İsveçrəyə ehtiramla: Hemingueyin ilk dəfə oxuyacağınız hekayəsi

Ernest Heminquey

Ernest Heminquey

1 yanvar 2022
# 13:00

Kulis.az Mirmehdi Ağaoğlunun tərcümə etdiyi Hemingueyin “İsveçrəyə ehtiramla” adlı hekayəsini təqdim edir.

Zəruri qeyd: 2010-cu ildə, Milad bayramı ərəfəsində “Guardian” qəzeti tanınmış yazıçılara müraciət edərək onlardan oxucular üçün sevdikləri müəlliflərdən birinin hekayəsini tövsiyə etmələrini istəyir. İngilis yazıçı Culian Barns Ernest Heminqueyin “İsveçrəyə ehtiramla” hekayəsini təqdim edir və həmin hekayəni niyə seçdiyini bu cür izah edir: “Ernest Heminqueyi seçdim, çünki modası keçmiş kimi görünsə də, hələ də çox bəyənilir və qadın oxucular maçoluğu barədə qeybətlər ucbatından onu oxumaqdan imtina edirlər. Tərzi sadə və təqlid edilə bilir kimi görünsə də, heç biri doğru deyil. Romanları hekayələrindən daha çox tanınır, ancaq dühasını və üslubunu tam mənasında göstərə bildiyi, ən bacarıqlı olduğu sahə hekayələridir. Bilərəkdən ən məşhur hekayələrindən birini, ya da silahlar, güləşçilər və Afrika mövzusunda hekayəsini seçmədim. “İsveçrəyə ehtiramla” səssiz, məzəli, komik hekayədir və üslub baxımından da yaradıcıdır. Bir-birilə iç-içə keçən üç hissədən ibarət hekayədə üç amerikalı İsveçrənin fərqli stansiya kafelərində onları Parisə aparacaq eyni qatarı gözləyirlər. Hər biri yerli əhalidən ofisiant, yükdaşıyan və pensiyaya çıxmış pedant akademiklər kimi insanlarla varlı və güclü mühacirlərin oynadıqları oyunlardan oynamağa başlayırlar. Hekayə irəlilədikcə ictimai güclə əxlaqi gücün eyni səfdə olmadığı üzə çıxır. Ümid edirəm “İsveçrəyə ehtiramla” lovğa “Papa” (Ernest Heminqueyin ləqəbi) Heminqueyi unudub əsl sənətkarı kəşf etməyinizə vəsilə olar”.


I Mister Uilerin Montredə əylənməyi

Stansiya kafesinin içi isti və işıqlı idi. Taxta masalar silinməkdən par-par parıldayırdılar; onların üzərinə kağız örtüklü bretzellərlə (Simmetrik olaraq bükülmüş duzlu çörək növü) dolu səbətlər düzülmüşdü. Stullar oymalı idi, oturacaqları zamanla yeyilsə də, rahat idi. Divardan oymalı taxta saat asılmışdı, otağın axırında isə bar vardı. Pəncərənin o üzündə qar yağırdı.

Saatın altındakı masanın arxasında iki yükdaşıyan oturub təzə çəkilmiş şərab içirdi. Üçüncü yükdaşıyan içəri girdi və söylədi ki, Şərqi-Simplon ekspressi Sen-Morisdə bir saat gecikir. O, çölə çıxdı. Kelner (Almaniya və bir sıra Avropa ölkələrində ofisianta verilən ad) qız Mister Uilerin masasına yaxınlaşdı.

– Ekspress bir saat gecikir, ser, – qız dedi. – Bəlkə, sizə qəhvə gətirim?

– Bəs düşünmürsünüz ki, bu, məni yatmağa qoymaz?

– Bağışlayın, necə? – kelner qız təkrar soruşdu.

– Qəhvə gətirin, – mister Uiler dedi.

– Rica edirəm, ser.

Qız mətbəxdən qəhvə gətirdi və mister Uiler pəncərədən işıqlı platformaya yağan qara baxdı.

– Siz ingiliscədən başqa bir dildə də danışırsız? – o, kelner qızdan soruşdu.

– Bəs necə, ser! Almanca, fransızca və yerli dialektlərdə danışıram.

– Nəsə içmək istəyirsiz?

– Yox, siz nə danışırsınız, ser! Bizə müştərilərlə içməyə icazə verilmir.

– Bəlkə, siqar?

– Yox, siz nə danışırsınız, ser! Mən çəkmirəm, ser.

– Yaxşı, – mister Uiler dedi. O, yenidən pəncərəyə baxdı, qəhvə içdi və siqaret yandırdı.

– Fraulein, – o, çağırdı. Kelner qız masaya yaxınlaşdı.

– Nə arzulayırsınız, ser?

– Sizi, – o, dedi.

– Bu nə zarafatdır, ser!

– Mən zarafat etmirəm.

– O zaman belə şeylər danışmaq lazım deyil.

– Vaxt itirməyək, – mister Uiler dedi. – Qatarın gəlməsinə hələ qırx dəqiqə qalır. Əgər siz mənimlə yuxarı qalxsanız, mən sizə yüz frank verəcəyəm.

– Belə şeyləri necə danışmaq olar, ser! Mən indi yükdaşıyanı çağıracağam.

– Mənə yükdaşıyan gərək deyil, – mister Uiler dedi. – Nə yükdaşıyan, nə polis, nə o siqaretsatan oğlanlar mənə gərəkdir. Mənə siz gərəksiz.

– Əgər kəsməsəniz, ser, burdan getməli olacaqsınız. Burada belə söhbətlər etmək olmaz.

– Siz axı niyə burda dayanırsınız? Əgər siz burda dayanmasaydınız, mən sizinlə danışa bilməzdim.

Kelner qız uzaqlaşdı. Mister Uiler nəzər yetirdi ki, görsün qız yükdaşıyanlara yaxınlaşacaqmı. Yaxınlaşmadı.

– Mademoiselle! – o, çağırdı. Kelner qız qayıtdı. – Bir şüşə Sion şərabı, zəhmət olmasa.

– Bu dəqiqə, ser.

Mister Uiler onun ardıyca baxdı. Qız qayıdıb şərabı masanın üzərinə qoyanda, o, saatına nəzər yetirdi.

– Mən sizə iki yüz frank verirəm, – o, dedi.

– Rica edirəm, əl çəkin, ser.

– İki yüz frank böyük puldur.

– Belə şeylər danışmağı yığışdırın. – Kelner qız həyəcandan yad dildə (İngiliscə) dediyi sözləri qarışdırdı. Mister Uiler ona maraqla baxdı.

– İki yüz frank.

– Siz necə də iyrəncsiz.

– Axı niyə burda dayanmısınız? Əgər siz burda olmasaydınız, mən sizinlə danışa bilməzdim.

Kelner qız uzaqlaşdı və bara sarı yönəldi. Mister Uiler şərabdan içdi və öz-özünə gülümsədi.

– Mademoiselle! – o, bir az gözləyib səsləndi.

Kelner qız özünü elə göstərdi ki, guya eşitmir.

– Mademoiselle! – o, yenidən çağırdı.

Kelner qız yaxınlaşdı.

– Sizə nəsə lazımdır?

– Əlbəttə. Mən sizə üç yüz frank verirəm.

– Siz iyrəncsiz.

– Üç yüz İsveçrə frankı.

Qız getdi. Mister Uiler onun dalıyca baxdı. Qapıda yükdaşıyan göründü. Bu, mister Uilerin öz baqajını tapşırdığı adam idi.

– Qatar yaxınlaşır, ser, - o, fransızca dedi. Mister Uiler ayağa qalxdı.

– Mademoiselle! – o, çağırdı. Kelner qız masaya yaxınlaşdı. – Şərab nə qədər edir?

– Yeddi frank.

Mister Uiler səkkiz frank sayıb masanın üzərinə qoydu. Sonra şlyapasını və paltosunu geyindi və yükdaşıyanın ardıyca hələ də qarın yağdığı platformaya çıxdı.

– Au revoir, mademoiselle! – o, dedi. Kelner qız onun dalıyca gözlərini süzdürdü.

“İdbar adamdı, – qız düşündü. – İdbar, üstəlik də iyrəncdir. Belə boş şey üçün üç yüz frank. Mən bunu neçə dəfə müftə eləmişəm. Üstəlik burda onun üçün yer də yoxdur. Əgər bir damcı fərasəti olsaydı, başa düşərdi ki, burda onu etməyə yer yoxdur. Nə yer var, nə zaman. Üç yüz frank, belə şey üçün. Bu amerikanlar da nə qəribə adamdırlar”.

Sement platformanın üzərində, çamadanlarının yanında dayanıb yağan qar dənələrinin arasından yaxınlaşan parovozun işıqlarına baxa-baxa mister Uiler düşünürdü ki, əyləncə ona çox ucuz başa gəldi. Nahardan əlavə, o cəmi yeddi frank şəraba və bir frank da bəxşişə xərclədi. Yetmiş beş santim də bəs edərdi. Heyf, yetmiş beş santimlə kifayətlənmədi. Bir İsveçrə frankı beş fransız frankına bərabərdi. Mister Uiler Parisə gedirdi. O, çox sərhesab adam idi və qadınlarla maraqlanmırdı. O, bu stansiyada əvvəllər də olmuşdu və bilirdi ki, yuxarıda yer yoxdur. Mister Uiler heç vaxt risk etmirdi.

II. Mister Conson Vevedə ürəyini boşaldır

Stansiya kafesinin içi isti və işıqlı idi; masalar silinməkdən par-par parıldayırdılar; bəzilərinin üzərinə ağ-qırmızı zolaqlı, digərlərin üzərinə isə ağ-göy zolaqlı süfrə sərilmişdi, hamısının üzərinə kağız örtüklü bretzellərlə dolu səbətlər düzülmüşdü. Stullar taxtadan, oymalı idi, oturacaqları zamanla yeyilsə də rahat idi. Divardan saat asılmışdı, otağın axırında sink bar vardı, pəncərənin o üzündə isə qar yağırdı. Saatın altındakı masanın arxasında iki yükdaşıyan oturub təzə çəkilmiş şərab içirdilər.

Üçüncü yükdaşıyan içəri girdi və söylədi ki, Şərqi-Simplon ekspressi Sen-Morisdə bir saat gecikir. Kelner qız mister Consonun masasına yaxınlaşdı.

– Ekspress bir saat gecikir, ser, – qız dedi. – Bəlkə, sizə qəhvə gətirim?

– Sizə əziyyət olmazsa.

– Bağışlayın, necə? – kelner qız təkrar soruşdu.

– Yaxşı, mənə bir fincan qəhvə verin.

– Rica edirəm, ser.

Qız mətbəxdən qəhvə gətirdi və mister Conson pəncərədən işıqlı platformaya yağan qara baxdı.

– Siz ingiliscədən başqa bir dildə də danışırsız? – o, kelner qızdan soruşdu.

– Bəs necə, ser! Mən almanca, fransızca və yerli dialektlərdə danışıram.

– Nəsə içmək istəyirsiz?

– Yox, siz nə danışırsız, ser. Bizə müştərilərlə içməyə icazə verilmir.

– Bəlkə, siqar?

– Yox, nə danışırsız, ser. – O, gülümsədi. – Mən çəkmirəm, ser.

– Mən də, - Conson dedi. – Bu, pis vərdişdir.

Kelner qız masadan uzaqlaşdı, Conson isə siqaret yandırdı və qəhvəsini içdi. Divardakı saatın əqrəbləri ona on beş dəqiqə qalmışı göstərirdi. Onun saatı bir qədər qabağa qaçırdı. Qatar on otuzda gəlməliydi; bir saat gecikmə o deməkdi ki, on bir otuzda çatasıdı. Conson kelner qızı çağırdı.

– Signorina!

– Nə arzulayırsınız, ser?

– Mənimlə əylənmək istəməzsiz? – Conson soruşdu.

Kelner qız qızardı.

– Nə danışırsınız, ser!

– Mən pis heç nə nəzərdə tutmadım. Siz mənimlə yoldaşlıq edib Vevenin gecə həyatını görməyə getməzsiz? Əgər istəyirsizsə, rəfiqənizi də dəvət edin.

– Mən burdan çıxa bilmərəm, - kelner qız dedi. – Axı mən iş başındayam.

– Mən bilirəm, - Conson dedi. – Amma, bəlkə, kimisə öz yerinizə qoyasız? Vətəndaş müharibəsi zamanı hətta səfərbərliyə çağırılanlar belə yerlərinə kimisə göndərirdilər.

– Yox, yox, ser. Mən özüm burada olmalıyam.

– İngilis dilini harada öyrənmisiniz?

– Berlitz kurslarında, (Berlitz Corporation – xarici dil təhsili sahəsində dünya liderlərindən biri, beynəlxalq korporasiya. 1878-ci ildə ABŞ-da Maksimilian Berlitz tərəfindən əsəsı qoyulan kompaniya dünyanın 70-dən çox ölkəsində təmsil olunur) ser.

– Mənə ora haqqında danışın, - Conson dedi. – Berlitzin tələbələri azğın idilər? Yüngül də olsa qızlara sataşmaqları vardı? Aralarında dilli-dilavəri çox idi? Skott Fitsceraldla qarşılaşmamışdınız?

– Bağışlayın, necə?

– Bilmək istəyirdim görüm tələbəlik günlərinizi həyatınızın ən xoşbəxt günləri hesab edirsinizmi? Bəs ötən payız Berlitz kursları hansı komanda ilə çıxış eləmişdi?

– Siz zarafat edirsiz, ser?

– Bir az, – Conson dedi. – Siz çox yaxşı qızsınız. Belə, mənimlə əylənmək istəmirsiniz?

– Yox, yox, ser. Başqa nəsə gətirim, ser?

– Hə, – Conson dedi. – Zəhmət olmasa mənə şərab kataloqunu gətirin.

– Bu dəqiqə, ser.

Conson əlində kataloq yükdaşıyanların oturduğu masaya yaxınlaşdı. Onlar Consona tərəf çöndülər. Üçü də yaşlı idi.

– Wollen sie trinken? (İçmək istəyirsiz?) – o, soruşdu. Yükdaşıyanlardan biri başı ilə razılığını bildirib gülümsədi.

– Oui, monsieur. (Bəli, cənab)

– Siz fransızca danışırsız?

– Oui, monsieur.

– Bəs biz nə içəcəyik? Connais vous des champagnes? (Şampan markalarını seçə bilirsiniz? (təhrif edilmiş fr.)

– Non, monsieur. (Yox, cənab)

– Faut les connaоtre, (Bilmək lazımdır) – Conson vurğuladı. – Fraulein! – o, kernel qızı səslədi. – Biz şampan içəcəyik.

– Hansından istəyirsiniz, ser?

– Ən yaxşısından, – Conson dedi. – Burda ən yaxşısı hansıdır? – O, yükdaşıyana üzünü tutdu.

– Le meilleur? (Ən yaxşısından?) – Birinci danışan yükdaşıyan soruşdu.

– Hökmən.

Yükdaşıyan cibindən qızılı çərçivəli eynəyini çıxarıb kataloqa baxdı. O, barmağını maşinkada çap olunmuş ad və qiymətlərdən ibarət dörd sətrin üzərində gəzdirdi.

– “Sportsman”, – o, dedi. – “Sportsman” ən yaxşısıdır.

– Razısınız, centlmenlər? – Conson o biri yükdaşıyanlardan da soruşdu. Onlardan biri razılıq əlaməti kimi başını yırğaladı. Digəri fransızca dedi:

– Dadına baxmaq mənə nəsib olmasa da, haqqında çox eşitmişəm. Əla şərabdır.

– Bir butulka “Sportsman”, - Conson kelner qıza dedi. O, qiymətə baxdı: on bir İsveçrə frankı. – Yaxşı, iki butulka verin. Burda sizinlə otursam heç nə olmaz? – o, “Sportsman” içməyi təklif edən yükdaşıyandan soruşdu.

– Buyurun. Bax burda oturun. – Yükdaşıyan ona gülümsədi. Sonra o, eynəyini çıxarıb futlyarda gizlədi. – Nədir, yoxsa monsieur bu gün doğum gününü qeyd edir?

– Yox, – Conson dedi. – Doğrusu bayram etməli bir şey yoxdur. Arvadım məndən boşanır.

– Nə danışırsız? – yükdaşıyan dedi, – ola bilməz.

– Digər yükdaşıyan başını buladı. Üçüncüsünün, deyəsən, qulağı ağır eşidirdi.

– Şübhəsiz, elə-belə işdir, – Conson dedi. – Diş həkiminə ilk dəfə getmək, ya da qızların ilk dəfə xəstələnməsi kimi bir şeydir, lakin məni özümdən çıxarıb.

– Hə, başadüşüləndir, – yükdaşıyanların ən yaşlısı dedi. Mən sizi başa düşürəm.

– Centlmenlər, aranızda heç boşanan olub? – Conson soruşdu. O, sözləri daha qəsdən təhrif etmir və artıq təmiz fransız dilində danışırdı.

– Yox, - “Sportsman” sifariş verən yükdaşıyan dedi. – Burada nadir hallarda boşanırlar. Əlbəttə bəzən boşanmış centlmenlərə də rast gəlinir, amma onlar çox deyillər.

– Bizdə başqa cürdür, – Conson dedi. – Az qala hamı boşanır.

– Elədir, – yükdaşıyan təsdiqlədi. – Bu barədə qəzetdə oxumuşdum.

– Mən özüm bir qədər gecikmişəm, – Conson davam elədi, – ilk dəfə boşanıram, halbuki otuz beş yaşındayam.

– Mais vous etes encоrе jeune, (Bəli, siz hələ cavansız) – yükdaşıyan dedi. – Monsieur n'a que trente cinq ans, (Cənabın cəmi otuz yaşı var) – o, digər iki nəfərə də izah elədi. Onlar da cavab olaraq başlarını tərpətdilər.

– Lap cavandır, – onlardan biri dedi.

– Və siz həqiqətən ilk dəfə boşanırsız? – yükdaşıyan soruşdu.

– Həqiqətən, – Conson dedi. – Mademoiselle, zəhmət olmasa butulkanı açın.

– Bəs boşanmaq baha başa gəlir?

– On min frank.

– İsveçrə?

– Yox, fransız.

– Aha. Belə çıxır İsveçrə pulu ilə iki min. Hər halda ucuz deyil.

– Bəli.

– Bəs niyə bunu edəsən?

– Çünki bunu tələb edirlər.

– Niyə tələb edirlər?

– Başqasına ərə getmək üçün.

– Bu ki, axmaqlıqdır.

– Tamamilə razıyam, – Conson dedi. Kelner qız dördünə də şərab süzdü. Onlar stəkanları qaldırdılar.

– Prosit! – Conson dedi.

– A votre sante, monsieur, – yükdaşıyan dedi.

O biri ikisi əlavə elədi: - Salut.

Şampan şirin meyvə suyu kimi dadırdı.

– Həmişə başqa dildə cavab vermək nədir belə, İsveçrə adətidir? – Conson soruşdu.

– Yox, - yükdaşıyan dedi. – Fransız dilində daha nəzakətli çıxır. Bir də axı bura fransız İsveçrəsidir.

– Amma siz almanca danışırsız.

– Bəli, mənim kəndimdə almanca danışırlar.

– Başa düşürəm, – Conson dedi. – Onda belə çıxır siz heç vaxt boşanmamısız?

– Yox. Bu çox bahalı işdir. Bir də, mən heç vaxt evli olmamışam.

– Belə de! – Conson söylədi. – Bəs bu cənablar?

– Onlar evlidirlər.

– Siz evlilik həyatından razısız? – Conson ikinci yükdaşıyandan soruşdu.

– Necə?

– Evli olmaq xoşunuza gəlir?

– Oui. C'est normal. (Hə. Normal olaraq)

– Elədir, – Conson dedi. – Et vous, monsieur? (Bəs sizdə vəziyyət necədir, cənab?)


– Ça va, (Hər şey qaydasındadı) – üçüncü yükdaşıyan dedi.

– Pour moi, – Conson dedi, – ça ne va pas. (Ancaq məndə qaydasında deyil)

– Monsieur boşanmaq ərəfəsindədir, - birinci yükdaşıyan izah elədi.

– Oh, – ikinci yükdaşıyan dedi.

– Aha, – üçüncü dedi.

– Yaxşı, – Conson dedi, – görünür mövzu tükəndi. Mənim dərdimi dinləmək sizə maraqlı deyil, – o, birinci yükdaşıyana üzünü tutdu.

– Yox, niyə ki, – yükdaşıyan etiraz elədi.

– Gəlin nəsə başqa şey haqqında danışaq.

– Məmuniyyətlə.

– Bəs nə haqda danışaq?

– Siz idmanla məşğul olursuz?

– Yox, – Conson dedi. – Amma arvadım idmançıdır.

– Bəs siz necə əylənirsiz?

– Mən yazıçıyam.

– Yaxşı qazanc gətirir?

– Yox. Amma sonra, məşhurluq əldə edəndən sonra gətirir.

– Maraqlıdır.

– Yox, – Conson dedi, – qəti maraqlı deyil. Çox təəssüf edirəm, centlmenlər, ancaq mən sizinlə vidalaşmalıyam. Zəhmət olmasa, ikinci butulkanı da içərsiniz.

– Axı qatar 45 beş dəqiqədən tez gəlməyəcək.

– Bilirəm, – Conson dedi.

Kelner qız yaxınlaşdı və o, yediyi naharın və şərabın pulunu ödədi.

– Siz gedirsiz, ser? – qız soruşdu.

– Hə. – Conson dedi. – Bir az dolaşmaq istəyirəm. Çamadanları burda qoyuram.

O, kaşnesini (şərf), palto və şlyapasını geyindi. Platformada ağır-ağır qar yağırdı. O, geri çevrildi və pəncərədən hələ də masa arxasında əyləşmiş üç yükdaşıyanı gördü. Kelner qız ağzı açılmış butulkadan onların stəkanlarına şərabın qalanını süzürdü. Ağzı açılmamış butulkanı isə özü ilə bara geri apardı. Bu da yükdaşıyanların hər birinə üç frankdan bir qədər artıq pul qazandıracaq, Conson düşündü. O, döndü və platformanın sonuna doğru getdi. Kafedə oturanda ona elə gəlirdi ki, ürəyini boşaltsa bir qədər yüngülləşər, amma yüngülləşmədi, əksinə əhvalı daha da korlandı.

III. Coğrafiya Cəmiyyəti üzvünün oğlu Territedə

Territe stansiyasının kafesi həddindən artıq isti idi: yaxşı işıqlandırılmışdı və masalar parıldayana qədər cilalanmışdılar. Masaların üzərinə kağız örtüklü bretzellərlə dolu səbətlər düzülmüşdü və yaş altları taxtada iz salmasın deyə pivə krujkaları üçün karton yastıqlar qoyulmuşdu. Stullar taxtadan, oymalı idi, oturacaqları zamanla yeyilsə də rahat idi. Divardan saat asılmışdı, otağın axırında bar vardı, pəncərənin o üzündə isə qar yağırdı. Saatın altındakı masanın arxasında bir qoca qəhvə içib axşam qəzetini oxuyurdu. Yükdaşıyan içəri girdi və söylədi ki, Şərqi-Simplon ekspressi Sen-Morisdə bir saat gecikir. Kelner qız mister Harrisin masasına yaxınlaşdı. Mister Harris şam yeməyini təzəcə bitirmişdi.

– Ekspress bir saat gecikir, ser, – qız dedi. – Bəlkə, sizə qəhvə gətirim?

– İxtiyar sizindi.

– Bağışlayın, necə? – Kelner qız təkrar soruşdu.

– Zəhmət olmasa, – mister Harris dedi.

– Rica edirəm, ser, – kelner qız dedi.

Qız mətbəxdən qəhvə gətirdi. Mister Harris fincana qənd saldı, onu qaşıqla əzdi və pəncərədən işıqlı platformaya yağan qara baxdı.

– Siz ingiliscədən başqa bir dildə də danışırsız? – o, kelner qızdan soruşdu.

– Bəs necə, ser! Mən almanca, fransızca və yerli dialektlərdə danışıram.

– Ən çox hansı dil xoşunuza gəlir?

– Onlar bir-birinə çox oxşayır, ser. Mən deyə bilmərəm ki, bu və ya başqası daha çox xoşuma gəlir.

– Nəsə içmək istəyirsiz? Şərab, yaxud bir fincan qəhvə?

– Yox, siz nə danışırsınız, ser! Bizə müştərilərlə içməyə icazə verilmir.

– Bəlkə, siqar?

– Yox, nə danışırsız, ser! – O, gülümsədi. – Mən çəkmirəm, ser.

– Mən də, – Harris dedi. – Mən Devid Belasko ilə razı deyiləm.

– Bağışlayın, necə?

– Belasko. Devid Belasko. Onu tanımaq asandır, çünki yaxası həmişə tərs-avand olur. Amma mən onunla razı deyiləm. Üstəlik o artıq ölüb.

– Mən gedə bilərəm, ser? – Kelner qız soruşdu.

– Sözsüz, - Harris söylədi. O, qabağa əyildi və pəncərəyə baxmağa başladı.

Uzaqdakı masanın arxasında əyləşmiş qoca qəzetini qatladı. O, Mister Harrisə nəzər yetirdi, sonra qəhvə fincanını götürdü və onun masasına yaxınlaşdı.

– Zəhlətökənliyimə görə üzr istəyirəm, – o, ingiliscə dedi, – lakin qəfil ağlıma gəldi, – siz Milli Coğrafiya Cəmiyyətinin üzvü deyilsiniz?

– Zəhmət olmasa əyləşin, – Harris dedi.

Qoca masa arxasına keçdi.

– Bəlkə, bir fincan da qəhvə və ya likyor içəsiz?

– Yox, sizə təşəkkür edirəm, – qoca centlmen cavab verdi.

– O zaman icazə verin sizi bir qədəh kirşə (Kirşvasser və ya kirş – Almaniyada albalı arağı) qonaq edim.

– Razıyam. Lakin icazə verin mən sizi qonaq edim.

– Xeyr. Müsadiənizlə mən özüm. – Harris kelner qızı səslədi.

Qoca centlmen paltosunun qoltuq cibindən enli rezinlə sarınmış dəri portmanatını çıxartdı. Rezini açıb bir neçə kağız götürdü, birini seçib Harrisə uzatdı.

– Mənim üzvlük vəsiqəmdir, – o dedi. – Siz Amerikada mister Frederik C.Russeli tanıyırsız?

– Deyəsən, yox.

– Sanıram o, çox məşhur şəxsdir.

– Hardandır ki, hansı şəhərdən?

– Vaşinqtondan əlbəttə. Məgər Cəmiyyətin qərargahı orada yerləşmir?

– Deyəsən, ordadır.

– Deyəsən? Siz əmin deyilsiz?

– Mən Ştatlardan çoxdan çıxmışam, – Harris dedi.

– Belə çıxır siz Cəmiyyətin üzvü deyilsiniz?

– Yox. Amma mənim atam uzun illərdir oranın üzvüdür.

– O zaman atanız yəqin ki, Frederik C.Russeli tanıyır. Həmin adam Cəmiyyətin rəhbərlərindən biridir. Bunu deməyi özümə borc bilirəm ki, məhz mister Russel mənim barəmdə Cəmiyyətə rəy vermişdi.

– Çox gözəl.

– Heyf, siz Cəmiyyətin üzvü deyilsiniz! Amma atanız sizin barənizdə zəmanət verə bilərdi.

– Yəqin ki, - Harris dedi. – Qayıdandan sonra gərək bununla məşğul olum.

– Mütləq, mütləq məsləhət görürəm, – centlmen dedi. – Jurnalı siz əlbəttə ki, oxuyursunuz?

– Sözsüz.

– Şimali Amerika faunasına həsr olunmuş rəngli illüstrasiyalardan ibarət sayını görmüsünüz?

– Hə. Parisdə varımdı.

– Bəs Alyaska vulkanlarının panoraması verilmiş sayı necə?

– Möhtəşəm idi.

– Mən həmən sayda böyük zövqlə üçüncü Corc Şayresun çəkdiyi vəhşi heyvan fotolarına baxdım.

– Hə, şirin heyvanlardır.

– Üzr istəyirəm, necə dediniz?

– Əla fotolardır. Dostum Şayres...

– Siz onu “dostum” adlandırırsız?

– Biz onunla köhnənin dostlarıyıq.

– Belə de! Siz üçüncü Corc Şayreslə tanışsız? Güman ki, olduqca maraqlı adamdır?

– Şübəhsiz! Bu cür maraqlı adamlarla həmişə qarşılaşmaq olmur.

– Siz ikinci Corc Şayresi də tanıyırsız? O da bu cür maraqlı adamdır?

– Yox, bu dərəcədə maraqlı adam deyil.

– Mənsə zənn edirdim ki, o çox maraqlı adamdır.

– İnandırım sizi, yox. Bilirsiniz, hətta qəribədir. O heç də maraqlı adam deyil. Mən bəzən təəccüb edirdim ki, o niyə belədir.

– Hm, – centlmen dedi, – halbuki adama elə gəlir bu ailədə hamı maraqlı adam olmalıdır.

– Bəs siz Böyük Səhranın panoramasını xatırlayırsınız? – Harris soruşdu.

– Böyük Səhranın? Hə, bu, təxminən on beş il qabaq getmişdi.

– Tamamilə doğrudur. O, mənim atamın daha çox xoşuna gəlirdi.

– Məgər nisbətən sonrakı sayları bəyənmir?

– Yox, yəqin ki, bəyənir. Amma Böyük Səhranın panoramasını o, daha çox sevirdi.

– O iş çox gözəl hazırlanmışdı. Lakin düşünürəm ki, onun bədii məziyyətləri elmi dəyərini əhəmiyyətli dərəcədə üstələmişdi.

– Bilmirəm, – Harris dedi. – Qum fırtınası və dəvəsi ilə birgə üzü Məkkəyə diz çökmüş ərəb...

– Nəsə mənə elə gəlir ki, ərəb dəvənin ovsarından yapışıb ayaq üstə dayanmışdı...

– Bəli, bəli, siz düz deyirsiz, – Harris söylədi. – Mən polkovnik Lourensin ( İngilis əks-kəşfiyyatının Yaxın Şərq və Ərəbistandakı ən məşhur casuslarından biri, zabit, səyyah, yazıçı Tomas Edvard Lourens (1888-1935) kitabı ilə qarışdırdım.

– Lourensin kitabı, deyəsən, axı Ərəbistan barədədir?

– Şübhəsiz, - Harris dedi. – Ərəb mənə onu xatırlatdı.

– Polkovnik həddindən artıq maraqlı insan olmalıdır.

– Əlbəttə.

– Hazırda nə işlə məşğuldur, bilmirsiz?

– O Kral Hərbi Hava Qüvvələrinə keçib.

– Niyə belə edib?

– Könlü belə istəyib.

– Bilmirsiz, o, Milli Coğrafiya Cəmiyyətinə daxildir?

– Bax bunu sizə deyə bilməyəcəm.

– Ondan çox faydalı üzv çıxardı. Ora məhz bu cür insanlar lazımdır. Əgər namizədliyinin rəğbətlə qarşılanacağını düşünürsünüzsə, mən fərəh hissi ilə onun haqqında müsbət rəy təqdim edərdim.

– Oh, mən bundan əminəm.

– Mən Vevedən olan bir alimin və Lozanndan olan həmkarımın təqdimatını vermişdim, ikisi də seçilmişdi. Düşünürəm ki, əgər mən polkovnik Lourensin də təqdimatını versəm, təqdirlə qarşılanar.

– Mükəmməl fikirdir, – Harris dedi. Siz bu stansiya kafesinə tez-tez baş çəkirsiz?

– Mən bura nahardan sonra qəhvə içməyə gəlirəm.

– Siz universitetdə dərs verirsiz?

– Mən artıq təcrübi fəaliyyətdən uzaqlaşmışam.

– Mənsə qatar gözləyirəm, – Harris dedi. Hazırda Parisə gedirəm, sonra isə Havrdan keçib Ştatlara yollanacam.

– Mən Amerikada bir dəfə belə olmamışam. Ancaq çox istəyərdim ki, gedim. Bəlkə, Cəmiyyətin iclaslarında da iştirak edərəm. Atanızla məmuniyyətlə tanış olardım.

– O yəqin ki, bu tanışlığa çox sevinərdi, lakin o, ötən il ölüb. Təsəvvür edin, özünü vurdu.

– Heyf, çox heyf. Şübhəsiz, onun itkisi həm ailəsi, həm də elm aləmi üçün böyük zərbə olub.

– Elm aləmi bu itkini dözümlə qarşıladı. Budur, mənim vizit kartım, – Harris dedi. – Onun inisialı E.D. əvəzinə E.C. idi. Mən əminəm ki, sizinlə tanışlıqdan böyük sevinc duyardı.

– Bu mənim üçün də fövqəladə xoş olardı.

Centlmen portmanatından vizit kartını çıxarıb Harrisə uzatdı. Kartda yazılmışdı:

D-R SİQİZMUND VAYER.
Fəlsəfə d-ru
Milli Coğrafiya Cəmiyyətinin üzvü
Vaşinqton, Kolumbiya, ABŞ

– Mən bunu çox böyük ehtiyatla saxlayacağam, – Harris dedi.


# 4972 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #