“Qəvvas”ın ən güclü tərəfi sakit məqamlarla sarsıtmasıdır... İnsan özündən hara qaça bilər?

“Qəvvas”ın ən güclü tərəfi sakit məqamlarla sarsıtmasıdır...  İnsan özündən hara qaça bilər?
21 may 2026
# 10:00

Kulis.az Orxan Cuvarlının "İnsan özündən hara qaça bilər?" yazısını təqdim edir.


İlham Əzizin "Qəvvas" romanını birnəfəsə oxudum. Hərdən bu birnəfəsə sözü birmənalı qarşılanmır, çeynənmiş fikir kimi səslənir. Amma mən bu romanı məhz birnəfəsə oxudum və uzun müddət təsiri altında qaldım.

Romandan təsirlənməyimin əsas səbəbi küskün və çarəsiz insanın qürbət ellərdə rahatlıq tapmaq axtarışları idi. Mən də bu hissi dadmışam. İnsan o ruhi çək-çevirlə, daxili təlatümlə özünü oda-közə vurur, çapalayır, hər şeydən qaçmağa çalışır. Qürbətə gedən adam əvvəl-əvvəl içini, daxili aləmini də ora daşıdığını hiss etmir. Qürbət, yeni mühit, natanış insanlar qısamüddətli fərəh gətirir, amma bu aldanış çox çəkmir, sonda yenə öz burulğanında sovrulursan.

İlham bu romanın fraqmentlərini bizə zaman-zaman göstərirdi. Müəllifin "Biri var idi: Məmmədbağır", "Krossvord" və "Bahar xəstəliyi" kimi hekayələri bu tematikada bir romanın anonsu idi. Mən bilirdim ki, İlhamın bu minvalla demək istədikləri çoxdur, heç nə bitməyib, hələ yazılası çox şey, çözüləsi xeyli düyün var.

Romanın ilk səhifələrində bu təxminimin doğrulduğunu duydum.

İlqar obrazının üzləşdiyi çətinliklər, dolaşıq işlər dərin böhranla nəticələnir. Müəllif İlqarın taleyini, psixoloji vəziyyətini müxtəlif situasiyalarda naxış-naxış işləyir. Qəhrəman bu qədər qaçhaqovun içində təmizliyinin, saf günlərinin xiffətini çəkir, çirkaba batdıqca keçmişə, yaxınlarına sarı uçunur. İlqar bu çöküşü zərrə-zərrə hiss edir, bu dolaşıqdan çıxmağa çalışdıqca daha da ağlagəlməz vəziyyətlərə düşür. Heç nə onu sakitləşdirmir, içində bitmək bilməyən nigaranlığı sonlandırmır. Dərd də gələndə batmanla gəlir. Fəqət bütün bu halət, çıxılmaz situasiyalarda belə İlqar böyük qardaş kimi ayıq-sayıqlığını itirmir. O, ən çətin anında belə qardaşını bu iyrəncliklərdən uzaq tutmağa çalışır: "Cibimdəki pullar o qədər çirkli, haram idi, qardaşıma rəva görmürdüm".

İlqar qazandığı çirkli pulların hərisinə çevrilmir, gözəgörünməz bir qüvvə onu həmişə bu eybəcərliklərdən kənar saxlayır. Bəzən müsibətdən qaçış mümkün olmur. İlqar da bu acı aqibəti hər zaman duyur, bu məhzun çöküşü hər an gözləyir. O, bəlaların Sirat körpüsündə tanış əndişəylə addımlayır. Hərdən biganəlik onu burulğan kimi dərinliklərinə çəkir. İlqar hər şeydən uzaq düşür, heç nədən zövq almır, qərib bir susqunluğa bürünür, səhvləri artır və gözlənilən çöküş gün keçdikcə yaxınlaşır.

İlqarın daxili təlatümləri gündəlik qayğılarını, ötəri sevinclərini adiləşdirir. Bakıda qəhrəmanın hər günü, hər anı amanabənddir. Hər şey bir göz qırpımında baş verir, duyğuları sonadək yaşamaq, ürəkdolusu sevinmək, dərin bir kədərə qərq olmaq ona müyəssər olmur. Amma bəzi səhnələr bizə İlqarı tamam başqa pəncərədən göstərir: "Lətafət pulunu ovcunda sıxıb arxasında gizlətdi. Elə bu an hiss elədim, deyəsən, məni sevir. Bu hissdən bir az da narahat oldum".

Bəlkə də, bu qədər qarğaşanın içində İlqarı ən çox qorxudan elə budur: sevilmək ehtimalı. İnsan bəzən ağrıya, təhlükəyə, çirkaba alışır, amma sevgiyə öyrəşə bilmir. İlqar da bu hissdən ona görə narahat olur – uçuruma yuvarlandıqca əlindən tutmaq istəyənlərdən qorxmağa başlayır.

Roman boyu hiss olunur ki, qəhrəman yalnız hadisələrin içində yox, həm də öz vicdanının məhkəməsində yaşayır. Onun qaçışları coğrafi deyil, mənəvidir. İnsan özündən hara qaça bilər? İlqar hər dəfə yeni bir qapı açdığını zənn edir, halbuki eyni qaranlığın başqa otağına keçir. -

“Qəvvas”ın uğuru həm də bundadır ki, müəllif böyük sözlərin arxasına sığınmır. Burada pafos, süni dramatizm yoxdur. Hər şey həyatın içindən gəlir: yorğun adamlar, yarımçıq talelər, gecikmiş peşmanlıqlar, vaxtında deyilə bilməyən sözlər…

İlham Əziz insanın içində yığılıb qalan o səssiz yorğunluğu yaxşı tanıyır. Romanın bir çox yerində qəhrəmanın susqunluğu daha ağır təsir bağışlayır.

“Qəvvas” mənə görə yalnız qürbət, mənəvi çöküş romanı deyil. Bu, həm də insanın öz təmizliyini itirməmək uğrunda son ana qədər vuruşmasıdır. İlqar bəlkə də həyatın dibinə enir, amma müəllif onun içindəki son işığı tam söndürmür. Elə romanın ən ağır və təsirli tərəfi də budur: "Lampa işığı, anamın lampa işığında sezilən yorğun üzü, atamın zəhmli siması, avqustun gecəyə doğru sərinləşən havası, ev yeməyi nə üçünsə birdən məni kövrəltdi. Başa düşdüm ki, çox yorulmuşam".

İnsan bəzən ən ağır yorğunluğunu məhz belə anlarda anlayır: sakit bir evdə, tanış işığın altında, valideyn üzünə baxanda… Müəllif nostalgiyanı süni şəkildə böyütmür, bir neçə detal ilə bütöv uşaqlıq hissini dirildir. İlqarın yorğunluğu fiziki deyil. Bu, insanın içində illərlə yığılan, ağırlaşan ruhi yorğunluqdur.

Zənnimcə, “Qəvvas”ın ən güclü tərəfi oxucunu aşkar faciələrlə yox, sakit məqamlarla sarsıtmasıdır.

Roman boyu İlqar gah Bakı küçələrinin səs-küyündə, gah Ufanın soyuq və yad havasında özünə yer axtarır. Amma hər dəfə gəlib eyni dalana dirənir. Onun axtardığı şey pul, uğur və ya qeyri bir şey deyil. O, içində çoxdan itib-batmış, öləzimiş, uzaq düşdüyü bir hissin – evə dönüş hissinin arxasınca gedir.

Bütün bu nizamsız duyğuların, hadisələrin mərkəzində İlqar sonadək evindən uzaq düşən heç kəsə etibar edə bilmir: "Amma birdən fikirləşdim, evindən üç min kilometr uzaqda kiməsə pul atan adam yazıq olmaz".

İlham Əziz roman boyunca evə dönüş motivini hay-küylə yox, sakit detallarla gücləndirir. Elə buna görə “Qəvvas” oxucunu yormur, əksinə, yavaş-yavaş içinə çəkir. Müəllif qəhrəmanın ağrısını nümayiş etdirmir, onu hiss etdirir. Oxucu İlqarın qorxularını müşahidə etmir, onunla birlikdə məyus olur, kədərlənir.

Romanın adı da təsadüfi seçilməyib. İlqar həyatın qaranlıq, məchul nöqtələrinə enən qəvvasdır. O diblərdə insan tamamilə yox ola, ya da uzun axtarışlardan sonra özündən nəsə tapa bilər.

Romanın sonunda İlqar evə dönür. Bu dönüş nə triumfdur, nə də hər şeyin birdəfəlik düzəlməsi. Bu, insanın başlanğıcına qayıdışıdır.

İlqarın nəzir verməsi də mənə görə romanın ən sakit, amma ən ağır məqamlarından biridir. O nəzir təkcə dini bir jest deyil, qəhrəmanın içində qalan son ülvi, pak hisslərə tutunmaq cəhdidir.

Elə buna görə “Qəvvas”ın finalı uzun müddət yadda qalır. İlham Əziz görkəmli final səhnələri qurmağa çalışmır. Roman boyunca İlqarı qarabaqara izləyən kədər ilğımı finalda yeni, işıqlı bir ümidlə əvəzlənir.



# 67 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 25 məşhur saxlanıldı

Türkiyədə 25 məşhur saxlanıldı

10:08 21 may 2026
Adamları öldürüb ssenari qurdular - Yazıçılardan ibarət cinayətkar dəstə

Adamları öldürüb ssenari qurdular - Yazıçılardan ibarət cinayətkar dəstə

18:40 20 may 2026
Pikassonun nifrət və sevgi qazanan əsəri: "Avinyon qızları"nın sirri nədədir?

Pikassonun nifrət və sevgi qazanan əsəri: "Avinyon qızları"nın sirri nədədir?

16:10 20 may 2026
Beynəlxalq Buker Mükafatının qalibi açıqlandı

Beynəlxalq Buker Mükafatının qalibi açıqlandı

15:22 20 may 2026
“Rənglərin dialoqu”  adlı sərgi açıldı

“Rənglərin dialoqu” adlı sərgi açıldı

15:07 20 may 2026
WUF13-də yol göstərənlər - Fotolent

WUF13-də yol göstərənlər - Fotolent

14:18 20 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər