Nemət Pənahlı: “Səməd Vurğunun yazdıqları vətənə xəyanətdir” - MÜSAHİBƏ

<span style="color:red;">Nemət Pənahlı:  “Səməd Vurğunun yazdıqları vətənə xəyanətdir” - <span style="color:red;">MÜSAHİBƏ
11 dekabr 2017
# 09:00

Kulis.az “İşdən kənar” layihəsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının fəallarından biri Nemət Pənahlı ilə müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılacaq.

- Nemət bəy, siz bir dəfə demişdiniz ki, şeir yazmağınıza görə əleyhinizə təbliğat aparmağa başladılar.

- Bəziləri deyirdi ki, Nemət siyasətdən ədəbiyyata keçib. Bu məni tanımayan adamların sözləridir. Əslində mən yaradıcılıqdan siyasətə gəlmişəm. Əleyhdarlarımın mənə dedikləridir ki, siyasətdə...

- ...Alındıra bilmədi, keçdi ədəbiyyata?

- Yox, niyə ki? Siyasətdə alındıra bilmək söhbəti deyil. Biz bir istiqlal savaşı başladıq, onu da qələbəylə nəticələndirdik. Çar Rusiyası dövründən bu günə qədər 100 minlərlə şəhid olub, ancaq istiqlala nail oluna bilməyib. Biz istiqlala nail olmuşuq. Yəni qələbə qazanmış bir davanın qaziləriyik.

- Deməli, sizin şeir yazmağınız Meydan hərəkatından lap əvvəllərə dayanır...

- Mən 5-ci, 6-cı sinifdən yaradıcılıqla məşğul olmuşam. Hesab edirdim, dünyada məndən böyük şair olmayacaq (gülür). Və mənim yolum dərnəklərdən keçib. Dram dərnəkləri, ədəbiyyat dərnəkləri. Məsələn, 77-78-ci illərdə Şərurda “Şərur budaqları” adlı dərnək vardı. Burda gənc şairlər dərnəyə gedib öz şeirlərini təqdim edirdilər. Bir də dram dərnəyi vardı. Biz də həmin dərnəyin fəalları idik. Mən “Tamahkar”da Qulu rolunu oynamışdım. Uşaqlıqdan xarakterimə artistlik uyğun olmadığından rolum uğurlu alınmadı (gülür). Bakıya gələndə yenə dərnəyə getməyə başladım. Zəlimxan Yaqubun, Musa Ələkbərlinin dərnəkləri vardı. Ən son yadda qalan dərnəyimiz Natəvan klubundakı Məmməd İsmayılın rəhbərlik etdiyi “Yaşıl budaqlar” dərnəyi idi. 87-ci ilə qədər sırf ədəbiyyat dərnəklərinin fəalı, 87-ci ildən sonra isə “Çənlibel” dərnəyinin idarə heyətinin üzvü olmuşam. Ondan sonra bütün fəaliyyət istiqamətimizi Milli Azadlıq hərəkatına, siyasi fəaliyyətə yönəltdik.

- Onda sizi ədəbiyyat gətirdi siyasətə...

- Ədəbiyyat da demək olmaz. Mənim siyasətə gəlməyim ailə ilə bağlıydı. Bu günə qədər də deyirlər, görən Nemət Pənahlı necə Meydana gəldi, o boyda adamı idarə elədi. Mən bunların hamısını ailəmə, atama borcluyam. Ata tərəfim Qərbi Azərbaycanın Dərələyəz mahalının Sallı kəndindən, ana tərəfim Naxçıvanın Şərur rayonundandır. 47-48-ci illərdə Qərbi Azərbaycandan deportasiyaya məruz qalmışıq. Atam tərəfdə din xadimləri, ruhanilər olub. O vaxt da Sovet hökuməti gələndə bu adamlara necə divan tutdu, bütün dünyaya məlumdur. O vaxt güclü təbliğat var idi. Deyirdilər, Lenin babanızdı, Marks atanızdı, Şamuyan dədənizdi. Buna şeirlər, romanlar, poemalar həsr olunurdu. Mən bunu Meydanda da demişəm, xalqımızın milli azadlığı, istiqlalı uğrunda mübarizə aparan insanları, xalq qəhrəmanlarını, şairləri, filosofları xalq düşməni, vətən xaini kimi, milli satqınları isə “qurtarıcı”, “xalq şairi”, “xalq qəhrəmanı” kimi xalqa tanıtmağa çalışıblar. Bunun ən bariz nümunəsi: Azadlıq mübarizəsi başlayana qədər Məmmədəmin Rəsulzadələri, Hüseyn Cavidiləri millətə xalq düşməni kimi təqdim edirdilər. Rəsmi təbliğat bu idi. Amma aparılan bütün bu rəsmi təbliğata baxmayaraq ailədə atam, nənəm bizə gerçəkləri danışırdı. Deyirdi, eməniləri qızışdırıb bizim üstümüzə salan ruslardır. Yəni bunları mənə beşik başında deyiblər - necə sovet hökuməti gəldi, insanları necə məhv elədi. Mən 1-ci sinfə gedəndə Leninin şəkildəki gözünü çıxarmışam. Atam deyirdi, oğul, insanın varını da, malını da, canını da almaq olar, ancaq sovet hökuməti bizi vətənsiz qoydu. Yəni mənim siyasətə gəlməyim ailədən olub. Ədəbiyyatın da bunda köməyi var. Valideynlərim mənə Qərbi Azərbaycandan köçürülən azərbaycanlıların taleyini danışıblar. Bakıdan gələn kommunistlər xalqın öz yurdundan deportasiya edilib didərgin salınmasını xalqa böyük bir xoşbəxtlik kimi təqdim edib, bunu toy bayram kimi təşkil ediblər.

- O barədə Məmməd Oruc “Köçürülmə” romanında yazıb...

- Ay sağ ol! Həmin vaxtlardan yazıb. Oxumuşam “Köçürülmə”ni. Tam çatdıra bilmir, amma az-maz da olsa o anları yaza bilib. Sovet dövründə yazdığına görə bunu müsbət dəyərləndirmək olar. Ancaq faciənin mində birini əks etdirə bilməyib. Təsəvvür edin, insanları vaqonlara doldurublar, ananın qucağında körpəsi ölüb, qapını açmırlar ki, gedib uşağını basdırsın. Beş dəqiqəlik qatar dayananda insanlar əli ilə torpağı qazıb uşağını basdırırlarmış.

- Dəhşətdi.

- Təsəvvür eləyirsən? Bu faciələri nənəm, atam mənə o qədər canlı şəkildə yana-yana təsvir edib, danışıblar ki, sanki mən özüm onları yaşamışam və orda olmuşam. Xocalı faciəsini yaşamış adama, ordan sağ çıxmış birinə erməniylə dostluqdan danışa bilərsən?

- Çətin.

- Bax biz də sovet hökumətindən bu dəhşətləri görmüşdük. Ailə də bu dəhşətləri danışmışdı. Mən buna görə bütünlüklə sovet hökumətinə nifrətlə köklənmişdim. 16 yaşımda Allahımdan istəmişəm ki, öz qisasımızı almağa mənə kömək etsin. Sizə bir şey deyim. 78-ci ildə 8-ci sinifdə şeirlərimi yığıb “Şərur budaqları” dərnəyinə apardım. Onda da Nemət Kədərli imzasıyla şeirlər yazırdım. Dərnək rəhbəri mənə qəribə tərzdə baxırdı ki, 15 yaşlı uşaq gəlib burda şeir oxuyacaq. Mən bu şeirləri orda səsləndirəndə çox böyük rezonans yaratdı. Dərnəkdə məndən cavanı yox idi, hamısı məndən yaşca böyük adamlar idi. Şeirləri oxuyandan sonra mənə dedilər ki, sən fitri istedadsan. Ancaq bir şey də dedilər. Sovet şairi hara, kədərli hara? Mənim şeirlərimin hamısı da sovet hökumətindən giley-güzar. Dedilər, sən əgər mövqe tutmaq istəyirsənsə get partiyadan, Lenindən yaz.

- Sovet hökuməti ilə ilk mübarizəniz şeirlə olub deyəsən...

- Bəli. Orda əlavə olaraq mənə dedilər ki, artıq qoşmanın qəzəlin vaxtı keçib. Sən Rəsul Rzanı, Yesenini oxu və sərbəst vəzndə yazmağa çalış. Həmin dərnəkdə mənə verilən məsləhətdən sonra gəlib yazdığım şeiri sizə deyəcəm:

Zəmanə dolanıb tərsinə döndü

Tanrım, Çənlibelli dövranım getdi

Satıldı millətim, talandı Vətən

Hökmranlıq edən zamanım getdi.

Koroğlum, Nigarım, Həcərim, Nəbim

Gedibdi dünyanı, tutubdu qəmim

Dəryada qərq oldu Yunistək gəmim

Etdiyimiz əhd-peymanım getdi.

Xalqımın şöhrəti-şanından deyim

Kəsilən sapların sanından deyim

Dəyişən dilindən, donundan deyim

İsmət, abır-həya, imanım getdi.

Qaplanlarım, aslanlarım qocaldı

Tülkülər, çaqqallar şirdən bac aldı

Azərbaycan, ərənlərin necoldu?

Qəflətdə uyudum, karvanam getdi.

Ənəlhəq söyləyib çəkildim dara

Məcnun olub düşdüm yad səhralara

Vəfasız cananım getdi əğyara

Mənim yar yolunda min canım getdi.

Qurban getdi Cavid, Mənsur, Nəsimi

Almışam röyada haqdan dərsimi

Qüdrətdən köklənib sazımın simi

Ərşə qalxdı, ərşim-amanım getdi.

Baxıb bu dövrana oldum Kədərli

Günlərim ötüşmür, gəzirəm qəmli

Daş düşsün başına Nemət Kədərli

Getdi Xətaitək soltanım, getdi.

Bu mənim 16 yaşımda yazdığım şeirdi.

- Əməlli-başlı sovet hökumətinə qarşıdır.

- Belə şeirlərim çoxdur. Sizə bir şey deyim. 4-cü sinifdə “Koroğlu” dastanını başdan-ayağa əzbər bilirdim. Yəni nöqtə-vergülünə qədər, nəsriylə, şeiriylə bir yerdə. 84-cü ildə isə geniş mənada təsəvvüf fəlsəfəsini oxumağa başladım. Nəsimini, Füzulini, Yunis Əmrəni, Şah İsmayıl Xətaini... Və ondan sonra bütün yazdıqlarımı yandırdım. Özümə də söz verdim ki, əlimə qələm almayacam. Ən azı on il.

- Yazdıqlarınızın zəif olduğunu gördünüz?

- Yox, sadəcə təsəvvüf fəlsəfəsinə yiyələnəndən sonra tamam başqa istiqamətə getdim. Yandırdığım şeirlərdən bir-ikisini saxlamışam sadəcə. Bayaq dediyim şeir də yandırılan şeirlərdən idi. Mən Nəsimini, Füzulini, Nizamini əzbər bilirəm. Saatlarla onlardan şeir deyirdim. Bu adları oxuyandan sonra mənim məsuliyyətim artdı. Və dedim, 10 il əlimə qələm almayacam. Doğurdan da 90-cı ilə qədər mənim üçün ağır olsa da heç nə yazmadım. Çünki, qələmin müqəddəsliyini, sözün qüdrətini məsuliyyətini o qədər dərindən dərk elədim ki, özümü yazmağa tam hazır bilmədim.

- Siyasi şeir yazıbsınız ən çox...

- Məhəbbət şeirlərim də var. El şairi Bəhmən Vətənoğlu sevdiyim imzalardandı. Onu əzbərə bilirəm. Bəhmənin “Dəhşətdi, dəhşət” şeiri var, ona cavab yazmışdım. (Bəhmən Vətənoğlunun şeirini oxuyur, sonra öz şeirini).

Gəl sənə söyləyim, ey Vətənoğlu!

Bolşevik dövranı dəhşətdir, dəhşət!

Kommunist köpəyi kefdə-damaqda,

Laykanın heyranı dəhşətdir, dəhşət!

Dağıldı sərhədlər, aşıldı hədlər,

Doğranıb odlara qalandı mərdlər,

Ürəyim sızlayır, böyükdür dərdlər,

Vətənin seyranı dəhşətdir, dəhşət!

Yanır, alovlanır ürək, bilən yox!

Bu eldə, obada üzü gülən yox!

Ağlar göz yaşını kimsə silən yox!
Yabılar cövlanı dəhşətdir, dəhşət!

Başı olmayanlar başa çıxıbdır,

Xainlər, düşmənlə qoşa çıxıbdır,

Arzular, ümidlər boşa çıxıbdır,

Millətin hər anı dəhşətdir, dəhşət!

Çarə tapmalıyam mən bu işlərə,

Tikanlı simləri salam dişlərə,

İstanbul, Təbrizə kaş yol işləyə,

Gavurun dövranı dəhşətdir, dəhşət!

Fikirlər bənzəyir uçan bir quşa,

Uçuban qarışam qohum-qardaşa,

Yetər satqınları çıxardıq başa,

Satqın şər-şeytanı dəhşətdir, dəhşət!

Nemət Kədərliyəm, girsəm meydana,

Kükrəyib dönərəm qızmış aslana,

Qüvvəti el verə, südü mərd ana,

Coşa Haqq Alanı, dəhşətdir, dəhşət!

- Məhəbbət şeirini siyasiləşdirmisiniz...

- (Gülür) Hə... Ay sağ ol! Mən bütün dastanlarımızı oxumuşam. Elə bir dastan yoxdu ki, onu oxumayım. Dastanlarda qəhrəman dara düşəndə “Aldı görək nə dedi” deyib sazını sinəsinə basıb öz dərdini deyir. O zaman mən də elə bilirdim ki, bütün şairlər şeirini bu cür yazır. Təsəvvür eləmirdim ki, adamlar oturub qələmlə şeir yazar. Mənim şeirlərimin 99,9 faizi o cür, “aldı görək nə dedi” şəklində yazılıb. Mən bütün yazdıqlarımı yaşayaraq yazmışam. O vaxt yazmışam ki, artıq yazmamaq mümkün deyildi. Eyni zamanda, yuxuda görürdüm ki, şeir deyirəm, tez durub o şeiri dəftərə köçürürdüm. Hətta mən şeirin texniki tərəflərini düzəltməyi belə xəyanət hesab edirdim. Düşünürdüm ki, şeir necə gəlibsə, eləcə də qalmalıdır, təbii şəkildə. Bilmirdim, şeirin üstündə saatlarla işləyirlər, redaktə edirlər. Sizə bir əhvalat danışım. Deməli, 20 Yanvar hadisələri vaxtı xəbər çıxmışdı ki, Nemət ölüb.

- Sizə hətta qəbir də qazmışdılar deyəsən...

- Bəli, bəli. O 20 Yanvardan sonra, Ayaz Mütəllibovun vaxtında olmuşdu. Əbdürrəhim bəy Haqverdiyevin “Qaban” adlı hekayəsi var. Qısadır, ancaq çox maraqlı, mənalı, məzmunlu hekayədir. Çar Rusiyasına qarşı mübarizə aparan Qaçaq Əbdülkərimdən bəhs edir. Həbslər, işgəncələr, zülmlər olub ki, mübariz insanların iradəsini sındırıb özlərinə tabe eləsinlər. O vaxt da beləydi, indi də belədir. Hekayədə Qaçaq Əbdülkərimin dar ağacından asılmağı təsvir olunur. Yazıçı yazır, bu o qədər qürurla gəldi ki, sanki toya gedirdi. Ona imdad diləməyi, yalvarmağı üçün son söz verirlər. O, üzünü izdihamın içindəki anasına tutub deyir: “Ana, mən kişi kimi yaşamışam, kişi kimi də ölürəm. Əgər istəyirsənsə, mənim ruhum şad olsun, ağlama”. Anası cavab verir: “Oğul, Əbdülkərimi doğan ana ağlamaz”. Mən bu hekayəni Meydanda misal çəkmişdim ana-bacılarımıza, valideynlərimizə demişdim ki, biz ölsək belə, üstümüzdə ağlamayın. Bu yol zindanlardan, məhrumiyyətlərdən, qandan keçəcək.

- Ağırdı...

- Mən atamı çox sevmişəm. Onun qədər qürurlu, mərd kişi tanımırdım. Meydanda olanda hər cür mexanizmə əl atdılar ki, məni ordan salsınlar. Hətta o vaxt vəzifədə olan bütün yerlilərimizi, kəndçilərimizi üstümə göndərdilər ki, onların vasitəsilə məni ələ alaraq yolumdan döndərsinlər. Heç nəyə nail ola bilməyəndən sonra atamı Naxçıvandan xüsusi təyyarə ilə gətirmişdilər ki, məni yolumdan döndərsinlər. O, Meydandakı bu ab-havanı, milli ruhu görəndən sonra camaatın qarşısında çıxış elədi, dedi, mənim bundan sonra Nemət adında oğlum yoxdur, bundan sonra min oğlum olsa, minini də Nemət kimi qurban verməyə hazıram. Sovet hökumətinə qarşı bu qədər adamın ayağa qalxmağı onu fərəhləndirmişdi. İllərlə sovetə nifrətlə köklənmiş adam bu yolda nə qədər baş kəsildiyini görmüş və bir növ sınmışdı.

Təbii ki, bu cür şeylər çox görmüşdüm. Ölümlər, zülmlər. Valideynin də narahatlığının nə demək olduğunu yaxşı bilirdim. O vaxta qədər atam-anam mənim taleyimdən nə qədər narahat olsalar da, özlərini mətanətlə saxlamışdılar. Amma 20 Yanvardakı ölüm xəbərim çıxandan sonra evə qayıtdım, onda anam ağlayıb özünü üstümə atıb qucaqladı ki, oğlum, nə yaxşı sağ gəlmisən. O hadisədən sonra anamın göz yaşları qurudu. Ölənə qədər ağlaya bilmədi. Mən o andan sonra fasiləmə son verdim və şeir yazdım. Anamın üstümə atılıb “Sağ qayıtdın!” deyəndən sonra “Ağlama anam, ağlama” adında bir şeir yazdım.

Tale, qəza-qədər belə gəlibdir,

Ağlama, ağlama, anam, ağlama!

Bu bəla vətənə, elə gəlibdir,

Ağlayıb sən Allah, sinəm dağlama,

Ağlama, ağlama, anam, ağlama!

Şükür etmə ki, oğlun da sağ qalıbdı,

Balan diri-diri şəhid olubdu,

İçdə ağlayıbdı, üzdə gülübdü,

El dərdindən saralıbdı, solubdu,

Ağlama, ağlama, anam, ağlama!

Taleyim bir macəradı, nağıldı,

Anam, dərdim məndən öncə doğuldu,

El-obamız qan içində boğuldu,

Azadlığım al qanımla yoğruldu,

Ağlama, ağlama, anam ağlama!

Gözün aydın olsun, qəzan mübarək,

Azadlıq eşqiylə döyünür ürək,

Düşmən qarşısında dayanıb gərək,

Satqın alçaqların dərsini verək,

Ağlama, ağlama, anam ağlama!

Düşmənin məkrli hiyləsi, fəndi,

Bütün rəhbərlərin başsız bədəndi,

Hərraca qoyulan xalqdı, vətəndi!

Dağıdıb sərhədi, yıxmışıq bəndi,

Ağlama, ağlama, anam, ağlama!

Ya Rəbb, dözməliyik bu dərdə neynim,

Sən görürsən olanları nə deyim,

Daşa dəydi arzum, eşqim, diləyim,

Sınmaz şüşə deyil, sınmaz ürəyim,

Ağlama, ağlama, anam, ağlama!

Şəhid ruhu vətənimə həyandı,

İstiqlal uğrunda tökülən qandı,

Axan qanlarımız vətənə candı,

Ürək məşəl kimi alışdı, yandı,

Ağlama, ağlama, anam, ağlama!

Babək, Cavad xandan mən dərs almışam,

Həmi şəhid, həmi şahid olmuşam,

Demə öz-özümü oda salmışam,

Bulud kimi boşalmışam, dolmuşam,

Ağlama, ağlama, anam, ağlama!

Düşmən qarşısında silahsız qaldım,

Çox ağır bir yükü çiynimə aldım,

Xiyaban üstündən xiyaban saldım,

Qan tökdüm, can verdim, qələbə çaldım!

Ağlama, ağlama, anam, ağlama!

Min illik dərdlərim dilə gəlibdi,

Şəhidlər bürünüb gülə gəlibdi,

Bütün millət dönüb, selə gəlibdi,

El ilə qaragün belə gəlibdi,

Ağlama, ağlama, anam, ağlama!

El ilə qara gün toydu, düyündü,

Yağı düşmənlərin çırağı söndü,

Xiyaban müqəddəs məbədə döndü,

Bu gün unudulmaz tarixi gündü!

Ağlama, ağlama, anam, ağlama!

Qərənfillər şəhidlərin qanıdı,

Ərənlərin şöhrətidi, şanıdı,

Bayrağımı bütün dünya tanıdı,

Quduz sovetlərin artıq sonudu!

Ağlama, ağlama, anam, ağlama!

Millət bəndlər yıxan selə dönübdü,

Mübariz bir örnək elə dönübdü,

Tarixin təkəri belə dönübdü,

Yollar, xiyabanlar gülə dönübdü!

Ağlama, ağlama, anam, ağlama!

Baxma boran, çovğun, dumandı, çəndi,

Zalımın boynuna saldıq kəməndi,

Atılan bu təməl, him dövlətindi,

Üç rəngli bayrağım şan-şöhrətimdi,

Ağlama, ağlama, anam, ağlama!

İçmişəm meydanda istiqlal andı,

Vətən param-parça, ürəyim qandı,

Ruhum Azərbaycan, cismim Turandı,

Qəflət yuxusundan millət oyandı,

Ağlama, ağlama, anam, ağlama!

Adəm ilə mən dünyaya gəlmişəm,

Turan kimi böyük dövran qurmuşam,

Neçə dəfə yaşamışam, ölmüşəm,

Özbək, qazaq, tatar, türkmən olmuşam,

Ağlama, ağlama, anam, ağlama!

Halallıq almağa gəlmişəm indi,

Müqəddəs vətəndi, millətdi, dindi!

Azadlığa gedən yollar çətindi,

Nemət deyir, qorxma oğlun mətindi,

Ağlama, ağlama, anam, ağlama !

Ağlayıb sən Allah, sinəm dağlama!

Hərdən bunu zarafatla deyirəm, amma həqiqətdir: bu millət şair işləyənləri tanıyıb, şair doğulanları yox. Şeirimdə də var: “Şair işləmədim, şair doğuldum”.

- Maraqlı ifadədir...

- Sovet imperiyasının təsis etdiyi mükafatların hamısını alan adamlar utanıb həya eləmədən özlərini dissident kimi qələmə verməyə çalışırdılar. Guya Afrikadan yazanda sən demə bu Azərbaycanı nəzərdə tuturmuş. Ad çəkməyəcəm. Halbuki sovetin bütün mükafatlarını almışdılar onlar. Kommunizmi təbliğ ediblər həmişə, Lenindən, Şaumyandan yazıblar. Guya sözaltı eyham vururmuşlar. O dövrün yağını-balını yeyən adamları bu gün də millətə dissident kimi sırımağa çalışırlar. İsgəndər Coşqun adında şair eşitmisiniz? Heç kim tanımır onu. Bu şair doğulanlardandı. Azərbaycan müstəqil olub, amma hələ də bu şairi tanımır heç kim. Niyə? Çünki o, sovetə qulluq etməyib, zalımın qabağında boynunu bükməyib, yaltaq, şərəfsiz olmayıb, xalqın dərdini deyib.

İsgəndər Coşqun Pişəvəri zamanından Cənubi Azərbaycandan aldadılıb bura gətirilənlərdən idi. Ordan kommunist adından gəlib burdakı dəhşəti və vəhşəti görəndən sonra həqiqəti dərk edib. Və bu həqiqətləri Şəhriyara yazdığı poemada bütün çılpaqlığıyla qələmə alıb.

- Şair doğulanı dediniz. Şair işləyənlər kimlərdir?

- Sovet dövrü o mükafatları alanlar...

- Gəlin konkret danışaq...

- Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, Səməd Vurğun. 98-ci ildə bir azərbaycanlı əsgərini göstərmişdilər, ermənilər əsir almışdı və onu silah gücünə bizim əleyhimizə danışdırmışdılar. Onu vətən xaini adlandırdılar, anası-atası da ondan imtina elədi. Televizorda baxdım mən, gördüm ki, çox cılız, zəif bir uşaqdı. Hətta düşündüm, o uşağı əsgərliyə aparanı güllələmək lazımdır. O uşaq silah gücünə əleyhimizə danışırdı. Bəs Səməd Vurğunu silah gücünə Şaumyan haqda yazdırıblar? Məmmədəminə şarlatan deyir. Sənin dinini, tarixini, keçmişini söyür və Şaumyanı gətirib xilaskar kimi təqdim edir. Bunun bəraəti var? Bu gün bunu deyəndə deyirlər ki, əsas odur şair kimi necə yazıb, bədiilik necədir, ona baxmaq lazımdır. Bəli, ədəbiyyatın incəliklərini bilən bir adam kimi deyirəm ki, XX əsrdə Səməd Vurğun istedadında şair olmayıb. Amma bütün külliyyatı vətənə-millətə xəyanətdir, düşmənə xidmətdir. Ceyran-cüyür, təbiətdən bəhs etdiyi şeirləri çıxaq, yaxşı. “26-lar”ı, “Komsomol” poemasını oxuyun. Deyir ki, bu şarlatanlar satacaq bizi yadlara. Yad dediyi kimdir? Türklər. Doğma da Şaumyandır, Lenindir, Marksdır.

37-ci ildəki repressiyanı yada salaq. Həmin vaxt Müşfiqi belə güllələdilər. Onun da soveti öyən nə qədər əsərləri vardı. Ancaq “Oxuma, tar! Oxuma, tar! Səni sevmir proletar!” şeirinə qarşılıq “Oxu, tar, oxu tar, səni kim unudar?!” şeirini yazdığına görə onu öldürdülər. Əslində sadəcə tara sus deyilmirdi, bütün milli-mənəvi dəyərləri susdurmağa çalışırdılar.

Repressiya olan günün səhərisi Rəsul Rzanın Stalini milli qəhrəman kimi təsvir edən şeiri çıxdı, gedin, baxın. Bunu nə vaxt yazır? Bütün Azərbaycan ziyalılarının başı kəsilən zaman. Stalinə mədhiyyə yazır. Bunların bəraəti mənim nəzərimcə yoxdur. Sizə bir şey deyim. Xalq hərəkatı güclənəndə Vaqif Səmədoğlu çıxıb dedi ki, dədəmə görə hamınızdan üzr istəyirəm. SSRİ-də ilk Stalin mükafatı alan adamdı Səməd Vurğun. Mükafatı da boşuna vermirlər. Nə də boşuna heç kimi asmırlar.

Bizim qədər ziddiyyətli millət dünyada tapa bilməzsən. Cavidə də heykəl qoyur, Cavidi sürgünə göndərənlərə də. Ya Cavid haqlıdır, ya da onu sürgünə göndərənlər.

Ədəbiyyat siyasətdən kənar deyil. Siyasətin içindədir. Bunlar Stalindən, Lenindən, Şaumyandan yazırlar, sonra da deyirlər ki, mən siyasətə qarışmıram. Axı sənin bütün yazdıqların siyasətdir. “Müsəlləh əsgərlərdir” hamısı. Şərin yanında müsəlləh əsgərdirlər. Xeyrə gələndə, xalqın həqiqətini deməyə gələndə lal, kar, kor olurlar.

- İdeoloji tərəfi kənara qoyanda necə əsərlərdir onların yazdıqları? Sırf bədii material kimi...

- Səməd Vurğun fitri istedaddır. Mənim üçün Səməd Vurğun faciəsi var, Cavid faciəsi yoxdur. Cavid ömrünü yaşadı, öz həyatını Vətəninə, millətinə, Allahına bəxş elədi və öldü. Ona görə ona faciə demək olmaz. Mənim nəzərimdə faciə Səməd Vurğundur, Məmməd Rahimdir, Süleyman Rüstəmdir, Rəsul Rzadır.

- Onların istedadına heyfslənirsiniz...

- Təbii ki. O istedad düşmənə xidmət etdiyi üçün heyfsilənirəm. Mən “Səməd Vurğun şair deyil” demirəm. Təsəvvür elə, sənin hərbçin, generalın var, çox güclüdür, amma öz xalqını qırıb, Qarabağın işğalında erməniyə kömək edib. Generalın vəzifəsi Vətəni qorumaq, müdafiə etməkdir, o isə əksini edib. Səməd Vurğunda da eyni vəziyyətdir.

- Nemət bəy, bayaq dediniz ki, Meydan hərəkatında Haqverdiyevin hekayəsindən danışmışdım. Mənə maraqlıdır, başqa hansı əsərlərdən sitatlar gətirmisiniz?

- Çingiz Aytmatov ədəbiyyata “Manqurt” anlayışını gətirib, Nemət Pənahlı da siyasətə. İlk dəfə manqurtlaşma ifadəsini siyasətdə mən işlətmişəm. Meydanda Çingiz Aytmatovdan misal çəkmişəm, Sabirdən şeirlər oxumuşam. Dastanlarımızdan, Mahatman Qandidən mübarizəmdə istifadə edirdim.

- Bəs öz şeirlərinizi deyirdiniz?

- Yox. Mən 90-cı ilə qədər öz şeirimi deməmişəm. Məsələn, ilk dəfə Meydanda Tofiq Fikrətin “Millət şərqisi” şeirini oxumuşam. Aradan 20 ildən çox vaxt keçib, mən ondan təsirli şeir tapıb ortaya çıxara bilmərəm. Yaxud da Mehmet Akif Ersoyun “İstiqlal marşı”. Mən bunları Meydanda demişəm. Birdən-birə Meydanda əzbərləməmişəm ki? Ədəbiyyat bazası olmayan adam bunları orda deyə bilərdi? Yaxud Füzuli. Onun da şeirlərindən Meydanda deyirdim.

- Belə başa düşdüm ki, daha çox klassik ədəbiyyata bağlısınız. Bizim klassikamıza. Dünya ədəbiyyatını necə oxumusunuz?

- Demək olar ki, Azərbaycan dilinə tərcümə olunan (son dövrləri çıxmaq şərti ilə) elə bir əsər yoxdu mən onu oxumayam. Dünya ədəbiyyatında sevdiyim Dostoyevskidi, Şekspirdi, amma ən çox sevdiyim Çingiz Aytmatovla Cek Londondu. Cek Londonun “Martin İden” əsəri çox təsir etmişdi mənə.

Mənim başım mübarizəyə qarışdı. Amma o halda belə mütaliə edirdim. Mən heç vaxt bilmədiyim şey haqqında boş-boş danışmaram. Tutaq ki, Səməd Vurğun. Onu əzbər bilirəm. Yaxud Məmməd Rahim, Rəsul Rza, Süleyman Rüstəm də elə. Məmməd Arazı demək olar, əzbər bilirəm. Yaxud da Bəxtiyar Vahabzadəni. Mən sərbəst şeiri şeir saymamışam, saymıram da. Şeir sözün, mənanın, ritm və musiqinin poetik vəhdətidir.

- Nemət bəy, müstəqillik qazanıldı və yeni-yeni əsərlər ortaya çıxdı. Müstəqillik dövrü ədəbiyyatında hansı əsərləri bəyənirsiniz?

- Əsər mənim haqqımda yazılıb deyə demirəm, o dövrü ən gözəl ifadə edən əsər Sabir Əhmədlinin “Kütlə” romanıdır. O illərin reallıqlarını çatdıran əsər isə demək olar yoxdur. Biri azdı. İkisi də azdı. Mən həmişə demişəm, bizim millət bədbəxtdir. Təsəvvür elə, Şaumyana o boyda poema həsr olunur, amma o dövrün qəhrəmanlarına heç nə həsr olunmur. Əksinə, həmişə təhqir olunub, aşağılanıb.

- Siz o dövrü memuar kimi yazmısınız?

- Bəli. Hamısını yazmışam, adını da “Əbədiyyət yolçusu” qoymuşam.

# 3980 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #