"Süni intellektin bəstəkarların işini əlindən alması qeyri-mümkündür" - Milli Musiqi Günü ilə bağlı sorğu

"Süni intellektin bəstəkarların işini əlindən alması qeyri-mümkündür" - Milli Musiqi Günü ilə bağlı sorğu
18 sentyabr 2026
# 13:45

Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur. Bu gün həm də böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bu əlamətdar gündə ölkənin tanınmış mədəniyyət xadimləri ilə dahi bəstəkarın irsi, klassik ənənələrin qorunması və müasir texnologiyanın, xüsusilə süni intellektin sənətə müdaxiləsi barədə söhbətləşdik.

Faiq Sücəddinov: "Süni intellektlə maraqlanmıram"

Xalq artisti, bəstəkar Faiq Sücəddinov söhbətə Üzeyir Hacıbəylinin Azərbaycan musiqisi üçün yaratdığı fundamental bazadan başladı.

O bildirib ki, bu gün bəstəkarlıq məktəbi deyilən bir anlayış varsa, bu məhz Üzeyir bəyin zəhmətinin bəhrəsidir:

"Üzeyir bəy Azərbaycanın görkəmli bəstəkarı, yazıçısı, dramaturqu, tənqidçisi və ən əsası, pedaqoqu olub. Azərbaycan Dövlət Konservatoriyasının və milli bəstəkarlıq məktəbimizin qurucusu məhz odur. O, çox xeyirxah insan idi. Böyük bir bəstəkarlar nəslinin Rusiyada və xaricdə təhsil almasında Üzeyir bəyin əvəzsiz köməyi olub. O, eyni zamanda ilk xalq çalğı alətləri orkestrinin yaradıcısıdır. Ümumiyyətlə, mədəniyyətimizdə nə varsa, hamısı Üzeyir bəylə bağlıdır. Çünki o birincidir, bizim mayakımızdır. Biz ona borcluyuq; bugünkü həyatımızda gözəl musiqi ilə məşğul ola biliriksə, bu, onun varlığı sayəsindədir. Yenə də qeyd edirəm, istər konservatoriya, istər bəstəkarlıq məktəbi, istərsə də səhnə mədəniyyəti birbaşa Üzeyir bəyin adı ilə bağlıdır. 1885-ci ildə doğulan Üzeyir bəyin xatirəsini biz bu gün də böyük ehtiramla anır, onun ad gününü qeyd edirik.

Mətbuatımız, radio və televiziyalarımız mütəmadi olaraq onun əsərlərini səsləndirir, musiqişünaslarımız bu irsdən bəhs edirlər. Mən yeganə bəstəkaram ki, Rauf Hüseynovun sözlərinə Üzeyir bəyə həsr olunmuş üçhissəli "Üzeyir ulduzu" simfonik əsərini yazmışam. Həm musiqisi, həm də sözləri birbaşa ona həsr edilən bu əsər ilk dəfə 2025-ci ildə Filarmoniyada səslənib. Demək istədiyim odur ki, nə qədər Azərbaycan var, Üzeyir bəyin adı çəkiləcək və musiqisi daim səslənəcək".

Faiq Sücəddinov – 27 Mart, 2024 – Biletlər – iTicket.AZ

Müasir dövrün ən çox müzakirə olunan mövzularından biri olan süni intellektə gəldikdə isə bəstəkarın mövqeyi birmənalıdır. O, texnologiyanın notları düzə biləcəyini, lakin heç vaxt həqiqi yaradıcılıq prosesini əvəz edə bilməyəcəyini vurğulayır:

"Qəlbimdə o qədər musiqi var və mən özümə o qədər güvənirəm ki, süni intellektlə maraqlanmıram. Bilirəm ki, belə bir texnologiya var, lakin bu gün yaranan bir çox musiqilər kimi o da yadda qalmır. Adı üstündədir – süni. Necə yaranırsa, elə də süni səslənir, ona yazılan sözlər də sünidir. Mənə elə gəlir ki, onun musiqidə yeri və yaşamaq şansı yoxdur. İnsanlarımız həmişə gözəl musiqi eşidiblər; əsl və gözəl musiqi daim qalacaq, süni musiqi isə yox.

Məsələn, 1992-ci ildə "Vətəndən pay olmaz" əsərini yazmışam. Üzərindən 30 ildən çox vaxt keçib, amma bu gün də səslənir, bu gün də aktualdır və 100 ildən sonra da aktual olacaq. Yaxud üçhissəli "Zəfər" simfonik poemasını yazmışam. Nə qədər Azərbaycan var, "Zəfər" sözü tariximizə yazılacaq, çünki biz tariximizin ən şanlı günlərini yaşadıq. 2002-ci ildə "Neylərsən?", 1993-cü ildə "Kaman", 1994-cü ildə "Gizlicə darıxmışam", 1986-cı ildə "Yarpaqlara nəğmə qonub" və s. Bu mahnılar müxtəlif vaxtlarda yazılsa da, bu gün də səslənir. Musiqi elə olmalıdır ki, yaddaşlarda qalsın. Musiqi məhz bunun üçündür. Biz öz musiqimizlə, öz sənətimizlə fəxr etməliyik. Hər bir bəstəkar, hər bir yaradıcı insan düşünməlidir ki, onun yaratdığı musiqi uzunömürlü olsun.

Səadət Təhmirazqızı: "Bu gün televiziyalarda musiqi təbliğatı düzgün aparılmır"

Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızı diqqəti Üzeyir Hacıbəyli irsinin dövlət səviyyəsində təbliğinə yönəldib. O, hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının və bu istiqamətdə çap olunan yeni nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirir:

"Üzeyir bəyin irsi çox yüksək səviyyədə qorunur. Azərbaycan musiqi elmində "üzeyirşünaslıq" adlı bütöv bir qol yaranıb. Bu gün üzeyirşünaslığı təmsil edən, başda akademik Zemfira Səfərova olmaqla, çox hörmətli musiqişünaslarımız var. Onlar bu irsə daim öz töhfələrini verirlər. Müxtəlif illərdə Üzeyir bəy haqqında kitablar nəşr edilib. Hər il, demək olar ki, məhz Milli Musiqi Günündə Üzeyir Hacıbəyli irsi ilə bağlı yeni nəşrlər işıq üzü görür, musiqişünaslarımız onun irsini daim tədqiq edirlər.

Ən başlıcası isə dövlətimiz Üzeyir Hacıbəyli irsinə qarşı çox diqqətlidir. Bildiyiniz kimi, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 18 sentyabr – Üzeyir bəyin doğum günü Milli Musiqi Günü kimi qeyd olunmağa başlandı. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Artıq XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına start verilib və hər il bu festivalda yeni bir hadisə yaşanır. Məsələn, builki yenilik Türk Dünyası Bəstəkarlarının I Qurultayının keçirilməsidir. Bu gün o qurultayın açılışı oldu; tədbir axşam Filarmoniyada, sabah isə Bəstəkarlar İttifaqında davam edəcək.

Daha bir vacib məsələ Heydər Əliyev Fondunun "Üzeyir dünyası" layihəsidir. Bu layihənin rəhbəri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevadır. Heydər Əliyev Fondu tərəfindən Üzeyir bəyin əsərləri vaxtaşırı olaraq yenidən çap və nəşr olunur. Əlbəttə, irsi gələcək nəsillərə ötürmək üçün kitabları hər dəfə yeniləmək lazımdır. Düzdür, indi internetdə elektron variantlar da paylaşılır, amma kitabın ən önəmli cəhəti onun gözümüzün qarşısında, əlimizin altında olmasıdır. Vaxtaşırı olaraq Üzeyir bəy haqqında məqalələr yazılır, kitablar nəşr olunur. Bayaq qeyd etdiyim kimi, mənim də bu il Üzeyir bəyin irsinə daha bir töhfəm var. Biz bunu özümüzə mənəvi borc sayırıq. Bir sözlə, bu iş çox yüksək səviyyədə təbliğ və təmsil olunur. Düşünürəm ki, bu, elə Üzeyir bəyin dahiliyindən irəli gəlir. O elə bir dühadır ki, ruhu nəsildən-nəslə öz əməlləri ilə yaşayır. Bu əməlləri yaşatmaq isə təbii ki, bizim mənəvi borcumuzdur.

Musiqişünaslığa yeni töhfə - Səadət Təhmirazqızı yazır

O, televiziyalarda musiqi təbliğatı düzgün aparılmadığını qeyd edib:

"Böyük bəstəkarlarımızın əsərləri bu gün də yaşayır. Yeni gələn bir nəsil və yeni bir nəfəs var. Mən arxiv materialları üzərində çox işləyirəm, ötən əsrin bəstəkarlarının, elm və incəsənət xadimlərinin səs yazılarına qulaq asıram, arxiv sənədlərini oxuyuram. Ötən illərdə də müəyyən aktual problemlər olub. Məsələn, Niyazi öz çıxışlarının birində "bu bayağı mahnılardan uzaq olaq" deyirdi. Əgər XX əsrin 80-ci illərində bayağı mahnılar olubsa, 2026-cı ildə də belə halların olması mənə təəccüblü gəlmir.

Sadəcə olaraq, zövqləri formalaşdırmaq üçün təbliğatın çox böyük rolu var. Bu gün televiziyalarda musiqi təbliğatı düzgün aparılmır. Hamı maddiyyata söykənir; kimlərsə hansısa vasitə ilə, sponsor dəstəyi ilə verilişlər açır. Amma bu məsələlərə daha dərindən baxılmalıdır: bu verilişi aparan, onu idarə edən kimdir? Hansı sənətə qulluq edir və verilişin mahiyyəti nədir? Bu məsələlərdə bir az qarışıqlıq var, lakin düşünürəm ki, zaman hər şeyi öz süzgəcindən keçirəcək. Yenə də əsl sənət öndə qalacaq. Tərəzinin bir gözünə əsl sənəti, digərinə isə bayağı sənəti qoysaq, təbii ki, bayağı sənət öz mahiyyətini itirəcək və heç yadda da qalmayacaq. Bayaq adlarını çəkdiyiniz bəstəkarların isə həm mahnıları, həm əsərləri, həm də adları yaşayır və həmişə də yaşayacaq. Ona görə də mən hansısa geriləmə fikrini qəbul etmirəm. Düşünmürəm ki, hansısa bayağı sənətçi gəlib klassik sənəti ötüb keçə bilsin; bu, heç vaxt ola bilməz. İstedadlı insanlar elə əsərlər yaradıblar ki, onlar əbədi yaşayır".

Müasir dövrün keçici trendləri haqqında danışarkən S. Təhmirazqızı qeyd edib ki, əsl sənət heç vaxt dəbdən düşmür:

"Süni intellektin bəstəkarların işini əlindən alması isə qeyri-mümkündür. Çünki süni intellekt sadəcə bir texnikadır. Sənət isə elə bir şeydir ki, o, mütləq canlı şəkildə həyata keçirilməlidir. Əgər sənətin içində nəfəs yoxdursa, inanın ki, o heç vaxt yaşamayacaq. Bunu kitabın elektron və çap variantları üzərindən özünüz də müşahidə edə bilərsiniz. Oturun, bir kitabı elektron formatda oxuyun, sonra isə orijinalını, çap versiyasını qarşınıza qoyub oxuyun. İnanın ki, o orijinal kitabın özünün xoş bir ətri var və o ətir burnunuzda qalacaq. Gözünüzün gəzdiyi hər bir səhifə, hər bir sətir və abzas yaddaşınıza həkk olunacaq. Amma elektron variantdan siz bu gücü ala bilmirsiniz. Öz üzərinizdə tətbiq etsəniz, bunun belə olduğunun şahidi olarsınız.

Kiminsə süni intellektlə nəsə hazırlayıb paylaşması onun şəxsi işidir, heç kimin hüququnu əlindən almaq olmaz. Lakin obyektiv və dərindən yanaşdıqda aydın olur ki, süni intellekt özü heç nə yarada bilməz. O, mövcud olan nəyinsə əsasında nəsə edir; istedadlı insan isə yoxdan sənət yaradır".

Elza Seyidcahan: "Bəzən süni intellekt vasitəsilə səsi qeyri-təbii olaraq beş, altı, hətta yeddi oktavaya qədər dartıb uzadırlar"

Elza Seyidcahan: "10 ildir festivallara eyni adamları çağırırsınız"

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan isə sənətin estetik və emosional tərəflərinə toxunaraq, sosial media məşhurluğu ilə peşəkar musiqi arasındakı uçurumu şərh edib. Onun fikrincə, bu gün kütləviləşən və sürətlə yayılan "musiqi parçaları" sənət deyil, sadəcə gündəlik istehlak məhsuludur:

"Gözəl bəstəkar mahnılarına maraq bu gün də var və yeni əsərlər bəstələnir. Ancaq biz təkcə sosial şəbəkələrə baxıb vəziyyətə qiymət verə bilmərik. Televiziya kanallarına, xüsusən də dövlət kanallarımıza, "Mədəniyyət" kanalına baxsaq, görərik ki, orada opera, rəqs və caz musiqiləri çox gözəl şəkildə təqdim edilir. Mən başa düşürəm, siz bu sualı sosial şəbəkələrdəki mənzərəyə əsaslanaraq verirsiniz. Lakin yalnız sosial şəbəkələrlə nəticə çıxarmaq düzgün deyil. Bu gün Azərbaycan musiqisi dünyada tanınır, müxtəlif ölkələrdə mədəniyyət günlərimiz keçirilir və sənətimiz yüksək səviyyədə təmsil olunur.

Mən Bəstəkarlar İttifaqının üzvü kimi deyə bilərəm ki, Milli Musiqi Günü ərəfəsində (21 sentyabrda) və digər bayramlarda hər zaman tədbirlər, konfranslar keçirilir. Həm klassik dahi bəstəkarlarımızın, həm də gənclərin yeni əsərləri, eləcə də kitabları təqdim olunur. Biz Bəstəkarlar İttifaqının sədri, dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadənin təşəbbüsü və dəstəyi ilə "Şuşa musiqidə" layihəsi çərçivəsində Şuşaya, eləcə də Laçına səfər edərək kitablarımızın təqdimatını keçirdik. Artıq neçə ildir ki, Üzeyir Hacıbəylinin anadan olduğu gün Milli Musiqi Günü kimi qeyd edilir və bu çərçivədə Rəhman Qədimov, Məmməd Cəfərov, Elnarə Dadaşova, Asəf Zeynalov, Mehriban Əhmədova, Firəngiz Babayeva, İlham Azmanlı, Ülvi Ağayev, Məmmədağa Ümidov kimi yaşlı və orta nəsil bəstəkarların əsərləri səslənir. Mən bu yaxınlarda Konservatoriyada gənc bəstəkarların konsertində oldum və onların da əsərlərini dinlədim. Yəni əsl ənənələr bu gün də davam edir".

Onun fikrincə, sənətçi dinləyicini öz səviyyəsinə qaldırmalıdır:

"Təbii ki, şablon mahnılara üstünlük verənlər də var; sözlər dəyişir, amma ritm eyni qalır. Lakin söhbət peşəkar estrada və mahnı janrından gedirsə, bu fikirlər ona aid deyil. Yəqin ki, siz sosial şəbəkələrdə, şou-proqramlarda və toylarda səslənən musiqiləri nəzərdə tutursunuz. Gündəm mahnıları hər zaman olub. Əvvəllər sosial şəbəkələr olmadığı üçün belə mahnılar ancaq avtobus dayanacaqlarında səslənirdi və elə orada da qalırdı. İndi isə sosial şəbəkələr vasitəsilə hər kəsin evinə daxil olur və elə təəssürat yaranır ki, guya bu mahnılara böyük ehtiyac var. Əksinə, mənə ən çox təsir edən odur ki, bəzi müğənnilər heç bir dəyəri olmayan mahnılara külli miqdarda vəsait xərcləyir, bəh-bəhlə klip çəkdirib bunu "yeni layihə" kimi təqdim edirlər. Bir şablon sözü götürüb təkrar-təkrar oxuyur və elə bilirlər ki, mahnı "tutdu". O mahnı bəlkə bir ay dinlənilə bilər, lakin ardı gəlməsə, həmin müğənni də tükənəcək. Buna görə də məcburdurlar ki, qazandıqları pulu yenidən belə bəsit mahnılara xərcləsinlər. Bunu etməsələr toylara, şou-proqramlara gedə bilməzlər.

Ancaq dinləyicini aldatmaq mümkün deyil. Əgər dinləyici 30, 40, hətta 100 il əvvəl yazılmış əsərləri sevə-sevə qoruyub bu günə qədər gətiribsə, deməli, onlara yalan satmaq olmaz. Mən bir bəstəkar kimi özümü xoşbəxt sayıram ki, 20-30 il bundan əvvəl yazdığım mahnılar bu gün də sevilir. Dinləyicilərdən tez-tez gözəl ismarışlar alıram; soruşurlar ki, "Bu əsəri hansı hisslərlə, hansı şəraitdə yazmısınız? Bu qədər gözəl bir əsər necə yarandı?". Bəzən mən özüm də bir dinləyici kimi düşünürəm: nə yaxşı ki, bizim belə dahi bəstəkarlarımız, şairlərimiz olub. Bütün bunlar böyük mənəvi ünsiyyətdən asılıdır. Zamanında Ulu Öndər Heydər Əliyev və ondan əvvəl dahi Üzeyir Hacıbəyli sənətkarların istedadını hər zaman dəyərləndiriblər. Bəstəkarlar da bu böyük şəxsiyyətlərdən ilham alaraq ölməz əsərlər yaradıblar.

Bu gün mən xalqımızın rəğbətindən, dövlətimizin diqqətindən, qəhrəman qazilərimizdən (Allah şəhidlərimizə rəhmət eləsin!) və insanların sənəti dərindən duymasından ilhamlanıram. Mən kimlərinsə xatirinə deyil, gələcək və bəşəriyyət üçün yazıram. Kiminsə zövqünə uyğunlaşmağa çalışsaydım, o bayağı səviyyəyə çoxdan düşərdim. Amma mən özümü qorumuşam. Dahi Qara Qarayevdən bizə gözəl bir miras qalıb: "Heç vaxt dinləyicinin səviyyəsinə enməyin, dinləyicini öz səviyyənizə qaldırın".

Əməkdar artistin sözlərinə görə, süni intellekt heç vaxt milli musiqimizə kölgə sala bilməz.

"Süni intellekt heç vaxt bəstəkarın yerini verə bilməz. Əslində, süni intellekt insanları tez bezdirəcək, çünki eyni şeyi, eyni diapazonda və eyni tembrdə oxuyur. Üstəlik, bu diapazon çox vaxt süni şəkildə şişirdilir. Bəzən süni intellekt vasitəsilə səsi qeyri-təbii olaraq beş, altı, hətta yeddi oktavaya qədər dartıb uzadırlar. Halbuki canlı səs, məsələn, koloratur soprano ən çoxu üç oktavaya qədər çıxa bilir. Bu cür süni uzatmalar artıq insanları bezdirir və səs xətalarını ortaya qoyur.

Bilirsiniz, bu, xalça sənətindəki vəziyyətə bənzəyir. Əllə toxunan qədim Təbriz, Qarabağ xalçaları muzeyləri bəzəyir və illər keçdikcə dəyəri daha da artır. Bir də var mexaniki yolla, maşında toxunan süni və ucuz xalçalar; aralarında çox böyük fərq var. Yaxud fotoaparatla çəkilən şəkillə rəssamın çəkdiyi rəsmi müqayisə edək. Rəssamın əl işi heç vaxt dəyərdən düşmür, illər keçdikcə qiyməti artır. Fotoşəkil isə heç vaxt əllə çəkilən rəsmin yerini verə bilməz. Əl işi tamam başqa şeydir.

Süni intellekt də bir maşın işidir. Bəlkə də işi sürətləndirmək üçün kiməsə lazımdır. Lakin təəssüflər olsun ki, bu gün bəzi mədəniyyət ocaqlarında, restoranlarda süni intellektin hazırladığı musiqiləri səsləndirirlər. Mən harada bunu eşidirəmsə, dərhal oranı tərk edirəm və iradımı bildirirəm ki, süni intellekti bəstəkarlarımızın, xalqımızın canlı ifaları ilə əvəz etsinlər. Lap bir saz və ya tar olsun, amma bilim ki, canlı musiqidir. Canlı musiqinin yerini heç nə verə bilməz. Mən həyatımda da, sənətimdə də süniliyə önəm vermirəm. Süni insanlar üçün bəlkə də süni intellekt əlverişli ola bilər. Onun da öz yeri, öz həddi var, amma heç vaxt bizim canlı musiqimizə kölgə sala bilməz.

Bu yaxınlarda mədəniyyət nazirimiz Adil Kərimli Bəstəkarlar İttifaqındakı konfransda çıxış edərkən belə bir fikir səsləndirdi ki, süni intellektdən qorxmayın, onunla mübarizə aparın. Bu mübarizə isə dayanmadan opera, balet, kantata, oratoriya, romans və digər irili-xırdalı ciddi əsərlər yaratmaqdan ibarətdir. Mən heç vaxt həvəsdən düşməmişəm, əksinə, daha da ruhlanmışam. Bəstəkar kimi daim fəaliyyətdəyəm və süni intellektin mənə heç bir zərəri yoxdur".

# 155 dəfə oxunub

Oxşar xəbərlər

Elon Mask haqqında çəkilən film nümayiş olunacaq

Elon Mask haqqında çəkilən film nümayiş olunacaq

14:30 18 sentyabr 2026
Məşhur müğənninin mahnıları yayımdan çıxarıldı – Təfərrüatlar

Məşhur müğənninin mahnıları yayımdan çıxarıldı – Təfərrüatlar

13:40 18 sentyabr 2026
Elza Seyidcahanın şeiri "Kərkük" qəzetində dərc olundu

Elza Seyidcahanın şeiri "Kərkük" qəzetində dərc olundu

13:20 18 sentyabr 2026
İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb

İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb

13:00 18 sentyabr 2026
Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi

Ədəbiyyat məsələlərinə aid müzakirə keçirildi

12:40 18 sentyabr 2026
1064 dəfə oynanan “Vaqif”dən səssiz dəfnə qədər... - Adil İsgəndərov niyə teatrdan getmişdi?

1064 dəfə oynanan “Vaqif”dən səssiz dəfnə qədər... - Adil İsgəndərov niyə teatrdan getmişdi?

12:00 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər