Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.
Qısa müddətdə fenomen olmaq, geniş kütlələrin sevimlisinə çevrilmək, o efidən bu efirə, o kanaldan bu kanala, o müsahibədən bu müsahibəyə qaçıb hər mövzuda ağzına gələni danışmaq və alqışlanmaq, çıxışlarından fraqmentlərin tiktokda, instagramda, feysbuk story-lərində onminlərlə izləyiciyə çatmasını istəyənlər üçün əsas tezislər.
Bu tezisləri irəli sürərkən çəkinməmək, "14 manata kitab olar?" deyib, mollasadıqların bir saatına 100 manat ödəməyə hazır olan kütləyə xitab edildiyini yaddan çıxarmamaq lazımdır. Yəni, auditoriyanın "Mən düşünmək istəmirəm, 1,5 kq-lıq beyin nəyimə lazımdır heç bilmirəm, mən hələ böyüməmişəm, kimsə mənə "lay-lay" desin, komfort zonamda üstümə yorğan örtsün" deyənlər olduğunu nəzərə alıb, cəsarətli olmaq lazımdır.
1. "Avropoda kişilik qalmayıb!"
Bu tezisi irəli sürənlər ərəbçiliyi, farsçılığı, rusçuluğu təfəkkür tərzi zənn edən çoxsayda insan tərəfindən dəstəklənəcək. Həmçinin paradoksal şəkildə, "Biz bir gün görmədik, heç olmasa uşaq Avropaya getsin" deyənlər də bu sırada olacaqlar.
Bu tezislə bütün bəşəri dəyərləri Avropa dəyərləri adlandırıb qətiyyətlə rədd eləmək də olar. Bu zaman məzhəbçilər tərəfindən ciddi dəstək qarantidir.
2. "Qadınlar işləməsin, ailələr dağılmasın!"
Qısaca iddia belədir ki, qadınlar işlədiyinə görə boşanmaların sayı artır. Heç kim düşünməyəcək ki, səbəb-nəticə əlaqəsiylə korrelasiya arasında hansı fərq var. Heç kimin ağlına gəlməyəcək ki, işləyə bilmədiyi üçün qarıntoxluğuna ömürboyu şiddətə dözmək məcburiyyətində qalan onminlərlə qadın var.
Hətta bu tezisi qocalmış, həyatı özünə maraqsız olan, ona görə də söz-söhbət axtaran qarılar votsapda paylaşacaqlar, qarantiya verirlər.
3. "Kişi qadından üstündür!"
Müdirindən silən nə qədər kişi varsa, həyatlarındakı bütün problemlərin qadınlardan qaynaqlandığını düşünüb təsəlli tapacaq, dəstək olacaqlar.
4. "Dədə-babalarımız dəhşət müdrik olublar!"
Heç kim fikirləşməyəcək ki, bu müdrik dədələr niyə bir normal pensiya fondu qura bilməyiblər, uşaqlara pensiya təminatı kimi baxırlar?
5. "Xilas yolu dindir!"
Heç kim fikirləşməyəcək ki, 50-dən artıq İslam ölkəsi vətəndaşları niyə quruda və dənizdə əzablı yollarla kafirlərin məmləkətlərinə yetişməyi xilas sayırlar?
6. "Evin böyüyü ağbirçəkdir!"
Nə qədər türk seriallarındakl "Benim kim olduğu biliyor musun?" dialoqlarından təsirlənmiş, oxumamış, hobbisi olmayan, həyatının mənasını başqalarının həyatına burun soxmaqda görən bikar yaşlı varsa, potensial dəstəkçilərdir.
O gün bir qoca deyirdi ki, yaxşı ananın pis qızını almaq lazımdır. Səbəbi də o imiş ki, yaxşı ana qızının ailəsinə yerləşəcək, ona necə davranmağı praktik olaraq öyrədəcək.
Yəni 25 yaşlarında bir qadın və kişi özlərini apara bilmirlər, bunlara mütləq ağbirçək nəzarəti lazımdır.
Bu qədər yaşlı-başlı "uşaqların" olduğu məmləkətdə oxumağa, ixtisas biliyinə, fakta-dataya-statistikaya, arqument-əks-arqumentə ehtiyac yoxdur.
Bu qədər bioloji olaraq yaşlanıb dünyagörüşcə böyüməyən insanlara xilaskar görünməkdən asan nə var?
Hətta texnologiyanın digər imkanlarından da istifadə etmək olar.
Tezis:
"Müəyyən dairələr ailə institutumuza hücum ediblər!"
Süni intellektlə bir kilsə, orda beş altı qara keşiş təsviri yaratmaq olar. Keşişin biri məmnun halda deyir:
"Yaktım seni Hezretqulu, Gülsənəm səndən boşanacaq".