"Üç uşaq doğmuşam, aliment alıb kef eləyəcəm"- Müğənnilər niyə ailə və boşanma məsələlərini şərh edir?

"Üç uşaq doğmuşam, aliment alıb kef eləyəcəm"- Müğənnilər niyə ailə və boşanma məsələlərini şərh edir?
16 fevral 2026
# 15:25

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.


Azərbaycanın əksər televiziya efirləri çoxdan yararsız, populist tribunaya çevrilib. Xüsusilə də son dövrlərdə əlinə mikrofon verilən müğənnilər, sənət adamları efirdə hökmlə danışırlar, qanun təklif edirlər, ailə institutunu “islah” edirlər. Onlara şərait yaradan efirlər də bu məsuliyyətsiz, absurd və gülünc açıqlamaları təşviq edir, alqışlayır, reytinqə çevirir.

Bu yaxınlarda müğənni Eldəniz Məmmədov boşanmaların artmasından danışaraq absurd təklif irəli sürmüşdü: boşananlara 50 min dollar cərimə yazılsın ki, “yola getsinlər”.

Bu fikir təkcə sadəlövhcəsinə diletantlıq deyil, xüsusilə, təhlükəli düşüncədir. Sevgi cərimə ilə qorunacaqsa, orada hansı sevgidən söhbət gedə bilər? 50 min dollar qorxusu ilə saxlanılan münasibət ailə deyil, maliyyə əsarətidir. Amma aparıcı studiyada demədi ki, bu açıqlama hüquqi baxımdan da, insani aspektdən də absurddur. Əksinə, mövzu daha da qızışdırıldı.

Reytinq gəlsin deyə efirlərdə hər sözə tribuna verilir. Tutaq ki, Eldəniz Məmmədovun yuxusu çin oldu və cərimə ilə ailə "qorunmağa" başlandı. Orada hansı ailədən söhbət gedəcək? Axı ailə məcburi bir dam altına yığılan insanlar toplusu deyil, olmamalıdır, ailə həm də mənəvi birlikdir. Mənəvi-psixoloji vəhdətin olmadığı yerdə sırf cərimə üzərinə “ailə” qorunmağa çalışılarsa, bu həm də ailədaxili və məişət zorakılıqlarının daha da artmasına gətirib çıxarmazmı?

İnsanlar ağızlarından çıxan sözün məsuliyyətini hiss etmirlər və bunu az-çox ictimai nüfuzu olan kimlərsə çıxıb efirlərdən bəyan edir! Yola getməyən, xasiyyətləri tutmayan və bir-birinə qarşı aqressiya ilə yüklənən adamları bir evdə yaşamağa məcbur etməyin adı nədir? Bu cür yanaşma hansı mənəvi, hüquqi, psixoloji aspektə dayanır?

Belə fikirlər təkcə emosional deyil, həm də təhlükəlidir. Çünki ailəni qorumağın yolu kimi qorxu və cəza göstərilir. Nikah könüllüdürsə, onun bitməsi də hüquqi prosedurla mümkün və asan olmalıdır. Cərimə ilə saxlanılan münasibət ailə deyil – girovdur. Bir-birini sevməyən, hörmət etməyən adamlar hansı "ailə"ni və niyə qorumalıdır ki?

Başqa bir Xalq artistimiz Gülyaz Məmmədova aliment məsələsində deyir: "Bir uşağa 230-250 manat aliment verilsə, hər hansı bir qadın deyəcək ki, 3 uşaq doğmuşam, hərəsinə 250 manat alıram, mən rahat yaşayım, alım, saçıma, başıma, gözəlliyimə verim, bədənşəkilləndirmə edim. Elə bilirsiniz, bunlar yoxdur? Var. Azərbaycanda belə şeylər həddini aşıb".

Xalq artisti qadınları dolayı yolla “uşaqdan qazanc çıxaran” obrazında təqdim etdi. 230-250 manatla “rahat yaşamaq”, “bədənşəkilləndirmə etmək” haqqında danışmaq, ya real həyatı bilməməkdir, ya da bilərəkdən patriarxallığa işləyən mənasız populizmdir. 250 manat uşağın aylıq xərcini qarşılayırmı? Uşaq saxlamanın real iqtisadi yükündən görəsən xalqın artisti, həqiqətən, xəbərdardırmı?

Hələ müğənni Rəqsanənin efirdə, sosial şəbəkələrdə ailə dəyərlərindən danışmağını demirəm. İstər-istəməz bir sualım yaranır: Olmaz ki, müğənnilər əlindəki mikrofonu səsləri varsa, mahnı oxumaq üçün işlədələr, daha ailə mövzusunu mütləq şou predmetinə çevirmək üçün yox? Populyarlıq mənəvi üstünlük sertifikatı deyil. Amma efirlər elə bir atmosfer yaradır ki, sanki sənətçi yox, “ictimai hakim” və "əxlaq polisi" danışır. Lap sərt desək, ailə dəyərlərindən bixəbərlər xalqa yaxşı ailə haqqında "resept verib" ehkam kəsirlər.

Burada əsas günah təkcə fərdi çıxışlarda deyil, bu çıxışları platformaya çevirən proqramlardadır. Reytinq naminə qalmaqal, sərt fikir, kəskin ittiham axtaran aparıcılar müzakirəni maarifləndirməyə yox, alovlandırmağa xidmət edirlər. Ailə kimi həssas mövzu isə onların ssenarisində sadəcə “trend mövzu”dur.

Televiziya rəhbərlərinə birbaşa sualım var: niyə ailə və boşanma məsələlərini hüquqşünas, sosioloq, psixoloq yox, müğənni şərh edir? Niyə alimentin iqtisadi tərəfini sosioloq yox, estrada ulduzu “təhlil” edir?

Efirlər məsuliyyətsiz fikri normallaşdırırlar, "beyin yuyurlar". Cərimə ilə ailə saxlamaq ideyası alqışla qarşılanırsa, sabah başqa hansı hüquqi absurda razılıq verəcəyik? Qadınları kütləvi şəkildə mənfəət dalınca qaçan kimi təqdim etmək efirdə ironik gülümsəmə ilə ötürülürsə, bu, artıq ictimai rəyə təsirdir.

Digər təhlükəli tendensiya isə “dini toy” adı altında keçirilən, əslində isə nümayişkaranə dəbdəbə ilə dolu mərasimlərin artmasıdır. Sadə dini nikah anlayışı təmtəraqlı dekorasiyaya, ərəb üslublu şouya çevrilib. Qızıl suyuna salınmış səhnələr, son dərəcə israfçı xərclər, teatrallıq nümayişindən başqa bir şey deyil.

Bir tərəfdə boşanmaya 50 min dollar cərimə təklif edən "romantik cəzalandırma" ideyası, digər tərəfdə isə milyonluq toy nümayişi. Hər iki halda ailə institutunun mahiyyəti yox, forması müzakirə olunur. Çünki şou daha baxımlıdır.

Ailə efir dekoru deyil. Boşanma reytinq materialı deyil. Aliment qalmaqal üçün başlıq deyil.

Televiziya ictimai məsuliyyətdir. Mikrofonu uzadanda da, alqışlayanda da, montaj edəndə də. Əgər efir rəhbərləri pulunu ödəyib efirə çıxan hər adamı “ekspert”ə çevirirsə, cəmiyyətin düşüncə səviyyəsi də həmin efirin səviyyəsinə enir.

Və sonda: müğənni mahnısını oxumalıdır, oxuya bilirsə... Oxuya bilmirsə, əlində mikrofon uzaqbaşı oxumağı imitasiya edərək fonoqrammanı dinləməlidir. Daha durub cəmiyyətin hüquqi və sosial istiqamətini müəyyən edən hökmlər səsləndirməli deyil, səsləndirəndə də ailə institutunu qorumaq adı altında bayağı, populist, ucuz emosional şou istehsalını dayandırmaq efir rəhbərlərinin borcudur.

# 193 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

17:00 16 fevral 2026
"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

17:00 16 fevral 2026
Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

16:50 16 fevral 2026
Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

16:30 16 fevral 2026
Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

16:23 16 fevral 2026
“Meyxana adında ədəbiyyat yoxdur, bu, jarqondur " - Şair Zakir Fəxri ilə müsahibə

“Meyxana adında ədəbiyyat yoxdur, bu, jarqondur " - Şair Zakir Fəxri ilə müsahibə

14:27 16 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər