Yazıçı Mir Cəlalın üç kitabı təqdim olundu

Yazıçı Mir Cəlalın üç kitabı təqdim olundu
23 aprel 2022
# 10:45

Aprelin 22-də “Ədibin Evi”ndə XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın hekayə və romanlarının yer aldığı üç kitabının – “Qayğılar”, “Mir Cəlal dünyası” və “В тени под ивой” kitablarının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində tanınmış elm və mədəniyyət xadimləri, habelə ədibin doğmaları iştirak ediblər.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, yazıçı-alim Mir Cəlalın bənzərsiz yaradıcılığından və yeni işıq üzü görən kitabların məziyyətlərindən danışıb.

Sonra “Ədibin Evi”ndə görülən işlər haqqında məlumat verən Ş.Mehrəliyeva, yaxın gələcəkdə həyata keçiriləcək layihələrdən də bəhs edib.

Qeyd edilib ki, Mir Cəlalın çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

“Mir Cəlal dünyası” kitabının müəllifi Qafar Hüseynov çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, görkəmli yazıçı-alimin zəngin yaradıcılığından söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Təhsin Mütəllibov vurğulayıb ki, Mir Cəlal zəngin, mənalı, şərəfli bir müəllim, alim, yazıçı ömrü yaşayıb. Müəllimlik onun fəaliyyətində aparıcı yer tutub: “Mir Cəlal müəllim əsl şəxsiyyət idi. Səbirli, müdrik, alicənab, həssas, sadə və səmimi bir insan olan Mir Cəlal müəllim həmişə tələbələrin mövqeyindən çıxış edər, onların qayğısına qalardı. O, səmərəli elmi-pedaqoji fəaliyyət göstərib. Onun xatirəsi həmişə bizim üçün əzizdir. Bilirsiniz ki, Mir Cəlal müəllim xüsusi, özünəməxsus gülüşə malik idi. Onun hekayələrində özünəməxsusluq ondan ibarətdir ki, bütün maraqlı cəhətləri izləmək olur. Açıq görünür ki, Mir Cəlal müəllim haradan başlayıb, haraya gedib, hansı mərhələləri keçib”.

Kitablar haqqında fikirlərini bölüşən T.Mütəllibov hər üç nəşrin orijinal əsər olduğunu söyləyib. Bildirib ki, belə işlərin ərsəyə gəlməsi Mir Cəlal müəllimin zəngin yaradıcılığı üçün qiymətli nəticədir.

Mir Cəlalın əsərlərinin qısa bir zamanda rus dilinə tərcümə olunduğunu deyən yazıçının qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Ədibə Paşayeva diqqətə çatdırıb ki, o, “Bir gəncin manifesti” romanını 1938-ci ildə yazmasına baxmayaraq, əsər artıq ilk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında dərc edilib. Mir Cəlalın əsərləri çox qısa bir zamanda rusdilli oxucuların marağına səbəb olurdu: “Onun hekayələri öz aktuallığını bütün zamanlarda saxladığı üçün biz qərara gəldik ki, onun hekayələrini yeni rus oxucusuna çatdıraq. Hər tərcüməçi Mir Cəlal müəllimin dərinliyini olduğu kimi, oxucuya çatdıra bilməz. Ona görə də biz bu məsələyə çox diqqətlə yanaşmışıq. Çalışmışıq ki, tərcümə məsələsində onun üslubuna toxunmadan, orijinallığı qoruyaq”.

Xalq yazıçısı Elçin Əfəndiyev deyib ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının ən görkəmli simalarından biri olan Mir Cəlal, həm də Azərbaycan pedaqoqluğunun ən dəyərli nümayəndələrindəndir: “Bunu böyük şövq və minnətdarlıq hissi ilə ona görə deyirəm ki, universitetdə Mir Cəlal müəllim mənim müəllimim olub, onun rəyi ilə aspiranturada saxlanılmışam. Amma universitetin yоx, Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil оldum, elmi rəhbərim isə Mir Cəlal müəllim оldu və о üç ildə ki, mən “Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945-1965)” mövzusunda namizədlik dissertasiyasını işlədim, Mir Cəlal müəllimi daha artıq hiss etdim, оnun şəxsiyyətinin xüsusiyyətlərini, xasiyyətinin çalarlarını daha yaxından gördüm.

Mir Cəlal müəllim ilk dəfə universitetdə bizim auditoriyaya daxil olanda, biz gördük ki, çox möhtəşəm bir varlıq gəldi, ilk gündən hiss etdik ki, dəyərli bir alimlə qarşılaşdıq. Mir Cəlal müəllim pedaqoji fəaliyyətə başladığı ilk gündən böyük şəxsiyyət kimi tələbələrin sevimlisinə çevrildi”.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov və Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal elmi irsindən, bənzərsiz yaradıcılığından, böyük insani keyfiyyətlərindən danışıblar.

Dünyaşöhrətli pianoçu, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva xatirə tədbirinin sonunda Vaqif Mustafazadənin əsərlərini ifa edib.

# 2325 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər