Telefon uşaqlara necə təsir edir? - Günel Mövlud

Telefon uşaqlara necə təsir edir? - Günel Mövlud
22 aprel 2025
# 19:00

Kulis.az Günel Mövludun texnoloji yeniliklərin uşaqlara təsiri haqqında yazısını təqdim edir.



Bir aydan çoxdur ki, uşaqlara telefon, kompüter və s. texnikaya limit qoymuşam. Gün ərzində maksimum iki saat, o da konkret saatlarda...

Əslində, uşaqların tərbiyəsini qadağalar üzərində qurmağı xoşlamıram. Düşünürəm ki, azaqlıq hissi uşaqların fantaziyalarını, özünüifadə qabiliyyətini gücləndirir. Amma uşaq bütün boş vaxtını ancaq telefonda qurdalananda nə özünü ifadə etmək ehtiyacı yaranır, nə də fantaziyası inkişaf edir.

Həyatımıza girən müxtəlif ağıllı texnoloji vasitələr təkcə bizə kömək etmir, həm də fiziki, əqli və emosional bacarıqlarımızı kütləşdirir. Yeni nəsil əqli çeviklik, emosional rəngarəglik və ifadə baxımından bizim nəslə sürətlə uduzur.

Yaradıcılığın, kəşflərin kökündə bir az da darıxmaq hissi dayanır. Darıxırsan və düşünürsən, darıxırsan və ağlına min cür şey gəlir. Açar söz budur. Min cür şeyin adamın ağlına gəlməsi üçün adam da darıxmalıdır axı. Amma sosial şəbəkələr, müxtəlif onlayn platformalardakı milyardlarla məhsul bizi darıxmağa qoymur. Darıxmırıq deyə də ağlımıza o min cür şey gəlmir...

A kişinin oğlu-qızı, müasir insan bu gün sevgilisindən ayrılır, iki gün sonra vecinə olmur. "Youtube", "Netflix", onlayn oyunlar, sosial şəbəkə qrupları, milyonlarla əlçatan əyləncə olan yerdə sevgili üçün darıxan gəlib? Elə bu dəqiqə.

Ona görə də, adam istəyir uşaqlarının emosional, əqli, fiziki bacarıqlarını bir az inkişaf etdirsin, belə tənbəlləşdirici şeylərdən uzaq tutsun.

Dünən bir gözəl ailəyə qonaq getmişdik. Əslində, dəfələrlə getdiyimiz evdi. Hər dəfə gedəndə, bizim uşaqlar da, onlarınkılar da hərəsi əlinə bir telefon alıb, saatlarla otururdular. Dünən telefonları almışdıq əllərindən, ünsiyyətdə oldular, ailənin qızı bizə pianoda ifa elədi, Nino bir az piano öyrəndi, sonra çıxıb həyətdə oynadılar, söhbət elədilər, sonra içəri keçib rəsm çəkdilər, pazl yığıdılar, böyüklərin söhbətlərinə qulaq kəsildilər. Bir sözlə, o günü keçirmədilər, yaşadılar.

Ümumiyyətlə, son ayda Nadir mütaliəsini gücləndirib, Nino hər gün onlarla şəkil çəkib, əvvəllər maraqlanmadıqları mövzularla maraqlanıblar, mənə ev işlərində kömək etməyə başlayıblar. Ən əsası, yumor hissləri güclənib ki, bu da uşağın əqli inkişafından xəbər verən ilk göstəricilərdən biridir.

Bu prosesin ən yorucu, amma bir tərəfdən də xoş tərəfi də budur ki, sən uşağa telefona limit qoyub, özün bütün günü komputerdə, telefonda ola bilməzsən. Uşaqla ünsiyyət, ona həyatı, təbiəti, münasibətləri, hissləri, analizi, doğru istiqamətdə düşünməyi - bir sözlə, yüzlərlə insani bacarığı öyrətmək, göstərmək lazımdı.

Uşaqlıqda bizi böyüdən ata-ananın, nənə-babanın, xala-bibinin əllərində telefon olmurdu. Hərəsi bizə bir şey öyrədirdi. Təbiətlə, heyvanlarla, ev-eşiklə, iş-güclə tanış edirdilər.

Nənə nağıl, baba xatirələrini danışırdı, atanın əsgərlik albomundan, ananın xatirə dəftərindən, xala-bibilərin sevgi hekayətlərindən öyrənirdik həyatı. İndi geri baxanda, görürəm ki, o kasıblığın içində belə uşaq yaddaşımda nə qədər xatirə var.

İndi zamanımın böyük bir hissəsi uşaqlarımla ünsiyyətə, onların tərbiyəsinə gedir. Bir az darıxırlar, başlayırlar müxtəlif suallar verməyə. O suallara cavab vermək, onları doğru istiqamətləndirmək lazımdır. Uşaqlıq, gənclik xatirələrimi danışıram, uşaqlığımda baş verən məzəli hadisələri danışıram, o dövrdən bəhs edirəm, arada ikisini də götürüb təbiətə çıxıram, bir sözlə, təkcə fiziki olaraq deyil, emosional və əqli olaraq da, onların yanında oluram, onların uşaqlığında iştirak edirəm.

Valideynlik elə bir şeydir ki, orda mükəmməllik deyilən bir şey yoxdu. Səhv edə-edə öyrənirsən. Uşaqla birlikdə sən də tərbiyə olunursan.

# 1452 dəfə oxunub

Oxşar xəbərlər

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

14:35 15 dekabr 2025
İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri  təqdim edildi

İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri təqdim edildi

14:05 15 dekabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsinin növbəti müzakirəsi:  Təranə Vahidin “Qarışqa təqvimi”

“Yeni ədəbiyyatı tanıyaq” layihəsinin növbəti müzakirəsi: Təranə Vahidin “Qarışqa təqvimi”

13:00 15 dekabr 2025
Xalq artisti Rəşid Behbudovun xatirəsi anıldı

Xalq artisti Rəşid Behbudovun xatirəsi anıldı

13:00 15 dekabr 2025
Gülzar Qurbanova: "36 yaşlı “YUĞ” nə vaxt bina ilə təmin olunacaq?"

Gülzar Qurbanova: "36 yaşlı “YUĞ” nə vaxt bina ilə təmin olunacaq?"

12:50 15 dekabr 2025
Rəssam Emil Əzizdən “Naxış və siluet”

Rəssam Emil Əzizdən “Naxış və siluet”

12:40 15 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər