Nobel mükafatçısı: "Zorakılıq və gözəlliyin iç-içə olduğu dünyada məsumiyyət mümkündürmü?" - Müsahibə

Nobel mükafatçısı:  "Zorakılıq və gözəlliyin  iç-içə olduğu dünyada məsumiyyət mümkündürmü?"  - Müsahibə
27 noyabr 2025
# 14:30

27 noyabr cənubi koreyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Han Kanqın doğum günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən tanınmış amerikalı tənqidçi Betann Patrikin (Bethanne Patrick) Nobelli yazıçı ilə müsahibəsini təqdim edir.

Çox insan mənə tez-tez hansı kitabları necə seçdiyimi soruşur və əminəm ki, bu sual bir çox tənqidçilərin cavab vermək məcburiyyətində qaldığı suallardandır. Redaktorlar tərəfindən müəyyən bir mövzu müəyyənləşdirildikdə və ya bir yazıçının yaradıcılığı ilə əvvəldən tanışamsa və onu sevirəmsə, seçim etmək asan olur. Lakin ilk dəfə kitab nəşr etdirən və ya ABŞ bazarına yeni daxil olan yazıçılar haqqında danışırıqsa, bu, bir qədər çətinləşir. “Vegetarian” Han Kanqın öz ölkəsi Koreyada 2007-ci ildə nəşr olunub. İngilis dilinə çevrilib Amerika Birləşmiş Ştatlarında çap olunması isə 2016-cı ildə olub. Şanslıyıq ki, ailədaxili travmanın əks-sədalarını ələ alan bu romanın dadını çıxara bilirik. “Vegetarian”da təsvir olunan hekayə yalnız yazıldığı ölkə və mədəniyyətə uyğun olmaqla qalmayıb, eyni zamanda dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəs üçün fərqli baxış bucaqları təqdim edir.
Han Kanq ilə etdiyimiz bu söhbətdə “Vegetarian”, Koreya patriarxallığını və Koreya ədəbiyyatının dünyaya necə baxdığını müzakirə etdik.


- Təxminən on il əvvəl yazdığınız bir romanla bu qədər böyük uğur qazanmaq necə bir hissdir?

- Hər dəfə bir romanı bitirəndə bir şəkildə o məndən uzaqlaşır. Amma “Vegetarian”da belə olmadı. Doqquz il boyunca başqa dillərə çevrilib yayımlandığı və “Human Acts” ilə iç-içə keçdiyi üçün özümü ona hələ də yaxın hiss edirəm.

- “Vegetarian”dakı hekayə ilk dəfə necə ortaya çıxdı? Əvvəllər sadəcə ideyanı təmsil edən bir obraz idimi, yoxsa Yeonq-hye obrazının özü idimi?

- Əslində bir təsvir vardı: bitkiyə çevrilən bir qadın. Bu təsviri 1997-ci ildə yazdığım “Qadınımın meyvəsi” adlı hekayədə işləmişdim. İllər sonra bu təsviri daha qaranlıq və sərt üslubda yenidən istifadə etdim.



- Romanınızdakı fiziki və cinsi istismar, tərk edilmə, özünə ziyan vurma və erotizm kimi mövzulara reaksiyalar necə oldu?

- Məncə, romanda bir neçə qat var: zorakılıq hissi, məsumiyyətin mümkün olub-olmadığı, ağıl sağlamlığı və dəlilik, insanı həqiqətən anlaya bilmək, bədənin sığınacaq olub-olmaması və s. Bu səbəbdən hər kəs öz mədəni mənşəyinə uyğun olaraq fərqli məqamlara fokuslanaraq oxuya bilər. Bu mövzu ilə bağlı deyə biləcəyim tək şey budur: roman təkcə Koreya patriarxallığını maraqlandırmır. "Zorakılıq və gözəlliyin bu qədər iç-içə olduğu bir dünyada mütləq məsumiyyət mümkündürmü?" sualını araşdırmaq istədim. Kitabı yazdığım dövrdə məni məşğul edən universal suallar bunlar idi.

- Biz Amerika Birləşmiş Ştatlarında dünyanın digər yerlərində yazılan əsərləri və başqa ölkələrin ədəbiyyatlarını çox izləyə bilmirik. Digər mədəniyyətlərdən xəbərsiz olduğumuz kimi, Koreya ədəbiyyat ənənəsindən də xəbərsizik. Siz Koreya ədəbiyyatının bir parçası olmaqla yanaşı, eyni zamanda Koreya mədəniyyətinə qarşı müəyyən bir məsafəniz var?

- Koreya ədəbiyyatı bəzi cəhətləri ilə Qərb ədəbiyyatından fərqlənir. Məsələn, Koreyada güclü bir şeir və hekayə ənənəsi var. Nəsr yazarlarının çoxu karyeralarına hekayə ilə başlayır. Mən də eləcə başladım – şeir və hekayə ilə. Koreya ədəbiyyatına, Koreya dilində yazılmış bütün o əsərlərə özümü borclu hiss edirəm, çünki sözün tam mənasında onların içində, onlarla böyümüşəm. Və əlbəttə, tərcümələr... Müxtəlif dillərdə yazılmış bir çox əsəri Koreya dilinə tərcümədən oxumuşam. Hələ də davamlı oxuyuram.

- Koreya ədəbiyyatından söz düşmüşkən, sizin kitablarınızı oxuduqdan sonra başqa hansı yazıçıları və janrları oxumağımızı tövsiyə edirsiniz?

- Xüsusilə şeir və hekayədə çox güclüyük, amma yaxşı romançılarımız da var. Lim Çulvu (Lim Chulwoo) və Hvanq Yeonq-eun (Hwang Jeong-eun) sevdiklərim arasındadır.



- Tərcüməçi Deborah Smit ilə iş prosesiniz necədir?

- Tərcüməni bitirdikdən sonra suallarını mənə göndərir, mən də cavablarımı verirəm. Sanki davamlı söhbət kimi... Onunla işləməyi sevirəm. Deborah ilə tanış olduğum üçün şanslıyam, çünki o, mətnə eyni anda həm ustalığını, həm də zərifliyini əks etdirə bilən möhtəşəm bir tərcüməçidir.

- Hansı yazıçılardan ilham alırsınız?

- Yazıçı adı çəkmək çətindir, çünki mütəmadi dəyişir. Amma vizual sənətlərdən çox ilhamlanıram. Keyt Kollvitzin (Kathe Kollwitz) portretlərindən biri həmişə divarımdadır.

- "Vegetarian"da baş qəhrəmanınız Yeonq-hyenin yaşadığı öz şəxsiyyətini inkar etmə prosesi, onun keçmişdəki təcrübələrindən qaynaqlanır və onun təcrübəsinin amansızlığı ailəsində də oxşar dərəcədə qəddar hadisələrə səbəb olur. Qərb ədəbiyyatında bu cür hadisə süjetində konsept olaraq yunan mifologiyasına müraciət edilir. Bəs siz necə?

- Yeonq-hye xarakterini yaradarkən iyirmi altı yaşımda ağlıma gələn bir təsviri, yəni bitkiyə çevrilən bir qadın obrazını iılədim. Kitabın ikinci hissəsi ənənəvi faciə quruluşuna uyğundur – şəxsin hər hansı bir amil səbəbilə içində əmələ gələn çat və dağılmaya qədər gedən parçalanma prosesi. Mənim etdiyim, daxili prosesi ən incə təfərrüatına qədər təsvir etmək idi. Yazarkən ən çox xoşuma gələn hissə isə onun Yeonq-hye ilə görüşməyə gedərkən öz-özünə ölüm haqqında danışdığı səhnə oldu. Burada kədər xarakterin özüdür.

- Tənqidçilərin bir qismi “Vegetarian”ı trilogiya, bəziləri isə roman hesab edir. Sizcə, bu fikir ayrılığı önəmlidir?

- Mən roman olduğunu düşünürəm, amma müstəqil üç novella kimi də oxuna bilər.

- Koreyadakı qadın xarakterlərinizlə dünyanın digər yerlərindəki qadınlar arasında mədəni baxımdan dərin fərqlər olsa da, dəyişməyən bir şey var: qadın bədəninin "əşyalaşdırılması" hətta yalnız baxışlarla belə "parçalara ayrılması"... Romanınızdakı xarakterlərdən birinin fikri həyat yoldaşının büstqaltersiz döş uclarına "taxılıb qalıb", amma eyni zamanda ailənin digər üzvləri ət parçalayır. Bu ardıcıllıq həqiqətən də şokedicidir. Feminizm baxımından Koreyalı qadınlar necə bir mövqe göstərirlər?

- Cənubi Koreya çox sürətli bir dəyişiklik prosesi yaşadı. Bu səbəbdən qarışıq, mələz bir mədəniyyət formalaşdı. Statistikaya görə, Koreyada əksər qadınlar ciddi təhsil alır və karyeralarında diqqətəlayiq nəticələr göstərirlər. Buradakı feminizmin yüksəlişi 90-cı illərin əvvəllərinə təsadüf edir və hazırda çoxları artıq “feminizm” sözünü köhnəlmiş hesab edir. Bütün bunlara baxmayaraq, arxa plandakı mübarizə hələ də davam edir. Ədəbiyyat sahəsinə gəldikdə, vəziyyət bir az qəribədir; qadın yazıçıların sayı 90-cı illərdə artmağa başladı və hazırda Koreya ədəbiyyatında qadın yazıçıların sayı kişilərin sayından xeyli çoxdur. Oxucular və tənqidçilər isə yazıçının qadın ya da kişi olmasına maraq göstərmirlər. Bu, həqiqətən qəribə bir durumdur, çünki baxdığımız tərəfdən asılı olmayaraq, Koreya hələ də konservativ bir cəmiyyətdir.

- Qadınlar haqqında kifayət qədər danışdıq. İndi növbə kişilərə gəldi. Gəlin, hekayə üçün vacib olan personajlara bir neçə dəqiqə ayıraq. Çeonq, atası, Ji-unun atası və J-in səsləri bir-birindən xeyli fərqlidir. Bu xarakterləri necə yaratdınız?

- Daha əvvəl də qeyd etdiyim kimi, bu roman insanın içindəki zorakılıq və zorakılığın rəddinin mümkün olmaması ilə bağlıdır. Yeonq-hye ət yeməyi rədd edir, çünki özünü insanın törətdiyi vəhşiliklərdən uzaqlaşdırmaq istəyir. Üstəlik, müəyyən bir andan sonra o, özünü insan irqinə aid etmək istəmir və bitkiyə çevrildiyinə inanır. Romanda Vyetnam müharibəsinin veteranı olan atasının onu ət yeməyə məcbur etdiyi bir səhnə var. Eyni zorakılıq üç bölümdə də qarşımıza çıxır. Məsələn, üçüncü bölümdə həkimlər, xəstəxananın psixiatriya klinikasında yatan Yeonq-hyeni zorla yedirməyə çalışırlar. Bəlkə bir qədər sadə səslənə bilər, amma əslində sözügedən bütün personajlar Yeonq-hyenin qərarlılığı qarşısında üzləşdiyi zorakılığın personajlaşdırılmış formalarıdır.

- İn-hyenin Yeonq-hyeyə göstərdiyi qayğı kitabı kitabın sonlarına təsadüf etsə də, əslində bunun başlanğıcı və sonu yoxdur. Və "Vegetarian" bu baxımdan bir tərs çevrilmə hekayəsidir. Siz nə düşünürsünüz?

- Mən Yeonq-hyenin ölümünü anlatmaq istəmədim. Bunun əvəzinə son bölümdə İn-hyenin təcili yardım maşınının pəncərəsindən göstərdiyi etiraz dolu baxışı yerləşdirdim. Yaşadığımız bu dünyada zorakılıq və gözəllik elə iç-içədir ki, məncə, bu səhnə insanın bu dünyaya baxışının bir təsviridir. Başlanğıcı və ya sonu yoxdur. Yalnız açıq gözlərlə inadla davam edən bir mübarizə var...

- Alman alimlərdən biri qısa müddət əvvəl ağaclar haqqında bir kitab nəşr etdi və ağacların da özünəməxsus bir həyatı, sosial şəbəkələri və əlaqələri olduğunu sübutlarla göstərərək onların nə qədər canlı olduğunu ortaya qoydu. Sizdə isə ağaclar və bitkilərlə bağlı fərqli bir qavrayış var. Bunu necə bacardınız, yəni kitabın bu tərəfini necə bir araşdırma prosesi üzərində qurdunuz?

- Dediyiniz kitabı oxumaq istərdim. Romanı yazmağa başlamazdan əvvəl bitkilər haqqında bir neçə kitab oxumuşdum və bəyənmişdim. Amma kitab üçün ayrıca bir tədqiqat aparmadım. Bunun əvəzinə ikinci bölümə başlamazdan əvvəl bir video sənətçisi ilə görüşdüm və ondan bəzi şeylər öyrəndim. Üçüncü bölümdə isə bir doktora müraciət etdim və onun rəhbərliyi ilə bir psixiatrik xəstəxanada müəyyən müşahidələr apardım. Bütün bu detallər kitabın tamamlanmasına kömək etdi.

- Kitabın ABŞ nəşrində kitabın qapağında köklərin təsviri var…

- Romanda Yeonq-hye qəti şəkildə artıq insan irqinin bir parçası olmadığına inanır. İnsanlardan tamamilə ayrılmaq, varlıq iyerarxiyasından qopmaq istəyir. Bunu edərkən bir tərəfdən özünü xilas etdiyinə inanır, amma digər tərəfdən ölümə yaxınlaşır. Real dünyanın pəncərəsindən baxanda, əlbəttə, bu dəlililiyə bənzəyir, amma onun baxış bucağından olduqca məntiqlidir. Özünü əvvəlcə yer üzündən ayırmaq, sonra isə öz yaratdığı qəribə dünyada kök salmaq istəyir...

Tərcümə etdi: Sevinc Mürvətqızı

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Alim Qasımovun məcnunluğu, Fərqanə Qasımovanın divanəliyi - "Şəbi-Hicran"dan REPORTAJ

Alim Qasımovun məcnunluğu, Fərqanə Qasımovanın divanəliyi - "Şəbi-Hicran"dan REPORTAJ

15:25 27 noyabr 2025
Vatikan pop ulduzun albomunu təriflədi

Vatikan pop ulduzun albomunu təriflədi

15:10 27 noyabr 2025
Güney Azərbaycanın xalçaları ilə məşhur şəhəri - ARAŞDIRMA

Güney Azərbaycanın xalçaları ilə məşhur şəhəri - ARAŞDIRMA

14:40 27 noyabr 2025
Milli Dram Teatrının dekabr repertuarı

Milli Dram Teatrının dekabr repertuarı

14:30 27 noyabr 2025
"Bu xalq vaxtilə müzəffər olmuşdur..."  - Aleksandr Dümanın fikirləri

"Bu xalq vaxtilə müzəffər olmuşdur..." - Aleksandr Dümanın fikirləri

12:45 27 noyabr 2025
Bakı Dövlət Sirki cərimələndi

Bakı Dövlət Sirki cərimələndi

12:43 27 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər