Kibritsiz şamlar – Təvəkgül Boysunar

Təvəkgül Boysunar

Təvəkgül Boysunar

17 dekabr 2021
# 14:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Təvəkgül Boysunarın “Kibritsiz şamlar” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yolun sonundakı aptekin yaşıl rəngli işıqları uzaqdan görsənəndə gecə saat on ikiyə qalırdı və axtardığım dərmanı ala biləcəyim sonuncu aptek bu olduğuna görə ürəyimdə Allaha dua eləyə-eləyə küçənin axırına yaxınlaşırdım. Amma duam təkcə həmin dərmanın tapılması ilə bağlı deyildi, həm də ona görə dua edirdim ki, satıcılar qız və ya qadın olmasın. Çünki almaq istədiyim dərmanlar həkimin üç gün öncə mənə yazdığı və istifadə tərzini elmi dillə izah etdiyi şamlar idi. Elə sırf bu mənasız utancaqlığıma görə, iki saat əvvəl, yolumun üstündəki balaca bir aptekə girsəm də, satıcının təxminən otuzlu yaşlarda, gözəl bir qadın olduğunu görüb heç nə demədən çıxmış, küçə boyunca bütün aptekləri dolaşıb, axtardığım şamı tapa bilməyəndən sonra isə əlacsız-əlacsız təzədən o aptekə qayıtmış və cəsarətimi birtəhər toplayaraq qadına reseptdəki ilk dərmanın adını göstərəndə, qadın:

- Qurtarıb o dərman, elə bir az əvvəl qurtardı - deyə cavab vermişdi.

İndi yaxınlaşmaqda olduğum aptekin yerini isə təzə köçdüyüm kirayə evin sahibəsindən soruşmuşdum. Axırıncı fürsətim idi. Bu gecə ağrısız yatacağıma bəslədiyim son ümidimin işığı da indi yolun axırındakı həmin aptekin yaşıl işıqları ilə birgə yanırdı və nədənsə bu dəfə inanırdım ki, həm axtardığım dərmanı tapacam, həm də satıcılar qız və ya qadın olmayacaq.

Amma qapıya yaxınlaşanda və aptekin şüşə qapısından içəriyə ehtiyatla göz atanda qara saçlı, ağ xələtli satıcı qızı gördüm və gümanımda yanıldığımı başa düşdüm.

Çox fikirləşmədən içəri girdim ki, yenə də hansısa gərəksiz bir utancaqlıq məni yolumdan döndərməsin. İstidən az qala təri axan küçənin yorğun toz-torpağından ayaqlarımı üzüb aptekə daxil olan kimi sərin hava, üzümə necə vurdusa, bir anlıq bütün narahatlıqlarım da sanki məni tərk elədi. Çünki bu vaxt həm də içəridə başqa bir piştaxtanın olduğunu gördüm və ümid elədim ki, indi orda, qoruyucu şüşənin arxasında bir kişi görsənəcək.

Bayaq qapıdan gördüyüm qızın piştaxtası qarşısında kök bir qadın dayanıb reseptini qıza göstərirdi və qız da kompüterin klaviaturasını elə taqqıldadırdı ki, sanki qadının dərmanını klaviaturanun qara düymələri arasından tapmaq istəyirdi.

Qızın yanında, şüşənin o biri üzündə başqa kimsə də var idi və həmin şəxs qıza nə deyirdisə, klaviaturanın düymələrini döyəcləyən qızın zəif gülüş səsi də eşidilirdi.

Qapının ağzında çox ləngimədən boş piştaxtaya tərəf asta-asta addımladım. Bu vaxt ağ xələtli, uzun saçlı başqa bir satıcı qız aptekin görünməyən qismindən peyda olub bayaqdan boş qalmış piştaxtaya tərəf kölgə kimi hərəkət etdi. Üzünə yaraşan kosmetikası onu uzaqdan elə gözəl göstərirdi ki, qızı gördüyüm andaca addımlarımı dayandırıb, kök qadının yanında növbə tutdum. Çünki kök qadına xidmət göstərən qız o biri qədər gözəl deyildi və dərmanı ondan almaq mənim üçün daha asan olacaqdı.

Amma tərslikdən ikinci qız şüşə arxasında yerini tutan kimi mənə tərəf səslənərək:

- Bura boşdur, müəllim, yaxınlaşa bilərsiz, - dedi.

Daha heç nəyi düşünmədən və hər şeyi axışına buraxaraq, bacardığım qədər də ləng addımlarla piştaxtaya sarı getdim.

Qızla qarşı-qarşıya dayananda, qatlanmış resepti şalvarımın arxa cibindən çıxardım, mavi rəngli kağızı açaraq qıza tərəf uzadıb birinci dərmanı göstərdim və:

- Xanım, bu dərman varmı? – deyə soruşdum.

Qız, kağızı uzun dırnaqlı barmaqları ilə aldı, amma resepti oxumazdan əvvəl digər satıcıya səslənərək:

- Nilufər, söndür də onu, - deyib guya hansısa tərsliyə heyfislənirmiş kimi başını yelləyə-yelləyə gülümsədi.

“Nilufər” - deyə müraciət etdiyi digər qızın gülərək verdiyi cavab aptekin içində fırlanıb mənə də çatdı:

- Ay qız, söndürəmmirəm mən, gəl özün söndür, əlimdə işim var.

Satıcıların səsindən başqa, aptekdə gəzən digər bir səs də, telefonda qoyulmuş filmin obrazları arasında keçən məhrəm bir dialoqun səsi idi və çox ehtimal ki, qızları güldürən də bu idi.

Satıcı qız üzümə baxıb:

- Müəllim, bir dəqiqə, üzr istəyirəm, - dedi və mavi rəngli reseptimi piştaxtanın üstündə tərk edərək ağ xələtinin ətəyini yellədə-yellədə bayaq gəldiyi istiqamətə yollandı.

Reseptin piştaxta üstündəki cansız və hərəkətsiz duruşuna baxıb gözlədim.

Qız, filmdəki baş qəhrəmanların səsini kəsdi və aptekin içində eşidilən yeganə şey satıcı qızların asta səslə bir-birilərinə dedikləri anlaşılmaz cümlələri və anlaşılan gülüşləri oldu. Bu vaxt digər piştaxtadakı kök qadın apteki tərk etdi və aptekin şüşə qapısı astaca örtülərək sanki qadının arxasınca getmək istəyirmiş kimi küçəyə çıxdı, sonra isə təzədən öz xəttinə qayıdıb sakitcə durdu.

Bayaq mənə xidmət göstərən satıcı qız öz piştaxtasına da üzündə gülüşlə qayıtdı. Resepti əlinə götürüb yazılanları gözdən keçirsə də, hiss elədim ki, fikrini hələ də oxuduğu dərmanın adına yönləndirə bilməyib. Buna görə də onun baxışları reseptin açıq mavi rənginin üstündə lazımından bir az çox qaldı və bir neçə saniyə sonra, o, nəhayət ki, kağızı piştaxtanın üstünə qoyub klaviaturanın düymələrini çıqqıldatdı.

Çıqqıltı səsləri çox davam etmədi və qız, üzündəki gülüşü əvəz edən ciddiliyi ilə piştaxtadan aralanıb dərmanımı, saysız-hesabsız dərmanların arasında axtarmağa başladı, amma bir az sonra əliboş qayıdıb təzədən kompüterin düymələrindən çıqqıltı səsləri qopartdı.

Mən:

- Yoxdu? – deyə soruşdum. O isə:

- Olmalıdı, bir dəqiqə, - deyib, baxışlarını kompüter ekranında gəzdirməyə davam elədi.

Bu vaxt digər satıcı qız da şüşə arxasında peyda oldu, əlində tutduğu telefonu, dərmanımı axtaran qıza göstərdi və qız təbəssümlə:

- Görmüşəm onu. Bir dəqiqə... Mane olmaa, - deyə dilləndi.

Gözlərini yenidən reseptə və ardınca da kompüter ekranına yönəldəndən sonra isə aralanmaq istəyən qızı çağırdı:

- Nilufər, bizdə var idi axı bu dərman.

O biri qız:

- Baxım, - deyib resepti əlinə aldı.

Amma dərmanın adını oxuyan kimi özünü saxlaya bilmədən pıqqıltı ilə gülməyə başladı. Elə bil ki, reseptdəki əyri-üyrü hərflərin nazik ucları kağızın mavi səthindən çıxıb, uzana-uzana qıza tərəf getmiş və onu qıdıqlamağa başlamışdı. Özünə mane olmağa cəhd edib bir anlıq susa bildi, amma qəfildən o biri qız da eynən onun kimi pıqqıltılı gülüşlə sükutu pozanda o, təzədən gülməyə başladı. Hər iki qızın bir-birinə qarışan gülüş səsləri şüşə arxasında düzülmüş dördkünc dərman qutularının da dar aralığından keçərək bütün apteki ağzına aldı, şüşənin bu tərəfində pərt olmuş vəziyyətdə dayanıb onlara baxan mənim yanımdan etinasızca ötdükdən sonra isə qapıya çırpılıb təzədən aptekin içində dolaşmağa davam elədi.

Hərəkətsiz halda, diqqətlə onları izləməkdən başqa əlimdən heç nə gəlmədi.

Sonra onlar özlərinə mane olmaq üçün növbəti cəhdlərini edib:

- Bir dəqiqə, baxaq - deyərək piştaxtanı tərk etdilər.

Aptekin boşluğu onların davam edən gülüşlərini mənə çatdırmaqda yenə də sədaqətli oldu və getdikləri yerdən asta gülüş səsləri aptekdəki yeganə müştəri olan mənə yetişdi. Sonra səslər kəsildi və gülməkdən gözləri yaşarmış qız əlindəki dərmanla bir yerdə piştaxtasına qayıdıb:

- On doqquz manat əlli qəpik, - dedi.

Cibimdəki iyirmiliyi piştaxtanın üstünə qoydum və avtomat mərmisinə bənzəyən şamları pulun qalığı ilə birlikdə götürdüm.

Apteki tərk etmək üçün qapıya tərəf gedəndə qızların yenidən eşidilən gülüş səsləri sanki üstümə cuman it kimi arxamca düşüb gəldilər, amma mən şüşə qapının o biri üzündəki isti küçəyə çıxanda aramızdakı maneə və qət etdiyim məsafə onları tezliklə eşidilməz etdi.

Gecəyarısı isti otağımda yuxudan ayılıb nəfəs ala bilmədiyimi hiss elədim, bədənimin azalmış ağrılarıyla birgə həyətə çıxıb tualetə getdim, üzümə su vurub təzədən yerimə uzandım, yata bilmədim, yenidən ayağa durdum, yarısından çoxu ağarmış saçlarıma, ülgüclə qırxılmış üzümün qırışlarına otaqdakı aynada bir az tamaşa elədim və bütün bunları edərkən qızların mənə necə güldüyünü xatırladım.

Qarşıdakı üç gündə həmin aptekin həndəvərindən bircə dəfə də ötmədim, amma üç gün sonranın axşamçağısında açıq havadakı kafelərin birində ard-arda beş bakal pivə içəndən sonra qızların gülüşü təzədən yadıma düşdü və ağlıma gələn bir fikir içkinin beynimə vurduğu dumanın içində yavaş-yavaş aydınlığa çıxıb görünməyə başladı. Mən az qala əllərimlə həmin dumanı dağıtmağa çalışdım, amma adamdan əl çəkməyən milçək kimi bayaq ağlıma gələn fikir də kafedəki yorğun simalı adamların ətrafında dövrə vurub bir qədər gəzişdikdən sonra təzədən mənə sarı uçub birdəfəlik beynimə batdı və mən qərara gəldim ki, yarıyacan içdiyim altıncı bakalımı sona çatdıran kimi kafedən çıxıb birbaşa həmin aptekə gedim.

Elə də elədim. Arxamda qoyub uzaqlaşdığım kafenin yerləşdiyi küçənin axırından sağa döndüm, yolumu qısa eləmək üçün, adamların bir neçə saat əvvəl hay-küylə alver etdiyi, indi isə yayın istisində, yarıqaranlıq işıqların altında boş qalmış açıq bazarın içindən keçdim və bir həftə öncə yanıb külə dönmüş gözəllik salonunun qara divarları yanından sola burulub aptekin yerləşdiyi küçəyə ilk addımımı atdım.

Gecə saatları olduğu üçün aptekin o günkü kimi boş olacağına ümid edirdim. Amma elə olmadı. İçəridəki iki müştərinin çölə çıxmasını küçədə gözlədim və gözləyərkən ehtiyatlı olmağa çalışdım ki, satıcı qızlar məni görə bilməsin.

Altı bakal pivə, beynimi, sakitləşdirici dumanın içində sanki öz dizinə qoyub arabir xəfifcə yellədirdi. Özümü rahat hiss edirdim, ona görə də müştərilər apteki tərk edən kimi, siqaretimdən son qullabları aldım və heç bir tərəddüd keçirmədən aptekə daxil oldum.

Satıcı qızlar içəri girən müştərinin kimliyini bilmədən öz piştaxtaları arxasında nəyləsə məşğul idilər. Keçən dəfə dərman aldığım piştaxtaya yaxınlaşdım və qızla göz-gözə gələn kimi:

- Axşamınız xeyir, - dedim.

- Axşamınız xeyir, buyurun, - qız cavab verdi.

- Buyuracam, darıxmayın, - deyə dilləndim və başımı digər piştaxtaya tərəf döndərib:

- Xanım, siz də, zəhmət olmasa, gəlin bu kassaya, - dedim.

Ağ xələt, içindəki qızla bir yerdə, qarşısında durduğum piştaxtaya gəldi və digər qız kimi mənimlə üzbəüz dayandı.

O gün aldığım dərmanın adını xüsusi intonasiya və kifayət qədər aydın eşidilən səslə dörd hecaya bölüb ucadan səsləndirdim. Qızlardan biri dərmanımı gətirməyə gedərkən mən gözəlliyi nisbətən az olan qıza baxaraq:

- Sizi, bilirsiz, niyə o kassadan bura çağırdım? - deyə dilləndim.

Qız təəccüblə üzümə baxdı, amma heç nə demədi.

- İndi biləssiz, niyə çağırmışam, - deyə növbəti cümləmi səsləndirdim və üzümdən təbəssümü əskik etmədim ki, sərxoş simam çox da qorxunc görsənməsin.

Bir neçə saniyə sonra digər qız arxasınca getdiyi dərmanı piştaxtadakı dağınıq kağızların üstünə qoydu. O gün dediyi qiyməti yenə dedi və bu vaxt mən növbəti cümləmi dilə gətirdim:

- Çox gözəl. Şamları bildik. Kibrit də verə bilərsiz, zəhmət olmasa?

- Nə? – qız, gözəl üz-gözünü sualımın yaratdığı təəccübə uyğun şəkildə turşudaraq soruşdu.

- Kibrit, - deyə səsimi ucaldaraq cavab verdim və sonra eyni sözü həmin uca səslə ard-arda iki dəfə də təkrar elədim:

“Kibrit”

“Kibrit”

Bu səfər digər qız dilləndi:

- Kibrit bizdə satılmır, müəllim, küçənin aşağısında market var, ordan ala bilərsiz.

- Necə yəni satılmır, bəs mən bu şamları nəylə yandıracam?

- Bunları yandırmırlar, müəllim. Həkiminizlə əlaqə saxlasanız, sizə izah edəcək istifadə şəklini. Üstündə də yazılmalıdı.

- Yox, o, gec olacaq. Bu gecə mənim romantik görüşüm var, bu şamları qoyacam stolun üstünə. Bəs nəylə yandırım? Sizdə tibbi kibrit olmalıdı, bir baxsanız, taparsız, bəlkə, hə? – ikisinin də üzünə diqqətlə və gülümsəyərək baxdım.

Ardınca üzümdəki bütün gülümsəmələri qəfildən silib, ciddi və acıqlı sifətlə soruşdum:

- O gün bu dərmanı alanda niyə gülürdüz mənə?

Təəccüb və narahatlıqla üzümə baxdılar:

- Müəllim, yanlış anlamısız. Biz əslində başqa şeyə gülürdük.

- Nəyə gülürdüz?

Onlardan heç bir cavab gəlməmiş, sualı növbəti dəfə səsləndirdim:

- Hə? Başqa şey nə idi, gülürdüz? Baxdığınız kinoda sevişmə səhnəsi var idi? Sevişirdilər?

Gözucu bir-birilərinə baxdılar və heç nə demədilər.

Sözümə davam elədim:

- Rahid müəllimin, xəbəri var sizdən? Hə? Sizi kim götürüb işə? Kimdi buranın müdiri? Sizdə günah yoxdu e, əslində. Sizi işə götürənə qulaqburması vermək lazımdı. Tələsməyiiinn! Bu dəqiqə, - deyə üzümdən əsəb və zəhər yağdıra-yağdıra dedim, ardınca telefonu cibimdən çıxarıb nömrə siyahısında barmağımın ucuyla “R” hərfini axtarmağa başladım və bir neçə saniyəlik axtarışdan sonra telefonu qulağıma tutub onların susqun, təlaşlı üzlərinə baxanda qarşımdakı qızların, doğrudan da, narahatlıq keçirdiklərini hiss elədim. Halbuki, indi qulağıma tutduğum telefonla heç kəsə zəng etməmişdim, bayaq vəzifəli şəxs kimi təqdim etdiyim “Rahid” isə təsadüfən ağlıma gələn xəyali bir adamın adı idi.

Amma qızları təşviş içində görmək bir anlıq necə xoşuma gəldisə, telefonu qulağımdan çəkməyə tələsmədim.

- Rahid müəllim, salam, axşamınız xeyir, - deyə bir neçə saniyə sonra telefonun o biri üzündəki kimsəsiz boşluğa səsləndim, - Aha, o məsələdən yana zəng elədim, - üzümə təbəssüm qondurub sanki kimisə dinləyirmişəm kimi telefondan gələn səssizliyə qulaq asdım və bir neçə saniyə sonra, - Hə, əla, əla, amma tələsməyin, istəyirsiz, hələ. Mən sizə xəbər verərəm, - dedim və ənənəvi sözlərlə sağollaşıb gözümü qızların üzünə dikdim.

İnandırıcı görsənmədiyimi, dediyim sözlərinsə süni səsləndiyini hiss elədiyimə görə onlara düşünmək üçün fürsət vermədən danışmağa davam elədim.

- Adamların xəstəliyinə güləndə nə keçir əlinizə? Hə? Elə bilirsiz, həmişə belə cavan qalassız? Hə? Qalmayassız cavan. Baxıın, mənim üzümdəki qırışlara. Baxın, - əlimi sərt hərəkətlə üzümə tərəf apardım və barmaqlarımı dımrığın dişləri kimi aralı tutub yanaqlarıma çəkdim. Üzümdəki tüklər torpaqdan qopmayan otlar sayaq, qırışlar isə qurumuş torpağın çatları kimi, beşdişli dımrığın arasından keçib tərpənmədən yerindəcə qaldı.

Qızların maraqla məni izlədiklərini görüb danışmağa davam elədim:

- Həə? Gördüz? Siz də belə olassız bax. Qırışlar basacaq üzünüzü. Üzünüzdəki gözəlliyi qovacaq qırışlar. Gözəlliyiniz üzünüzdən töküləcək yerə, əl uzadıb tuta da bilməyəssiz. İllər ki, gələcək ha üst-üstə, gəlib üzünüzü tutacaqlar e qırışlarınan bir yerdə, onda görəssiz, bax. Onda görəssiz, gülmək necə olur. Günləriniz olacaq ki, gülə bilməyəssiz, gülməyə heç nəyiniz olmayacaq, üzünüzdəki qırışlar məftil kimi tutub saxlayacaq gülüşlərinizi, gülməyə qoymayacaq sizi. O qırışlar birinci dəfə, bilirsiz, nə vaxtlar çıxmağa başlayacaq üzünüzdə? O ki, ərə gedəssiz ha, elə biləssiz ki, xoşbəxsiz, amma görəssiz, yoxe arzuladığınız şey bu deyilmiş, görəssiz ki, hər şey necə mənasız imiş, boş imiş, sonra bir gün yavaş-yavaş şübhələnməyə başlayassız e ərlərinizdən, sonra gecələr olacaq e, gözləyəssiz ərlərinizi, əlinizi çənənizə vurub gözləyəssiz, divanda yan yatıb gözləyəssiz, otaqda dik gəzib gözləyəssiz, bax onda yavaş-yavaş üzünüzdə bitməyə başlayacaq qırışlar. Xəyanət eləyəcək ərləriniz sizə. O qədər gözləyəssiz ki, gözləriniz sizi qoyub küçələrə düşmək istəyəcək. Əriniz bəs deyilmiş kimi, öz bədəniniz də başlayacaq sizə xəyanət eləməyə, kökələssiz, yaşlanassız, döşləriniz sallanac..

Son sözü yarımçıq deyəndən sonra bir anlıq duruxdum, amma tez söhbətin əvvəlinə qayıtdım ki, onlar sözümü kəsməsinlər.

- Mən xəstəyəm deyə gülməlisiz mənə? Hə? Xəstəyəm deyə...

- Müəllim, siz səhv başa düşmüsüz. Allah şəfa versin sizə. Biz sadəcə...

- Allah şəfa zad verməyəcək, Allah heç nə verməyəcək, - səsimi ucaldaraq dedim.

Və sonra necə oldusa, bayaqdan ağlıma gəlməyən şeyləri dilimə gətirməyə başladım.

- Kirayə qaldığım ev gecələr, bilirsiz, necə isti olur? Dözəmmirəm. Nəfəsim kəsilir. Yata bilmirəm. Burda köhnə zavodun arxasındadı evim. Mənə elə gəlir ki, bu, mənim axırıncı kirayəmdi. Bu kirayədən sonra köçəcəyim yer qəbirdi, qəbir. Nolsun ki, hələ tezdi, hələ cavanam. Kimə zəng vurursuz? Lazım deyil, çıxıram. Amma mən öləndə ikiniz də gələrsiz yasıma, yaxşı? Onda sizi bağışlayacam. Həyətə girib keçərsiniz üçüncü evə. Bu ağ xələtinizlə gələrsiz, yaxşı? Kişilər tabutumu aparanda camaatın arasından keçib siz də girərsiz tabutun altına. Bu ağ xələtinizlə. Oldumu? Əks halda sizi bağışlamayacam.

Bir neçə saniyə sonra üzümdə gülüşlə, ürəyimdə rahatlıqla, başımda sərxoşluqla aptekdən çıxanda orta yaşlı bir cütlük mübahisə edə-edə aptekə yaxınlaşırdı.

Gecə yenə də isti oldu.

Yuxuda birinci evlililiyimin toy gününü, qohumları, qonaqları və o qonaqlar arasında ikinci həyat yoldaşımla oğlumu gördüm.

Səhər üzü erkən oyandım. Badam ağacının altında oturub başımdakı ağrını ovuşdura-ovuşdura həyatımı fikirləşdim. Dünənki gecəni və qızlara dediyim sözləri yada saldım.

# 3324 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
# # #