Niyə estetik əməliyyat etdirmərəm? - SEVDA SULTANOVA YAZIR

Niyə estetik əməliyyat etdirmərəm? - <span style="color:red;">SEVDA SULTANOVA YAZIR
2 dekabr 2016
# 12:24

Bir neçə günün söhbətidir. Özəl klinikalardan birində çalışan həkimlə işgüzar xarakterli görüşümüz vardı.

Birdən hiss elədim ki, həkim diqqətlə mənə baxır. Baxışlarımız qarşılaşanda dedi ki, üzünüz çox yaxşıdır, amma dodaqlarınızın kənarlarında güləndə yaranan nazik xətt, normal vəziyyətdə də elədir. Gəlin, ora xüsusi gel olan iynə vurum və xətlər itsin.

Həkimin xoşməramlı (bir sıra səbəblərdən onun xoşməramlı olduğuna doğrudan da inanıram) təklifini eşidəndə az qala havalanım: “Nə danışırsız, mən mimiklərdən yaranan xətləri də, güləndə gözlərimin kənarında əmələ gələn narın qırışlarımı da sevirəm. Onları aradan qaldırmaq üçün nə indi, nə də gələcəkdə estetik əməliyyat elətdirməyi düşünmürəm.”

Emosional reaksiyamdan deyəsən, həkim bir az pərt kimi oldu. Onun cavabında qadınları köləsinə çevirən moda, kosmetologiya, estetik əməliyyat sənayesinin iblisanə tonu vardı: ”İndi elə deyirsiz də, yaşlananda baxarıq”.

Səmimi deyirəm, üzümdə mimik səbəblərdən dolayı yaranan xətlərə də, yaşın gətirdiyi narın qırışlarıma da bayılıram. Ümumiyyətlə, yaşımı sevirəm, onunla tam barışıq və harmoniyada yaşayıram.

Qırışlarımı sevirəm ona görə ki, bunlar mənim gerçək cizgilərim, özəlliyimdir və onların mənə şarm gətirdiyini görürəm. Təbii, gerçək üzüm kimliyimi bəlirləyir, daxilimi anladır (təbii anlayanlar üçün). Qırışlarımda hər şeydən əvvəl yaşantılarımın, ağrılarımın, həyat təcrübələrimin izi, ifadəsi var. Anna Manyani demiş, üzümdəki qırışlara toxunmayın, onlar mənə baha başa gəlib.

Tanıyanlar bilir ki, kosmetikadan az istifadə edirəm.

Çünki makiyajda özümü həmişə çirkin və kompleksli hiss eləmişəm.

Çünki makiyaj həqiqi cizgilərimi, individuallığımı itirir, başqa, sevmədiyim qadına çevirir.

Çünki gerçək üzümdən utanmıram. Pis, ya yaxşı, qırışlı ya əksinə, o, ancaq özümə məxsusdur.

Lap yaxınlarda Culiya Robertsin bir açıqlaması ilə rastlaşdım, bəzi hissələrini bölüşməyi vacib sayıram: “Biz üzümüzü tonlarla makiyajla örtürük. “İdeal ölçü” almaq üçün müntəzəm üzümüzü botoksla deşirik və aclıqla özümüzə əzab veririk.

Halbuki, qayığıya ehtiyacı olan bədən yox, ruhumuzdur.

Əgər daxilin boşdursa, zahirdə necə görünməyinin əhəmiyyəti yoxdur.

Mən artıq makiyajla barışmayacam. Makiyaj eləmək istəmirəm, çünki özgəsinin sifətini daşmaqdan yorulmuşam.

Maskaları atmağın vaxtdır.

Bilirəm ki, qırışlarım var, amma mən onları görmək istəyirəm. Axı bu, mənəm, əsl, həqiqi mən! İstəyirəm məni olduğum kimi qəbul edəsiz.

Estetik əməliyyatlar bizi zahiri görünüşümüzlə bağlı illüziyaların həbsində saxlayaraq dünyanı idarə eləyir. Təbiiliyimizə uyğun yaşamaq əvəzinə bizə sırınan gözəllik kanonlarının ardınca getməyə məcbur oluruq.

Amma bilirsiz nə var?

Bundan yorulmuşam. Və özümə deyirəm: Stop! Zahiri görkəm insanda qiymətləndirməli olduğumuz son şeydi. Əhəmiyyətli olan yalnız ruhumuz, qəlbimizdir. Bunu unutmayın”.

Ağıllı adamlardan biri demşkən, qocalanda da gözəl qocalmaq lazımdır. Yaşlanmağı isterikaya, faciəyə cevirmədən. Ruhunla, bədəninlə tam harmoniyada yaşamağa bacararaq...

# 2360 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

16:33 15 iyun 2026
“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

14:49 15 iyun 2026
Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

13:05 15 iyun 2026
32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

11:40 15 iyun 2026
Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

10:03 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər