Türkiyəli araşdırmaçı: “Almas İldırımın atasını həbs etmişdilər” – Müsahibə

Araşdırmaçı – yazar, Ankara Universitetinin müəllimi İrfan Paksoy

Araşdırmaçı – yazar, Ankara Universitetinin müəllimi İrfan Paksoy

13 yanvar 2022
# 15:15

Türkiyədə araşdırmaçı – yazar, Ankara Universitetinin müəllimi İrfan Paksoyun “Azərbaycan aydınları” kitabı çapdan çıxıb. Tədqiqatçı kitabla bağlı Türkiyənin populyar ədəbiyyat portalı “dibace.net”ə müsahibə verib. Kulis.az həmin müsahibəni ixtisarla təqdim edir.

- Bu yaxınlarda “Azərbaycan aydınları” adlı kitabınız çapdan çıxdı. Kitabın məzmunu və nəşr olunma məqsədi haqqında nə deyərdiniz?

- Kitabda haqqında danışılan Azərbaycan ziyalıları 19-cu əsrin ikinci yarısından başlayaraq türk dünyasının maarifçi liderlərindən biri olan İsmayıl Qaspıralının təhsildə müasirləşmə və yenilikçilik hərəkatı olan cədidçilik hərəkatından ilham alaraq Azərbaycan türklərinin (şimalda və cənubda) azadlıq və istiqlalını, eləcə də onların maddi və mənəvi inkişafını hədəfləyən, istər 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), istərsə də 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikasının yaradılmasında mənəvi xidmətləri olan Azərbaycan şairləridir. Bu əsərin məqsədi ötən əsrdə Azərbaycan xalqının istiqlaliyyət və milli kimlik uğrunda mübarizəsini ədəbi nümunələrlə çatdıran müəlliflərin şeirlərini toplamaq, təhlil etmək və türkiyəli oxuculara tanıtmaqdır. Azərbaycan türklərinin azadlıq, varlıq və həyat mübarizəsini təsvir edən bu yazıçı və şəxsiyyətlərin ortaq cəhətləri ürəklərində böyük bir millət sevgisi ilə türklük uğrunda mübarizə aparmalarıdır. Azərbaycanda milli fikrin tarixi və bu günü bu ədəbi-tarixi şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlı olduğundan, ümumən Türk Dünyasına xidmət edən bu cür şəxsiyyətləri tanımaq, onların irsini ortaya çıxarmaq, yaymaq və təbliğ etmək gələcək nəsillər üçün də vacibdir.

- Məhəmməd İqbalın bir kəlamı var. Deyir, “dövlətlər şairlərin qəlbində doğulur”. Müstəqil Azərbaycanın doğuluşunda, siyasi, sosial və iqtisadi inkişafına şair və mütəfəkkirlərin nə kimi təsirləri olub? Azadlıq mübarizəsində şair və mütəfəkkirlərin iştirakı necə başlayıb?

- Şimali Azərbaycan əsilli şairlər (Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əhməd Cavad Axundzadə, Cəfər Cabbarlı, Müseyib Zəyəm, Səməd Vurğun, Mikayıl Müşfiq, Sabir Rüstəmxanlı, Almas İldırım, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və İltimas İsmayıl) 1918-ci ildə AXC-nin, 1991-ci ildə Azərbaycan Cümhuriyyətinin elan edilməsi zamanı öz ideyaları və ədəbi əsərlərilə Azərbaycan türklərinin gözündə azadlıq, milli varlıq və həyat hekayələrini yaradıblar və bir çoxları bunların əvəzini canları ilə ödəyiblər. Amma şəraitin imkan verdiyi qədər özlərini ifadə edə biliblər. Əsərdə yer alan Güney Azərbaycan əsilli şairlər (Məhəmməd Hüseyn Şəhriyar və Hamit Nutki) də öz ideya və əsərləri ilə Güney Azərbaycan türklərinin mədəni zənginliyinə mühüm töhfələr veriblər. Anadoluda milli mücadilə zamanı TBMM-in açılışından sonra İstiqlal Marşının qəbulu və istifadəsi bu mübarizənin iştirakçıları üçün böyük mənəvi dəstək olduğu kimi, Böyük Zəfərdən sonra qurulan Türkiyə Cümhuriyyətində də ölkənin himni kimi birləşdirici funksiyasını davam etdirib. Oxşar vəziyyət (şimal) Azərbaycan üçün də keçərlidir. Müəllifi Əhməd Cavad olan Azərbaycanın Dövlət Himninə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov musiqi bəstələyib və 1920-ci ildə Azərbaycan Parlamenti tərəfindən “Azərbaycan Dövlət Himni” kimi qəbul edilib.

- İrfan bəy, Çar Rusiyasında 1905-ci il inqilabından sonra siyasi qurtuluş prosesi başlayır. Konstitusiyalı monarxiyaya keçilir. Bu şəraitdə Azərbaycanda da milli dirçəliş baş qaldırır. 1907-ci ildə inqilab siyasi hakimiyyət tərəfindən yatırılır və avtokratiya davam edir. Bu prosesdə Azərbaycanın Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşi, Müseyib Zəyəm, Almas İldırım kimi tanınmış siyasətçiləri, mütəfəkkirləri və mübarizə adamları Rusiyanın təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalırlar. Ziyalıların bu qaçışları nəticəsində köç və ya mühacirət ədəbiyyatı formalaşır. Bu ədəbiyyat haqqında məlumat verə bilərsinizmi?

- Azərbaycan mühacirət ədəbiyyatının iki mühüm şairi kimi Müseyib Zəyəm və Almas İldırımdan qısaca bəhs etmək yerinə düşərdi.

Azərbaycan mühacirət poeziyasının formalaşmasında və inkişafında, məzmun və formaca zənginləşməsində Zəyəmin (1900-1957) müstəsna rolu vardır. AXC dövründə (28.05.1918-28.04.1920) Gəncə quberniyasında tərcüməçi işləmiş Zəyəm 1920-ci il aprelin 27-də Qızıl Ordunun Bakıya daxil olması ilə milli hökumət devrildikdən sonra bu işğala etiraz olaraq 1920-ci il 26-31 may tarixlərində baş vermiş Gəncə üsyanına qoşulub və işğalçı bolşevik qüvvələrinə qarşı vuruşub. 1921-ci ildən Trabzonda zərgərlik və saat ustası kimi dolanışığını təmin edən Zəyəm burada ailə qurub, 1936-cı ildə İğdıra köçüb və sıxıntılı günlərini orada davam etdirib. Bütün çətinliklərə baxmayaraq, həyat sevincini, milli istiqlal mübarizəsinə inamını heç vaxt itirməyən Zəyəm hər il mayın 28-də Azərbaycanın müstəqillik günü, aprelin 27-də isə işğal günü ilə bağlı keçirilən mərasimlərdə iştirak edib. Eyni zamanda, bu mərasimlərin çoxunu da öz evində təşkil edər, gözəl səsi ilə söylədiyi şeirlər və xalq mahnıları ilə məclisə rəng qatardı. Bu mərasimlər mühacir Azərbaycan türklərinin İğdırda toplanmasında mühüm rol oynayıb. Ömrünün sonuna qədər şeir yazmağa davam edən Zəyəm 23 fevral 1957-ci ildə İğdırda vəfat edib. Şeirlərində dərin vətən və vətənin azadlığı həsrəti diqqəti çəkir.

1920-ci il aprelin 27-dən mayın 10-na kimi Azərbaycanın Qızıl Ordu tərəfindən işğalı Anadoluda olduğu kimi Azərbaycan ziyalıları arasında da türkçülük anlayışının inkişafına zəmin yaratdı. Bu ziyalıların öncüllərindən olan Əhməd Cavadın şeirlərində rastlanan türkçülük idealı onun ətrafındakı insanlara da təsir etmişdi. Bu idealların təsirinə düşən şəxslərdən biri də sonradan Azərbaycan mühacirət ədəbiyyatının məşhur simalarından biri olacaq Almas İldırımdır (1907-1952). Vətən uğrunda yaşamaq və ölmək manifestini şeirləri ilə anladan Azərbaycan mühacir ədəbiyyatının mühüm simalarından olan İldırım 1929-cu ildə hökumət tərəfindən təhlükəli hesab edildiyindən Azərbaycan Proletar Yazıçılar Birliyi üzvlüyündən çıxarılıb və Azərbaycan Kommunist Partiyası tərəfindən Dağıstanın Dərbənd şəhərinə sürgün edilib. İldırım milli xətt üzrə fəaliyyətini burada da davam etdirdiyinə görə, əvvəlcə Bakıya gətirilib, daha sonra 1932-ci ilin əvvəllərində Türkmənistanın Aşqabad şəhərinə sürgün edilib. Burada da milli xətt üzrə fəaliyyətini davam etdirib, ailə həyatı qurub, Azər adlı oğlu olub. Burada onun üçün ölüm təhlükəsi yarananda həyat yoldaşı və üç aylıq oğlunu da götürərək 1934-cü ildə İran (Cənubi Azərbaycan) vasitəsilə Türkiyəyə keçib. Vana, oradan da Elazığa gedir. Sürgünün bitdiyi, qürbətin başladığı bu torpaqlar onun ikinci vətəni olur. 1936-cı ilə qədər yazdığı şeirlərini “Boğulmayan səs” adlı kitabda çap etdirir. 1936-cı ildə Türkiyədə Eldegəz və Yurdavar adlı əkiz uşaqları dünyaya gəlir. İldırımın vətən həsrəti hətta övladlarının adlarında da özünü göstərir. Övladlarına bu mənalı adlar qoyur ki, onlar nə qədər ölkələr gəzsələr də, mütləq vətənlərinə çatmalıdırlar. Bununla belə, hər iki uşaq az sonra eyni gündə ölür. İldırımın bundan sonrakı bir neçə ili çox ağır keçir. Bu dövrdə bir-birinin ardınca keçirdiyi ağrılar şeirlərində də öz əksini tapır. Şairin oğlunun ayrılığına dözə bilməyən anası Nisə xanım 1939-cu ildə dünyasını dəyişir. Almas İldırımın atasını isə 1940-cı ildə “Türkiyədə oğlunla əlaqən var” ittihamı ilə həbs edirlər və bir müddət sonra azadlığa çıxır. O, 1952-ci ildə vəfat edib. İldırım da 1952-ci il yanvarın 14-də vəfat edib.

Azərbaycan mühacir poeziyası, demək olar ki, ölkədə sovet idarəçiliyinin xalqın başına gətirdiyi müsibətlərin, iztirabların, qırğınların, sürgünlərin bir salnaməsidir. Sovet rejiminin mədəniyyət adamlarını siyasi, mədəni və ədəbi düşüncə haqqından məhrum etməsi mühacirətdə yaşayan Azərbaycan ədəbiyyat xadimlərinin yaradıcılığında türkçülük amilini gücləndirib. Azərbaycan mühacirət şairləri arasında önəmli simalardan biri olan İldırım şeirlərində vətən, qürbət, türkçülük mövzularına daha çox diqqət ayırıb.

- Azərbaycan dedikdə hamımızın ağlına Azərbaycan Dövlət Himninin müəllifi, “Çırpınırdın Qara dəniz” şeirinin müəllifi Əhməd Cavad Axundzadə gəlir. Əhməd Cavadın çətinliklər və mübarizə ilə dolu bir həyatı var. Bu böyük şair haqqında bizə məlumat verə bilərsinizmi?

- Məmnuniyətlə. Əhməd Cavad (1892-1937) “Azərbaycan Himni”nin sözləri ilə ölkəmizdə “Çırpınırdın Qara dəniz” kimi də tanınan “Baxıb Türkün Bayrağına” şeirini yazan şair və tərcüməçidir. Zatən mərhum 1915-ci ildə yazdığı bu şeiri də Qafqaz İslam Ordusu Gəncəyə gəldiyində ona hədiyyə etmişdi. Şairin məşhur “İstiqlal naminə şeirlər” kitabı 1928-ci ildə İstanbulda nəşr olunub.

Əhməd Cavad xalqının azadlığı və istiqlaliyyəti uğrunda apardığı mübarizə, yazdığı şeirləri və düşüncələri səbəbindən Azərbaycanda milli ruhda hər şeyə qarşı çıxan sosialist idarəçilik, Proletar Yazıçılar Təşkilatı tərəfindən “əks-inqilabçılıqda” günahlandırılıb və Stalinin “Təmizlik” və ya “Repressiya” kimi tanınan ləğvetmə hərəkatı çərçivəsində həbs edilib. Həbsdə olarkən dəhşətli işgəncələrə məruz qalıb, ölüm cəzasına məhkum edilib və 13 oktyabr 1937-ci ildə edam edilib.

1955-ci ildə SSRİ-nin baş prokuroru Əhməd Cavada qarşı irəli sürülən bütün ittihamların əsassız olduğunu bildirib və ölümündən sonra ona bəraət verib. Onun DTK-nın təzyiqi altında olan ailəsi də yalnız 1950-ci ildən sonra zindandan qurtula bilib.

- Həyat hekayələrini yazdığınız şairlərdən hansı sizə daha çox təsir edib?

- Mənə görə, əsərlərində özəl və ədəbi həyatları ilə ortaya qoyduqları şeirlər baxımından hər ikisi böyük məzlum olan Əhməd Cavad və Xəlil Rza Ulutürk (1932-1994) ön plana çıxırlar.

Tərcümə: Azadə Balayeva

# 730 dəfə oxunub

Oxşar xəbərlər

# # #