Kriminal avtoritetləri özünə kumir seçən tələbələr

Kriminal avtoritetləri özünə kumir seçən tələbələr
18 mart 2023
# 15:33

Kulis.az Orxan Cuvarlının "Təhsil-sizlik" adlı yazısını təqdim edir.


Gənclik gələcəyimizdir deyirlər. Uşaqlıqdan bu cümləni tez-tez eşidirik. Əvvəla, onu qeyd edim ki, bu fikirlər indiki nəsillər haqqında işlədiləndə canıma üşütmə düşür. Yəni, doğrudan da, gələcəyimiz nə vaxtsa bu gəncliyin idarəçiliyində olacaq?

Sizi bilmirəm, amma bunun bir faiz gerçək olma ehtimalı belə məni haldan-hala salır. Ağsaqqallıq kimi görünməsin, mən özüm də gənc sayılıram. Bu yazıda bəhs etdiyim kəsim daha çox indi universitet həyatını yaşayan məşhur "Z" və yetişməkdə olan "Alfa" nəsilləridir.

Tez-tez ətrafımdan da bu nəsillərlə bağlı müxtəlif tonlu şikayətlər eşidirəm: "Dəyərləri yoxdur", "heç nəyi müqəddəs hesab etmirlər", "ədəbsizlik edirlər", "həyata dırnaqarası yanaşırlar", "sabahı düşünmürlər" və sair, və ilaxır.

Bəlkə də, düzünü onlar edirlər? Hərdən bu sual ətrafında baş yoruram. Sözün düzü, bu gəncləri açıq hədəf halına gətirmək fikrindən uzağam. Bu yazını daha çox giley-güzarın yox, təəssüf hissinin diktəsi altında qələmə alıram.
Təəssüfüm də səbəbsiz deyil. Bayaq bir dəstə tələbənin universitetin həyətində səs-səsə verib hansısa kriminal mahnını xorla oxuduqları videonu görəndən içim-içimi yeyir.

Videodakı gənclər – həm qız, həm də oğlan tələbələr xeyli şad görünür, əzbərlədikləri mahnını ürəkdən, çəpik çala-çala, xüsusi həvəslə oxuyurlar. Videoya təkrar baxmağa ürəyim gəlmədi.

Hamımız tələbə olmuşuq. Bu illərin xüsusi həyəcanı, dəli-dolu anları, bitmək bilməyən enerjisi hər birimizə həm xoş, həm də çətin anlar yaşadıb. İllah da yaz fəsli, qanın oynayan vaxtı, baharın xoş nəfəsi tələbələri əməlli-başlı coşdurur, keflərini duruldur.

Tələbə üçün əylənməkdən təbii nəsə yoxdur. Amma bu videodakı əyləncənin mahiyyət etibarilə heç nədən ibarət olması, ali təhsil alan gənclər üçün heç bir məna kəsb etməyən ideyalara söykənməsi adamı lap dilxor edir.

Yəni, doğrudan da, əlinə bir kağız parçası verib cəmiyyət içinə buraxacağımız bu gənclik üçün həyat bu qədər dayaz, gələcək bu dərəcədə qaranlığın ümidinə buraxılmış bir məfhumdur?

Bu yazdıqlarımın doğru olmasını qətiyyən arzulamıram. Yenə də inanmaq istəyirəm ki, bu gənclər yaşlarının verdiyi dəlisovluğun qurbanıdırlar, əslində, hər şeyin fərqindədirlər, nəyin nə olduğunu yaxşı bilirlər, sadəcə əylənmək xatirinə belə xırda-para qəbahətləri olur. Əgər belədirsə, bütün bu təqsirləri, kiçik qüsurları səmimi qəlbdən gənclik havasının ayağına yazmaq olar. Bəs elə deyilsə? Bu zaman suallar çoxalır.

Təsəvvür edin ki, dünyaya gəlirsən, pis-yaxşı böyüyürsən, cəmiyyət içinə çıxırsan, zəhmət çəkirsən, təhsil alırsan, əlindən gələn qədər faydalı olmaq istəyirsən, əlləşib-vuruşub bildiklərini bölüşməyə can atırsan, bir işin qulpundan yapışıb yaşamağa çalışırsan, yazırsan, pozursan, oxuyursan, oxudursan, yaşlanırsan və parçası olduğun, nə vaxtsa övladlarının da yetişəcəyi cəmiyyətin böyük hissəsinin heç nəyin fərqində olmayan, dəyərlərə etimad göstərməyən bir nəsildən ibarət olduğunu görürsən. Sonsuz heçlik, puçluq hissi.

Aristotelin dediyi kimi, təhsilin kökləri acı, meyvələri şirindir. Amma indiki gəncliyin böyük hissəsinin təhsil səviyyəsi, dünyaya baxışı ilə bağlı heç bir şey insana ümid vermir.

Adam qorxur ki, bu gəncliyin meyvələri də zəqqum kimi acı ola…

# 2536 dəfə oxunub

Oxşar xəbərlər

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
# # #