Günün qəhrəmanları - Pərvanə Fərhadqızı

Pərvanə Fərhadqızı

Pərvanə Fərhadqızı

30 noyabr 2021
# 17:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Pərvanə Fərhadqızının “Günün qəhrəmanları” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bir yay axşamı ağcaqanadlar rütubətli həyətimizdən evimizə basqın edir, bədənimizin açıq yerlərini tapar-tapmaz sancırdılar. Oğlum Fərhad yata bilmirdi. Mən onu sakitləşdirməyə çalışdım.

Həmin otaqda yatan bacısı da səsimizdən narahat olurdu. Həşəratlar bizi narahat etməyə başlamışdı. Fərhadı götürüb qonaq otağına keçdim, yatağımızı divanda açdım. Görəsən bu qaniçən həşəratlar evin digər sakinlərini də narahat edirdimi?! Yuxularına haram qatırdımı?!

İşığı yandırıb, ağcaqanad axtarışına çıxırdım. Artıq bitdi sanıb yatmağa çalışırdıq ki, bir də vızıltı. Bu mərhələ bir neçə dəfə təkrarlandı. Yuxum qaçmadı, üstünə qoydu, yürüşə çıxdı. Hey düşdüm dalınca, çatmadım. Təslim oldum, yataqdan qalxdım. Fərhad deyəsən yuxusunu tutmuşdu. Şirin yatışını bir neçə dəqiqə seyr etdim.

Saat 6-7 olardı. Psixoloji yorğunluq və gərginliklərdən uzaq olmaq üçün ayağa qalxdım, nə edim deyə fikirləşdim. Həyətimizə düşdüm. Quşların xor oxumağını dinləmək, ağacların yam-yaşıl yarpaqlarını, güllərin al-əlvan rənglərini seyr etmək məndə xoş hislər oyadırdı. Hava da gözəl idi. Meyvə ağaclarının bəzilərinin üstündə meyvələr bir az yetişmişdi. Belə bir deyim də var: “Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir”. Hamı yatmış, mən cırtdan oyaq. Mən niyə oyaq? Səbəb məlum. Gözlərim başımın üstündə yolka işıqları kimi parlayan, adama gəl-gəl, məni dər deyən gilaslara sataşdı. Dəli şeytan deyir çıx, bir qab yığ düş. Mən də şeytanı dinlədim:

- Meyvələrdən dər, uşaqlar yuxudan oyananda verərsən nuş edərlər. Deyə- deyə məni cin ağacına çıxartdırdı. Ağaca çıxdım şeytanla. Mənə dəstək dururdu. O budaq, bu budaq, onu da dər, bu qaldı.

Mən:

- Bəsdir düşüm.

Şeytan:

- 2 budaq da çıx düşərsən.

Elə dediyi kimi də oldu, 2 budaq da çıxdım, sonra da düşdüm, nə düşdüm, film kimi. Bir an ağacın yaşıl yarpaqları gözlərimin önündə rəqs etdi, sanki səma yaşıla bürünüb. Nə baş verir bilmədim, havada idim, elə bildim dağın zirvəsindən düşürəm, yox yıxılıram. Ayağım boşluqda əl atdım budaq tutum, yarpaq tutdum, ümidləndim asılı qalacam deyə, olmadı. Ümidim düşdü suya, mən də torpağa. Gurultunun, şaqqıltının səsləri, söhbətləri bir-birinə qarışdı. Ağız deyəni qulaq eşitmirdi məsələsi. Bu nə idi?! Bir an qaranlıq çökdü. Heç nə hiss etmədim. Sanki qulağım batdı. Yumşaq torpaq olasan, belimi qırasan. Qalxmaq istədim. Ağrı belimdən basdı, nə basdı. Qışqırmaq istədim, səsim boğunuq çıxdı. Görən səsimi eşidən var, mənə köməyə gələcəklər, ya buradaca...

Qaynanam hayıma qaçdı. O an içimdə azacıq sevindim, səsimi duyan olub deyə. Qaynanam qolumdan tutub, məni qaldırmaq istədi. Qoymadım, çünkü ağrı daha şiddətlənirdi. Bu yerdə turpun nağılı yadıma düşdü. Qaynanam köməyə oğlunu çağırdı, daha sonra səsimə qonşular da gəldi. Ağacın altından evə kimi elə bil 2 km yol qət etdim, ağrı çəkə-çəkə. Boğulurdum, havam çatmırdı. Mənə hava verin! O mənsiz qalıb, mən də onsuz.

Mənə kənardan qorxu, təlaş, həyacanla baxan uşaqları qaynatamla evdə qoyub, xəstəxanaya getdik. Yol boyu qışqırmaqdan boğazım quruyur, qaynanam əlində su butulkası ilə mənə su verir, naşatır spirti ilə isladılmış pambıq iylədirdi. Çox həyəcanlı rol arxasında olan yoldaşım ünvana tez çataq deyə avtomobilimizi sürətli sürür, mən yavaş deyə qışqırınca sürəti azaldır, yenidən sürəti artırırdı. Onları GÜNÜMÜN QƏHRƏMANLARI adlandırmaq olar.

Çatdıq xəstəxanaya. Avtomobildən məni əlil arabası ilə düşürdülər. Göydən 3 alma yox, HƏKİMLƏR düşdü. Fərid, Bəhruz, Kamil həkimlər. Bu Eyvazov qardaşları baş həkim, sümük, oynaq və skolioz xəstəlikləri uzmanı, cərrah, travmatoloq və ortopediya sahəsi üzrə mütəxəssisdirlər. Onlar həm yaxşı həkim, həm də yaxşı insandırlar. Onlar bizim GÜNÜMÜZÜN QƏHRƏMANLARIDIR. Pandemiya ilə mübarizə dövründə, isti havalarda, günün 24 saatını vətəndaşlara canı dildən xidmət edən bu 3 qardaş əl-ələ verib, xəstəxanalarda müxtəlif xəstəliklərlə mübarizə aparırlar. Var olsunlar ki, bizləri qoruyurlar. Sizin sağlamlığınız elə bizim sağlamlığımızdır.

Xəstəxanada mənə əvvəlcə ağrıkəsici iynələr vurdular, sonra MRT (maqnit rezonans tomoqrafiyası), KT (Komputer tomoqrafiya), USM (Ultrasəs müayinəsi) müayinələrindən keçdim. Bu zaman beynimdən keçənlər:

2 gilas ağacından 1-nə çıxdım (öz həyətimizdə),

2 balama 2 gilas yığmaqdan ötrü (bir qızım var, bir oğlum).

2 metr hündürlükdən elə yıxıldım (təxmini),

2 mm-lik yana sürüşmə oldu (fəqərəm).

2 saniyə huşumu itirdim (təxmini).

2 tərəfdən dəhşət ağrılar oldu (qarın və bel nahiyəmdə).

2 saat çətin nəfəs ala bildim (sanki boğulurdum).

2 ağrıkəsici iynədən sonra...

Fərid həkim gələndən sonra məni palataya apardılar, qan təzyiqimi ölçdülər, qan analizi götürdülər. Daha sonra Bəhruz və Kamil həkimlər də gəldi. İnsan gözünü açınca (iynənin təsirindən yatmışdım) başının üstündə ona qayğı göstərən həkimləri görüncə, sağalacağına necə inanmasın?! Çünki həmin anacan ümidsizliyə qapanmışdım, özümü ömürlük əlil qalacağıma inandırmışdım. Bu həkimlərin sözləri mənə məlhəm oldu. Hər bir həkimin əsas məqsədi istənilən millətdən olan xəstələrin sağlamlığını qorumaq və yaxşılaşdırmaqdır. Gələcəkdə bu çətin və şərəfli fəaliyyətinizdə Sizlərə uğurlar arzulayıram.

Həkimlər müayinələrimin cavablarına baxdılar. Müayinə sahəsində Th 7 fəqərə cismində kompression sınıq mövcud olmuş, bu səviyyədə kanal yönündə 2 mm- lik yerdəyişmə izlənilmiş, Th 7 fəqərənin sağ transver procesində və hər iki laminasında minimal yerdəyişmiş sınıq izlənildiyindən ya əməliyyat olunmalı, ya da uzun müddət korset taxmaqla müalicə olunmalı idim. Biz korset taxmaqla müalicə metodunu seçdik. Nə qədər kədərli, faciəvi bir hadisə idi. Amma bundan da pis ola bilərdim. Allahıma şükürlər olsun!!!

7 yaşlı oğlum həmin o gilas ağacına “Düşmən ağacı” adını verdi. Çünki o ağac məndən sonra babasını da yıxmışdı. Uşağın gözü qorxmuşdu, ağaca yaxınlaşmaz olmuşdu. Belə bir deyim var ağac hər dərdə əlacdır, ağac barı insan yaxşılığı ilə qiymətlidir. Onun meyvələri süfrəmizi bəzəyir, çiçəyi, yarpağı, qabığı isə dərdlərə məlhəmdir.

Xəstəxanaya gətirilməyim bir ayrı, oradan ayrılmağım bir ayrı. Gətiriləndə əlil arabası ilə, aparılanda nasilka ilə. Bundan sonra GÜNÜMÜN növbəti QƏHRAMANI, dünyada ən uca zirvə olan, ayağı dəydiyi yer cənnət olan, şəhid bacısı ANAM (mən mama deyə çağırıram) oldu. Ona bu bəd xəbəri qorxa-qorxa bildirdim. Nasaz adam, pis olacağından qorxdum. Anam yataqdan qalxa bilməyən mənə qulluq elədi, məni sağaltdı, ayağa qaldırdı. O mənim nəinki çətin Günlərimin, ÖMRÜMÜN QƏHRƏMANIDIR. QƏHRƏMANLAR UNUDULMUR.

# 2091 dəfə oxunub

Oxşar xəbərlər

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
#
#
# # #