Belaşda qiyam – Səməd Şıxı

Səməd Şıxıyev

Səməd Şıxıyev

17 dekabr 2021
# 13:53

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Səməd Şıxının “Belaşda qiyam” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Qiyam yavaş-yavaş şəhəri bürüyürdü. On nəfərlə başlayan qiyamın aktiv üzvlərinin sayı 100-ə, qısa zamandan sonra isə 150 nəfərə çatmışdı. Kişilərin azadlıq istəyi, artıq qadınların istəklərinə uyğun yaşamamaq istəyi, azad söz haqqı, onlara qarşı edilən zorakılığına son qoyulması tələbi qadınlar tərəfindən dəfələrlə şiddətlə ört-baslıq edilmişdi. Qiyamın nəticəsini verəcəyinə ümidləri yox idi deyə qiyama qoşulmaqdan çəkinirdilər. Qiyamın iştirakçıları, əsasən, boşanmış kişilər, seks işçiləri olan kişilər, qadın zorakılığından bezmiş şəxslər idi. Evli kişilərdən də iştirak edənlər vardı, onların adlarını qorxularından hələ gizlədirdilər, qiyamın böyüməsini gözləyirdilər. İndi arvadları öyrənərsə, necə bir reaksiya verəcəklərini bilirdilər. İstədikləri “Kişi haqlarını” təmin etmək, “kişilərin seçib-seçilmə azadlığı”nın bərpası idi. Necə ki, qadınlara hər şey “olar”dısa, kişilərə də “olar” olmalıdı. Sən kişisən, sənə olmaz, kişi nədir, filan iş nədir kimi fikirləri yığışdırmaq, bərabərlik yaratmağın zamanının gəldiyini səsləyirdilər. Qadınları bu düşüncəyə öyrədənəcən, bu düşüncə ilə barışdırana qədər mübarizədən çəkilməyəcəkdilər. Hətta bu mübarizə qanla sonlansa belə. Kənardan dəstək almaq üçün əlaqələr yaratmaq istəyirdilər. Belaşda baş verənləri çatdırmaq, dəstək almaq istəyirdilər. Təəssüflər olsun ki, bunun qarşısı alınmışdı. Kənara çıxış heç bir təqdirdə tək baş verə bilmirdi. Qiyamın başlamasından sonra çıxış və girişlərə bir dəfəlik qadağa qoymuşdular. Rəhbərlikdəki qadın qüvvələri bu işin üstünə ciddi düşmüşdü. Söz haqqı olan kişilərin belə azadlığı məhdudlaşdırılmış, bəzilərini isə qiyama dəstək verir deyə həbs etmişdilər. Belaşa gəlib, Belaşda baş verənləri kənara çıxarmaq istəyənləri də ya həbs edir, ya da dəli deyə xəstəxanaya atmışdılar. Kişilər qarşılarında duran problemin fərqində idilər, amma gücləri hələ ki, istədikləri dərəcədə deyildi. Belaşın hər yerindən, hər təbəqəsindən özlərinə kişi dəstələri toplamağa çalışırdılar. Onları bu mübarizəyə dəstək olacaqları təqdirdə, tək öz azadlığlarını deyil, övladlarının, gələcəyin savaşını qazanacaqlarına inandırmağa çalışırdılar.

Birinci ev

Səhər yeməyi masasının ətrafında uşaqlar və ana əyləşmişdi. Ananın əlində telefon çay içərək internetdə dolaşırdı. Telefonu masaya qoyub, çəngəlini pendirə uzadaraq kiçik bir dilimə irişdirib, ağzına apardı. Üstündən çayındna içib, tikəsini çiynəmədən udaraq oğluna tərəf sözlü baxışlarla tikəsinin boğazından keçməsini gözlədi.

- Məktəbdə sənə gəl qiyama qoşun, evdə filan şeylərdən danış desələr uzaq dur onlardan. -deyib, çəngəlini bu dəfə zeytuna uzatdı.

- Bu da təzə çıxıb. Kişilər qiyam qaldırıb azadlıq istəyir. Elə bil güclə bunları həbs ediblər. Bunlara nəsə edirlər. Danışmalarına bax. Azadlıq istəyirlərmiş. Öz başına yaşamaq, işləmək asan gəlir sizə. Gül kimi həyatınız var, qədrini bilmirsiz. Elə bilisiz işləmək asandrı. 10 saat işlə, yollarda sürün, sonra evə gəl, evin dərdi ilə məşğul ol. İşiniz nədirki? Bir ev təmizlə, bir uşağa bax. Kefinizdən uşağı da biz doğuruq. Ona belə əziyyət çəkmirsiz. Kişi olmağa nə var?! Oturursuz evdə, arvad çörək gətirəcək. Bir dəfə daş qaldırıb, səhərdən-axşamacan sürünsəniz başa düşərsiniz həyatı. Yerinizdə olmaq istəyərdim e.

Əri heç nə demirdi. Danışıb qurtarana qədər özünü bir küncə verib, danışıb qurtarmağını gözlədi. Qurtarandan sonra keçib əyləşdi. Çayını içərək oğlu ilə qızına baxırdı. Oğluna baxarkən yazığı gəlirdi. Gələcəyini özü kimi görmək istəmirdi. Azad bir fərd olmalı idi. Oxumalı, öz həyatını özü qurmalı idi.

İkinci ev

Qadın paltarını geyinib ərinin gəlməyini gözləyir. Birlikdə qonaq çağrıldığları şam yeməyinə gedəcəkdilər. Qadının işlədiyi yerdə hər kəsi ailəvi çağırmışdı deyə, ərini aparmasa, olmazdı. Tez-tez saatına baxır, ərinə, harda qaldın, gecikirik-deyə səslənirdi. Əri otağa gəlib qarşısında dayandı. Qolu uzun köynək və dar şalvar geyinmişdi.

- Bu nədir geyinmisən? Tez ol get, dəyiş.

- Nə var ki, geyimimdə.

- Bu geyimlə çölə çıxmağı düşünürsən? Bütün qadınların gözü də qalsın üstündə. Adamı gərək qatil edəsən.

- Böyütmə də.

- Yox. İstədiyin odur. Mən içəri girim, sən də kefin istəyən kimi gəzib, istədiyini edəsən. Unut onu. Get düz əməlli paltar geyin.

- Sənin geyimindən xəbərin var?! - əri dözməyib partladı. – Ətəyinin qısalığına bir bax! Nədir, o? Sizə olar, amma bu geyimə olmaz?

- Sənə nə mənim geyimimdən. Heç kim mənim geyimimə görə danışmayacaq, amma sənin adi kiçik bir səhvinə görə hamının dilinə düşə bilərik.

- Onu düşünənlər də elə sən ağıldadı.

- Az danış, get paltarını dəyiş.

Əri heç nə edə bilməyəcəyini görüb arvadına tabe olaraq paltarını dəyişmək üçün otağdan çıxarkən dodağının altında deyindi:

- Ümid edirəm kişilər bu qiyama qalib gələr. O zaman görüşərik.

- Boş yerə xəyal qurma, belə gəlib, belə də gedəcək. - ərinin dediyi sözü eşidən qadın dedi.

Üçüncü ev

Qadın ona xəyanət etmiş ərini bağışlamaq istəyir. Ona olan sevgisi qüruruna qalib gəlir. Əri arvadının belə bir şey edəcəyini gözləməsə də, onu bağışlamsı onu xoşbəxt edir. Qadının da ərinə qarşı bir neçə xəyanəti olmuşdu, ümumi qəbul edilən qadının xəyanəti sayılmır düşüncəsi isə onun üçün keçmirdi. Xəyanətin fərdi olmurdu. Düşünmədən etdiyi xəyanətləri görməməzlikdən gələn ərinin bir xəyanətini bağışlamayacaqdımı?! O, axı bağışlamışdı. O susmuşdu ona xəyanət edəndə. O zaman bunu başa düşməyən qadın indi hər şeyi gözəl başa düşdü. Bir anlıq şəhvət hissinin nəticəsinə görə sevdiyi kişidən ayrılmaq istəmirdi.

Barışıb evinə döndüyü zaman onu gözləyəcək hadisələri, eşidəcək sözləri az-çox təxmin edirdi. Əri ayrılmağı, ona bunu edə bilməyəcəyini desə də qadın buna razı olduğunu, hər şeyi unudub təzə həyata başlamağa hazır olduğunu deyir. Ətrafdakı lağ-lağalar, qınamalar ona “qeyrətsiz qadın” damğası vurulması ilə hər gün davam edirdi. Buna dözə bilməyən cütlük ən sonunda yaşadığları evdən köçüb, başqa bir yerdə yaşamaq qərarına gəlir.

Qiyamın iclası

Qiyam artıq kiçik ordu ilə deyil, bütün Belaşı bürümüş bir savaşa dönmüşdü. Hansı ki, Belaş ikiyə bölünmüşdü. Qadının yanında kişi, kişinin ətrafında qadın görmək mümkün deyildi. Qadınla yaşamağa razı olan kişi isə tək-tük tapılardı. O da ya humanist bir qadınla evlənmiş, şikayətçi deyildi (buna baxmayaraq yenə savaşa dəstək durardı), ya da savaşmaqdan qorxurdu. Qiyamın mərkəzinə dönmüş küçə isə azadlıq mərkəzi adlanırdı. Bura tamamilə azad edilmiş, qadınların girişinin mümkün olmadığı meydan idi. Mərkəzi binaları da burada yerləşirdi. Əhəmiyyət kəsb edən binanı əli silahlı kişilər qoruyur, ətrafda keçən qadınlarda diqqətlə ətrafa baxırdılar. Kişilərin silah təcrübəsinin olmaması qadınlarda arxayınlıq yaratmış, bir neçə dəfə mərkəzə hücum cəhdi etmiş olsalar da, nəticəsini verməmişdi. Sayca çox olan kişilərin müqavimətini qıra bilməmişdilər.

Qiyamla bağlı bütün qərarlar burdakı qərargahda verilər, daha sonra bütün kişilərə çatdırılaraq, həmin plan üzrə hərəkət edilərdi. İdarəetməni bacarmaz dedikləri kişilər hal-hazırda bir qiyamı uğurla davam etdiririr, strategiya qururdular. Verdikləri qərarlardan bəziləri qadınlarla görüşməmək, onlarla ünsiyyəti tamamilə kəsmək, onlarla heç bir halda cinsi əlaqədə olmamaq, nikah bağlamaq idi. Bu qanunları pozan kişilər də cəzalandırılacaqdı.

- Silahla cavab verməliyik. Onların etdiyi kimi bizdə silahlarımızla onlara hücumlar edib, zərbələr endirməliyik. Onlara öz gücümüzü göstərməliyik. Əllərindəki silahları alsaq, daha güclü olarıq.

- Xeyr, bacarmarıq. Onlar bizdən qat-qat güclüdü. Həm təcrübəlidirlər. Biz neçə aydı silahla tanışıq, onlar əsrlər boyu uşaqlıqdan silahla böyüyüblər.

- Güclü deyillər. Biz, sadəcə illər boyu özümüzü kiçildib, zəif hesab etmişik. Biz qalib gələcəyik bu savaşı. Ya bizim gücümüzü görəcək, buna tabe olacaqlar, bizi öz istəkləri üçün istifadə etməyi buraxacaqlar, ya da onların bu savaş sonu olacaq.

Bu fikir hər kəs tərəfindən ayaqüstü alqışla dəstəkləndi. Savaş başlamışdı. Artıq qadınlar bir düşmən idi. Ta ki, kişilərin gücünü təsdiqləyənə qədər.

Qiyam başlayır

Qiyamın əsas mərhələsi başlamışdı. Silahlı kişilər şəhərə çıxaraq qarşısına çıxan qadınlara qarşı güc tətbiq etməyə başlamışdılar. İlk başlarda yalnız bu bərabərliyə qarşı duranları günahlandırıb, onları cəzalandırmaq istəsələr də, savaşın verdiyi coşqunun təsirindən fərd ayırmadan hər kəsə cəza kəsirdilər. Belaşın küçələrinə çıxmaq müşkül məsələ idi. Məcburi qadınları savaşa cəlb edərək silahlandırmışdılar. Qarşı tərəf də savaşın ciddiliyini başa düşmüş, ya öləcik, ya kişiləri dizə gətirəcik deyirdilər. Kişilərin etdiyi bu qiyamın özü belə qadınlar üçün böyük qorxu idi. Bir ay əvvəl üstünə qışqırıb, istədiyini elətdiyi kişi indi onun qarşısında əlində silahla onunla vuruşurdu. Bir ay əvvəl bu cəsarəti yox idimi? Var idisə, niyə susurdu?

Belaşı ikiyə bölmüş, hərəsi bir başına çəkilərək cəbhə yaratmışdılar. Kişilər evlərə girərək evdə qalan kişiləri öz yanlarına çağırır, onlara azadlığını əldə etmək üçün bir addım çölə çıxmalısan deyə səsləyirdilər. Təbii ki, gələndə olurdu, arvadından qorxub evində qalanda.

Silahsız qadınlara qarşı, adətən silah gücü tətbiq etməz, onlara fiziki güc tətbiq edərək əzişdirirdilər. Bəzən hələ də kişi gücünün fərqinə varmayan qadınlar onların üstünə gəlib, qalib gələcəklərini düşünsələr də, qarşısında artıq azadlığın dadını dadmış, güclü olduğuna inanmış kişiyə güc gəlməyə çalışsa da özlərini ilk zərbədə yerdə taparaq acizanə tapırdılar. Nə idi onlara belə güc verən? – deyə düşünürdülər. Bəziləri xaricdən dəstək verildiyini desə də, bunu isbat edən heç bir mənbə yox idi.

Qadınların öldürülməsinə icazə yox idi. Yalnız kişilərə qarşı zorakılığı təsdiqlənmiş, əməlindən peşman olmayan, faciəvi şəkildə işgəncələr etmiş qadınların ölümünə icazə var idi.

Fəal qiyamçılardan sayılan Sərdar Ayselli qadın cəbhəsinə sızıb, silah anbarını partlatmaq istəyirdi. Bunun qələbə üçün önəmi böyük idi. Təhlükəli əməliyyat olduğunu özü də bilirdi və buna razı idi. Kişilərin gələcəyi, azadlığı bəlkə də onun əlində idi.

Gecələri küçələrdə tonqallar qalanar, ətrafında növbətçilər sıra gözləyərdi. Statusundan asılı olmayaraq hər kişi sırayla gözləməli idi.

Savaşın çətinliyini görən, bundan qorxan, daha doğrusu belə bir şeyin olacağını düşünməyən kişilər aralarında söhbət edərkən – evdə oturub uşaq baxmaq, ev təmizləmək daha asanmış – deyərdi.

- İstəyirsənsə get. Arvadına başına nə oyun açır, gör.

- Məsələ o deyil, qadınlar savaşı saxlamasa nə olacaq, onu düşünürəm. Ömrümüzün sonuna qədər savaşacağıq? Bir müddət sonra qocalacaq və ölüb gedəcəyik. Savaşaraq qazanırıqmı, itiririkmi bilmirəm. Dünyanın axırına çıxacıq. Başa düşməliyik ki, biz, bir-birindən asılı olan iki varlıqlarıq.

- Bunu onlar istədi, biz yox. Barışmalı və bizim də gücümüzə inanmalıdılar. İstədiyimiz azadlığımızdır.

Kənardan silah səsi gəldi. Hər postda iki kişi dayanıb, qalan hər kəs ora yollandı. Kişilərdən biri istəmədən atəş açıb.

- Düzəlmədin də sən. – Heydər dedi, nə oldu deyə ətrafa boylanıb baxdı. Heydər qiyamın rəhbərlərindən idi. Başlanğıcdan qiyama dəstək durmuş, kişilər arasında inam yaradanlardan olmuşdu. Onun keçmişi ilə bağlı hər kəsin bir fərziyəsi var idi. Kimisi dəlixanada bir müddət qaldığını, kimisi arvadını öldürüb deyə cinayətdən tutulub deyirdi. Uzun saçlı idi. Haqqında bilinən isə, bir dəfə evli olmasıdı. Ayrılması barəsində heç kəs bilməz, sual da verməzdi.

- Korlayanlar utansın. – atəşi açan Emin idi. Artıq çəkisinə görə “pota” deyə çağırırdılar onu.

Sakitlikdən əmin olandan sonra yenə tonqallarının başına yığışıb isinərək onu əvəz edəcək birisinin gəlməsini gözləyirdi.

- Biz kişilər payız kimiyik. Nə zaman nə edəcəyimizi bilmək olmur.

Qiyam iclası

Savaşı uduzmaq istəyən yox idi. Hər iki tərəf haldan düşmüş, savaşası gücləri qalmamışdı. Buna baxmayaraq, məğlub olmayacıq dirənişi savaşı aparırdı. Qadınların kişilərə uduzmağın özlərini alçalmaq kimi görməsi, kişilərin bura qədər gəlmişkən məğlub olmaq olmaz düşüncəsi savaşı son mərhələyə qədər aparacaq kimiydi. İclasda kişilərdən bəziləri artıq gücümüz var, amma yenə də qadınları istəklərimizə razı sala bilmirik. Bundansa kişilərin idarə etdiyi yerlərə gedək. Orda özümüz üçün dünya qurarıq. Yaşayarıq – dedi.

- Bura bizim vətənimizdi, getmək yox, buranı düzəltmək lazımdır. Bu bizim borcumuzdur.

- İnsanın vətəni doğulduğu yer yox, öldüyü yerdi. Dünyaya gələrkən seçim edə bilmirik, amma harada öləcəyimizlə bağlı seçim etmə şansımız var. Öləcəyimiz yeri seçə bilirik. Bunu da sevdiyimizdən edirik, oranı doğma bildiyimizdən.

Müzakirələr uzanır, hər ağızdan müxtəlif rəylər gəlirdi. Ortalığı sakitləşdirmək lazım idi.

Getmək istəyənlər üçün şərait yaradılacaqdı. Belaşın sərhədlərini açaraq getmək istəyənlər üçün şərait yaradılacaqdı. Qadınlar bunun fərqinə vardığında isə artıq yüzdən artıq kişi sərhəddi keçmişdi. Geriyə qalan kişilər isə, məcburən geri dönməli oldu.

Qiyamı uduzurlar?

Sərhəddi keçən kişilər barəsində bir gün sonra xəbər yayılır. Qadınların yaydığı xəbərə, əsasən, sərhəddi keçmək istəyən kişilər həbs edilib. Bunu hansı sərhəddən bəridəmi, yoxsa keçdikdən sonramı etmişdilər bilinmirdi. Əgər yazılanlar doğru idisə bu dəqiqə kişilər onların əlində əsir idi.

Əsirləri qurtarmaq üçün birinci xəbərdarlıq, sonra basqınlar olsa da, heç biri nəticə vermədi. Kişilərin tələbləri qadınlara yönəldilir, qarşılıq olaraq nə zaman silahları atar, evlərinizə dönərsiniz, əsirlər azad buraxılacaq – cavabı ilə geri dönürdülər. Qadınların üstünlüyü artmışdı. Kişilər qorxuya düşmüşdü. Yol yaxınkən savaşı tərk edib evlərinə dönmək istəyirdilər. Belaşın küçələrini gəzən kişilər Belaşın dəyişiminə baxıb, heyfslənirdilər. Aylar əvvəl təmiz olan küçələr indi zibilliyə dönmüşdü. Kim hara gəldi zibili atır, sonra o zibili təmizləyən olmayırdı deyə topa halında hər döngədə iy verməyə başlayan zibillərə rast gəlmək olardı. Belaşın həyatı yalnız bununla iflic olmamışdı. Savaş iş həyatını da yox etmişdi. Kişilərin çıxartdığı savaşa görə iş yerləri dayanmış, hətta qida çatışmazlığına qədər gətirib çıxartmışdı. Bunun fərqinə vardığdan sonra həyatı canlandırmaq üçün işə başlamağı düşünsələr də bu heç asan proses deyildi. Sıfırdan həyat qurmaq asan deyildi. Ən azı qida üçün nəsə iş görmək istəsələr də hardan başlayacaqlarını bilmirdilər. Qadınların olduğu tərəfdən baxıb, nəsə etmək istəsələr də qarşı tərəfdə də vəziyyət yaxşı deyildi. Xırda-xırda işlər görüb, qısa müddətli işlər görürdülər. Müharibənin xeyri dəyən heç kəs yox idi.

Əsir düşən kişilərdən bilgi alıb, qiyamı sonlandırmağa çalışsalar da, kişilərin çoxu əsas bilgilərə sahib deyildi deyə, deyəcək heç nə yox idi. Bilənlər də susur, danışmamaqda israr edirdilər. Kişilərə əzab vermir, nə də həbsdə saxlamadılar. Arvadlarını çağıraraq yanlarına qoşub evlərinə yolladılar. Qadın ərinə qarşı əsəbi, hirsli olsa da qarşısında dayanmış ərinə qışqırmaqdan çəkinirdi. Gözündən yağan alovu, hirsi görürdü. Artıq qorxulu bir kişi yox idi. Dediyi bir sözün üstünə birini qoyaraq geri alırdı. Savaşı qazanmayacaqdılar, bəlkə də, amma qadınların hegamonluğunu yıxmışdılar.

Kişilərdən evdən qaçıb, qarşı tərəfə keçməyə cəht etmək istəyən olsa da, bunu gözləyən qadınlar evlərin ətrafında qoyduğları növbətçilər sayəsində kişiləri tutub, evə geri qaytarılmışdılar. Qaçışın mümkün olmadığını başa düşüb heçnə etmədən savaşın nəylə nəticələnəcəyini gözləyirdilər. “Kaş heç qaçmağı düşünməyərdik. Kaş qalıb savaşaydıq. Bizə görə indi savaşacaq, bizi geri qaytarmaq üçün vuruşacaqdılar. Ölənlər olacaqdı, bəlkə də”.

Kişi cəbhəsində sənayeni aktivləşdirməkdə çətinlik yaşadıqlarını görüb, sosial yönümlü işlər görməyə başladılar. Savaşın başlamasından sonra uşaqlar da ataları ilə bərabər getmişdilər. Analarına qarşı bir kin yaranmış, evə dönəndə isə onlardan çəkinməyə başlamışdılar. Savaşın öyrətdiyi iki şey var idi. Güclə nəsə əldə etmək olur, əvvəl-axır insan dolub-daşacaq və zaman onu saxlamaq mümkün olmayacaq, digəri isə fərqli cins olsalar da, fərqli hiss etsələr də, onların əslində eyni şəxs olmaları idi. Biri olmasa, digəri də özündə boşluq hiss etməyə başlayacaq.

Savaşın aqibəti isə uzun çəkmədi. Hissə-hissə dağılmağa başlamış, şəhərin iflic vəziyyətə düşməsi onları çıxılmaz yola salmışdı. Ortaq yol axtarmağa, barışıq əldə etməyə çalışsalar da, əvvəlki münasibətin olmayacağı, həmişə savaşın onlarda bir iz buraxacağını, tez-tez bunu xatırlayacaqlarını başa düşmüşdülər. Bunun müsbət tərəfi hər an qarşılarında ayaqlaşmağa hazır olan insanları görmək idi ki, buna görə çəkinəcəkdilər. Mənfi tərəfi isə bu içlərindəki qorxu onları sevgi ilə yaxınlaşmağa icazə verməyəcəkdi. Evə dönən kişi nə edəcəkdi? Yenə əvvəlki kimi evin işlərini tək görməli idi, ya arvadı ona kömək etməliydi? Bunu edəcəkdimi? Bundan sonra həyatlarını necə aparacaqlarıyla bağlı heç bir planları yox idi. Bu həmçinin qadınlara da aid idi ki, onlar nə edəcəklərini bilmirdilər.

# 2513 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
#
#
# # #