Pul ehtirası alovlandırır - Rəşad Məcid yazır...

Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

29 iyun 2022
# 15:40

Kulis.az Rəşad Məcidin status-esselərini təqdim edir.

XXX

907-ci düzəlişin yenidən dondurulması yox, ləğvi super dövlətin öz tarixi səhvini etirafı olardı, reallıqla, güclə, həqiqətlə barışmasını, Azərbaycanın haqq işinə dəstəyi, ikili standarta son qoyulmasını təcəssüm etdirərdi.

XXX

Azərbaycan Prezidentinin Özbəkistana səfəri kifayət qədər yüksək səviyyədə keçir. İki xalqın doğmalığından qaynaqlanan səmimiyyət və emosionallıq hər addımda hiss olunur. Xüsusən Özbəkistanda yaşayan azərbaycanlıların - əslən Şuşadan olan yazıçı Əli Nəzərlinin və məhəllə rəisi, şəkili xanım Mehriban Ziyadxan qızının çıxışları bir çox kövrək və təsirli məqamla yadda qaldı.
İmzalanan müqavilələr isə Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcından xəbər verir.

XXX

Onda biz gənc idik...

lll

Həqiqət ziyanlıdır...

XXX

Söz yavaş-yavaş sıradan çıxacaq. Şəkillər danışacaq.
Gənclər influenser olmağa can atacaqlar...

XXX

Hər şey əyandır; kimin nə yazacağı, nə deyəcəyi...

XXX

"Quru" yerdən çempion çıxmaz.

Mini futboldakı qələbənin səbəbi, kökü barədə idman jurnalistləri araşdırma aparmalıdırlar. Çempionluğa gətirən yollar, futzala və mini futbola gizlin, təvazökar maraq, həvəskarlar arasında mini futbola isti münasibət - bunlar təhlilə gələn, araşdırılması vacib məsələlərdir.
Yeri gəlmişkən, deyir həvəskarlar öz aralarında bu futbolu "dır-dır" adlandırırlar...

Hətta bəziləri mini futbolun - küçə, məhlə futbolunun Bakıda yarandığını da israr edirlər...

XXX

Əsəbiləşən kimi status yazmayın. Sərin su için...

XXX

Pandemiya heç nəyi dəyişə bilmədi. Mentalitet möhkəm dayandı...

XXX

Yalanı reklama qoyanda beşqat bəyənilir...

XXX

Oğlanlar hələ ki biznes obyekti deyil...

XXX

Bu gün hakim kəsilən həyat tərzi fonunda əksər insanların düşüncəsi belədir: "Səhv yaşadım..."

XXX

Pul insanları bir-birindən çox aralayıb.

XXX

1988-ci ildən, münaqişə başlayandan sonra bu yolu tez-tez gedib-gələrdim. Bu yerlərin, bu yolun, az qala, hər çuxuruna bələd idim. Arazqırağıyla gəlib Xanlıqdan sağa burulur, Həkəri çayının kənarıyla üzüyuxarı qalxırdım.

Sonuncu dəfə bu yolla 1992-ci il mayın 12-də, Şuşanın işğalından 4 gün sonra o vaxtkı iş yoldaşlarımla - "Ədalət" qəzetinin əməkdaşlarıyla birgə getmişdik. Şuşa itkisinin sarsıntısı içərisində Laçına doğru irəliləyirdik.

Yolboyu olduqca kədərli, qandonduran mənzərəyə şahidlik edirdik. Ev-eşiyindəki gümanı və gücü çatan əşyaları yüklədiyi maşınlarla qarşımızdan keçib gedən çarəsiz insanlarla rastlaşırdıq. Güləbirddən ötüb "Qayğı" qəsəbəsini keçəndə Zakiri gördüm. Ağoğlandan şax görkəmiylə tanıdığım Zakir kəndin mal-qarasını qabagına qatıb fəryad eləyə-eləyə Güləbirdə sarı gedirdi. Bu gördüklərim Ağoğlanın boşaldığının, Laçının tezliklə işğal olunacağının faciəli əlamətləri idi. Həmin gün bir neçə saat Laçında olduq, hərbçilərlə, hələ rayon mərkəzində qalıb "ev-eşiyini" çıxarmağa çalışan köməksiz insanlarla, tanışlarla görüşdük.

Cəmi beş gün sonra hərbi diktorun güllə kimi açılan ikicə kəlmə sözü yaddaşıma əbədi həkk olundu: "Laçın itirilmişdir".

... İndi otuz ildən sonra qəhrəman hərbçilərimizin, igid əsgərlərimizin azad etdikləri bu torpaqlardan keçib yenidən Laçına, doğulduğum Ağoğlan kəndinə gedirəm.

XXX

UNEC rektoru Ədalət Muradovun təşəbbüsü, Prezidentin Qarabağ üzrə nümayəndəsi Emin Hüseynovun dəstəyi ilə Ağdama səfər etdik. 1 nömrəli məktəbin tanışmış məzunu, AMEA-nın müxbir üzvü Rafiq Əliyevlə, Xalq artisti Mənsum İbrahimovla və digər ziyalılarla birlikdə düşmənin viran qoyduğu doğma şəhərimizin xarabalıqları arasında dərin sarsıntı içərisində gəzdik. Xəyalımızdakı Ağdamı yada saldıq, gələcək Ağdamı düşündük.

XXX

Robotlara maraq qısamüddətli olur...

XXX

"Ədibin evi"nin həyata keçirdiyi maraqlı bir layihə çərçivəsində Əbdürrəhim bəy Haqverdiyevin "Mütrüb dəftəri" hekayəsini oxudum. Həmkarım Günay Malikqızı isə Abdulla Şaiqin "Tülkü Həccə gedir" əsərini səsləndirdi.

Ədəbiyyatın təbliği, mütaliəyə təşviq baxımından çox gərəkli olan bu layihənin təşkilatçılarına, xüsusən Şəfəq xanım Mehrəliyevaya dərin təşəkkürümü bildirirəm.

Bu da"Mütrüb dəftəri"ndən bir parça:

"...Deyirlər, gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına "mütrüb" dəftəri deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi?

Sabah da gələcəklər ki, gəlin arvadlarınızın adlarını yazdırın!

Canım rusun biri niyə mənim arvadımın adını bilsin?

Doğrusu, biz bu mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik.

Buna araba ilə dovşan tutan rus deyirlər.

Bu gün uşaqlarımızı dəftərə yazacaq, bir neçə ildən sonra gəlib hamısını yığıb saldat aparacaq..."

XXX

Ağdamı yarım milyonluq şəhərə çevirə bilərikmi?!

20 il öncə "525-ci qəzet"də "Yeni paytaxt ehtiyacı" adlı yazı yazmışdım, bu mövzuda müzakirə açmışdıq. Ziyalılar, millət vəkilləri, mütəxəssislər yeni paytaxtın inşasının çox gərəkli olduğunu söyləmiş, maraqlı təkliflər səsləndirmişdilər. O təkliflər içərisində yeni paytaxtın Qarabağa yaxın ərazidə salınması xüsusilə diqqət çəkmişdi. Neft bumu öncəsiydi, tezliklə ölkəyə axıb gələcək böyük vəsaitlərin hara yönəldilməsi ciddi maraq doğururdu.

O vaxtlar ANS televiziyasında bu sahənin mütəxəssisi olan inşaatçı-alimlə debata da çıxmışdıq. Onun bir sözü indiyədək yadımdadır: "Abşeron yarımadasında dörd milyon adamın məskunlaşması mümkündür".

Mən isə demişdim ki, artıq Abşeron yarımadasında dörd milyona yaxın insan məskunlaşıb. Demək olar, ölkənin yarısı paytaxtda yaşayır.
İndi isə Bakı lap yüklənib.

Paytaxt artıq bu qədər yükə dözmür. Bakıda tikintilər belə davam etsə, bir azdan vəziyyət daha çətin olacaq.

Paytaxtdakı sıxlığın qarşısını almaq üçün nazirliklərin, universitetlərin regionlara köçürülməsinin vacibliyi barədə indi də tez-tez fikirlər səsləndirilir.
Çox şükür ki, torpaqlarımız işğaldan azad olunub artıq, böyük quruculuq işləri başlayıb. İşğaldan azad olunmuş ərazilərdə böyük şəhər salmağın da zamanıdır. Bunun üçün hər cəhətdən ən uyğun yer isə, sözsüz ki, Ağdamdır. Ağdam ərazisində 500 minlik şəhər salınması heç də xülya deyil, gerçəkləşməsi mümkün olan məsələdir. Ötən əsrin 30-cu illərində də Ağdamın daha geniş inkişaf etdirilməsi barədə düşünülüb və bu, gələcək təhlükələrin - məlum separatçılıq cəhdinin qarşısını almaq üçün vacib amil sayılıb.

Təsəvvür edək ki, Ağdam beş yüz minlik, daha sonra isə əhalisi bir milyona çatan şəhərdir. Onda ətrafdakı 20-30 min separatçının əriyib yoxa çıxması da təbii prosesə çevriləcək. Üstəlik, paytaxtdakı sıxlığın xeyli azalmasına, ümumi tərəqqiyə xidmət edən gözəl, ən müasir tipli yeni bir şəhər - sabahın Ağdamını qazanmış olarıq...

XXX

Pul səviyyəsiz adamların əlinə keçdi və funksiyasını dəyişdi.

XXX

Əndrəbadi şeirlər...

XXX

Sözündən dönməmək, dediyini demək, əzmkarlıq, inadkarlıq əvvəl bezdirsə də, axırda təbəssüm qarışıq rəğbət doğurur...

XXX

Keçmişdən, elə gələcəkdən də gözünüzü yığın...

XXX

Yazıq müəllimlər. Sağdan keçən də danlayır, sola dönən də.
Bir yandan da texnologiyanın yaratdığı problemlər.

XXX

Deyir, uzun ömürə dözmək hər adamın işi deyil...

XXX

Pul ehtirası alovlandırır.
Qucaqladığı da pul idi.

XXX

Dünya boşalacaq...

XXX

Yaxşı ki sosial şəbəkələrdə "Baxdı, bəyənmədi" işarəsi yoxdur. Yoxsa qan düşərdi...

# 544 dəfə oxunub

Oxşar xəbərlər

# # #