Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov
18 aprel 2024
# 17:00


Kulis.az Sənan İsmayılovun "Açıq kosmos - yer əhvalatı" hekayəsini təqdim edir.


On dəqiqədən sonra o, artıq iyirmi beş ildən bəri tanıdığı qadınla açıq kosmosa çıxmalı idi. Qadına aşiq olmasının yaşı da elə bir o qədər olardı. Belə bir sevgi nadir hallarda olsa da, ifrat hərəkətlərə səbəb ola bilərdi.

Onlar yalnız bircə dəfə – tanışlıqlarının lap başlanğıcında birlikdə yaşamaq, ailə qurmaq, uşaq sahibi olmaq imkanlarını ciddi şəkildə müzakirə etmişdilər. Amma elə münasibətin ilk mərhələsindəcə qadın onunla bir damın altında yaşaya bilməyəcəyini demişdi.

Qadın bunun səbəbini uzun-uzadı izah etməsə də, kişi hər şeyi yaxşı bilirdi. Qadın olduqca həssas idi. Əgər təsadüfən onu incitsəydin, o, var gücü ilə bunu biruzə verməməyə çalışacaq, öhdəsindən də gələcəkdi. Amma elə ki danışmağa başlardı, o dəqiqə səsi titrəyər, özünə qapanar, lakin aradan heç bir neçə dəqiqə də keçməzdi ki, sevinc və təbəssümü üzünə qaytarardı.

Kişi çox yaxşı bilirdi ki, belə vaxtlarda qadın vəziyyətdən ancaq hədsiz daxili əziyyət və başqalarına sevinc bəxş etmək istəyi ilə çıxırdı.

Qadın çox sevilmək istəyirdi, amma təbiəti tabe olmağı qəbul etmirdi.

Üstəlik, başqa bir məsələ də vardı: qadının onunla birlikdə bir gələcək qurmaqdan imtina etməsi kişinin heyrətamiz bir iş təklifi aldığı vaxta təsadüf etmişdi (hər halda, o vaxtlar qeyri-adi karyera qurmaq arzusuyla yaşayan gəncə elə gəlmişdi).

Böyük karyera arzusuna düşən həyəcanlı gənc seçim etmək ehtiyacı hiss etməmişdi; tezliklə iş-güc başını qatmış, öz eqoist və onsuz da, nəticəsi olmayacaq arqumentləri ilə qadını narahat etməyi lüzumsuz hesab etmişdi.

Sonrakı uzun illər ərzində onlar bir neçə dəfə görüşə bilmişdilər. Hər dəfə kişi fərqinə varırdı ki, qadın əsla dəyişməyib; hələ də gənclik illərindəki qədər şıltaq idi... həmin qısa saçlar... qəhvəyi gözlər... çiyinlərini əyməyi...

Bir dəfə qadın şikayətlənmişdi ki, atası öz kiçik qızını – yəni onu – hətta şaxtalı havalarda da hovuza girməyə məcbur edir: “Əgər özündən bəstəboy adamlarla dostluq edirsənsə, onda zəhmət çək, get hovuza, belinin əyriliyini düzəlt”, atasının dediyi bu cümlə hələ də kişinin yadında idi.

Ona elə gəlirdi ki, o bu qadını hələ həyatına girməmişdən əvvəllər də sevib. Hətta uşaqlıq illərində belə. Ona görə də atasının öz doğma qızına qarşı belə davranması ilə heç cür barışa bilmirdi.

– Hə, nədir? Təsadüfə bir bax. Amma başa düşə bilmirəm, niyə belə narahatsan? – Qadın qabağa düşüb nazik, uzun əlləri ilə ona arxasınca gəlməyi işarə etdi.

– Yox, hər şey yaxşıdır, – kişi özünü o yerə qoymadı. Amma səsindən bilinirdi ki, öz dediyinə özü də tam əmin deyil.

Qadın bir az kökəlmişdi, başqa heç bir dəyişiklik yox idi. Sözə başlayanda nazik, uzun barmaqlarını havada kəlmələrin rəsmini çəkirmiş kimi hərəkət etdirirdi. Yanaqlarındakı batıqlar hələ də aydın sezilirdi. Kişiyə elə gəldi ki, barmaqları ilə ona toxunsa, qadının bədənində yenə də illər əvvəl olduğu kimi qırmızı zolaqlar yaranacaqdı. Dərisi də özü kimi həssas idi axı... Amma indi ona barmağının ucuyla belə toxuna bilməzdi, buna cəsarəti yox idi.

– Məni aldada bilməzsən, – qadın gülə-gülə dilləndi, – gör səni nə vaxtdan tanıyıram. Sən hətta yazışanda belə – həmişə uğurlu alınmasa da – zarafat etməyə çalışırsan. Yox, bu sən deyilsən. Elə bil, dəryada gəmilərin batıb. Eybi yox, hələ bir açıq kosmosa çıxaq, onda özünə gələcəksən.

Əslində, qadın haqlı idi. O, gərgin idi. Son iki il ərzində, ən azı, üç dəfə cəsarətini toplayıb rəhbərlikdən onu məhz “AkYel”ə – qadının işlədiyi gəmiyə göndərməklərini istəmişdi. Bunun üçün bir-birindən fərqli bəhanələr uydurmuşdu. Hətta sonuncu cəhdində Astronavtlara Psixoloji Dəstək Departamentinin rəhbərindən çox kobud cavab almışdı. Izah etmişdilər ki, bir də belə şey tələb etsə, bu, rəhbərliyə qarşı təzyiq kimi dəyərləndirilib şəxsi işinə əlavə olunacaq: “Sizin kimi təcrübəli psixoloq üçün hansı gəmiyə göndərilməyin fərqi olmamalıdır. Fərqi yoxdur, o gəmidə sizin qohumunuz var, köhnə tanışlarınız var, ya sevdiyiniz qadın.”

Bir həftə bundan əvvəl heç gözləmədiyi halda ona “AkYel”ə ezamiyyət haqda məlumat veriləndə çox həyəcanlanmış, hətta sarsılmışdı. Nəhayət, sevdiyi qadınla görüşəcəkdi. Necə dostyana qucaqlaşacaqlarını, qadının uzun qolları ilə onun çiyinlərini necə özünə sıxacağını təsəvvür etmişdi. Yox, onu özünə sıxmayacaqdı, sadəcə ovcunun içi ilə kürəyinə toxunacaqdı. Qadının bu hərəkətiylə onun bədəninə xoş bir hərarət yayılacaqdı... Sonra kişi onun isti əllərini öz iri ovuclarına alacaq, iyirmi saniyə ərzində sakitcə gözlərinin içinə baxacaqdı... Ehtiras bədənini alt-üst etməyə başlayanda hər şeyi hiss edən qadın əllərini onun ovuclarından çəkərək dillənəcəkdi:

– İndi sənin üçün çay dəmləyərəm. Şirniyyatın dadına baxarsan. Gələcəksən deyə çatdırıb ancaq bunu bişirə bildim.

Kişinin cavabı da hazır idi:

– Nənə paxlavası.

Bunu eşitcək, qadın ürəkdən gülüb deyəcəkdi:

– Heç nəyi unutmamısan...

Gecə yarısına qədər ordan-burdan söhbətləşəcəkdilər; yeni hava gəmilərindən, son dövrlərin “dadlı kəşfləri”ndən (daha doğrusu, unudulmuş köhnə “nənə reseptləri” ilə zənginləşdirilmiş astronavt yeməklərindən), ekipaj üzvlərindən və... Bir də qadının oğlundan danışacaqdılar... Qadının işlədiyi gəminin niyə “AkYel” adlandırıldığını müzakirə edəcəkdilər. Hətta məktəb illərində tanış olduqları bürclərdən də danışacaqdılar. Sonda qadın bu dəfə ona əllərini ovcuna almağa icazə verməyəcək, ucadan gülüb, kayutuna yollanacaqdı... Yenə də o özünü çox xoşbəxt hiss edəcəkdi...

Amma bunların indi heç biri olmadı. Ya da, demək olar ki, olmadı...

Onlar skafandrlarla dolu otağa girdilər. Skafandrlardan ikisinin üstündə onların adları yazılmışdı.

– İlk skafandrlarımız yadına gəlir? – Qadın incə, dümağ dişlərini nümayiş etdirərək gülümsədi.

– Əlbəttə, yadımdadır, – o, sakitcə cavab verdi.

– “Əlbəttə, yadımdadır”, – qadın onu yamsıladı, – həqiqətən xatırladığı şeylər haqqında bu cür danışmırlar.

Kişinin pərt olduğunu görüb başını buladı. Həmişəki təbəssüm yenidən üzündə peyda oldu.

– Yaxşı, neynəmək olar. Daha xətrinə dəyməyəcəm. Yaxşısı budur, skafandrını geyin.

Bu geyimlər onların ilk skafandrlarından xeyli fərqliydi. Skafandrdan çox, şəffaf yağmurluqlara oxşayırdılar. Alt səthində ayaq üçün sərt dəliklər vardı.

Kişi skafandrı əyninə keçirib uzun zəncirbəndi çənəsinin altına qədər çəkdi.

– Hə, indi isə cəld, tambura! – Qadın şən səslə komanda verdi.

Tambur skafandrların ikiqat kənarlarının oksigenlə doldurulduğu otaq idi. Onun ardınca da “hava keçidi” bölməsi gəlirdi. Ondan sonra açıq kosmosa atılmaq olardı.

Kişi qabağa düşüb tamburun qapısını açdı. Otağın divarlarından birində quraşdırılmış oksigendoldurma panelinə yaxınlaşdı. Şəffaf boru ilan kimi qıvrıla-qıvrıla hərəkət edib skafandrın aşağısındakı kiçik birləşdiriciyə girdi. Kişi zəncirbəndi axıra qədər çəkdi. Skafandrın kənarlarının arasındakı boşluqlar qazla dolduqca o, iri, şəffaf yumurtaya bənzəyirdi. Qazdoldurma başa çatdıqdan sonra boru skafandrın girişini yaxşıca möhürləyib yenidən divardakı “yuvası”na qayıtdı.

Kişi kənara çəkilib qadını gözlədi ki, birlikdə ötürücüyə – “hava keçidi” bölməsinə keçsinlər.

***

Ötürücü kabinə keçdilər. Qapı arxalarınca bağlanan kimi havaçəkən nansoslar işə düşdü, qravitasiya sahəsi söndü, ayaqları döşəmədən ayrıldı. Çıxış qapısı asta-asta aralandı, onlar divarlardan təkan alaraq süzə-süzə açıq kosmosa çıxdılar.

Ətalətin gücü onları təxminən iyirmi metrə yaxın bir məsafədə müxtəlif istiqamətlərə apardı. Kişi özünü itirdi və pərtliyini gizlətmək üçün yüngülcə gülümsədi.

– Niyə belə uzaq dayanmısan? Nədir, yoxsa pultu necə idarə edəcəyini bilmirsən? Ay səni, gəmi psixoloqu, – qadının gur, şən səsi kişinin skafandrını dəlib keçdi.

– Bilirəm, əlbəttə, bilirəm, – kişi özünü o yerə qoymadı.

Əslində, o, qadının şəffaf skafandrına yaxınlaşmaq, gülümsər üzünə daha yaxından baxmaq istəyirdi. Kişi bu haqda düşünərkən qadın özü ona yaxınlaşdı.

– Niyə belə ciddisən? Yoxsa, o qədər yaşlanmısan ki, artıq gülməyi də unutmusan?

– İstərdim, amma...

– Necə yəni, “amma”? – Qadın çox nikbin idi.

– Nəsə yaxşı deyiləm.

Qadın ona elə yaxınlaşmışdı ki, az qalırdı ona yapışa.

– Yaxşı deyilsən?

Bu gün görüşəndən bəri ilk dəfə idi ki, qadının səsində narahatlıq hiss olunurdu. Skafandrın şəffaf divarından qadının ona zillənmiş iri, qəhvəyi gözlərini aydın görürdü. Yox, qadın gözlərini ona zilləməmişdi, sadəcə, ona ən etibar etdiyi insana baxar kimi baxırdı. Kişi evdəki pişiyini xatırladı. Pişiyi də ona belə baxırdı – ən sadiq adamına baxar kimi...

O, vəziyyətdən çıxmağa çalışdı və qadının nəşəsini yerinə gətirmək istədi.

– Xeyr, məsələ pis olmaq deyil, sadəcə özümü nəsə qeyri-adi hiss edirəm.

– Bizim psixoloq, daha doğrusu, mənim köhnə dostum bu gün nəsə qeyri-adi əhval-ruhiyyədədir, – qadın qəhqəhə çəkdi, – heyif ki, dediklərini başqa heç kim eşitmir.

Qadın danışdıqca həmişəki kimi uzun, zərif əllərini müxtəlif istiqamətlərdə hərəkət etdirirdi.

Onları əhatə edən məkan monumental səviyyədə əzəmətli, eyni zamanda da adi görünəcək qədər canlıydı. Uzaq, yaxın ulduzlar sayrışır, sanki titrəyə-titrəyə bir-birinə göz vurur, salam göndərirdilər. Irili-xırdalı meteoritlər ora-bura hərəkətdə, yaxından-uzaqdan ötüb-keçməkdə idilər.

Şəffaf skafandrın içindəykən bu göy cisimlərinin Yerə doğru hərəkət edib-etmədiyini müəyyən etmək mümkün deyildi. Ancaq ətrafdakı hər şey həyatla o qədər səsləşirdi ki, meteoritlərin uşaqlar arzu tutsunlar deyə Yer kürəsinə tərəf “axdığını” düşünmək üçün heç bir şübhə yeri qalmırdı.

Meteoritlər kifayət qədər təhlükəsiz məsafədə uçurdular. Şəffaf skafandrların içindəki cütlüyə elə gəlirdi ki, gözəl, böyük amma yırtıcı məxluq sürüsünü seyr edirlər. Hansısa səbəbdən bu səmavi uçurumda yolu itirsən, mütləq cəngəllikdəki kimi qurban olacaqsan.

Irili-xırdalı kosmik gəmilər öz marşrutlarında hərəkətdə idilər. Qadın onu düşüncələrdən ayırana qədər o bir müddət kosmosun qatı qaranlığında işıqları sayrışan gəmilərdən birinə uzun-uzadı baxdı.

– Bilirsən, bu gün niyə belə gülməli görünürsən?

– Niyə?

– Çox ciddisən, ona görə. Təsadüf üzümüzə gülüb. Hətta bir yox, iki təsadüf. Birincisi odur ki, sən ekipaj üzvlərinin psixoloji hazırlığını yoxlamaq üçün başqasına yox, mənim olduğum gəmiyə göndərilmisən. Amma, deyəsən, sənin özünün köməyə ehtiyacın var.

Kişi bir qədər utandı. Qadın bunu hiss etməmiş kimi davam etdi:

– İkincisi, əslində, ən çox bunda bəxtin gətirib ki, sənə açıq kosmosa uçmaq vəd olunub. Elə mənim özümə də. Elə bil, haqqımızda nəsə bilən biri bizim üçün surpriz hazırlayıb. Axı biz ilk dəfə də açıq kosmosa birlikdə çıxmışıq. Sənsə sevinmək əvəzinə, mısmırığını sallamısan.

Qadın hələ də gülümsəyirdi və kişiyə elə gəldi ki, onun yanağındakı batıqlar indi daha gözəl görünür.

– Bax, elə məni qorxudan da bu təsadüflərdir, – nəhayət, kişi etiraf etdi.

– Nədən qorxursan? İkimizdən birinin tezliyinin başqa bir gəmi tərəfindən tutulmağından?

– Hə, – deyən kişi fikirli-fikirli sözünə davam elədi, – sənin tezliyin haqda düşünürəm.

– Yaxşı, bundan nə nəticə çıxardaq? Hansısa gəminin tezliyinin başqa bir gəminin tezliyi ilə üst-üstə düşməsi ehtimalı praktiki olaraq, sıfra bərabərdir. Belə bir şey baş versə belə, nə etməli olduğunu sən özün də yaxşı bilirsən. Yəni doğrudanmı, başqalarına kömək edərkən eyni zamanda da öz başını bu cür cəfəng-cəfəng fikirlərlə doldurmaqla məşğul olmusan?

Ikisi də yaxşı bilirdi ki, açıq kosmosa çıxan hər kəsi öz doğma gəmisiylə bağlayan tezlik var. Əvvəllər fəza səyahətlərində astronavtları gəmiyə bağlayan naqillərdən istifadə olunurdu. Sonradan tezliklər vasitəsilə əlaqə kəşf edildi. Açıq kosmosa çıxış tarixi ərzində cəmi ikicə dəfə “kosmosda öz kefi üçün dolaşan adamların” tezlikləri ələ keçirilmişdi. Tezlikləri başqa gəmilər tərəfindən ələ keçirilən bu astronavtlar idarəedilməz şəkildə gəmilərindən uzaqlaşmış, daha doğrusu, kosmik sonsuzluqda yoxa çıxmışdılar.

Belə bir hadisə ilk dəfə olduğu zaman alimlər qərar verdilər ki, bu, üzərində uzun müddət baş yormağa dəyməyəcək qədər nadir hadisədir. Ikinci oxşar hadisədən sonra isə elə də qəliz olmayan, lakin kifayət qədər işlək bir protkol hazırlandı. Yeni protokola əsasən, təkbaşına açıq kosmosa çıxmaq qadağan edildi. Bundan sonra açıq kosmosa çıxan astronavt öz tezliyindən əlavə, partnyoruna məxsus olan tezliyin surətini də özüylə daşıyacaqdı.

Hansınınsa tezliyi ələ keçirilsə, ikinci astronavt öz skafandrındakı pultda müvafiq düyməni sıxmaqla yoldaşının tezliyini bərpa edəcəkdi.

Bu protokolun icrasından indiyə qədər bircə dənə də olsun bədbəxt hadisə qeydə alınmamışdı.

– Psixoloq həmkarlarından birinə görünsən yaxşı olar... Bilirsən nə var? Gəl, birlikdə kapitanın pəncərəsinin qarşısında “üzək”? Inan ki, o, bu mənzərədən zövq alacaq. Kapitan həmişə deyir ki, indiyə qədər onunla işləyən ekipaj üzvləri arasında ən gözəl qadın mənəm. Sən nə fikirdəsən, ona inanmaq olar? – qadın gülə-gülə soruşdu.

– Əlbəttə, – kişi itaətkarlıqla cavab verib qadının ardınca üz tutdu.

İki şəffaf skafandr yavaş-yavaş gəmiyə yaxınlaşdı. Onlar tünd rəngli böyük şüşənin qarşısında bir dəqiqə asılı qaldılar.

– Bax, həmin bu şüşənin arxasında bizim hər şeyi görən kapitanımız əyləşib. Heyif ki, şüşəni taqqıldatmaq imkanımız yoxdur. Yaxşı, neynəmək olar, heç olmasa, əl yelləyək.

Dediyi kimi də elədi…Əlinin hərəkətinə təbəssümü də qoşulub onu daha da gözəlləşdirdi.

Qadın gözünü şüşədən ayırmadan dilləndi:

– Yeri gəlmişkən, oğlum...

Kişi dərhal onun sözünü kəsdi. Qadın sözünü bitirməyə icazə verilmədiyinin fərqinə varmağa macal tapmamış kişi səsinin tonunu ustalıqla həvəssizlikdən yarızarafata dəyişib söhbəti başqa məcraya yönəltdi:

– Gəl, bir dəfə də olsa, gəminin ətrafında dövrə vuraq.

Onun təklifində az da olsa, inamsızlıq sezilirdi, amma qadına bu qədəri də bəs edirdi.

– Bax bu başqa məsələ, – qadın sevincək razılaşdı.

Cütlük iyirmi dəqiqəyə yaxın gəminin perimetri boyunca “üzdü”. Gah gəminin konturlarını müzakirə etdilər, gah da keçmiş günləri xatırladılar. Kişinin ovqatı, tamamilə olmasa da, nəzərəçarpacaq qədər dəyişmişdi; gah zarafat etməyə çalışır, bəzən də qadını güldürən şən əhvalatlar danışırdı. Eyni zamanda da qaranlıqda ötüb keçən və işıqları sayrışan gəmiləri gözucu, ehtiyatla müşahidə edirdi. Qadın arabir başını kişinin baxdığı istiqamətə çevirir, sonra ona baxıb deyirdi:

– Mənə elə gəlir, sən bu narahatlıq məsələsinə görə, həqiqətən də, həkimə müraciət etməlisən. Əgər bunu özün etməsən, rəhbərliyinə mən xəbər verəcəm. Hətta kapitanımı da bu məsələyə cəlb edə bilərəm.

Onlar on dəqiqə də “üzdülər”, lakin kişi birdən yerində donub qaldı; qadının arxasında qaranlıqda işıqları sayrışan bir hava gəmisi onlara yaxınlaşırdı. Qadın hava gəmisinə tərəf heç çevrilib baxmadı da. O, sadəcə, kişiyə baxıb gülümsəyirdı. Yanaqlarındakı çökəklər aydın görünürdü. Qadın gülümsəyir, uzun, ensiz ovucları ilə havada axan işarələr cızaraq sakitləşməsi üçün onu dilə tuturdu, onu tezliyin itirilməsi ehtimalının sıfıra bərabər olduğuna inandırmağa çalışırdı və...

Birdən kişi başa düşdü ki, qadını eşidə bilmir. Onun nə dediyini, sadəcə, dodaqlarının hərəkətindən oxuyurdu... O, dodaq oxumağı bacarırdı... Çox güman ki, onlardan birinin tezliyi itirilmişdi.

Skafandrın içindəki kiçik idarəetmə pultuna baxdı; onun tezliyi yerində idi, qadının istifadə etdiyi tezliyi bərpa edəcək düymə isə sayrışaraq sahibini cəld hərəkət etməyə səsləyirdi. Kişi tez əlini qaldırıb öz pultuna işarə etdi. Qadın ancaq bu vaxt tezliyinin itirildiyini başa düşdü. O da öz skafandrının içindəki idarəetmə pultuna baxdı, sonra möhtəşəm təbəssümü ilə kişiyə tərəf baxıb, uzun işarə barmağı ilə pultu göstərdi və əl hərəkəti ilə kişidən düyməni sıxmasını istədi. Qadın kişinin onu eşitmədiyini başa düşdüyü üçün artıq danışmırdı. Əvəzində onun uzun, ensiz əlləri yenə də havada hərəkət edirdi: “Sən təsadüfə bax eee. Tezliyim oğurlanıb. Amma, narahat olmağa belə dəyməz. Sadəcə, pultun üstündəki düyməni sıxmaq lazımdır”.

Kişi gözlərini qadından ayırmadan əlini pulta tərəf uzatdı və elə bu an yenə evdəki pişiyini xatırladı; kişi nə edir-etsin, pişiyi həmişə ona inamla baxırdı – evə sərxoş gəlib zəhlətökən səslə oxumağamı başlayacaq, ucadan oxutduğu musiqiyəmi qulaq asacaq, ya da var gücü ilə boks armudunumu yumruqlayacaqdı... İndi də qadın beləcə səssiz, sakit baxışlarla ona baxır və kişinin indicə düyməni necə basacağını müşahidə edirdi.

Kişi başını aşağı saldı, işarə barmağı ilə yanıb-sönən düyməyə toxundu, amma düyməni sıxmadı. O, başını qaldırmağa cəsarət etmirdi, eyni zamanda da tezlik bərpa edildikdən sonra qadının ilk sözlərinin nə olacağını müəyyən etməyə çalışırdı: “Mən sənə dedim axı, narahat olmağa dəyməz. Bircə düyməni sıxmaq yetər ki, məsələ həll olsun”. Kişi beş saniyə gözlədi, on, iyirmi, iyirmi beş saniyə də keçdi və ancaq bundan sonra başını qaldırdı. Qadının şəffaf skafandrı artıq xeyli uzaqlaşmışdı... Kişiyə elə gəldi ki, qadın hələ də gülümsəyir, onun düyməni sıxmasını işarə edir. Bir anlıq pişiyinin kədərli gözlərini görürmüş kimi oldu...

***

Gəmidə kişini, demək olar ki, bütün ekipaj üzvləri qarşıladı. Bəziləri göz yaşlarını silirdilər. Kapitanın – möhkəm bədən quruluşlu, bəstəboy, başının keçəli yanlardan ağarmış saçlarla əhatə olunan adamın hətta eynəyin qalın şüşəsinin arxasından belə qızarmış gözləri görünürdü.

– Mənimlə gəlin, – hamıya aydın idi ki, kapitanın sözləri yarım saat əvvəl açıq kosmosda qadınla birlikdə “üzən” kişiyə ünvanlanıb. Qadının ölümü artıq heç kəsdə şübhə doğurmurdu.

Kişi titrəyir, əsim-əsim əsirdi. O, ovcuyla alnına toxundu – bədən hərarəti normal idi. Kapitan ləng addımlarla gedirdi – kişi isə buna çox təəssüf edirdi. O, gözlənilən sualları tezcə cavablandırıb öz otağına çəkilmək istəyirdi.

Kabinetdə başqa bir nəfər də vardı, kapitanı görən kimi ayağa qalxdı.

– Baş mühəndisimizdir. Məncə, siz onu tanıyırsınız. Axı bütün ekipaj üzvlərinin psixoloji vəziyyətinin tutduqları vəzifələrə uyğun olub-olmadığını öyrənirsiniz, – kapitan mühəndisə işarə edərək astadan dedi.

– Tanıyıram, – kişi dilləndi və ona elə gəldi ki, dodaqları titrədi.

Kapitan hər ikisinə oturmağı təklif etdi, özü isə ardında ulduzlarla dolu zülmət sonsuzluq görünən böyük şüşəyə yaxınlaşdı.

– Mən burdan sizi görürdüm, – arxasını otaqdakılara çevirən kapitanın da səsi titrəyirdi, – mən hətta balaca uşaq kimi şüşəni döyəclədim. O da mənə əl yellədi.

Kapitan eynəyini çıxarıb gözlərini sildi. Araya sükut çökdü, kişi isə bu müddət ərzində üstündə baş mühəndisin sınayıcı baxışlarını sezirdi. Kapitan elə arxası dönük vəziyyətdə soruşdu:

– Deyin görək, bu necə oldu? Axı tezliyin bərpa edilməsi üçün pultdakı düyməni sıxmaq o qədər sadə bir iş idi ki...

– Düymə işləmədi, – kişi titrək səslə cavab verdi.

O başını aşağı salıb, barmaqlarını bir-birinə keçirib oturmuşdu.

– Siz nə danışırsınız? – Baş mühəndis sıçrayıb ayağa qalxdı, gur, ittiham dolu səslə danışmağa başladı: – Skafandrlar və onların pultları yoxlanılır, özü də dəfələrlə yoxlanılır.

– Ancaq məndə düymə işləmədi, – kişi başını qaldırmağa cəsarət etmədən eyni titrək səslə cavab verdi. Baş mühəndis kapitandan icazə almadan az qala qaça-qaça otaqdan çıxdı. Kapitan asta addımlarla masanın arxasındakı yerinə tərəf yönəlib kreslosunda əyləşdi.

– Mühəndisi gözləyək, görək, nə deyəcək.

Kişi susur, hələ də titrəyirdi.

– Sizin özünüz psixoloq yoxlanışından keçmisiniz? – Kapitan ehtiyatla soruşdu.

– Mən nə üçün yoxlanmalı idim ki? – Kişi başını qaldırıb yaşarmış gözlərlə kapitana baxdı.

– Sizin münasibətiniz var idi. Belə deyək – xüsusi münasibət. Mənə – bu qocaya inanın: insanların çoxunun həyatında elə anlar olur ki, onlar nəsə çox qorxunc, lakin əslində düşünülməmiş hərəkətlər haqqında fikirləşirlər. Əlbəttə, mən sizi – təcrübəli psixoloqu öyrətmək fikrində deyiləm! Amma illər insana çox şey göstərir. Mənim də arvadımla müəyyən problemlərim olub. Özü də çox ciddi problemlər.

– O mənim arvadım deyildi.

– Baş verən hadisə haqda eşidən adamların hamısının ağlına məhz bu məsələ gəlir. Qarşılıqsız...

Kişi heyrətini ifadə etmək üçün kapitanın sözünü kəsməyə imkan tapmamışdı ki, baş mühəndis əlində hansısa bir aləti silkələyə-silkələyə narahat halda otağa girdi:

– O haqlıdır, düymə sıradan çıxıb. Amma sizi əmin edə bilərəm ki, biz hər şeyi təkrar-təkrar yoxlamışdıq. Bu nəsə yeni məsələdir. Məncə, belə hallar üçün yeni bir vasitə işləyib hazırlamalıyıq.

Mühəndisin alət tutan əlləri kimi səsi də titrəyirdi.

– Hə, hə... Müvafiq qaydada hesabat hazırlayın.

Mühəndis çıxıb getdi, kişi də öz otağına çəkilmək üçün ayağa qalxdı. Ağlamaq istəyirdi, ağlamalı idi, bəlkə, onda bayaqdan bütün bədənini bürümüş titrəmə, əsmə keçib gedərdi.

– Siz, zəhmət olmasa, bir neçə dəqiqə dayanın, – kapitan dedi.

Kişi yenidən əyləşib başını aşağı saldı.

– Başa düşürəm ki, bu sizin üçün böyük itkidir. O çox həyatsevər insan idi, sanki heç böyüməmişdi, on yeddi yaşlı qız kimi qalmışdı. İnanın mənə, komandada hamı onu çox sevirdi. Amma, məncə, onun ölümü ilə bağlı qohumlarına siz məlumat versəniz, daha yaxşı olar. Axı onun bacısını tanıyırsınız... Mərhum həmişə bacısının çox müdrik, güclü qadın olduğunu deyirdi.

– Deyərəm, – söhbətin tez bitməsinə ümid edən kişi astadan, amma cəld cavab verdi.

– Amma... Ola bilsin ki, birinci mərhumun oğluna məlumat vermək lazım gələcək. O artıq kifayət qədər yetişkin insandır.

– Nə?!– Kişi qeyri-iradi qışqırdı. Axı o qadının oğlunun bir neçə saat əvvəl faciəvi şəkildə həlak olduğunu bilirdi. İstədi kapitana desin ki, əgər hələ bu barədə heç nə bilmirlərsə, yəqin ki, tezliklə onlara xəbər verəcəklər. Amma illərlə özündə formalaşdırdığı təmkin ona bunu deməyə mane oldu.

– Mərhumun oğlunu deyirəm. O gəmi ilə əlaqə saxlamışdı. Anasına açıq kosmosa çıxışda uğurlar diləmək istəyirdi. Amma siz artıq gəmidən çıxdığınız üçün o anası ilə söhbəti sonraya saxlamağa qərar verdi.

Kişi başını əllərinin arasına aldı. O indi bayaqkından çox titrəyirdi.

– Siz getsəniz, yaxşıdır, – kapitan təklif etdi.

***

Kişi öz otağına gəlib divanda əyləşdi. Başa düşdü ki, bir az əvvəl düşündüyü kimi, sakitləşmək naminə ağlaya bilməyəcək. Duyğularından baş açmağa çalışırdı. O, həyatında özünə doğma bildiyi ikinci qadını itirmişdi. Anası iyirmi üç il əvvəl dünyasını dəyişmişdi. İndi isə o – ilk qarşılaşdığı andan sevdiyi qadın... Amma bu qadını tezliyi bərpa edən düyməni sıxmamaqla o özü öldürmüşdü. Bəs oğlan məsələsi necə olsun? Axı ona – formal olaraq psixoloqa, əslində isə, kəşfiyyat agentinə “AkYel”ə enişdən əvvəl gəminin ekipaj üzvləri ilə bağlı bütün məlumatlar məxfi xəttlə təqdim edilmişdi. Bütün bu informasiya yığınının içərisində qadının oğlunun bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumat da var idi. Qadın heç vaxt ona oğlunun atasının kimliyi ilə bağlı bir söz deməmişdi, onun DNT-sinə giriş isə tamamilə bloklanmışdı.

Kişinin qadının oğluna münasibəti neytral idi, daha doğrusu, heç bir münasibəti yox idi. O yalnız oğlan dünyaya gəldiyi ilk illərdə onun atası olub-ola bilməyəcəyi ilə bağlı xeyli düşünmüş, hətta təqvimdə qadınla görüşlərinin günlərini belə qeyd edib həmin tarixləri oğlanın dünyaya gəldiyi günlə tutuşdurmuşdu. Amma vaxt keçdikcə o bu uşağın atası olub-olmayacağı ilə bağlı məsələsinin üstündə baş sındırmaqdan əl çəkdi.

Gənc adamın simasında, sadəcə, sevdiyi qadının ailəsinin dəyərli bir üzvünü görmək kişi üçün daha xoş və rahat idi... Amma orada – açıq kosmosda o sevdiyi qadını məhz onun oğluna görə öldürmüşdü. Niyə? Bəlkə bu qətl məhz qadının özünə görə işlənmişdi?

Axı... Gəmiyə qayıdarkən o dəhşətli xəbəri alar-almaz qadın məhz kişinin qoynunda müvəqqəti sığınacaq axtaracaqdı... Axtarmasın deyə... Gecələr oğlu yuxularına sağ-salamat girməsin, səhərlər yuxudan ayılanda qadın onun həyatda olmadığını təkrar-təkrar kəşf etməsin deyə. Onun yanaqlarındakı o çökəklər itməsin deyə... O hər kəsin tanıdığı kimi, həmişəki kimi həyat eşqi ilə dolu qala bilsin deyə...

Yoxsa, kişi bunu özü üçün eləmişdi? Öz eqoist düşüncələri üzündən... Axı o bütün bu illər ərzində həyat eşqi ilə dolu olan bu qadını sevmişdi, daha bədbəxt bir qadını yox. Kişi qadının həyatdan vaxtsız getmiş oğlu ilə bağlı xatirələrini dinləmək məsuliyyətini öz üzərinə götürməyə hazır deyildi. Bundan da betəri – əgər qadın gizlətməyə gücü çatmayıb...

Kişi stolun üstündəki fincandan bir-iki qurtum soyuq qəhvə içdi. Bu fincan o, açıq kosmosa çıxmamışdan əvvəl burada idi. Bütün bu təsadüflərdə nəsə uyğunsuzluq vardı. Təsadüflər dairəsi mütləq qapanmalı idi! Nəsə üst-üstə düşmürdü. Ancaq kəşfiyyatçılar üçün nəzərdə tutulan gizli xəttə yanlış məlumat necə sızdırıla bilərdi?

Bəlkə, dezinformasiya idi?

Kişi kəşfiyyat rəhbəri ilə əlaqə saxladı. Fonda dəniz və çimərlik rəsmini görəndə yadına düşdü ki, müdiri məzuniyyətdədir.

– Heç yaxşı görünmürsünüz, – müdirinin özündənrazı səsi eşidildi.

– Bağışlayın, istirahət vaxtı sizi narahat edirəm, – kişi titrək səslə dilləndi.

– Narahat olmayın. Sizin özünüzün bu vəziyyətinizdə.... – İndi müdirin səsində özündənrazılıq ifadəsi yox idi.

– Sizin artıq xəbəriniz var?

–Bu itkinizə görə təəssüflənirəm. Amma bizim qulluq etdiyimiz xidməti yaddan çıxarmamalısınız.

Kişi təpədən-dırnağa titrəyə-titrəyə ayağa qalxıb ucadan, amma yenə də titrək səslə soruşdu:

– Gizli xəttə yanlış məlumat necə verilə bilər axı? Siz bu barədə nəsə bilirsiniz?

Monitordakı müdir susurdu. Kişi qəfildən hər şeyi başa düşdü: müdirin rəftarı heç bir şübhə yeri qoymurdu. O, deyəsən, elə kişinin zəngini gözləyirmiş.

– Hə, siz hər şeyi dəqiq bilirsiniz, – bu sözlərdən sonra kişi müdirinin üstünə bağırıb onu cinayətdə ittiham etməyə başladı. Stolun üstündən fincanı götürüb içindəki qəhvəni qəzəblə monitora atdı. Soyuq qəhvə damcıları ekran boyu axıb aşağı süzüldü.

– Yaxşı, bəsdi, – müdir sakit və əmin səslə danışmağa başladı. Ekrana düşən qəhvəyi ləkələrdən onun üzü tanınmaz hala düşmüşdü.

– Düyməni sıxmamaqla bağlı qərarı siz özünüz verdiniz. İstənilən bir avadanlıq necə yararsız hala salına bilər, nasazlığa görə günah başqa birinin üzərinə necə atıla bilər – bunu sizə – professional kəşfiyyatçıya öyrətmək lazım deyildi, hər halda...

Kişi yerə çöküb əlləri ilə başını tutdu. O indi elə titrəyirdi, çox güman ki, bu, ekrandakı müdirinin də diqqətindən yayınmadı.

– Siz, yəqin ki, yeni rəhbərlik haqqında eşitmisiniz. O hər kəsin “köhnə günahlarını” yoxlayır. Sizsə karyeranızın lap başlanğıcında hər şey haqqında ananıza və sevdiyiniz qadına ağzınızdan söz qaçırmısınız. O vaxt bunu sizə bağışlamışdılar. Amma yeni rəhbərlik hər şeyi yenidən yoxlamağa başlayıb.

Kişi hələ də əlləri ilə tutduğu başını aşağı dikib ekranın qarşısında oturmuşdu.

Müdirin intonasiyası sərrast idi, sərt və qətiyyətlə danışırdı. Bu, sərt, lakin verdiyi hökmdən əmin olan bir hakimin səsi idi:

– Biz bütün əməkdaşlarımız kimi, sizin də psixotipinizi ən xırda incəliyinə qədər öyrənmişik. Yeri gəlmişkən, elə mənim də psixotipim öyrənilib və dəfələrlə təkrar-təkrar yoxlanılıb. Bütün bunlar tamamilə normal prosedurdur.

Müdir bir az fasilə verib tabeçiliyində olan işçisinin bütünlüklə öz təsiri altına aldığına əmin olandan sonra sözünə davam etdi (görünür, ən sarsıdıcı xəbəri sonraya saxlamışdı – kişi tamamilə əldən düşüb süstləşdiyi vaxta):

– Biz dəqiq bilirdik ki, siz düyməni sıxmayacaqsınız. Buna zərrə qədər şübhəmiz yox idi. Bizim alqoritmimizdə yeganə açıq qalan sual sizin onu xilas etməməyinizin səbəbi ilə bağlı idi. Biz bilmirdik ki, siz onu kədərdən xilas etmək istəyəcəksiniz, yoxsa özünüzü qurtaracaqsınız? Axı kədərli anlarında ona məhz siz dəstək olmalı idiniz...

Müdir təxminən 2-3 saniyə susub sonra kəskin şəkildə dedi:

– Bəs birdən o başını itirib sizin gənc oğlanın atası olduğunuzu etiraf etsəydi, onda necə? O zaman sizinlə nə olacaqdı? Siz də, mən də bunun nə ilə nəticələnəcəyini çox yaxşı təsəvvür edirik. Mənə elə gəlir, sizin özünüz belə qadını niyə xilas etmək istəmədiyinizdən hələ ki, baş aça bilməmisiniz. Ola bilsin, özünüzü xilas etmək istəmisiniz...

Kişi başını qaldırmağa cəsarət etmirdi. Ekrandan danışan adam onun həyatının ən xırda detallarına qədər bələd idi. Təkcə həyatı haqqında danışmır, həm də onun düşüncələrini oxuyurdu. Çox keçmədi ki, ekrandakı adam səsinə bir az mərhəmət çaları qatdı:

– Əminəm ki, siz özünüzə gələr-gəlməz qadının oğlu haqqında düşünməyə başlayacaqsınız. Yeri gəlmişkən, biz öz informasiya xəttimizlə onun DNT analizi haqqında məlumat əldə etmişik. Sevinmək... Amma... Mən nə danışıram belə... Siz tezliklə hər şeyi öyrənəcəksiniz.

Kişi fikrini bildirsin deyə, müdir sözlərinə ara verdi. Amma o heç nə demədi.

– Hə, bir də... Gəncliyimdə tez-tez balaca bir ölkəyə səfər edərdim. Ordakı yerlilərin sərt bir kəlamı çox yaxşı yadımdadır: sadəlik və səmimiyyət – əlçatmaz dəbdəbədir və onları son tikən kimi doğma adamınla paylaşa bilərsən. Bizim peşənin sahibləri hətta öz doğmaları ilə də ehtiyatlı davranmalıdırlar. Bəs necə? Bunu sizə gələcək üçün deyirəm. Ümid edirəm, məni başa düşdünüz.

Müdir onun cavabını gözləmədən ekrandan itdi. O dinc bir quş yuvasını darmadağın edən, amma qanadları bərkiməmiş, dünyadan bixəbər ətcəbalalara toxunmayan vəhşi heyvana bənzəyirdi.

Sevdiyi qadına münasibətdə iradəsiz davrandığını etiraf eləmək indi kişiyə çox da müşkül görünmürdü. O həm də müdiriyyət qarşısında acınacaqlı vəziyyətə düşmüşdü. Başa düşürdü ki, elə bir tələyə salınıb bu quyudan rasional çıxış yolu yoxdur: əgər çalışdığı idarənin hiylələri haqqında bütün dünyaya car çəksəydi, özünü də pis vəziyyətə salmış olacaqdı. O reallığı ən böyük “diktə” kimi qəbul edirdi və şikayət etmədən onunla hesablaşmalı idi. Bununla belə, öz zəifliyini etiraf edəndə də ən dəlisov addımı atmağa qadir olduğuna tam əmin idi. Məsələn, o bu gəmini partlada bilərdi, bundan sonra qoy kim nə istəyirsə, danışsın – və bu, yalnız xəyallarında yaratdığı bir uydurma deyildi.

Amma nəsə onun ruhunu yavaş-yavaş isidirdi. Nəsə doğma, ilıq bir hiss onu gələcəyə köklənməyə vadar edirdi. Və kişi sevinirdi ki, uzun illər əvvəl o, mərhum qadına öz gizli xidməti barədə danışanda qadın qeyri-ciddi, iradəsiz saydığı gəncin sözlərinə əhəmiyyət verməmişdi. O əmin idi ki, qadın bu məlumatı əsla başqasıyla bölüşməzdi.

# 925 dəfə oxunub

Oxşar xəbərlər

Ev - Azad Qaradərəlinin yeni hekayəsi

Ev - Azad Qaradərəlinin yeni hekayəsi

17:30 21 may 2024
Atəşfəşanlıq – Zaman Piriyevin hekayəsi

Atəşfəşanlıq – Zaman Piriyevin hekayəsi

12:00 19 may 2024
Toyuq günü - Oljas Süleymenovun hekayəsi

Toyuq günü - Oljas Süleymenovun hekayəsi

17:00 18 may 2024
Kişilərə dur deyin! -  Günel Natiqin romanı - Birinci hissə

Kişilərə dur deyin! - Günel Natiqin romanı - Birinci hissə

10:00 18 may 2024
Görünməyən kölgələr - Xəyyam Rəfilinin hekayəsi

Görünməyən kölgələr - Xəyyam Rəfilinin hekayəsi

17:00 16 may 2024
Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri - Mənim atam...

Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri - Mənim atam...

15:00 16 may 2024
#
#
# # #