O yay yadındamı, mənim mələyim? - Bodlerin şeiri

O yay yadındamı, mənim mələyim? - Bodlerin şeiri
16 yanvar 2024
# 13:00

Kulis.az dahi Şarl Bodlerin “Leş” şeirini təqdim edir.

O yay yadındamı, mənim mələyim,
O at yadındamı, mənim balacam?
Gördük ki, ölüsü uzanıb qalıb
Saralmış otların arasındaca.

Elə çürüyürdü yol qırağında,
İyi götürmüşdü uzaqları da.
Qaranlıq küçənin fahişəsitək
Aralı qalmışdı ayaqları da.

Günəş od tökürdü leşin üstünə,
Ki, külə döndərib yanına çəksin.
Bütöv yaratdığı şeyi təbiət
İndi hissə-hissə canına çəksin.

Onun skeleti çiçəklər kimi
Elə ağardırdı dişini göyə...
Az qaldı özünü pis hiss edəsən
Sən dözə bilmədin bu murdar iyə.

Yadındamı necə sürünürdülər
O atın qarnının üstündə qurdlar?
Milçəklər də gəlib bu ziyafətə
Murdar sinə üstdə uçuşurdular.

Şişirdi, köpürdü onun cəsədi,
Sanki hələ də boy atmaqda idi.
Elə bil təzədən gəlmişdi cana,
Bədən böyüməkdə, artmaqda idi.

Dünyaya sehrli səs yayılırdı,
Sanki hər tərəfə əsirdi külək.
Əlinin havada yellənişiylə
Torpağa dən səpən taxılsəpəntək.

Bir qancıq qəzəblə baxırdı bizə
Kollar arasından elə həmin gün.
Fürsət gözləyirdi, biz uzaqlaşaq,
Bu leşdən ona da bir tikə düşsün.

İndi səninləyəm, gözüm işığı,
Sən də elə bilmə əbədi dağsan...
Şux durub baxdığın bu otun üstə
Bir gün meyit kimi uzanacaqsan.

Sən də, ey gözəlim, çürüyəcəksən,
Toza çevriləcək sümüklərin də.
O qara gününə həmrəng geyinən
Adamlar olacaq hüzür yerində.

O zaman o qara torpaqda səni
Öpə-öpə yeyən qurdlara de ki:
Gözəl cizgilərin, gözəl qamətin
Əbədi qalacaq mənnən, əbədi.

Tərcümə: Salam Sarvan

# 1510 dəfə oxunub

Oxşar xəbərlər

Londondakı adamyeyən siçovullar haqqında bestseller - Nəşriyyat niyə onu çap etmək istəmirdi?

Londondakı adamyeyən siçovullar haqqında bestseller - Nəşriyyat niyə onu çap etmək istəmirdi?

16:30 20 mart 2026
Gül yağışı – Azər Abdullanın hekayəsi

Gül yağışı – Azər Abdullanın hekayəsi

15:30 20 mart 2026
Səməni, iydə, şərab və sirkə - Novruz nemətlərinin mənaları

Səməni, iydə, şərab və sirkə - Novruz nemətlərinin mənaları

15:00 20 mart 2026
Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

12:00 20 mart 2026
Nəriman Nərimanov  oruc tutmaq haqqında  nə yazırdı?

Nəriman Nərimanov oruc tutmaq haqqında nə yazırdı?

10:00 20 mart 2026
Azərbaycanda Novruz bayramı  qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

08:15 20 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər