Aprelin 25-i — Həsən Kür xəstəxanadan evə buraxılan gündən müalicəsi davam etdirilirdi. Bütün prosesi yaxından izlədiyimə və tez-tez ailə üzvləri ilə əlaqə saxladığıma görə, deyə bilərəm ki, Həsənin vəziyyəti günü-gündən yaxşıya gedirdi. Sonuncu dəfə martın 20-i sol ayağından əməliyyat olunmuşdu. Axır vaxtlar ayağı da tamamilə düzəlmişdi. Hətta anası deyirdi ki, Həsən yaxşılaşır, qələmi də əlindədi, yazır… İndi Sabunçu xəstəxanası barədə hərə bir söz deyir. Amma göydə Allah, yerdə doktor Leyla Mərcan o müsibətdən sonra Həsəni dirçəltmişdi. Düz 2 ay 3 gün xəstəxanada Leyla xanımın müayinə və müalicələri ilə Həsən möcüzə nəticəsində həyata qayıtdı. Bütün sümükləri düzəlirdi, başındakı problemlər aradan qalxırdı, yaddaşı tam bərpa olurdu…
İyunun 29-u isə Yəmən xala (Həsənin anası) mənə zəng etdi və dedi ki, Həsənin şiddətli baş ağrıları başlayıb və burnundan qan açılır. Düşündüm, təzyiq məsələsidir. Tez Leyla xanımla danışdım və məsləhət gördü ki, Yeni Klinikadakı beyin-sinir cərrahiyə uzmanı doktor Sait Mərcanın yanına gedək. Salyandakı MRT-nin nəticəsinə baxan Sait doktor dedi ki, narahatlıq var nəsə, kontraslı MRT lazımdı. Sonrakı gün Tusi klinikası ilə danışdıq, Həsəni Bakıya gətirib kontraslı MRT-dən və KT-dən keçirdilər.
Sait doktorla danışan Leyla Mərcan iyulun 5-i mənə zəng etdi və dedi ki, Həsənin beynində travmadan sonra çox nadir görünən böyük bir qanamış travmatik anevrizma (loru dillə desək, beyninin müdaxilə mümkün olmayan hissəsində böyük damar əmələ gəlib və damarın içi qanla dolub) yaranıb, vəziyyət kritikdi, Həsən möhkəm öskürsə, asqırsa belə damar partlaya bilər və ölüm riski qaçılmazdır. Sonradan məlum oldu ki, Azərbaycanda bu əməliyyat mümkün deyil.
İyulun 6-ı bəzi dairələrlə danışdım ki, Heydər Əliyev Fonduna müraciət edək, Türkiyəyə aparsınlar əməliyyata. Elə dünən axşam müraciət mətnini yazmağa başlamışdım ki, telefona tanımadığım nömrədən zəng gəldi:
Həsən rəhmətə gedib…
Əlimizdən heç nə gəlmədi… Heç nə…