"Filankəsin uşağı 600 bal topladı..." - Biz niyə ali təhsili “investisiya” kimi görürük?

"Filankəsin uşağı 600 bal topladı..."  - Biz niyə ali təhsili “investisiya” kimi görürük?
3 aprel 2026
# 10:00

Kulis.az Gültəkin Cəfərovanın "Təhsil, yoxsa “qəlibləşmə?" yazısını təqdim edir.


Biz uşaqlarımızın gələcəyi haqqında danışarkən, adətən, eyni cümlələri qururuq: “İstəyirik ki, öz ayaqları üstündə dursunlar, yaradıcı olsunlar, öz xoşbəxtliklərini tapsınlar və cəmiyyətə xeyir versinlər”. Lakin hər səhər məktəbə yola saldığımız o kiçik qəlblərin qarşısına qoyduğumuz reallıq tamamilə fərqlidir. Biz onlara qanad çalmağı öyrətmək əvəzinə, qanadlarını yığıb qəfəsə sığdırmağın yollarını göstəririk.

Təhsil sistemimiz, təəssüf ki, çox vaxt bir zavod konveyerini xatırladır. Məşhur təhsil mütəxəssisi Ken Robinsonun qeyd etdiyi kimi, müasir məktəblər sənaye inqilabı dövrünün ehtiyacları üçün dizayn edilib və uşaqları bir “məhsul” kimi standartlaşdırmağa çalışır. Biz hər bir uşağa eyni məlumatı yükləyir, onlardan eyni cavabları gözləyir və fərqli düşünəni qəbul etmirik. Hər uşağın öyrənmə sürəti və maraq dairəsi fərqlidir. Lakin biz hamını eyni xətkeşlə ölçürük. Uğurlu olanı “dahi”, zəif nəticə göstərəni isə “yararsız” elan etməklə uşaqların özünə inamını hələ bünövrədən zədələyirik. Halbuki riyazi qabiliyyəti zəif olan uşaq musiqidə, rəsmdə çox gözəl nəticələr əldə edə bilər. Biz isə balığı ağaca dırmaşma qabiliyyətinə görə mühakimə edirik. Uşaq sual verdikcə böyüyür, amma biz onlara verilən suallara standart cavablar tapmağı öyrədirik.

Müasir dövrdə uşaq bir “qaçış atı”na çevrilib. Səhər məktəb, günorta repetitor, axşam ev tapşırıqları. Biz onlara boş vaxt saxlamırıq. Hər dəqiqəsi planlaşdırılmış uşaqların yaradıcı düşünməyə imkanları olmur. Mütəxəssislər bildirirlər ki, darıxan uşaqlar “boşluqdan” qaçmaq üçün daxili dünyalarına fokuslanır və daha orijinal ideyalar tapırlar. Burada söhbət akademik nailiyyətlərdən tamamilə imtina etməkdən getmir. Əksinə, intizam və məsuliyyət hissi uşağın gələcək xarakteri üçün mühüm bünövrədir. Lakin biz uğuru, sadəcə, rəqəmlərlə (bal, qiymət) ölçəndə uşağın öyrənmə həvəsini sıradan çıxarırıq.

Ən böyük səhvimiz, bəlkə də, özümüz ola bilmədik, onlar olsun” travmasından başlayır. Həyata keçirə bilmədiyimiz arzularımızı, öz çatışmazlıqlarımızı və keçmiş travmalarımızı uşaqlarımızın çiyinlərinə yükləyirik. “Mən həkim ola bilmədim, sən olmalısan”, “Mən susdum, sən susma” və ya “Mən əziyyət çəkdim, sən ancaq oxumalısan” yanaşması uşağı öz həyatının subyektinə deyil, valideynin yarımçıq qalmış layihəsinə çevirir. Nəticədə nə istədiyini bilməyən, sadəcə, başqalarını məmnun etməyə çalışan bir nəsil yetişdiririk.

Biz ali təhsili “investisiya” kimi görürük. Valideyn övladına qoyduğu pulun (repetitor, kurs) qarşılığını dərhal yüksək bal və prestijli peşə kimi geri almaq istəyir. Bu, uşağı bir “məhsul” səviyyəsinə endirir. Amma unuduruq ki, yaxşı mühəndis olmaqdan öncə yaxşı insan olmaq lazımdır.

Mütəxəssislər uşağa edilən ən böyük yanlışlıqlardan birinin onu başqaları ilə müqayisə olduğunu qeyd edirlər. “Filankəsin uşağı 600 bal topladı, sən niyə bacarmadın?" cümləsi uşağın şüuraltına bir mesaj göndərir: “Sən olduğun kimi yetərli deyilsən, sevgi qazanmaq üçün mütləq uğur qazanmalısan”. Bu, gələcəkdə dərin özgüvən əskikliyi yaradan ən böyük travmadır.

Uşaqları qəlibə salmaqla cəmiyyət olaraq hansı dəyərləri itiririk? Fərqli ideyalar verən beyinlər sıradan çıxır; Özünü tanımayan, hisslərini idarə edə bilməyən, amma riyazi düsturları əzbər bilən robotlar çoxalır; Xoşbəxtlik öyrənilən bir şeydir. Biz isə onlara yalnız “uğur qazanmağı” öyrədirik, xoşbəxt olmağı yox. Unutmayın, uşaqlara səhv etmək və o səhvdən öyrənmək şansı verilməlidir. Hər bir uşağın “fərqli dünyası” olduğunu qəbul etməliyik. Düzgün davranışı empatiya və sevgi ilə aşılamalıyıq.

Nəticə olaraq gəlin uşaqlarımızı öz keçmişimizin qurbanına çevirməyək. Onlara nə düşünəcəklərini deyil, necə düşünəcəklərini öyrədək. Uşağımızın “boş vaxt” keçirməsinə icazə verək, onun maraqlarını öz arzularımızdan üstün tutaq. Unutmayaq ki, ən böyük uğur uşağın aldığı yüksək bal deyil, onun güzgüyə baxanda gördüyü insandan məmnun olmasıdır.

# 1461 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər