Professor Məhəmməd Savaş Kafkasyalı əsil-kökü ilə Azərbaycana bağlı ziyalıdır. Onun babası 1930-cu illərdə Sovet rejiminə qarşı qaçaq hərəkatının fəal iştirakçısı olub, təqiblərdən qurtulmaq üçün Türkiyəyə mühacirət edib.
Savaş bəy beynəlxalq münasibətlər sahəsində ali təhsil alıb, hazırda Kırıkkale Universitetinin İqtisadi və İdarəetmə Elmləri Fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Ədəbiyyat və mədəniyyət mühitində yetişən Savaş Məhəmmədin maraq dairəsi təkcə beynəlxalq münasibətlərlə məhdudlaşmır – o, həm də ədəbiyyata, tarixi-mədəni yaddaşa yönəlmiş publisistik yazıları ilə seçilir.
Kulis.az müəllifin Azərbaycan coğrafiyası və kimliyi üzərindən çağdaş dünyanın mənzərəsinə yönəlmiş fərdi-subyektiv baxışını əks etdirən "Şir və düymə" yazısını təqdim edir.
Bizi təmsil etdiyini, edəcəyini, bizimlə bağ qurmağa vasitə olacağını, bizimlə əriş-arğac iç-içə keçəcəyini bildiyimiz üçün uşaqlarımıza öz düşüncələrimizə, məqsədlərimizə, dəyərlərimizə uyğun ad qoyuruq.
Zaman-zaman düşüncələrimizi, məqsədlərimizi, duyğularımızı gizlətmək üçün əslindən fərqli, ya da aldadıcı adlandırmalarımız və ifadələrimiz olur, ancaq adlar da düşüncə və dəyərlərimizin düymələri kimidir, yerinə bağlanacağı şəkildə gerçək olur.
Uşaqlarımız bizim təmsilçilərimizdir, təmsilçilərimizin bizi – bizim xasiyyətlərimizi göstərməsini, aşkara çıxarmasını istəyirik. Bizi təmsil edən simvollar da belədir.
Qoyulan adın öz mahiyyətinə uyğunluğu və gerçəkliyi adı qoyanın və simvolu təyin edənin nə qədər azad olduğuna, həm də şüuruna bağlıdır.
Millətlərin özlərini təmsil etmək üçün seçdiyi heyvanlara baxdıqda, hər hansı millətin seçdiyi simvolun nələri ifadə etdiyini, nələri göstərmək istədiyini və ya özünün seçmədiyi simvolların nə üçün mənasız və məcburi olaraq başqa mənalarla yükləndiyini görmək mümkündür. Məsələn, türk millətinin simvolu qurddur. Qurdun daşıdığı özünəməxsus xüsusiyyətlər müşahidə edilmiş, türk xalqının xarakteri ilə üst-üstə düşdüyü müəyyən olunmuş və bu səbəbdən qurd təmsilçi seçilmişdir. Bozqurd türk millətinin özünün müəyyənləşdirdiyi və həm öz kimliyini anlatması, həm də onu özü ilə əlaqələndirilməsi üçün ən qədim zamanlardan bəri istifadə edilir.
İngilislərin heyvan simvolu şirdir. Bu simvol çox qədim zamanlara dayanmasa da, ingilislər heyvanlar aləmində ən güclü varlıq sayılan şiri özlərini təmsil etmək üçün seçmişlər. Kral I Henri, Anjou qrafı Jofrua Plantagenet və Kral II Henri öz gerblərində istifadə etdikdən sonra şir kral ailələrində əsas simvol olaraq istifadə edilmişdir. Şir ingilis millətinin həm dövlət olaraq güclü olduğunu göstərmək, həm də gücün rəmzi kimi özününkülərə inam vermək, düşmənlərinə isə canına qorxu salmaq məqsədilə istifadə olunmuşdur. Bu simvol Yaxın Şərqdə müsəlmanlara qarşı savaşan “Richard the Lionheart” (Şir ürəkli Riçard) vasitəsilə daha da məşhurlaşmışdır.
Fransızların milli heyvan simvolu isə xoruzdur. Lakin xoruzun fransız düşüncəsində yer tutmasının və simvola çevrilməsinin səbəbi Roma dövründə Fransa torpaqlarına və franklara “Gallus” deyilməsi, bu sözün eyni zamanda latınca “xoruz” mənasını verməsidir. Fransızlar özlərini təmsil etmək, öz xasiyyətlərini göstərmək və bu simvolla öz kimliklərini əlaqələndirmək üçün seçimi özləri edə bilmədiklərindən, xoruza mifoloji və əfsanəvi xüsusiyyətlər vermişdirlər. Onlar xoruzu hər səhər günəşin doğuşunu, qaranlığın sonunu xəbər verən, beləliklə aydınlığı gətirən bir varlıq kimi tanıyaraq xoruz simvoluna daha möhkəm bağlanmışlar.
Napoleon aydınlanmağı – maariflənməyi təmsil etsə də, fransızları güclü göstərmədiyi üçün xoruz simvolunu dəyişmişdi, lakin Napoleondan sonra xoruz simvolu yenidən qaytarılmışdır.
Ad qoyarkən və ya qoyulmuş adları dəyərləndirərkən yalnız təkqatlı düşünməməyin vacibliyi, tək bir baxış bucağından yanaşdıqda bütöv mənzərənin görünməyəcəyi yaddan çıxarılmamalıdır.
Bir əşyaya, hərəkətə və ya hissə verilən adlar, yəni sözlər, hətta xüsusi adlar lay-lay təhlil edildikdə həm ad qoyanın düşüncə tərzi, həm də niyyəti aydın ola bilər. Əslində, ad qoyanın düşüncəsinin nə qədər azad olub-olmadığı çox vaxt verdiyi adlardan və təyin etdiyi rəmzlərdən başa düşülür.
İsrailin İrana qarşı başlatdığı “Yüksələn şir” əməliyyatını və onun keçdiyi prosesi anlamaq bu ad əsasında çoxqatlı təhlillə mümkündür. Anlamaq istəyənlər yalnız bağını, bağlantısını, uyğunluğunu qurmaqla anlaya bilər və əslində anlayır. Çünki olan və hər edilən şeyin mütləq başqa şeylərlə bağı və bağlantısı vardır.
Heç bir əməl, heç bir hərəkət, heç bir hiss, heç bir hal tamamilə bağlantısız, əlaqəsiz ola bilməz. Maraq, bağ, bağlantı quraraq edilənlər, baş verənlər gizlədilməyə cəhd olunsa belə, bu bağları, bağlantıları tamamilə gizlətmək olmur. Bu bağlantılar diqqətlə baxanda görünür və onların mahiyyəti anlaşılır.
Düşünmək – əlaqə qurmaqla, düyümləməklə, düymələməklə, düymələri ilgəkdən keçirməklə baş verən bir fəaliyyətdir. Daim düşündüyümüz üçün daim düyməni ilgəkdən keçiririk. Mühüm olan düyməni öz ilgəyindən keçirib-keçirməməkdir. Bir köynəyin ilk düyməsini səhv bağlayanda əvvələ qayıtmadan sonrakı düymələrin hamısını səhv ilgəklərdən keçirməli olduğumuz kimi fikirlərimizin, addımlarımızın, mövqelərimizin, siyasi və ideoloji yanaşmalarımızın ilk bağlarını səhv qurduqda və ya düyməni səhv ilgəkdən keçirəndə, sonradan bu səhvi düzəltmək çətin, bəzən də mümkünsüz olur.
Yaşadığımız, imkanları və hüdudları əvvəlcədən müəyyən edilmiş səbəblər dünyasında səbəblər əhvalın, olanların, olmayanların, edilənlərin bağları və bağlantılarıdır. Məsələn, ad qoyarkən verilən adın mütləq arzu, gözlənti, sevgi, hörmət, xatirə və ya emosiya ilə bir bağlantısı olur. Bu ad üzərində düşünməklə ad verənin niyyətini və onu seçmə səbəbini, başqa sözlə, adla bağını aşkar etmək mümkündür.
İsrail 13 iyun 2025 tarixində İrana qarşı başladığı hərbi əməliyyata “Yüksələn şir” adı verib. Bu adqoydu hadisəsindən və bu adqoydunun necə bir hərəkət oldduğundan çıxış edərək həm nə başa düşülməsinin zəruriliyi, həm də bunun necə əlaqələndirilməsi, necə düymələnməsi, düymələrinin ilgəkdən necə keçirilməsi üzərində durulmalıdır. “Yüksələn şir” ifadəsindəki şirin xatırlatdığı və düşündürdüyü çox mətləblər vardır. Onlardan birini əsas götürmək əvəzinə, gəlin hamısına tək-tək nəzər salaq:
1. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian 2025-ci il aprelin 28-də Azərbaycanın paytaxtı Bakıda keçirilən Azərbaycan-İran Ticarət Forumunda Şəhriyar təxəllüsü ilə tanınan məşhur türk şairi Məhəmmədhüseyn Bəxşeyiş Təbrizinin “Heydərbabaya salam” adlı əsərindən misralar səsləndirdi:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım ayrı düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənin tək dağa saldım nəfəsi,
Sən də qaytar göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.
Bu şeir Rusiya İmperiyası (Çar Rusiyası) ilə Qacarlar sülaləsi arasında 12 oktyabr 1813-cü ildə imzalanan Gülüstan və 10 fevral 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri nəticəsində Araz çayının sərhəd olaraq qəbul edilməsi ilə iki yerə bölünən Azərbaycanın, yəni İran ərazisində qalan Güney Azərbaycanın ayrılıq acısını dilə gətirən Şəhriyarın Heydərbaba dağına söylədiyi məşhur “Heydərbabaya salam” poemasındandır.
Şəhriyarın bu şeiri qardaşlarından ayrı düşmüş Azərbaycan türklərinin dərdini anladan, hər kəsin bildiyi, hər məclisdə və hər münasibətlə səsləndirilən bir dastana, dəfələrlə bəstələnmiş bir mahnıya çevrilmişdir.
Şeirdə şirə bənzədilən, yəni İran ərazisində qalaraq həm şimaldakı soydaşlarından ayrı düşən, həm də dara düşən türklərin fəryadı ifadə olunur. Bayquşun belə qəfəsi dar olmamalıykən, burada darda qalan bir şir var və o şir darda qaldığı üçün mürüvvətsiz insanları, bu dərdi görməyənləri haraya çağırır. Bu misralar yalnız bir şairin duyğularını deyil, bir millətin yaddaşına, tarixə və milli kimliyə köklənmiş ayrılığın acısını və çağırışını daşıyır.
2. Prezident Məsud Pezeşkian bu misraları səsləndirməklə İranın dərdini Azərbaycana və dünyaya çatdırdı. Şeirdə türklərin düşdüyü dar həbsxana olduğu üçün içindəki şirin inlədiyi İranı bir şirə bənzədərək darda qaldığını söyləyib, mürüvvətsiz insanları haraya çağırdı.
İrandan darda qalmış bir şir kimi bəhs etmək – ağladan, inlədən ayrılığın səbəbkarının da İranın üstündə və onu dara salan xarici qüvvələrin olduğunu anlatmağı və onları hədəf göstərməyi mümkün hala gətirir.
Pezeşkian 2025-ci il 29 may tarixində Omanın paytaxtı Məsqətdə İran vətəndaşları ilə görüşündə də eyni şeirin əvvəlindəki misralarını oxudu:
Heydər Baba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birimizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Bir soruşun bu qarğınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deyin keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer üzü dağılsın,
Bu şeytanlıq qorxusu bir yığılsın.
Bu dəfə “Heydərbabaya salam” poemasından ustalıqla seçilmiş bu misralar vasitəsilə vəziyyətin nə qədər ağır olduğunu, İrana bir tələ qurulduğunu, vəziyyətin getdikcə pisləşdiyini bəyan etdi.
3. “Yüksələn şir” əməliyyatının İsrail baxımından iki fərqli istiqamətdə şərh oluna biləcək mənası vardır: birincisinə görə, şir İsrail dövləti və xalqının simvoludur; ikincisinə görə isə, şir fars milləti və qurulması arzulanan yeni Fars/İran dövlətidir.
Çox yaxşı planlanmış və qətiyyən təsadüfi olmayan hədəflərə edilən hücumların ardından İsrailin Baş naziri Benyamin Netanyahu belə bir açıqlama verdi: “İsrail tarixində həlledici bir an yaşayırıq. Bir neçə dəqiqə əvvəl İsrail İranın İsrailin mövcudluğuna qarşı yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə hədəfli “Yüksələn şir” hərbi əməliyyatına başladı. Bu əməliyyat təhlükəni tamamilə aradan qaldırmaq üçün neçə gün tələb olunursa, o qədər davam edəcək”.
İyunun 13-də İsrail Nazirlər Kabineti Netanyahunun cümə axşamı günü yəhudiliyin ən müqəddəs ibadət yeri olan Ağlama Divarının (Qüdsün Qərb divarı) çatlaqlarından birinə əl yazısı ilə yerləşdirdiyi və “xalq şir kimi ayağa qalxacaq” yazılmış qeydin fotosunu yayımladı.
“Reuters”in məlumatına əsasən, “Yüksələn şir” ifadəsi İncildəki "Sayılar"ın 23:24-cü ayəsindən götürülüb: “Baxın, xalq böyük bir şir kimi ayağa qalxacaq, cavan bir şir kimi özünü dikəldəcək. Ovunu yeyənə və öldürülənlərin qanını içənə qədər yatmayacaq”.
https://www.reuters.com/world/middle-east/israel-takes-name-iran-operation-bible-verse-2025-06-13/
Bu baxış bucağı şir simvolunun İsrail üçün istifadə olunduğunu və hərəkatın adıyla nəzərdə tutulanın da İsrail xalqının yüksəlişi olduğunu ağıla gətirir.
İkinci yöndən baxanda şir perslərin/farsların simvolu hesab edilir və şirin yüksəlişi İranda mövcud rejimin devrilməsindən sonra planlaşdırılan və ya arzu edilən yeni hökumətin qurulmasına işarə edir. Bu ifadə həm də İran İslam Respublikasından əvvəl İran bayrağındakı şir fiquruna işarədir.
İsrailin Baş naziri Benyamin Netanyahu 30 sentyabr 2024-cü il tarixində İran xalqına birbaşa müraciət etdiyi çıxışında belə demişdi:
“Rejim hər keçən an sizi – əsil fars xalqını uçuruma bir addım da yaxınlaşdırır. İranlıların böyük əksəriyyəti rejimlərinin onların taleyini heç vecinə almadığını yaxşı bilir. Əgər önəm versəydi, əgər sizi düşünsəydi, Orta Şərqdə mənasız müharibələrə milyardlarla dollar xərcləməyi dayandırardı. Sizin həyatınızı yaxşılaşdırmağa başlayardı.
Rejimin nüvə silahlarına və xarici münaqişələrə sərf etdiyi o nəhəng vəsaitin uşaqlarınızın təhsilinə, səhiyyə xidmətlərinizin yaxşılaşdırılmasına, ölkənizin infrastrukturuna, su təchizatına, kanalizasiyasına və ehtiyac duyduğunuz digər sahələrə yatırıldığını bir təsəvvür edin. Bunu təsəvvür edin.
İran nəhayət, azad olduğu zaman – və bu an insanların düşündüyündən çox daha tez gələcək – hər şey fərqli olacaq. İki qədim xalqımız, yəhudi xalqı ilə fars xalqı, nəhayət, sülh içində yaşayacaq. İki ölkəmiz, İsrail və İran sülh içində olacaq.”
(https://www.timesofisrael.com/pm-to-iranians-israel-stands-with-you-youll-be-free-sooner-than-people-think/)
Netanyahunun İran xalqına müraciətində təxminən doxsan milyon insandan yalnız farslara xitab etməsi və üstəlik, “əsil fars xalqı” ifadəsini işlətməsi, bu müraciətin əsl ünvanı üzərində ciddi düşünməyi zəruri edir. Bütün iranlılara səslənərkən bu “bütün”ün yalnız bir hissəsini anması və bunu edərkən mübaliğəli kəlmələrdən istifadə etməsi nə təsadüfdir, nə də bədahətən dilə gəlmiş bir səhvdir.
Nəticədə, bunun bilmədən və ya istəmədən edilmədiyi bu çıxışdan səkkiz ay yarım sonra biz İsrailin İrana qarşı əməliyyatının şahidi olanda üzə çıxdı. Bağlantı və onun mənası hələ anlaşılmış kimi görünməsə də, İsrail öz təbiətinə görə kütlələrin bu cür siyasət və hərəkətlər arasındakı əlaqəni başa düşməsini istəmədiyi üçün bunun üzərində dayanmaq lazım gəlməmişdi.
Nəticədə, əməliyyat zamanı İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da mühacirətdə olan oğlu Rza Pəhləvi sosial şəbəkə üzərindən etdiyi çıxışında İran xalqını rejimə qarşı ayağa qalxmağa çağırması da məhz bu düşüncənin ifadəsidir:
"İslam Respublikası sona çatdı və dağılır. Başlananlar geri dönməyəcək. Gələcək parlaqdır. Biz hamımız bu tarixi dönüş nöqtəsindən birlikdə keçəcəyik. Bu çətin anlarda ürəyim Xamneyinin müharibə qızışdırıcılığı və xülyaları üzündən zərər görən və bunun qurbanı olan bütün müdafiəsiz vətəndaşların yanındadır. Rejimin təzyiq aparatları çökür. Bunun üçün xalqın ayağa qalxması kifayətdir. Kabus sona çatacaq. İslam Respublikasının süqutunun ertəsi gün üçün narahat olmayın. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək. Rejimin süqutundan sonrakı ilk yüz gün üçün keçid planımız hazırdır. Xalqın qarşısında durmayın. Süqutu qaçılmaz olan bir rejim uğrunda İran millətinin qarşısında durmayın. Millətin yanında duraraq həyatınızı xilas edə bilərsiniz.
Qarşımızda azad və inkişaf etmiş bir İran durur. Tezliklə birlikdə olacağıq.
Yaşasın İran! Yaşasın İran milləti!”
(https://www.youtube.com/watch?v=evL7zHzFHdQ&t=79s)
4. Şəhriyarın şeirindəki dara düşmüş şirin obrazını yada salan dördüncü baxış bucağını isə yəhudi əsilli amerikalı Ceffri Saksın çıxışında görürük. Rəsmi olmasa da, həm İsraili, həm də İranla savaşdığı zaman və əslində, hər zaman İsrailin imdadına çatan ABŞ-ı təmsil edən Saks 12 may 2025-ci ildə Kiprdə ABŞ-İsrail ittifaqının baxış bucağından danışarkən bu gün dünyanın bir çox bölgəsində yaşanan problemlərin hamısının baiskarının ingilislər olduğunu demişdir. (https://youtu.be/Mi3mO1FzdwY?feature=shared).
O iddia edir ki, ingilislərin fikir ayrılığına yol açan qərarlar qəbul edərək apardığı nizamlamalar zaman keçdikcə problemlər yaradır. Bunu söyləmək və ya iddia etmək, şübhəsiz, bir şərh, bir təhlil kimi qiymətləndirilə və ya görülüb göstərilə bilər. Amma hər halda bir şirin dara düşdyünün hekayəsi danışılar və hər hekayədə olduğu kimi burada da şikayət var. Dünyanın ən güclüsü kimi dünyanı idarə etdiyini, yəni şir olduğunu zənn edən güc, hansı səbəbdənsə dara düşdüyündən şikayətlənir.
Darda olduğu üçün dünyanın problemlərini həll edə bilmədiyindən, problemlərə səbəb olanı açıqca dilə gətirməsə də, şiri dara salandan şikayətlənir. Ancaq yadda saxlamaq lazımdır ki, ən güclülərin şikayət etməyə haqqı yoxdur. Şikayət çarəsizliyin və ümidsizliyin ifadəsidir, çarə axtarmaq, kömək diləmək üçündür. Çarəsizlik həm problemləri həll edə bilməməkdən, həm də bu problemlərin və bunlara səbəb olanların toxunduğu tora düşdüyün üçün inləməkdən irəli gəlir.
Dünyanın problemlərini həll edə bilənlər bu problemlərin tərəflərinə səslənərkən günahkar göstərmək və şikayət etmək əvəzinə, öz məharətini, bacarığını və qüdrətini göstərər. Ən güclü, dünya cəmiyyətləri üçün lazım olan həll yollarını tapa bilən xarici bir gücə istinad etməkdənsə, özünün dünyaya hakim və dünyanı idarə edə biləcək daxili güc olduğunu sübut edər.
5. İsrailin ilk hücumlarından sonra İranın cavab verməsi ilə başlayan müharibə ilə bağlı müxtəlif fikirlər səslənsə də, lazımınca hərtərəfli qiymətləndirmələrin aparılmadığı tam aydındır. Bunu tənqid etməkdənsə, bunun aparılmasına mane olanları və bunu edə bilmək üçün tələbləri müəyyənləşdirmək məqsədəuyğun olardı. Anlamağa, görməyə və təhlil etməyə mane olan amillər: uydurma təəssüratları gerçək fakt kimi qəbul etmək; yalnız öz maraqları və istəkləri perspektivindən baxmaq.
Anlamaq, görmək və təhlil etmək üçün lazım olan isə şahmat oyunundakı kimi mahiyyətcə gizli və sirli olmayan, sadəcə, rəqibdən daha çox gedişi əvvəlcədən görə biləcək qədər keyfiyyətli baxışa malik olmaqdır. Bu keyfiyyət, əlbəttə, öz maraqlarını və istəklərini, yəni gedişlərini müəyyənləşdirərkən rəqibin maraqlarını və istəklərini, yəni gedişlərini bilməyi və ona uyğun davranmağı əhatə etdiyi kimi, təpkisəl/reaksioner olmayıb, özünə görə hərəkət edə bilmək bacarığını da əhatə edir.
Şirin kimi təmsil etdiyinə verilən fərqli şərhlərin və müxtəlif perspektivlərdən əldə edilən görüşlərin təməlində yozmaq vardır. Yozmaq isə ya öz xeyrinə özünə tərəf çəkməklə, ya da özündən uzaqlaşdırmaqla edilir. Yozmaq bir şeyi olduğu kimi təsvir etməyib, olduğundan fərqli şəkildə görmək və göstərməkdir. Eynilə yuxuları xeyrə yozmaq kimi, yuxuda görülən şeyin rəmz olduğunu qəbul edərək, rəmzlərin mənasını başa düşmək üçün onların mənaları yozulur. Yozmağa məcbur edən isə rəmzləri, kabusları yuxu görənin özünün müəyyən edə bilməməsidir.
Simvollar da belədir. Başqasının təyin etdyi simvolun mənası ilə bağlı yalnız yozum verilə bilər. Bununla belə, özünü təmsil etmək üçün simvol şüurlu şəkildə seçilərsə, yozmağa ehtiyac qalmaz. Onun nəyi təmsil etdiyi məlum, mənası da gün kimi aydındır.
Kim bilir, bəlkə də “Yüksələn şir” hərəkatında şirin kimi təmsil etdiyini yozmaq yerinə, əslində kimi təmsil etdiyini bildiyimiz anlayışı ilə baxsaq, şirin ikiyə bölünmüş və beləliklə də digər yarısından ayrı düşümüş bir cəmiyyət olmadığını; parçalanmış cəmiyyətləri qorumaq üçün mübarizə aparan bir dövlət də olmadığını; özünə düşmən olan cəmiyyətlər arasında tələyə düşmüş bir dövlət də olmadığını; problemləri həll və cəmiyyətləri idarə etmək yükünü çiyninə ala bilmədiyi üçün dara düşən dünyanın ən güclü dövləti də olmadığını; gücünü nümayiş etdirmək üçün seçdiyi, simvolu onsuz da şir olanı təmsil etdiyini və "Yüksələn şir" ifadəsinin başqalarının hərəkətlərini də təyin edə bilən gizli varlığın gücünü yenidən göstərmək iradəsini ifadə etdiyini görərik.
Belə olunca, sanki şirlərin düymələri dərhal bağlanmış olardı...