Şuşada kulinariya festivalı – Reportaj

Şuşada kulinariya festivalı – Reportaj
11 may 2022
# 12:40

Üç gün idi ki, davam edən soyuqdəymə və narahatlığımı heç bir müalicə vasitələri ilə deyil, sırf “Şuşaya gedirsən!” cümləsi ilə ötüşdürəcəyim ağlıma da gəlməzdi. Amma oldu. Necə ki bir gecə yatıb durduq ki, haqq davamız başlayıb. Necə ki bir gecə yatıb durduq ki, ordumuz Şuşa boyda sevinci qucub artıq.

Xülasə, Azərbaycan Ordusu üzərinə düşəni edib – bizi əzəli və əbədi torpaqlarımıza qovuşdurub. İndi sıra bizdədir – media və qələm əhlində. Qarabağ və onun incisi Şuşanı 30 illik həsrətdən sonra həm özümüz təzədən dərk etməli, həm də yazıb “Bizimdir!” şəklində dünyaya dərk etdirməliyik.

Kulinariya festivalı: Şuşa deyildiyi kimi var imiş! - REPORTAJ

İlk dəfə Füzulidə

Füzuliyə çatanda səhər çoxdan açılmışdı. Bu da sevincimə ayrı bir sevinc qatırdı. Nədən ki, Şuşaya gedən yolun başlanğıcı olan Füzulidə də ilk dəfə olacaqdım, ilk dəfə görəcəkdim o Füzulini.

Qələbəmizin təməl daşlarından ən böyüyü Füzuli. Ordumuzun böyük şücaətlə keçdiyi Füzuli. Yolboyu dağıdılmış, uçuq-sökük evlər nə qədər insan taleyini özündə əks etdirir. Bu 30 ildə bu qədər nisgili, bu qədər intizarı elə ancaq daş saxlaya bilərdi, buna ancaq daş dözə bilərdi.

Ağacların, otun, gülün, çiçəyin boy göstərdiyi kəndlərin içində hər döngədə, hər addımda ağaran daşlar görünür. Hərəsi özündə bir ocaqdan, bir ailədən, bir evdən xatirə daşıyır. Bu böyük qayıdışa hərəsi bir cür sevinir.

Kulinariya festivalı: Şuşa deyildiyi kimi var imiş! - REPORTAJ

Zəfərin zirvəsinə “Zəfər yolu” ilə

Zəfər yolu...

Füzulidən başlanan yol Xocalı və Xocavənd rayonlarının da ərazisindən keçir.

Dolana-dolana Şuşaya doğru gedirik. Yolboyu yarımcan evlər, yarım qalmış talelər bizi yenə də müşayiət edir. Amma eyni zamanda, tikinti-quruculuq işləri də görünməkdədir. Yolun bir tərəfində kədər, digər tərəfində sevinc – kədər sevincə qarışıb.

Kulinariya festivalı: Şuşa deyildiyi kimi var imiş! - REPORTAJ

Hər addımda “Xoş gəlmisiniz!”

Şuşaya qədər bir neçə post keçdik və hər birində maşına yaxınlaşan əsgər və hərbi polislərimizdən eyni ifadəni eşitdik: “Xoş gəlmisiniz!”

Çanaqçı postunda da eyni isti münasibəti gördük.

Maşınımıza yaxınlaşan əsgər soruşur:

– Şuşaya ilk dəfədir, gedirsiniz, hə?

– Hə.

– Gedin, gedin, görəcək yerlər hələ qabaqdadır… (gülür)

Əsgərimiz haqlı imiş: getdikcə Şuşa özünəyaraşar mənzərəsi ilə bizə qollarını açır – dumanla. Necə deyərlər, “Şuşanın dağları, başı dumanlı”.

Sıx dumanın hərəkətimizə mane olmasını fürsət bilib, arabir maşını saxlayıb bu dumanlı, çiskinli və ən əsası isə, azad Şuşa havasından doyunca uduruq.

Yavaş-yavaş duman çəkilir, indi Şuşanın əzəmətini bütün çılpaqlığı ilə dərk edir və görürük. O dərəcədə ki, bayaqdan bəri susqun görünən operatorumuz dilə gəlir:

– Mən Lerikdə böyümüşəm, orda da belə əzəmətli dağlar var. Amma vallah, bura başqadır.

Bəli, Şuşa, tamamilə başqadır. Şuşa Azərbaycan üçün təkcə şəhər deyil, təkcə mədəniyyət mərkəzi deyil, Şuşa həm də, böyük mənada, taledir. Azərbaycanın taleyi.

“Daşaltı” yazılan lövhəni arxada qoyuruq. Və artıq önümüzdə Şuşanın mənzərəsi açıldıqca Şuşa adı ilə bağlı bütün ehtimalları beynimdən silib atıram – təkcə “Şişə: şiş qayalarla əhatə olunan şəhər”dən başqa.

Şuşa sanki dağların ovcunda bəslədiyi şəhərdir.

Kulinariya festivalı: Şuşa deyildiyi kimi var imiş! - REPORTAJ

Şuşaya festival yaraşır…

Artıq Şuşadayıq. Şəhərin içi ilə hərəkət etdikcə yaşayış işartıları hiss olunur.

Və nəhayət, deyilən yerə çatırıq – “Qarabağ” hotelinə.

Burda isə artıq biz gələnə qədər festival ab-havası çoxdan başlamışdı. Necə ki Şuşada qələbə və azadlıq havası o azad olunan gündən başlayıb.

Yavaş-yavaş özümü oradakı ab-havaya öyrəşdirirdim ki, davul sədaları altında “Kulinariya festivalı başlayır” elanını eşidirik.

Bundan sonra yazdıqlarım isə orada baş verənlərin sadəcə bir qismidir.

Birinci Beynəlxalq Kulinariya festivalında həm Azərbaycanın bölgələri, həm də dünyanın bir sıra ölkələri təmsil olunurdu. İlk diqqətimi çəkən qardaş Türkiyədən gələn aşpazlar və qida mütəxəssisləri oldu. Aşpazlardan biri dillərə dastan “Xudayar təsnifi”ni oxuya-oxuya plov çəkirdi. Plovu çəkib qurtardıqdan sonra turistə təqdim edir, turistin “Burda – pavilyonun yanında yesəm, problem olmaz ki?” sualına aşpazımız yenə də özünəməxsus cavab verir.

– Qardaş, nə problem? Problem bir Qarabağ idi, o da həll oldu, şükür!

Festivalın digər bir guşəsində isə qazilərimiz kabab çəkirdi. İfadənin gözəlliyinə bax, ilahi: Qazilərimiz Şuşada kabab çəkir… Yaxınlaşıb həmsöhbət oluruq. Döyüşlərin ən gərgin vaxtında bəzən sosial şəbəkələrdə yayılan yeyib-içmək məclislərindən danışırıq. “Bizim üçün Qarabağ müharibəsi bayram kimi bir şey idi” - deyir qazimiz. İki sözündən biri Vətən, Şuşa olan qardaşlarımıza öz payıma düşən minnətdarlığımı edib digər pavilyonlara baş çəkirəm. Elə bu vaxt Əməkdar artist Nicat Kazımovla rastlaşırıq. Bir az hal-əhval tutduqdan sonra Nicat bəylə bir yerdə “Dərviş parisi partladır” tamaşasından səhnəciyə baxırıq. Ayaqüstü Nicat Kazımovdan gələcək günlər üçün müsahibənin də sözünü alıram. Bu da bir “jurnalist manevri” olsun.

Bir az irəlidə italiyalı qonaqların pavilyonudur. İtalyan qida mütəxəssisi Şuşanın adını lap çoxdan eşitdiyini, burada olmağın isə ona yuxu kimi gəldiyini deyir. “Ən sevdiyi yemək hansı oldu?” sualına isə bir xeyli misal çəkir: dolma, plov, xaş, düşbərə, ləvəngi…

Biz pavilyondan uzaqlaşmışdıq ki, birtəhər özünü bizə çatdırıb qırıq-qırıq hecalarla deyir: Azer-bay-jan met-bexini sevu-rem!

Yavaş-yavaş qara buludların səmaya hakim kəsildiyi vaxt düşünürəm: Şuşa yuxu deyil, Şuşa indi bizim ən böyük həqiqətimizdir!

Və bu həqiqətlərdən ən böyüyü ilə üzbəüz dayanıram: Güllələnmiş heykəllərlə.

Buradadırlar: Xan qızı da buradadır, Üzeyir bəy də, Bülbül də. Cizgilərində daşıdıqları güllə yarası ilə bərabər Şuşanın bayramına, Şuşanın gülən üzünə onlar da şərikdirlər, onlar da şahiddirlər.

Festivalda həm də Azərbaycanın müxtəlif bölgələri də iştirak edir. İlk yaxınlaşdığım Cənub zonasının pavilyonu olur. Düz 5 ilim Lənkəranda keçib, zarafat gəlməsin.

Turşu qovurma, toyuq ləvəngisi, balıq ləvəngisi, boranı-plov, ləvəngi-plov, kükü… Bayaqkı qida mütəxəssisinin yeri məlum – heyrətamiz cənub mətbəxi.

Yavaş-yavaş yağış başlayır. Festival iştirakçıları ehtiyat tədbirlərini görürlər. Yeməklərin üstünü örtürlər.

Mən isə İsrail pavilyonuna yaxınlaşıram. Müharibənin ilk günündən sonunadək və bu gün də bizdən dəstəyini əsirgəməyən İsrail. Şuşanın əzəmətli coğrafiyasından, havasından, mənzərəsindən, Qarabağ mətbəxindən ağızdolusu danışır. Yekunda öz milli mətbəxlərinin təamlarından bizə də təklif edir. Təbii ki, yox demirik.

Ardıcıl olaraq, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Malayziya, Yaponiya pavilyonlarını da gəzirik. Getdikcə jurnalist həmkarlarımız da bizə qoşulur. Müxtəlif təamlar, müxtəlif mətbəxlər və müxtəlif mədəniyyətlər, amma hamısının ortaq gəldiyi qənaət: Şuşa deyildiyi kimi var imiş!

Çindən gəlmiş etnoqrafın sözü isə, yəqin ki, hər bir azərbaycanlının qürur duyması üçün kifayətdir: Şuşa ərazi olaraq balaca şəhər olsa da, onun dünya miqyası çox böyükdür.

Bəli, Şuşa bizim arzularımızdan, xəyallarımızdan da böyük şəhərdir. Və azad şəhərdir.

Naxçıvan da özünəməxsus mətbəxi ilə buradadır. Turistlərin növbəsi, jurnalistlərin ard-arda sorğu-sualı onlarla həmsöhbət olmağıma mane olur. Amma olsun. Bu festival axarıncıdır axı…

Festival öz axarı ilə davam etdikcə arabir elə meydanın ortasındaca hansısa məşhur tamaşadan səhnəciklər göstərilir. Gah arşın malçı o yan-bu yana qovalanır, gah Məşədi İbad hambalı ilə yaxalaşır, gah da ki, o boyda Paris bir uzunsaqqal dərvişin ümidinə qalır.

Kukla teatrının tərkibindəki uşaq dərnəyi də festivalda təmsil olunur. Maraqlı bir səhnəcik göstərdikləri yerdə yağış daha da şiddətlənir. Amma onlar tamaşanı bitirməmiş yağışdan çəkilmirlər. Və nəhayət böyük şücaətdən sonra tamaşa bitir. Qazilərimizdən biri yaxınlaşıb uşaqları öpür və öz pavilyonlarına tərəf aparır. Mən də onlara qoşuluram. Uşaqlar dövrə ilə manqalın ətrafında dayanıb əllərini qızdırır.

Bu arada isə qazi aşpazlarımız onlara kabab təklif edir…

Uşaqlardan biri ilə həmsöhbət oluram. “Ən sevimli qəhrəmanın kimdir?” sualına tərəddüdsüz “Polad Həşimov” – deyə cavab verir.

Yağış şiddətini daha da artırır. Artıq açıq havada hərəkət mümkünsüz hala gəlir. Pavilyonlar istəməsələr belə, günə yekun vurmalı olduqlarını başa düşürlər. Biz də öz növbəmizdə yığışırıq.

Kulinariya festivalı: Şuşa deyildiyi kimi var imiş! - REPORTAJ

“Qarabağ” hotelindən açılan mənzərə

Yağış nə qədər şiddətlənsə də, festival iştirakçılarının bir qismi əyləncələrindən qalmır.

“Yallı” sədaları altında meydanın mərkəzində çalıb-oxuyurlar. Və maraqlısı odur ki, xarici turistlər də “Yallı”nı əməlli başlı oynaya bilirlər. Demək, bir neçə gündür, davam edən festivaldan onlar da artıq paylarını götürüblər.

Hotelin foyesində “Azərbaycanfilm” kinostudiyasının keçmiş direktoru Fariz Əhmədovla qarşılaşıram. Fariz bəy və komandası festivalın ilk günündən buradadırlar və ümumi çəkilişə nəzarət edirlər. Qoluma girib məni hotelin pəncərəsinə sarı çəkir.

– Nihat bəy. Bax, dadını çıxar.

Fariz bəy haqlıdır. Şuşa, “Qarabağ” hoteli və yağışlı mənzərə. Mən bunu heç xəyal belə etməmişdim.

Fariz bəy Cıdır düzündə olmadığımı bilib ora getməyi də təklif edir. Amma hava şəraitini və qayıtma vaxtımızı nəzərə alaraq, təəssüflə bu təklifi qəbul etmirəm. Həm də hələ nə görmüşük ki?! İrəlidə o boyda “Xarıbülbül” festivalımız var…

“Xarıbülbül” festivalında görüşünədək, əziz Şuşa!” deyib yola düşürük.

Şuşadan Bakıya… Adı mənəvi baxımdan bizim xəyallarımızdan da böyük olan yolla – Zəfər yolu ilə.

Şükür Zəfərimizə!

Kulinariya festivalı: Şuşa deyildiyi kimi var imiş! - REPORTAJ

# 1649 dəfə oxunub

Oxşar xəbərlər

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
“Nəşrlərin satın alınması müsabiqəsi”  elan edildi

“Nəşrlərin satın alınması müsabiqəsi” elan edildi

15:30 18 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

15:00 18 aprel 2024
Azərbaycan baleti İtaliya səhnəsində

Azərbaycan baleti İtaliya səhnəsində

14:20 18 aprel 2024
# # #