Mütləq səssizlik - Aqil Bəkir

Aqil Bəkir

Aqil Bəkir

23 noyabr 2021
# 11:55

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aqil Bəkirin "Mütləq səssizlik" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Uzandığı yerdən dik atıldı. Ürəyi sanki sinəsini yarıb çıxacaqmış kimi çırpınırdı. Onun bu halətinin səbəbi səssizlik idi.

***

Şütüyən maşınların təkərlərinin yolla təmasından yaranan səsdə yuxuya getmişdi. Bu səslərin birdən kəsilməsi onu ayıltmışdı. Ürək döyüntülərini düz beyninin içində hiss edirdi. Bir az gözlədi, lakin qəribə səssizlik hələ də davam edirdi. Elə bil bütün dünya dayanmış, bütün canlılar nəfəs almağı kəsmişdi.

Duruxmuşdu, amma yerindən durub qorxu və təşviş içində pəncərəyə doğru addımlamağı bacardı. Pəncərənin bir addımlığına gəldikdə yaxınlaşıb çölə baxmağa ehtiyat etdi. Çox qorxurdu. Bir neçə saniyə gözlədi, nəhayət pərdəni kənara itəliyərək baxdı.

Önündə açılan mənzərə qarşısında qorxusu birə-on qat artmışdı. Mütləq səssizlikdən duyduğu narahatlıq bu səssizliyin dünyəvi durğunluqla müşayiət edildiyini gördükdən sonra qarşısıalınmaz mütilik duyğusunu özü ilə birlikdə gətirmişdi...

Ağlına gələn bütün duaları durmadan oxuyur, Tanrının şəninə, mərhəmətinə sığındığını deyir, fəqət bunlar baş verərkən dodaqları və dili tərpənmirdi. Ağzında dilinin böyüdüyünü, sinəsində ürəyinin, qasığında isə cinsi orqanın ağırlaşdığını hiss edirdi. Bədənində tərpəniş yox idi.

Mütləq səssizliyə oyanan, dünyanın dönməzliyinə şahidlik edən, bəşəriyyətin donduğunu görən bu şəxsin bədəni də süstlükdən nəsibini almış, təbiət və ya ilahi ahəngin sakit ritminə uyaraq donmuşdu. Amma görürdü, düşünürdü və qorxunu hiss etmədiyi, tərpədə bilmədiyi bir yığın ətin, sümüyün ta ən son nöqtəsinəcən duyurdu.

Gözlərini oynada bilməsə də, havada asılı qalan boz qarğa düz baxdığı nöqtədə idi. Eləcə havada duran qarğa və digər bütün canlı hesab edilən varlıqların isə bədənlərilə birlikdə ruhları da süstlük halına keçid etmişdi.

Kainat donmuşdu. Kainat durmuşdu. Yalnız bir nəfər – o, ruhi süstlüyünü hərəkətə gətirə bilmiş, cılız bədəndə ilişib qalmışdı.

Artıq ürəyi də döyünmürdü. Amma görürdü. Amma hiss edirdi. Amma qorxurdu.

Və düşünürdü. Nəfəs almadan yaşaya bilmənin verdiyi intəhasız diksinmənin nə qədər qeyri-insani və qəribə olduğunu düşünürdü.

***

Zaman dayanmışdı, lakin vaxt keçirdi. Yavaş-yavaş unutmağa başlamışdı...

Bir müddət sonra beynində hər şey itmişdi. O isə baxmağa davam edirdi. Sadəcə baxırdı. Sadəcə boş-boş baxırdı...

***

Tanrı hökmdən imtina edəndən üç məkanda məskunlaşan varlıqlar yaşaya-yaşaya ölmüşdülər. Ancaq insani və ilahi bəşəriyyətdə bir nəfər var idi ki, hələ də baxırdı.

25.07.2021

# 3432 dəfə oxunub

Oxşar xəbərlər

Lazımsızlar - Xanım Əliyevanın hekayəsi

Lazımsızlar - Xanım Əliyevanın hekayəsi

11:30 5 dekabr 2025
G.M. - Qustav Mayrinkin hekayəsi

G.M. - Qustav Mayrinkin hekayəsi

10:30 4 dekabr 2025
Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 dekabr 2025
"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

14:00 1 dekabr 2025
Qartal təlimçisi - Luici Kapuananın hekayəsi

Qartal təlimçisi - Luici Kapuananın hekayəsi

12:00 29 noyabr 2025
Körpə - Günün hekayəsi

Körpə - Günün hekayəsi

10:30 28 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər