bir alma götürüb yudu, bu vaxt A-dan mesaj gəldi, qıza cavab yazan zaman qəfildən qapı açıldı. Bir dəstə polis işçisi içəri doluşdu.

– Kimlə danışmışdıq? – onlardan biri soruşdu.

B sualı səhv başa düşdü. Elə bildi ki, ondan kimlə danışdığını soruşurlar.
– Qızla, – özünü itirib dedi.
Ucaboy, çalsaç polis zabiti ona tərs-tərs baxdı:
– Polisə kimin zəng etdiyini soruşuram. Deyəsən, başın qarışıb qızla danışmağa, evi daşıyıb aparıblar.
– Polisə atam zəng edib, – B udqunaraq dedi.
– Qapını sındırıblar? – tösmərək, bığlı polis zabiti əlindəki açar topasını fırlada-fırlada soruşdu.
– Bilmirəm, mən gələndə açıq idi.
– Evdən axırıncı kim çıxıb?
– Mən saat on birdə çıxıb işə getmişəm, yeddidə qayıtmışam.
– Qapı açıq idi?
– Hə... İşığı aşağıdan keçiriblər, düşüb yandırdım.
– Qapını açıq qoyub getmisən?
– Bilmirəm. Ola bilsin...
– İşə getmək üçün hər gün saat on birdə çıxırsan evdən?
– Yox, kompyuterim üç gün qabaq – cümə günü xarab olmuşdu. Şirkətin mütəxəssisi bildirmişdi ki, bu gün saat on ikidə düzəldib təhvil verə biləcək.
– Həmin mütəxəssisin nömrəsini de görüm.
B nömrəni dedi.
– Evin açarını kiməsə vermisən? Məsələn, hansısa dostuna... Ya da nə vaxtsa itirmisən?
– Yox...
– Adın nədir sənin?
– B.
– Niyə titrəyirsən, B? – zabit burnunu çəkib onun üzünə diqqətlə baxdı.
– Yəqin, şəkərim düşüb, – B sıxılaraq dedi.
– İnsulin vurursan? – çantasını eşələyən mülki geyimli polis işçisi soruşdu və dərmanlarını tösmərək polis zabitinə göstərərək dedi: – Düz deyir, rəis. Çantasından bunlar çıxdı...
– Çantamı nə üçün eşələyirsiniz? – B əsəbiləşmişdi, amma sövq-təbii olaraq hiss edirdi ki, bütün bunlara göz yummalıdır.
– Noutbuku nə yaxşı aparmayıblar? – ucaboy, nıtıq polis zabiti soruşdu.
– Bilmirəm.
– Evin tək uşağısan sən?
– Xeyr, bir bacım var, universitetdə oxuyur, – B dedi, sonra düşündü ki, görəsən, özünü uşaq kimi apardığına görəmi polis sualı belə verdi; bir anlıq polisin bu sualı başqa cür necə verə biləcəyi barədə düşündü. – Anan haradadır.
– Rəhmətə gedib.
– Allah rəhmət eləsin... Bu yaxınlarda evə kimsə gəlibmi?
– Yox, – B dərhal dedi.
– Yaxşı fikirləş.
¬– Yox, heç kim gəlməyib... Olarmı mən gedib nəsə yeyim?
– Get ye...

Mətbəxə getdi ki, bayaq soyuducudan çıxarıb yuduğu almanı yesin. Gördü ki, polislərdən biri masanın üstünə qoyduğu telefonunu qurdalayır. Qan beyninə vurdu, qolları boşaldı, qorxdu. Görəsən, polis A-ya yazdığı mesajları oxumuşdumu? Nə etməli, necə davranmalı idi?

– Telefonumu qaytarın, – polisə yaxınlaşıb dedi.

Bu vəziyyətə düşdüyü, bu hissləri keçirdiyi, on beş dəqiqə qabaq tanıdığı insanların yanında utandığı, onlardan qorxduğu üçün ürəyində oğruya söydü. Polis başını qaldırmadan telefonu qurdalamaqda davam etdi.
– Telefonumu qaytarın, – B təkrar etdi. – İçində şəxsi şeylər var.
– Sən əsgərlikdə olmusan? – Polis işçisi onun ayaqlarına baxıb dedi.
– Başa düşmədim.
– Soruşuram ki, əsgərlikdə olmusan? Nəyi başa düşmürsən?
– Olmuşam.
– Neçə yaşın var?
– İyirmi üç.
– Hərbi biletini gətir.
– Hərbi biletim sizin nəyinizə lazımdır?
– Get gətir, deyəcəyəm, – polis işçisi burnunu çəkib dedi.
– Yataq otağındakı şkafın siyirməsindədir, indi orada nəsə axtarmağım düzgün olmaz.
– Narahat olma, get gətir. Sən əsgərlikdə olmamısan. Ayaqlarının altı düzdür.
– Mən əsgərlikdə olmuşam, bunun məsələyə nə dəxli var axı? Telefonumu qaytarın, – B, az qala, qışqıraraq dedi və bunu etdiyi üçün dərhal peşman oldu.
– Qışqırma! Götür telefonunu! Mən bilirsənmi kimdən şübhələnirəm?
– D, nə məsələdir? – kimsə qonaq otağından səsləndi.
– Uşaqla söhbət edirəm, rəis... – D dedi.

Məşum bir həyəcan B-nin bütün bədənini çulğalamışdı. Özünü məşq etmədən səhnəyə çıxan naşı oktyarlar kimi hiss edirdi.

Görəsən, bu adam mesajları görmüşdümü? A-nın nömrəsini götürmüşdümü? Görəsən, qıza bir pislik edə bilərdimi?
Bu vaxt evin giriş qapısı açıldı və B-nin atası içəri girdi. Pişik soyuducunun başından hoppanıb onu qarşıladı. Kişi pişiyi qucağına alıb dedi: “Gözəl qızım, yaxşı ki, sənə heç nə olmayıb”.
Sonra polislərlə salamlaşdı, evin halına baxıb başını buladı.
– Məhəllə narkomanla doludur. Anasının əmcəyini kəsən köpək uşağı... – ucadan dedi.

Kişi oğluna yaxınlaşıb onu qucaqladı, üzündən öpdü.
Polislərdən biri onları yataq otağına çağırdı. B otağa girəndə fərqinə vardı ki, bacısının alt paltarları yerdədir. Bir daha utandı, bir daha oğrunu ürəyində söydü.

– Siz harada idiniz? – həmin polis B-nin atasından soruşdu.
– Mən rayondan qayıdırdım, oğlum zəng elədi ki, belə bir hadisə baş verib.
– Evdən saat neçədə çıxmısınız?
– Səhər tezdən qızımla birgə çıxmışam. Onu metroda düşürdüb rayona getmişəm. Hüzr yerinə...
– Deməli, evdən axırıncı oğlunuz çıxıb.
– Bəli.
– Uşağı bölməyə aparmaq lazımdır.
– Uşağın bölmədə nə işi var? – kişi hiddətlə soruşdu.
– Yarım saat söhbət edib buraxacağıq...
– Bala, get, oğrunu tap. Məhəllə narkomanla, it-qurdla doludur. Axtarın, işinizi görün, evimə girən oğrunu tapın. Uşaqla işiniz olmasın.
– Ağsaqqal...
– Ürək xəstəsi adamam, məni incitmə, bala. Get, oğrunu tap.
– Yarım saata qayıdacaq. Gəl gedək, B, narahat olma.
– Ay bala, qoy, heç olmasa, çörək yesin.

B bacısının dünən bişirdiyi yeməyi qızdırdı və tələsmədən yeməyə başladı, çünki düşünməli idi.

Ekspert barmaq izi götürürdü. Sonra qapının kilidini sökdülər ki, ekspertiza apararaq ona müdaxilə edilib-edilmədiyini anlasınlar. Müstəntiq atasının ifadəsini alırdı. Evdən üç min manat pul və mütəvəffa anasının qır-qızılı oğurlanmışdı. Polislər kişidən arvadının həmin qır-qızılla çəkdirdiyi hansısa şəklinin olub-olmadığını soruşdular. Kişi arvadının iyirmi il qabaq öldüyünü, elə bir şəklinin olmadığını dedi.
Bu dəm B-nin bacısı C də gəlib çıxdı. Heç kəs ona xəbər verməmişdi. Qız qapının kilidsiz olduğunu, evdəki polisləri görəndə sarısını uddu. Atası ona hər şeyi izah etdi.

B yeməyini yeyib ayağa qalxdı. D və o birlikdə aşağı düşdülər. Liftdən istifadə etmədilər ki, aşağı mərtəbələrdə kamera olub-olmadığını öyrənsinlər.

Beşinci mərtəbəyə çatanda B polis işçisinə dedi:

– Dediyim kimi, işığı buradan söndürmüşdülər, mən düşüb yandırdım. Bəlkə də, sayğacın dilinə oğrunun barmaq izi düşüb.
D, onu eşitməyibmiş kimi, pilləkəni düşməyə davam etdi.
Üçüncü mərtəbədə kamera vardı. D dəftərinə nəsə yazdı.

Bölməyə çatdılar. Maşından düşüb rəis müavininin otağına getdilər. İçəridə iki nəfər vardı. B bir saat ərzində otaqda polislərin suallarını cavablandırdı... Təkidlə dedi ki, evdən pulu və qızılları o oğurlamayıb. D ondan yazışdığı qızın kim olduğunu soruşdu. B başa düşdü ki, mesajları oxuyan polis qızın dünən evdə olduğunu bilir. Hər şeyi etiraf etməli oldu, dedi ki, qız dostu dünən birinci dəfə evə gəlib, bir-iki saat oturublar, qızın imtahanlarını uğurla verməsini qeyd ediblər. Təqaüdçü atasının bu gün rayona gedəcəyini qızın bilmədiyini, onun bütün gün universitetdə olduğunu söylədi. Sonra A-nın harada yaşadığını və telefon nömrəsini polislərə bildirdi.

D söylədi ki, qız mütləq gəlib ifadə verməlidir.

B-ni buraxdılar. Piyada evə qayıtdı...

***

Şənbə günü idi...

– Ekspert atanın çay içdiyi bankaya baxıb bilirsən nə dedi? Deyir, bunun üstündə qəşəng barmaq izi var. Dedim ki, kişi bunda çay içir, stəkan bəs eləmir, birdəfəlik bankaya süzür. İçində də yarım limon... Oğru niyə gəlib bankaya toxunsun? Qəribədir... – bacısı gülərək dedi.
Bacının belə bir vəziyyətdə zarafat eləməsi B-ni təəccübləndirdi. Heç nə demədi... İki-üç gün idi ki, üzünün qırışığı açılmırdı.

A-ya bölmədə ifadə verməli olduğunu demişdi. Qız heç nədən çəkinmirdi. B onun toxunduğu yerlərdən barmaq izlərini siləcəyini deyəndə A-nın özü etiraz etmişdi. Bununla belə, qızın polis bölməsinə getməsini, yad adamlarla bir otaqda qalmasını, onların çaşdırıcı, tənəli suallarına cavab verməsini, karıxmasını, sıxılmasını təsəvvürünə gətirəndə utanır, xəcalət çəkirdi.

Evin qapısını açdı. Diqqətlə hər yerinə baxdı və qapının içəri tərəfdən tilində kiçicik bir kağız parçası gördü. Bacısını çağırıb kağızı ona göstərdi. Bu, çekin bir parçası idi. Hadisə baş verən gün çeki qamarlayıb içəri girdiyini xatırladı. Həmin vaxt xışırtı eşitmişdi. Həmin kağız parçası elə bir yerdə idi ki, qapını açmadan onu ora yerləşdirmək mümkün deyildi. Sevindi, dərhal əməliyyatçıya zəng vurdu. Bir saatdan sonra D və işıqçı ilə gəldi. İşıqçı yekəpər, azman bir adam idi. Otuz-otuz beş yaşı olardı. Üzündən həyəcanlı olduğu bilinirdi. B dərhal onun əllərinə baxdı – bəlkə, pişik cırmaqlamış olar deyə. Amma heç bir iz yox idi.

D kağız parçasının şəklini çəkdi və onu maqqaşla götürdü.

– Kağız elə yerdədir ki, içəri girmədən onu ora yerləşdirmək olmaz, – B D-ni qırağa çəkib astadan dedi.
– Düzdür. Amma bu o demək deyil ki, kağızı ora mütləq işıqçı yerləşdirib, – D söylədi.
– Görmüşdünüz, tavanın suvağı tökülmüşdü. Görün işıqçı nə boydadır! Tələsdiyi üçün, yəqin, evdə ora-bura qaçıb, suvaq buna görə tökülüb.
– Yaxşı...
– Aşağıda xarici maşınlar çoxdur. Çoxunun da kamerası var. Yoxlasanız, yaxşı olar. Bəlkə nəsə çıxar...
– Üçüncü mərtəbədəki kamera işləmirmiş. Yaxşı, baxarıq...

Bir həftə sonra C iddia etdi ki, kağız parçasını B yox, onun özü tapıb. B bunun üstündə C ilə mübahisə etdi, onun üstünə qışqırdı, vurmaq üçün qolaylansa da, özünü saxlamağı bacardı. Ovaxtadək bacısına güldən ağır söz deməmişdi...
Bununla belə, C dediyindən dönmədi.

***

Artıq hadisənin üstündən dörd ay keçmiş, oğru isə tapılmamışdı. Üç ay qabaq A ilə əlaqələri tamam kəsilmişdi.
Hadisədən bir həftə sonra A-nı polis bölməsinə aparmışdı. Qız universitetdən tez çıxmışdı, birlikdə bölməyə gəlmişdilər. B D-dən xahiş etmişdi ki, yeddidə bölmədə olsun. Çünki qız evə gec getməməli idi.
Bölmənin yaxınlığındakı parkda düz bir saat D-ni gözlədilər. D, nəhayət, zəng vurub onları çağırdı və otağında bir saat A-nı dindirdi. B çöldə idi, əlindən heç nə gəlmir, siqareti siqaretə calayırdı. İçəridə nə baş verirdi? Niyə dindirmə bu qədər uzun çəkmişdi? Bilmədi nə etsin. Qapını döyüb açdı. A ilə D üzbəüz oturmuşdu. A-nın sifətini gördü. Heç vaxt onun üzünü belə görməmişdi. Dərsini bilməyən və müəllim tərəfindən danlanmış şagird kimi görünürdü. Sanki toxunsan, ağlayacaqdı.
– Xahiş edirəm... Artıq gecdir... – B dedi.
– Narahat olma. Bir azdan çıxırıq.
– Saat doqquza qalıb. Qızı evdə gözləyirlər. Buraxın, sabah yenə gələrik.
– Bir-iki sualım qalıb... Narahat olma... Qapını bağla, çıxırıq on dəqiqəyə... – D şəmatətlə dedi və gülümsədi.
A-nın telefonu növbətçi hissədə idi. Kim bilir, evdən neçə dəfə zəng gəlmişdi. Sanki D qəsdən belə edirdi.

On dəqiqə sonra A kabinetdən çıxdı.

B A-nın bunları yaşamasına səbəb olduğu üçün özünə nifrət edirdi. A-nın gözündən düşməkdən çox qorxurdu. Qızın üzünə baxanda B anlamışdı ki, daha heç nə əvvəlki kimi olmayacaq və o, A-nı həmişəlik itirib. Amma inanmışdı... İnanmışdı ki, hər şey yaxşı olacaq... Nə vaxtsa A onu sevəcək... Dost kimi yox, sevgili, istəkli kimi... O gün evdə baş verənlərdən sonra B-nin ümid tarlasında nə qədər toxum cücərmiş, sonradan həmin cücərtilərin hamısı məhv olmuşdu.

Zənnində yanılmadı, qız üç gündən sonra onunla əlaqəsini tamam kəsdi...

O vaxtdan bəri nə o, A-ya zəng etmiş, nəsə yazmışdı, nə də A ona.

B-ni işdən çıxarmışdılar. Gecələr gözünə yuxu getmir, baş verənlər barədə düşünür, vaxtında oyanmır, işə gecikir, bütün gün fikirli olur, ruh kimi gəzir, heç kəslə danışmırdı. Bir gün müdiri onu yanına çağırdı və işdən qovdu...

B hamıdan şübhələnirdi. Özündən belə... Yolda, məhəllədə, avtobusda hamının üzünə diqqətlə baxırdı. Qadınların qır-qızılına nəzər salır, anasının boyunbağısı, sırğalarını görməyi umurdu.

Səhərdən axşama kimi elan saytlarına baxır, anasının qızıllarını axtarırdı.

Atası ilə C-yə evdə siçan gördüyünü demişdi. Həqiqətən, görmüşdü... Balaca bir siçan divanın arxasından çıxmış, o biri otaqdakı şkafın altına girmişdi. Atası ilə bacısı ona inanmadılar. İnanmadıqlarını deməsələr də, gözlərindəki ifadədən B bunu anladı. İki gününü həmin siçanı tapmağa həsr etdi. Sanki o siçanı tapsaydı, dəli olmadığını, ağlını itirmədiyini özünə sübut edəcəkdi. Gərək heç olmasa heyvanın qığını tapaydı. Amma nə siçanı tapa bildi, nə də onun qığını.

Düşündü ki, bəlkə, pişik yeyib onu. Hər gün pişiyin nəcisini yoxladı, xəkəndazla əzdi, amma tük, sür-sümük görmədi.

Məhəllədə bir oğlan B-nin diqqətini çəkdi. Oğlan əl-üzünü yerdəki gölməçənin suyu ilə yumuşdu. B düşündü ki, gölməçənin suyu ilə əl-üzünü yuyan adam oğurluq da edər. Həmin oğlanı izlədi. Üz-gözünü yara basmış oğlan güclə yeriyirdi. İssız bir yerə getməsini gözlədi ki, ondan evlərinə girənin o olub-olmadığını soruşsun. Sonra fikrindən daşındı... Yox, evdən oğurluq edən ya atası idi, ya da işıqçı... Bəlkə də, bacısının gəzdiyi oğlan vardı, sözləşmişdilər, həmin oğlan girmişdi evə... A... A ola bilərdimi? Həmin gün B yolda olanda ondan harada olduğunu soruşmuşdu. Axı heç vaxt ona bu sualı verməzdi. Nəyinə lazım idi B-nin harada olması? Ola bilsin, B siqaret almağa düşəndə A necəsə evin açarının üzünü çıxarmışdı... Amma bu, A-nın nəyinə lazım idi? B-dən pul istəsəydi, o, yerin altında olsa belə, həmin məbləği tapıb A-ya verərdi. Qız bunu yaxşı bilirdi...

***

– Oğul, artıq altı aydır işsizsən... Mən təqaüd alıram, bacın universitetdə oxuyur... Bəs biz necə dolanaq? Yaxşı ki, dayın əlimizdən tutur. Heç çıxıb iş də axtarmırsan, bütün gün evdəsən... Ürəyim xəstə olmasa, gedib iş tapıb işləyərəm bu yaşımda. Axı biz dolanmalıyıq... Belə olmaz, bala... Özünə gəl!
– Ata, sən niyə məndən şübhələnmədin? Əksinə, məni həmişə müdafiə elədin. Bəlkə, pulu, qızılları elə özüm oğurlamışam? – B neçə aydır beynində dazıyan sualı, nəhayət, atasına verə bildi.

Bu anı dəfələrlə fikrincə canlandırmışdı. Atası təəccüblənməli, vaxt qazanmaq üçün suala sualla cavab verməli idi.
– Nə danışırsan, ay bala?!
– Sən oğurlamısan pulu? Mən deyəndə ki, sayğacın dilində oğrunun barmaq izi ola bilər, inanmadın.
– Nə sayğac?
– Həmin gün bölmədən qayıtdıqdan sonra təzədən aşağı düşdüm. Soruşmadın ki, hara gedirsən. İşıqçıdan şübhələndiyimi deyəndə başını buladın. Evə hansısa narkomanın girdiyini dedin. İşıqçının tutulmasına bais olmaq və yaşamağa davam etmək hansısa narkomanın tutulmasına bais olub yaşamağa davam etməkdən daha böyük vicdansızlıqdır, düzdür?
B bu cümləni neçə dəfə güzgünün qarşısında dayanıb öz-özünə demişdi.
– Bala...
– Yadıma gəlir, hadisədən bir həftə qabaq xalan oğlu zəng eləmişdi mənə. İşdə idim. Dedi ki, atan haradadır, zəng edirəm, cavab vermir. Borc almışdın ondan?
– Mən səni təkbaşına ona görə böyütmüşəm ki...
– Bəs məndən niyə şübhələnmədin? – B atasının sözünü kəsib dedi. – Bəlkə, elə özüm oğurlamışam. Aparıb kefə xərcləmişəm, ya da qumara qoymuşam. Niyə şübhələnmədin?
– Çünki sən mənim oğlumsan! – atası bunu deyib B-nin sifətinə tutarlı bir şillə çəkdi.
B ayağa qalxıb hikkə ilə atasının üzünə baxdı və dedi:
– Oğraş, sən oğurlamısan pulu! Anamın qızıllarını kimə satmısan?
Atasının gözlərində sanki ildırım çaxdı, yenə onun üzünə şillə çəkdi. B kişinin yaxasından yapışdı və onu soyuducuya çırpdı.
Kişinin dodaqları səyridi. Bərkdən inildədi... Sanki ağırlaşdı... B əllərini onun yaxasından çəkdi və atasının yerə sərələndiyini gördü. Arıq-uruq, uzun-caydaq kişi canını tapşırmışdı...
B təcili tibbi yardım xidmətinə və polisə zəng edib xəstə atasının ürəyinin dayandığını dedi...

***

Atasının ölümünün üstündən bir ay keçmişdi. Artıq dörd saat idi ki, qapının gözcüyündən baxırdı... Ayaq səsləri eşitdi, sonra qapıya kiminsə yaxınlaşdığını gördü. O idi. Həmin işıqçı... Qəfildən qapını açdı. İşıqçı diksindi, həsləyib ona baxdı. Bu çox ani oldu. B əlindəki bıçağı düz onun mədəsinə soxdu. Sonra azman işıqçını dartıb içəri saldı və onu içəridə bıçaqlamaqda davam etdi. Bıçağı doqquz dəfə onun qarnına soxub-çıxardı. İşıqçı xırıldadı. Qışqırmaq istəsə də, bunu bacarmadı. Ağzından qan şoralandı. Tezliklə dəhlizdə qan gölməçəsi yarandı. Pişik ehtiyatla gəlib işıqçının qanını imsilədi.

– Bu girmişdi evə? – B pişiyin başını sığallayıb soruşdu. – Tanıdın bunu? Kaş danışa biləydin... – sonra cəsədə baxıb dedi: – Niyə sənlə danışmaq istəyəndə üzünü çevirib getdin? Nədən qorxdun? Mən ki sadəcə danışmaq istəyirdim.
Doğrudan da, bir həftə qabaq idarəyə getmiş, işıqçını axtarıb tapmış, onu qırağa çəkib oğurluq hadisəsi barədə danışmaq istədiyini demişdi. İşıqçı işi olduğunu söyləmiş, yüyürübbə uzaqlaşmışdı...

Pişik qaçıb divana hoppandı və uzanıb gözlərini yumdu.
Hər şey B-nin təsəvvür etdiyi kimi olmuşdu. Düz üç gün gözcükdən baxa-baxa işıqçının yolunu gözləmişdi.

B bir siqaret yandırdı. İşıqçının meyidinə baxa-baxa siqaretini çəkib qurtardı və kötüyü onun ovucuna basdı. Bu, B-nin xoşuna gəldi, eşitdiyi cızıltı ona ləzzət verdi. Beş dəqiqə keçdi, B yenə siqaret yandırdı, çəkib qurtardıqdan sonra kötüyü qurbanının o biri ovucuna basdı. Sonra hamama girib zümzümə edə-edə bıçağı yudu.

***

İki saat sonra D-yə zəng edib onunla görüşmək istədiyini, oğru barədə vacib bir məlumat verəcəyini dedi. D əvvəl B-ni tanımadı, sonradan kim olduğunu xatırlayıb onu bölməyə çağırdı. Pişik xorhaxor yatırdı. Cəsəd altını batırmışdı. B onun paçasına baxıb çiyrəndi. İşıqçının üzünə tüpürüb bacısına zəng vurdu:

– Haradasan?
– Universitetdən çıxdım, evə gəlirəm.
– Evə gəlmə.
– Niyə?
– Get dayıgilə.
– Niyə axı?
– Sözümə qulaq as...
– Axı...
– C, olar sənə bir sual verim? Amma söz ver ki, düzünü deyəcəksən.
– Hə, ver... Nəsə olub? – C tərəddüdlə, qorxa-qorxa soruşdu.
– Heç nə olmayıb. Get dayıgilə, – B handan-hana dedi.
– Bəs sualını vermirsən?
– Get dayıgilə. Sağ ol... Hələlik...

B heç vaxt axirətə, cənnət-cəhənnəmə inanmamışdı. Amma inanmaq istəyirdi. Oğrunun kim olduğunu yalnız axirətdə öyrənə bilərdi. Buna görə cəhənnəmdə yanmağa belə hazır idi.

Bıçağı çiyin çantasına qoyub evdən çıxdı və qapını kilidlədi. Artıq adətkərdə olmuşdu, mütləq qapını iki dəfə kilidləyir, kilidlədikdən sonra yoxlayırdı.
Pay-piyada bölməyə getdi. Bölmənin qarşısında dayanıb gözlərini qapıya dikdi. Düşünməyə başladı: “Sənin nəyinə lazımdır qız bakirədir, ya yox?

Mənlə yatıb, ya yatmayıb. Niyə onu təhqir elədin? Niyə bölməyə saat yeddidə yox, bir saat gec gəldin? Niyə işini düzgün görmədin, oğrunu tapa bilmədin?”

Siqaret yandırdı. “Baş verənlərdən maraqlı film çəkmək olar, – öz-özünə dedi və gülümsədi. – Axırıncı epizodda bir qadının ayaqları görünür. Qadın harasa gedir. Hündürdaban ayaqqabılar geyinib... Kamera yavaş-yavaş yuxarı qalxır. Bəlli olur ki, bu qadın A-dır. Qulaqlarında da anamın sırğaları...”
Hayxırıb tüpürdü, siqaretin kötüyünü qırağa tulladı... D-yə zəng edib bölməyə çatdığını söylədi. D onu içəri çağırdı.
B qarnına altmış vahid insulin vurub bölmənin qapısından içəri girdi...

# 1995 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
# # #