Məni Rasim Cəfər inandırdı

Məni Rasim Cəfər inandırdı
7 oktyabr 2023
# 09:00

Kulis.az Nihat Pirin “Bəs, görəsən, ilahi haradadır?” adlı yeni yazısını təqdim edir.

Rasim Cəfər “Mən buradayam, ilahi” filmindəki rolu ilə bağlı saytların birinə təxminən belə bir açıqlama verib:

“Bu filmdəki rolumu ən yüksək səviyyədə oynamağım, hər şeydən öncə, mənim vətəndaşlıq borcumdur. Ona görə də çalışdım. Çox çalışdım”.

Filmə baxdım. Və təsadüfdən şəhid və qazi ailələri ilə birgə.

Filmin müəyyən hissələrində baş rol ifaçısının, qazinin – Rasim Cəfərin işlətdiyi kəlmələr, atdığı replikalar zaldakı şəhid və qazi anaları, yaxınları tərəfindən çox həssas reaksiyalarla qarşılığını tapırdı.

Zalda “ah”lar, “of”lar eşitdim. Tez-tez.

Zalda “can, bala”lar eşitdim. Tez-tez.

Zalda için-için hıçqırıqlar eşitdim. Tez-tez.

Bəlkə də, buna görədir ki, dialoqlarda və girişin döyüş səhnəsindəki bəyənmədiyim xırda-para detallar gözümü tutmadı.

Gözüm daha geniş açıldı: filmi, süjeti, axışı daha yaxşı təqib eləməyim üçün.

Vətən müharibəsi bitib. Qələbə bizimdir. Qarabağ Azərbaycandır.

Müharibənin ən qaynar nöqtəsindən gələn biri isə komadadır. Və bir gün o oyanır.

Azərbaycan kimi.

Tibb bacısından: “Müharibə bitib. Çoxdan. Qələbə bizimdir!” – sözlərini eşidəndən sonra isə bir daha oyanır.

Bütöv Azərbaycan kimi.

Rasim Cəfər Vətən müharibəsi qazisinin həyatını oynamayıb, onu çox böyük məharətlə öz həyatına çevirib. Ona görə də bu yazıda onun obraz adını görmürsünüz. Özünü görürsünüz, öz adını.

Çünki Rasim Cəfər bütün müharibə ağrısını, müharibədən sonrakı həyata uyğunlaşmanın çətin tərəflərini, itkiləri, itkilərin fəsadlarını öz başa düşdüyü kimi verib.

Və bu “öz başa düşmə” 3000 üzərində olan şəhidimizin, o qədər olan qazimizin hamısının yaşadığıdır. Yaşaya bildiyidir. Bəlkə də, istəməyərək.

Jest və mimikalar sərrastcasına!

Üzdəki kədər və ağrı sərrastcasına!

İzləyicini özünə, öz obrazına inandırmaq bacarığı sərrastcasına!

Mən bu filmə inandım.

Mən bu hekayəyə inandım.

Mən savaş anlayışının, müharibə anlayışının təkcə səngərlə hüdudlanmadığına inandım.

Məni Rasim Cəfər inandırdı.

Rasim Cəfər müharibə dəhşətinin hay-küyü ilə və üstəlik, bu dəhşətin müharibədən sonrakı həyatına törətdiyi əngəllər içində qıvrıla-qıvrıla ilahini axtarır: mən buradayam deyir.

Doğrudan, bəs, görəsən, ilahi haradadır?

Kim düşünməyib ki bu sual ətrafında? Həyatımızın ən çətin məqamında, ən köməksiz məqamında...

Və müharibədən əsgər dostlarını, silah, səngər yoldaşlarını itirib özü yaralı kimi qayıdan üçünsə qıpqırmızı “Qələbə bizimdir”in bomboz davamı kimi həyati çətinliklərlə üz-üzə qaldığı bir məqamda.

Çətindir. Çox çətindir. İlahinin niyə susduğunu bilməyə-bilməyə...

Amma filmin süjetinin düz mərkəzində ilahinin harada olması sualından öncə daha böyük və daha kədərli bir sual dayanır: “Niyə?”

O “Niyə”ki cavabını bilmirik. Heç filmin yaradıcı heyəti də cavab üçün çox çaba sərf etməyib. Çünki mənasızdır. Ya da yoxdur.

Rasim Cəfərin yetimxanaya verilən qızı soruşur: niyə oyanmırdın?
Və cavab: ata çox yorğun idi. Vəssalam.

Bəsit görünür, amma bu cavab həyatımız boyu qarşımıza çıxan bütün “Niyə?”lərə verdiyimiz cavabdır. Çünki biz bir az da həyatı yola veririk. Ona görə də sonda ona qaçırıq, onu axtarırırıq. Bütün “Niyə?”lərə rəğmən: “Mən buradayam, ilahi”, - deyirik.

Mən ilahini bu filmdə tapdım, filmin sonunda gördüm. Şəklən. Vizual olaraq: xoşbəxt sonluqla, ümid qılafında.

Görünür, “ümid” də ilahinin bir adı olmalı...

# 5799 dəfə oxunub

Oxşar xəbərlər

“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış etdi

“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış etdi

13:00 15 may 2026
Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm"  kitabı nəşr olundu

Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabı nəşr olundu

12:30 15 may 2026
“Space FM”in rəhbəri işdən çıxarıldı

“Space FM”in rəhbəri işdən çıxarıldı

12:09 15 may 2026
"Müqavilələrdə qanun pozuntusuna yol verilir..." - Birgə bəyanat

"Müqavilələrdə qanun pozuntusuna yol verilir..." - Birgə bəyanat

11:50 15 may 2026
Zərdabinin qızının övladlığa götürdüyü bəstəkar kimdir?

Zərdabinin qızının övladlığa götürdüyü bəstəkar kimdir?

11:44 15 may 2026
Azərbaycan təmsilçisi “Avroviziya-2026”da mübarizəni dayandırdı

Azərbaycan təmsilçisi “Avroviziya-2026”da mübarizəni dayandırdı

10:12 15 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər