Onlayn "Yasin" oxuyan molla, qorxub qaçan müxbir, yol göstərən qarğa – Qəbiristanlıqdan reportaj 

Onlayn "Yasin" oxuyan molla, qorxub qaçan müxbir, yol göstərən qarğa – Qəbiristanlıqdan reportaj 
30 noyabr 2021
# 15:30

Kulis.az Mehdi Dostəlizadənin Yasamal qəbiristanlığından hazırladığı reportajı təqdim edir.

Bu qədər çox adamın birlikdə belə səssiz-səmirsiz qaldığı başqa yerə rast gəlməmişəm. Az qala təzə dəfn olunmuş ölülərin ətini iştahla nuş edən xırda həşəratların ayaq səsləri eşidilir.

Ağ, qara, boz mərmərlərdə əks olunmuş surətlərin danışan dili olsaydı, məndən imdad diləyərdilər. Elə çarəsiz baxırlar ki, sanki onlar bu kimsəsiz yollardan keçən hər adamı bir qurtuluş ümidi zənn edirlər. Yaxınları, əzizləri onları elə bərk-bərk basdırıb ki, birdən fikirləri dəyişər, qəbirdən durub qaçarlar.

İyirmi-otuz məzardan bir "Yasin" surəsi eşidilir. Mollalar öz müştərilərini, müştərilər də öz mollalarını tapmışdı. Bura nə qədər ölüxana olsa da, ticarət həmişəki kimi diridi.

Mənim diqqətimi çəkən isə başqa məqam oldu. Məzarlığı ziyarət edənlərdən biri, mollasız filansız, yəqin ki, yaxınının qəbrinin yanında əyləşmiş, telefondan Yasin qoşmuşdu. Bunu təqdirəlayiq addım kimi qiymətləndirirəm.

Dirilərimiz dünyaya inteqrasiya etdiyi kimi, ölülərimiz də tərəqqidən bəhrələnməlidir. Bu maraqlı səhnəni bir qədər seyr edəndən sonra, başsağlığı verib yoluma davam edirəm.

Üfüqdə başında xurmayı papaq, sağ əlində əsa, sol əlində təsbeh olan, bir qədər zəhmli, bir o qədər də hiyləgər baxışları ilə məni yeyib üstündən də armudu stəkanda çay içən molla göründü. Mənə yaxınlaşdıqda ucadan xeyli uzun salamlaşmaq cümləsi səsləndirdi:

- Əssəlamu əleykum və rəhmətullahi və bərəkətuh.

Onunla ünsiyyətə girməmək üçün üzümü başqa tərəfə çevirir, özümü tərbiyəsizliyə vurur, hər vəchlə verdiyi salamı almamağa çalışırdım. Yanımdan ötüb keçən kimi, arxaya döndü, ehtiyatla soruşdu:

- Haranı axtarırsan?

Bütün zəhmətlərimi puça çıxaran bu sualı cavabsız qoya bilməzdim.

- Heç yeri, eləcə gəzirəm.

Boynumdan asdığım kameraya gözucu nəzər yetirdi. Sonra mənim kimi elə də söhbətbaz olmayan biri üçün yetərincə çox hesab olunacaq dialoqun təməl daşını atdı.

- O nə olan şeydir?

- Qəbiristanlıq haqqında yazı yazacam... gördüklərimi...

- Həə, lap yaxşı. Nə yazacaqsan, nə gördün?

- Bayaq gördüm ki, bir nəfər molla çağırmaq əvəzinə, telefondan "Yasin" surəsini səsləndirib, yaxınını ziyarət edir, onu yazmaq istəyirəm.

- Pis şeyi niyə yazırsan ki? Yaxşını yaz da. Bax istəyirsən indi bir ölünün adını de, ruhuna Yasin oxuyum, yaz.

- Bütün "Yasin"i yaza bilmərəm, uzundu. Özü də niyə pis olur ki? Dünya müasirləşib də. İndi hər şey onlayndı, elektrondu. Yasini də onlayn oxumaq olar yəqin.

- Dünya çox şey eləyib, gərək biz də eləyək?

Daha özünə deyə bilmədim ki, 2-3 manatın xətrinə bu boyda sivilizasiyanın qabağını kəsmək olmaz, sizin mənasız adətləriniz bizi çərçivələyir, özümüz olmağa imkan vermir, birinci yalandan özümüzü adət qeyrəti çəkən kimi aparırıq, sonra görürük ki, artıq biz də kimisə boş şeylərə görə qınayırıq.

Özünə deyə bilmədim, nə də olmasa, böyük-kiçik var axı.

- Molla əmi, mənə çox maraqlıdı e. "Yasin"i neçəyə oxuyursunuz?

- Sənin üçün heç neçəyə, yox əgər halallıq vermək istəsən, ürəyindən nə qədər keçsə, o qədər.

Cümlənin əvvəlinə yaxşılıqla başlayıb axırını sətiraltı vicdan əzabı, halallıq şantajı ilə bitirmək texnikası çox xoşuma gəldi.

- Ümumiyyətlə soruşuram, özümə görə yox.

- Elə ümumiyyətlə də, kimin ürəyindən nə qədər keçir, o qədər verir.

Buranın mollalarına "Yasin" oxutduranların ürəyi, görəsən, nə boydadır ki, bu şarlatanların hərəsi bir bahalı maşında oturub müştəri gözləyir. Molla məndən bir xeyir gəlməyəcəyini başa düşüb özünü harasa tələsirmiş kimi aparanda, cəld onun niyyətini sezdim və tezbazar saxta təşəkkürlərə başladım.

- Çox sağ olun, sizi yolunuzdan elədim.

- Mən səni yolundan elədim, bala, işin avand olsun.

- Sizin də. Hə bir də, şəklinizi çəkmək olar? Reportaj üçün...

- Yox, yox, olmaz. (Əlini yellədib məndən aralanmağa başlayır.)

- Niyə?

- Öləndə qəbrimin üstündə olacaq (səmimiyyətsiz gülüşlər).

Mənim isə bu zarafatcıl mollanın ölümünü gözləyəcək qədər çox vaxtım yox idi. Sağollaşıb yoluma davam etdim. Tək mollanı yox, həm də müsəlman qəbiristanlığını tərk etdim.

Yolun o biri tərəfində səfbəsəf düzülmüş çarmıxlar diqqətimi çəkir. Bayaq gördüklərimdən fərqli olaraq, orada heykəllər, büstlər çox da gözə dəymir. Nə də mollalar qəbirlərin arasında veyllənir.

Bura insanlardan təcrid olunub, buranın mollası da, qəbirqazanı da, ziyarətçisi də heyvanlardı. Bəlkə də, buranın strukturu insanlar üçün nəzərdə tutulmamışdı.

Xristian məzarlığında hərəkət etmək bir az narahatdır. Demək olar ki, yol yoxdur, hər tərəfi ot, qanqal basıb, dəmir çəpərlər hərəkətə imkan vermir. Qəbirlər iç-içə, çoxu başdaşısız, şəkilsiz. Sanki onlar ölülərini haçansa diriləcəkmiş kimi basdırıblar, elə basdırıblar ki, dirilmək vaxtı çatanda, üstlərinə yüklənmiş daş, beton, mərmər onlara ağırlıq etməsin, yerin altından göyün üstünə gedən yollarını kəsməsin. Uzaqdan darıxdırıcı görünən bu qəbiristanlığın bir-birindən maraqlı detallarına təəccüblə seyr edə-edə, nəhayət bir yola gəlib-çıxdım.

Hansı tərəfə gedəcəyimi çox düşünmədən, irəli getməyə başladım. Qarşı tərəfdən boğazı ağ, qalan hər yeri qapqara olan bir it gəlirdi, məni görən kimi dayandı. Mənə həmişə deyiblər ki, it görəndə qorxma, qorxsan üstünə cumacaq, qorxmasan çıxıb gedəcək. Bu dəyərli məsləhətləri yadıma salıb, özümü itə cəsur kimi təqdim etdim. Sahibsiz köpək isə gözlərini məndən ayırmırdı, diqqətlə gözümə zillənmişdi. Hər ehtimala qarşı, əyilib yerdən bir daş götürdüm. İti vurmaq fikrim yox idi, ancaq qorxutmaq olardı.

Birdən itin arxasında 7-8 it peyda oldu. Daşı yerə tullayıb qaçmağa başladım. Mən qaçdıqca, onlar daha da həvəslənir, daha da şövqlə qaçırdılar.

Hürüşləri gülüşə bənzəyirdi, elə bil məni məsxərəyə qoyurdular. Qaça-qaça ağlıma gəldi ki, mütləq bu anın şəklini çəkməliyəm. Qəfil dayandım, arxaya döndüm.

Həyəcanla, əllərim əsə-əsə şəkillərini çəkməyə çalışdım. Kameranı onlara tərəf tuşlayan kimi, geriyə doğru qaçmağa başladılar. Bəlkə də, əlimdəki bu əcaib cihazı tüfəngə oxşatmışdılar, nə bilmək olar.

Hava yavaş-yavaş qaralırdı. Özümü müharibə filmlərinin birində, şiddətli döyüşdən sonra xarabaya çevrilən hansısa şəhərdə hiss edirdim. Qəbiristanlıqda basdırılmış adamların öz həyatlarını bihudə axtarışlara, rəqabətlərə, paxıllıqlara, həsədlərə, bir sözlə, “mənəvi savaş”lara həsr etdiklərindəndir ki, bu gün cənazələrinin dəfn olunduğu məzarlıq bombalanmış, viran qalmış şəhərləri xatırladır.

Hansı tərəfə getsəm də, hərlənib-fırlanıb itlərin arxamca düşdüyü yerə çıxırdım. Başımın üstündə bir qara qarğa dövrə vurmağa başladı. Sanki məni harasa çağırırdı, mənə yol göstərmək istəyirdi.

Onsuz da, edəcəyim başqa bir şey qalmamışdı, gecəni qəbiristanlıqda keçirmək fikrim isə heç yox idi. Beləcə, qarğanın ardınca düşdüm. Qarğa budaqdan-budağa, çarmıxdan-çarmıxa qonduqca, mən də məzardan-məzara keçərək, onu müşayiət edirdim.

Çox keçmədi ki, iki qəbiristanlığı birləşdirən əsas yola ilk addımımı atdım, qarğa da bir işıq dirəyinin üstünə qondu. Bu xeyirxah qarğaya necə təşəkkür edəcəyimi bilmirdim. O isə məni heç saya almadı. Yenə də minnətdarlığımı bildirib qəbiristanlıqdan aralandım.

Bura gəlmək üçün hələ çox tezdi.


# 2101 dəfə oxunub

Oxşar xəbərlər

# # #