Yanından səssizcə keçib gedərəm – Şeirlər

Yanından səssizcə keçib gedərəm – Şeirlər
3 sentyabr 2019
# 14:40

Kulis.az Gilə Əliqızının şeirlərini tədim edir.

***

Bağın nazın çəkən bağban olsaydın,

Güllərin saralıb, solmazdı dünya.

Sevgi olmasaydı əgər içində

Bir qəpik dəyərin olmazdı, dünya.

Sənin ədalətin incidib, üzüb

Söylə gərdişinə bir kimsə dözüb?

Qarğalar qoynunda səs-səsə verib

Bülbüllər qəfəsdə susmazdı, dünya

Çiçəyi çölündən ayırmasaydın

Bülbülü gülündən ayırmasaydın

Sevəni sevəndən ayırmasaydın

Şairlər zülmündən yazmazdı, dünya..

***

Ol, şair könlümün ilham pərisi,

Qələmim, şeirim, varağım sən ol.

Yazıb şeirlərə tarix eyləyim

Sevən könüllərə sorağım sən ol.

Eşqin yollarında apar izinlə,

Bəzə şeirimi nübar sözünlə.

Yandır ürəyimi odun, közünlə

İstisi soymayan ocağım sən ol.

Ol şair könlümə töhfə, pay kimi,

Tufanlı qışıma bahar, yay kimi.

Parla səmalarda, nur saç ay kimi

Zülmət gecələrdə çırağım sən ol.

***

Kim sevər mənim tək, kim sevər səni,

Uca dağlarına duman eyləyər.

Bütün ümidini sənə bağlayıb

Ömrünə, gününə güman eyləyər.

Kim səni nəfəsi, havası sanar,

Dərdinin əlacı, davası sanar.

Kim səni məskəni, yuvası sanar

Sözünü pozulmaz fərman eyləyər.

Kim səni ünvanı, adı eyləyib,

Kim seni ağzının dadı eyləyib.

Kim səni ocağı, odu eyləyib

Sevdanı dərdinə dərman eyləyər.

***

Sənə doymasam da, yollar içindən,

Hicranın yolunu seçib gedərəm.

Bu nakam sevginin, bir də ki, sənin

Yanından səssizcə keçib gedərəm.

Ağlamaqdan gözüm qaldı qarasız,

Görən eşq əhlində varmı yarasız.

Səni özgəsinə verib çarasız

Ayrılıq şərbətin içib gedərəm.

Düşsə də yollarım dumana, çənə,

Səni unutdurmaz ayrılıq mənə.

Elə sevə-sevə bir ömür sənə

Əlləri uzalı köçüb gedərəm...

***

Ay da yoxdur bu gecə,

Ulduzlar görünməyir.

Gözlərim həsrət yüklü

Ruhum yaman üşüyür.

Dağınıq xəyallarım,

Hardan hara dolanır.

Qaranlıqlar içindən

Tənhalığım boylanır.

Ağlım, fikrim qarışıq,

Nisgilim dağdan ağır.

Bu gecə qış gəlibdir

Ürəyimə qar yağır.

Bu gecə qərib gecə,

Sanki bu dünya dönmür.

Ay da yox göy üzündə

Qəmdən göz-gözü görmür...

***

Xəstə yatağında səndən uzaqda,

Bir günüm uzanıb bir ilə dönüb.

Sənin həsrətindən alışan könlüm

Nə yanıb biryolluq, nə külə dönüb.

İtmişəm özüm də mən ilim-ilim,

Tapmıram izini yanına gəlim.

Səninlə gül açan ilk bahar könlüm

Sənsiz xarabalıq boş çölə dönüb.

Mənə təsəllisən yuxularımda,

Səbəbsən, ümidsən xəyallarımda.

İndi şəhərim də, doğmalarım da

Sənsiz özgələşib, yad elə dönüb...

# 4406 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər