Eşşəyin qulağına nağıl oxumaq

Mehdi Dostəlizadə, Səlim Babullaoğlu

Mehdi Dostəlizadə, Səlim Babullaoğlu

31 may 2022
# 15:00

Kulis.az Mehdi Dostəlizadənin “Qocalar üçün irfan dərsi və ya rasional dünyada irrasionalizm” adlı yazısını təqdim edir.

Müqəddəs mətnlər və simvol anlayışı barədə

Əhdi-Ətiq və ya Əhdi-Cədiddə yer alan məcazi ifadələr mətnin məzmunu, vəhyin tarixi inkişaf müddəti, yazıldığı dil və mədəni quruluş nəzərə alınaraq qiymətləndirilməlidir.

Məsələn, Allahla əlaqədar “öküz” və “ayı” kimi bənzətmələr bu sözlərin Azərbaycan dilində ifadə etdikləri mənalarda deyil. O dövrdə və mədəniyyətdə öküz gücün və məhsuldarlığın, ayı isə qüvvətin simvolu idi. Məsəllər vasitəsilə bilinən həqiqətləri araşdıraraq yeni bir mövzu haqqında daha ətraflı məlumatlar təqdim etmək mümkün olduğuna görə məcazlar, xüsusilə, yeni məlumatları açıqlamaq üçün faydalıdır.

Allah gözlə görünməyən xüsusiyyətlərə malik olduğu üçün məcazlar, xüsusilə, ruhani mövzuları izah etməkdə əhəmiyyətli bir funksiyanı yerinə yetirir. Bilinən həqiqətlərin müəyyən mənaları vurğulanarkən məcazlarda digər mənalardan danışılmır. Əhəmiyyətli olan nəyin vurğulanıb, nəyin vurğulanmadığını anlaya bilməkdir. Bu mətnlərdə Allahın xarakterini izah etmək üçün istifadə edilən məcazlar onun haqqında anlayışın dərinləşməsinə xidmət edir.

İncildə İsanın çəkdiyi məsəllər əxlaqi həqiqətləri təsvir etmək, düşünməyə, qərar verməyə yönəltmək və ruhani anlayışı inkişaf etdirmək üçün həyatdan nümunələr verir; həm də bununla ruhani həqiqətləri bunlara ehtiyac duymayanlardan gizlədir. Mənaların gizliliyi səmimi olaraq maraqlananları daha çox araşdırmağa vadar edərkən, həqiqətləri saxtakarlardan (fariseylər, ilahiyyatçılar və s.) gizlətməyə xidmət edir.

Beləliklə, insanlar ya bunlara inanaraq İsanın davamçıları olur, ya da bunları rədd edərək ilahi məhkəmə qarşısına çıxarılırlar (xristian teologiyasına əsasən, əlbəttə, iman edənlər də məhkəməyə çıxarılır, lakin onların günahlarının əvəzi İsa tərəfindən çarmıxda ödənilib). İsanın əleyhdarları onu təqsirləndirmək üçün bu məsəlləri heç vaxt bəhanə kimi istifadə edə bilməmişdilər.

Məsəllərin bir çoxunun sonunda dinləyənlərin məsəldən gözlədiklərinin tam əks mənası, ya da heç gözləmədikləri məna əmələ gəlir. Əhdi-Cədiddə İsanın çəkdiyi 40 məsəl qeyd olunub. Həmin 40 məsəldən bəzilərinin adını çəkək və məsəllərdəki simvolların nəyi ifadə etdiyinə baxaq:

1) Ağıllı bənna və ağılsız bənna

“... Bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir...” (Matta 7:24-27)

Qaya — Bibliyanın bir çox yerində Allahdan məcazi mənada bu şəkildə danışılır. Burada da İsa və onun təlimi mənasındadır.

2) Dəfinə

“..Səmavi padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və tarlanı satın aldı...” (Matta 13:44)

Dəfinə İsa, onu axtaranlar isə imanlılardır.

3) Üzüm bağının sahibi

Bu məsəldə öz üzüm bağındakı işçilərə işlədiyi saatdan asılı olmayaraq eyni əməkhaqqını verən ev sahibindən bəhs edilir. (Matta 20:1-16)

Yalnız Matta İncilində olan bu məsəlin əsas fikri Allahın insana göstərdiyi səxavətin sorğu-sual edilə bilməyəcəyidir. Gün boyu işləyənlər (İbrahimdən bəri Yehovanın seçilmiş xalqı olan yəhudilər) Allahın “gec gələnlər”ə (Yəhudi olmayanlara, İsanın xilası ilə Allahın xalqına daxil edilənlərə) göstərdiyi lütfü haqsız bir qazanc olaraq görməməlidir; kimin nə vaxt xilasa malik olduğu əhəmiyyətli deyil, əhəmiyyətli olan şey bu lütfün hər kəsə eyni ölçüdə təmin edilməsidir.

Gətirdiyimiz nümunələrdən də göründüyü kimi, müqəddəs mətnlərdə çəkilən məsəllər, istifadə olunan məcazlar “hərfi mənada” anlaşılmamalı, “xilas” naminə araşdırılmalıdır.

Bəs tez-tez müqəddəs mətnlərə göndərmə edən divan ədəbiyyatında necə? Simvollar hansı səbəbdən istifadə edilirdi?

Kərbəladan bir pillə yuxarı

Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar. (Füzuli)

“Bəir” ərəb dilində dəvə deməkdir. Füzuli öz kədərinin dəvəyə yüklənəcəyi halda kafirlərin cəhənnəmdən çıxacaqlarını iddia edir. Bunun hansı mənaya gəldiyini anlamaq üçün Qurana, Əraf surəsinin 40-cı ayəsinə nəzər yetirmək lazımdır:

“Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!”.

Ayədə diqqət etməli olduğumuz məqam, dəvənin iynənin gözündən keçmək məsələsidir. Füzuli öz kədərinin böyüklüyünü təsvir etmək üçün bu metoddan istifadə edib. Yəni kədər o qədər ağırdır ki, dəvəyə yüklənsə, dəvə öz çəkisini itirər və iynənin gözündən keçə biləcək vəziyyətə düşər. Beləliklə, günahkarlar cəhənnəm əzabından qurtularaq cənnətə daxil ola bilər.

Füzuli yaradıcılığı belə göndərmələr və incəliklərlə doludur. İdeologiya, vəzn, üslub, hər şey öz yerindədir. Üzərində baş sındıracağımız sual isə “ideologiyalar və cərəyanlar hər dövrdə aktualdırmı?” sualıdır.

Əgər alış-veriş saytlarına nəzər yetirsəniz, üzərində yunan tanrısı Poseydonun təsviri olan alt paltarı ləvazimatlarını görə bilərsiniz. Bir vaxtlar böyük mədəniyyətin müqəddəslərindən olan tanrı bu gün alt paltarının üzərində təsvir edilib. Bu məsələ ibrahimi dinlərin nümayəndələri üçün elə də maraqlı deyil, çünki onlar üçün, ümumiyyətlə, yunan tanrıları batildir. Bu gün hansısa alt paltarının üzərində Poseydon təsvirinin olması heç bir yəhudi, xristian və ya müsəlman üçün əhəmiyyət kəsb etmir.

Amma gəlin özümüzü yunan mədəniyyətinin, Allahı və ya başqa müqəddəsləri Poseydonun yerinə qoyaq. Düşünün ki, nə vaxtsa alt paltarının üzərində Şərq mədəniyyətinin müqəddəslərinin təsviri olacaq. Bu halda itib getmiş Şərq mədəniyyəti öz xarabalıqlarının altından əlini çıxarıb vəziyyəti dəyişə biləcəkmi? Bilmirəm. Yunan mədəniyyəti bunu dəyişə bilmir.

Tarix boyu mühafizəkarların mühafizə etdiyi şeylərin aqibətinə baxaq, hamısı öz müqəddəsliyini itirib. Poseydon yəhudilər, xristianlar və müsəlmanlar üçün nə qədər əhəmiyyətsizdirsə, Musa, İsa və Məhəmməd də ateistlər, aqnostiklər, deistlər üçün o qədər əhəmiyyətsizdir.

Cərəyanlar bir-birini əvəz etdikcə özündən əvvəlki cərəyanın aliliyini qüvvədən salıb. Afinalılar Sokratı tanrılara məhəl qoymamaqda (həm də hakimiyyətə zərər verdiyinə görə) ittiham edərək onu edam etdirmişdilər. Həmin tanrılar bu gün tarixi kolorit olmaqdan başqa heç bir xüsusiyyətə malik deyil. Modernizmin ardınca gələn postmodernizm bütün dəyərləri, qayda-qanunları inkar edib. Belə olduğu halda, öz dəyərini itirmiş dəyərlərin müdafiəsinə qalxmaq boşuna enerji sərf etmək deyil?

Səlim Babullaoğluna açıq məktub

(bu hissə şairə məktub olduğu üçün istifadə olunan dilə görə üzrlü hesab edin)

XXI əsr Azərbaycan şüərasının (bax: meyxanə) özünə ustadi-əzəm hesab etdiyi, müridlərinin başında pərvanə kimi dolandığı böyük mürşid, mütəfəkkir və varisi-divan Səlim Babullaoğlunun qayəsi irfan məclisinin baqi qalmasıdır. Yəni ustad bir qədər (?) irrasionalistdir.

Özümü qətiyyən səlahiyyət əhli hesab etmirəm və dəstursuz xanə babını açıb məclisə daxil olmağın ədəbdən olmadığını anlayıram. Təəssüf ki, qəlbimdəki iblisin diktəsinə boyun əyməyə məcburam, halbuki şeytanir-rəcimin şərrindən ilahi əfvə sığına bilərdim.

Mən rindəm və zahidə iradım budur ki, nə səbəbə dünyanı şam işığında görmək istəyirsiniz və VR eynəklərin ixtira olunması sizin üçün maraqlı deyil? Niyə gözünüzün qabağında deqradasiyaya uğrayan cəmiyyətin halına məhəl qoymursunuz və yıxılmış cəmiyyətə bir baltanı da siz vurursunuz? Nə üçün başqalarının fil boyda iş gördüyü vaxtda bizi siçan boyda iş görməyə dəvət edirsiniz? Niyə gözlə görülməyən və əllə tutulmayan dəyərlərin yalnız nifaq, təfriqə yaratdığını anlamaq istəmirsiniz və bu necə ürəfa məclisidir ki, heç bir müsafiri arif deyil?

Məclisə daxil olmaq üçün özümü səlahiyyət əhli hesab etməsəm də, artıq məclisə girdiyim üçün mühakimə etmək səlahiyyətinə sahibəm. Azərbaycan Yazıçılar Birliyi adlı məziyyətsiz və səriştəsiz qurumda ətrafınıza yığdığınız şəriət-təriqət-mərifət-həqiqət xəttinin dərsliklərə salınması uğrunda apardığınız mübarizənin nəticəsindən asılı olmayaraq, gördüyünüz bütün işlər puçdur. Yəni, bir gün irfani simvolların alt paltarında təsvir olunmasının qarşısını ala bilməyəcəksiniz.

Dünyəvi dövlət, dünyəvi mədəniyyət və ilahi şeiriyyat? Təkcə Məhəmməd Füzuli şərq ədəbiyyat tarixinin bütün irfan xanalarını doldurmaq üçün kifayətdir. Onun ardınca yeni füzulilərin yaranması üçün səy etmək eşşəyin qulağına nağıl oxumaqdan fərqlənmir. Yəni onsuz da hər şey reallığa məğlub olacaq. Bu gün 24 saatın 18 saatını işləyən fəhləyə Məcnunun Leyli ilə yatağa girə bilməməyi maraqlı deyil.

Həm də bu gün klassika adlandırdığımız sənət nümunələri öz dövrlərində müasir olublar və özlərindən əvvəlkiləri təqlid etməyə çalışmayıblar. Bəs siz niyə klassikanın ətəyindən yapışmağa və qətiyyən və əsla və heç vaxt onu buraxmamağa çalışırsınız?

Əlbəttə, mən ədəbiyyatın fərdi olduğunu anlayıram. Amma sizin etdiyiniz şey ürəfa məclisini ictimailəşdirmək, həm də sənədləşdirməkdir. Ürəfa bunu eşitsə harası ilə gülərdi, bilmirəm.

Əruzun avazı qulağa xoş gəlir deyə bundan sui-istifadə edib boş başları özünə cəlb edən xətt heç də gerçək şəriət-təriqət-mərifət-həqiqət xətti ola bilməz.

Tarix boyu simvolika və məsəllər həm də senzuradan qorunmaq üçün istifadə edilib. Füzulinin həm ariflər, həm də aşiqlər üçün yazması, İsanın fariseylərdən həqiqətləri gizlətməsi ilə meyxanaçının ərəb-fars sözlərindən istifadə etmək eşqi eyni deyil. Açıq fikirlərinin heç bir əhəmiyyəti olmadığını bilən adamlar başqalarının tör-töküntüsünü işlədirlər.

Dövrlər bağlanır, dövrlər açılır. Mədəniyyətlər inkişaf yolunda addımlayır. Biz isə real dünyanı tərk edirik – bəlkə də, heç vaxt orda ola bilməmişdik.

İş proqressiv gəncliyin üzərinə düşür. Ən azından, əgər özünə qəbahət bilirsə, sabah alt paltarında şəkli olmasın deyə. Sözün açığı, bu mənim üçün problem deyil.

Nəysə… ruhu şad olsun aldığımız canların.

# 3542 dəfə oxunub

Müəllifin son yazıları

# # #