Lütfiyar İmanovun oğlu: “Polad Bülbüloğlunun atama etdiyini heç düşmən də etməz...” – Müsahibə

Lütfiyar İmanovun oğlu:  “Polad Bülbüloğlunun atama etdiyini heç düşmən də etməz...” – Müsahibə
25 sentyabr 2023
# 09:00

Kulis.az Xalq artisti Lütfiyar İmanovun oğlu Rauf İmanovla müsahibəni təqdim edir.


– Digər sənətçilərə nisbətən Lütfiyar bəy haqqında məlumat çox azdı.

– Haqlısınız. Məlumat azdı. Sənədlə bu il atamın 95 illiyidi. Rəsmi olaraq isə 95 yaşı gələn il tamam olacaq. Atam 1928-ci ildə anadan olub, amma pasportda “1929” yazıblar. 90 illiyini 2019-cu ildə Muğam Mərkəzində keçirmişdim.
Atam 2008-ci ildə vəfat edəndə biz evi satdıq, çünki yaşaya bilmirdik. Bir gün mən qalırdım, bir gün qardaşım, sonra gördük ki, heç birimiz qala bilmirik. İllər, düşüncələr, xatirələr... Altı il bundan əvvəl arxivi bağışladım dövlətə. Yığdım qutulara, verdim. Bilirsiz, onun dəyərini mən sonradan başa düşdüm. Həmişə yanında idim, evin adamı idi. Kiminlə bir yerdə yaşadığımı anlamırdım. Deyirdim ki, oxuyur da. İnsanlar da sevir, alqışlayır, xaricə gedir və s. Bəzi şeyləri verməmişdim arxivə. Məktublarını saxlamışdım. Onları oxuyanda gördüm ki, bu insan necə fərqlidi. Düşüncələri, həyata baxışı... Bizə nələr dediyi xatırladım. 3-4 müsahibəsi var idi, onları tapdım. Sonra AzTV-dən tanışlarla danışdım, o dövrdə sənədli filmlər var idi e, Rəşid oxuyurdu, Şövkət oxuyurdu, onlardan verdi mənə. Gördüm tam fərqlidi. Sonra Moskvaya – Bolşoy Teatra (Dövlət Akademik Böyük Teatr – red) zəng etdim, orada tamaşalarda oxuyurdu, dedilər ki, bir həftə vaxt verin, tapaq. Zəng eləyib dedilər ki, elə şeylər tapmışıq ki, inanmazsınız. Pulla. Dedim ki, heç olmasa, nə olduğunu deyin. Deyəndən sonra evdəki videokasetlərə baxdım, gördüm ki, eyni şeylər burada da var, amma az-az. Sonradan 2018-ci ildə İtaliyada Milan teatrına zəng elədim, təbii ki, tərcüməçi vasitəsi ilə danışdım, 70-ci illərdə atam orada təcrübə keçib, üç gündən sonra zəng elədilər ki, tapmışıq. Ona dərs deyən bir nəfəri də tapmışdılar. Yaşı 90-ı haqlamışdı.

– Sanki Lütfiyar bəyi qısqanırdılar...

– Hə. Hədsiz dərəcədə. Harasa gedib gəlirdi, o qəzetə, bu kanala deyirdi, deyirdilər ki, gələcəyik, gələcəyik, gəlmirdilər. Onu həmişə sıxışdırırdılar.
Çünki o, ağa ağ deyirdi, qaraya qara. Nəsə pisdirsə, deyirdi ki, bu şey pisdir.

– Bəlkə, nə vaxtsa dediyi hansısa sözə görə çəkinirdilər?

– Onun bir məktubu var məndə. Bunu heç kim bilmir. O vaxtın nazirinə yazmışdı ki, mən opearaya gələndə 24 opera var idi repertuarda, altı il keçib üstündən, qalıb səkkiz tamaşa. Bu tamaşaları niyə çıxarırsız?

Deyirdi, mənim oynadığım 7-8 tamaşadan ikisi qalıb. Mən onsuz da başqa yerlərdə oxuyuram, sizə görə deyirəm.

– Sonradan Tehrana da gedib.

– O vaxt Tehranda Azərbaycan müğənnilərinə öz dillərində mahnı oxumağa qoymurdular. Atama səfirlikdən zəng elədilər ki, bizi prezident göndərib, simfonik orkestrin rəhbəri gəlib, sizinlə görüşmək istəyir. Mən də evdəyəm. Oturub danışdıq. Atam dedi ki, mən Təbrizə gedirəm, oxuyuram, amma məni Tehrana buraxmırlar. Deyirlər ki, Azərbaycan dilində oxuma.
Ona dedilər ki, hansı dildə istəyirsən, oxu. O da oxudu.
İran simfonik orkestri ilə konsert verib. Tehranda Azərbaycan dilində ilk dəfə mənim atam oxuyub. Ancaq heç kim istəmədi bunlardan danışsın.

– Özü bu barədə danışırdı?

– Hə, gəlib evdə danışırdı. Mən saat yarımlıq bir konsert proqramı yığdım və konsertvatoriyanın nəzdində Opera studiyasında təqdimatını keçirdim. Elə şeylər çıxarmışıq ki, heç kim bilmir. Məsələn, 88-89-cu illər... Qafandan köç başlamışdı. Biz də prosesi televizordan izləyirdik. Deyirdilər ki, köçkünlər Bakıda məskunlaşmalıdır.

Birdən atamın səsini eşitdik. Gur idi axı səsi. Dedi ki, onlar torpaq insanlarıdır, onları şəhərdə yox, ətraf ərazilərdə məşkunlaşdıraq. İki saat yarım gözlədik, gəlmədi. Dedik ki, vəssalam, kişini apardılar. Saat 12-də gəldi, otağına girib qapını bağladı. Yarım saat sonra qapını döyüb dedim ki, aç qapını. Açdı. Soruşdum ki, nolub. Dedi, heç nə. Dedim, necə yəni heç nə, səni hara çağırdılar? Dedi, məni bir otağa çağıdılar, 4-5 nəfər var idi, düşdülər üstümə ki, niyə belə deyirsən, onlar da azərbaycanlıdı. Dedim, mən demirəm ki, qovaq, Bakıda yer var, harada qalacaqlar. O vaxtı böyük qalmaqal idi. Evlər zəbt olunurdu. Atama dedilər ki, sənin iki vəzifən var, Opera Teatrının müdiri və Teatr Xadimləri İttifaqının sədri, birini təhvil verməlisən. O da dedi ki, operadan gedirəm. Soruşdum ki, operadan niyə getdin? Dedi, çünki opera əmrlərdir, əmri də nazir verir, ona deyərlər, məni çıxarar, amma ittifaqda seçkili sistemdi. Bunu da heç yerdə danışmırdı. Mən də təsadüfən gördüm.

– Deyirlər, “Koroğlu operası”yla bağlı da problem olub.

– “Korğlu”nu ona vermirdilər. Guya Bülbüldən sonra heç kim oxumamalıdır. Niyə?

– Bir dəfə deyib ki, mənə Polad Bülbüloğlunun elədiyini heç düşmənim eləməyib.

– Bəli. O eləmişdi. Polad Bülbüloğlunun ona elədiyini heç düşməni də eləməyib. “Koroğlu” gedəndə qapıları bağlayıb bilet satmırdılar. Guya biletlər satılıb, ancaq zalda heç kim yox idi. Jurnalistlərə də tapşırırdılar ki, yazın ki, pis oxuyub. Həmən jurnalisti tapdım, dedim, niyə belə yazmısız. Dedi ki, bizə belə tapşırıblar. Elə ona görə xəstələnirdi də. Qəfildən getdi. Lütfiyar İmanovu bəyənməyə bilərsiniz, ancaq belə münasibət yolverilməzdir. Tək o deyil, çox adamları unutdurublar: Firəngiz Əhmədova, Valeri Qurbanov, Ağabala Bünyadzadə...
Çoxdular. Adları heç yerdə yoxdu. Nə muzeyləri, nə guşələri... Atamın da yoxdu. Gör neçə ildir mən o əşyaları Musiqi İncəsənət Muzeyinə vermişəm. Onun daimi ekspozisiyası yoxdu. Artıq altı ildir. Haralara yazmamışam...

Heç adını da çəkmək istəmirəm... Deyirdi, nə qədər ki, mən sağam, “Koroğlu”nu reklam eləməyəcəm.

– Lütfiyar bəy 1959-cu ildə “Koroğlu”nu oxuyanda Bülbül sağ idi axı...

– Onda Bülbül sağ idi, bəli. Guya atam “Koroğlu”nu oxuyanda Bülbül dözməyib, xəstələnib vəfat edib.
Dedim, elə həmən gün ölərdi də. Bir aydan, üç aydan sonra, ta üç ildən sonra yox da. Nağıldı axı bu. Onda mən də deyim ki, Lütfiyar İmanovdan sonra oxumayın “Koroğlu”nu.

İki veriliş eləyiblər. Bir xanım zəng elədi ki, atanız haqqında 25 dəqiqəlik veriliş hazırlayırıq, yadigarı kimi sizin də danışmağınızı istəyirik. Dedim ki, yaxşı. Dedim, nədən danışacağıq. Dedi ki, evdə necə idi, nələr eləyərdi və s.
Ondan olar... Yoxsa durub desək ki, dahi idi, elə idi, belə idi, yaxşı olmaz.

Bizə tərbiyə verə bilmirdi, çünki vaxtı yox idi. Bir ilin içində uzağı üç ay ayrı-ayrı vaxtlarda görürdük onu evdə. Biz onun hərəkət və davranışlarından görüb-götürürdük. Məsələn, demişdi ki, süpürgəçi də olsanız, elə olun ki, dalınızca gələn deməsin ki, haram olsun.

– 20 Yanvar hadisələrini necə xatırlayırsınız?

O vaxt Prezident aparatının yanında kommunist biletlərini cırırdılar. Atam da biletini cırmışdı. Deyirdi ki, üç-dörd nəfəri xaricə göndərək, faciəmizi dünyaya tanıtsın. Məcburi icazə verdilər. O, Cabir Novruz və Çingiz Sadıqov getmişdi. Müxtəlif yerlərdə konsertlər verdilər. O yazılar məndə var. Üç saat konsert gedirdi. Hər üçü vaxtaşırı danışırdı.

“Yar bizə qonaq gələcək” mahnısı var. Konsertdə mahnının hekayəsindən danışır. Onda mən başa düşdüm ki, bu kişi hələ vaxtdan deyib bunu.
Mən onda piano çalırdım. Almaniyada, Türkiyədə, Rusiyada verdiyi konsertlərində onu müşayiət eləyirdim. Hətta İrəvana da getmişdik. Ona olan rəftarı görürdüm.

– “Yar bizə qonaq gələcək” mahnısında Güney Azərbaycan məsələsinə diqqət çəkir. Güney mövzusu barədə evdə, ailədə də danışırdımı?

– Hə, danışırdı. Onun barəsində çox haqsız danışırdılar. Kölndə konsert verdi, sonra Peterburqa getdi. Ordan Sibirə göndərdilər. Axırda da dedilər ki, Lütfiyarın səsi yoxdur.

– Sovet dövründə bu haqsızlıqlar nə ilə bağlı idi?

– Ona qarşı SSRİ-də heç bir pis münasibət yox idi. Ancaq Azərbaycanda...
Elə ki 1959-cu ildə Koroğlunu oxudu, münasibət dəyişdi... Bizdə belə müğənni yox idi. Rəşid Behbudov sırf opera sənətçisi deyildi. “Sevil”də oxuyub, sonra estradaya keçib. Müslüm də elə. Atam “Aida”nı öyrənib İtaliyada oxuyub. Sonradan “Bolşoy Teatra” çağırdılar. Afişaları da var. Oktyabrın üçü, altısı, doqquzu... Hansı sənətkar dözər buna? O özünü qoruyurdu. Hər səhər durub fiziki hərəkətlər etməsə, çörək yemirdi. Bizi də oyadırdı. Biz də əyilə-əyilə gəlib otururduq stolda.

– Evdə də tez-tez oxuyurmuş.

– Hə, məşqlər eləyirdi. Hər cür mahnı oxuyurdu. Məni də çağırırdı. Bir gün gəlib gördüm ki, qədim Misirin tarixini oxuyur. Soruşdum ki, bunu niyə oxuyursan?

– “Aida”ya hazırlaşırdı.

– Bəli. Hirsləndi. O hirslənəndə azərbaycanca danışırdı. Dedi, axı mən “Aida”da oxuyacam. Bilməliyəm ki, o dövr necə idi. Dedim, artıq öyrənmisən də. Dedi, öyrənmişəm, amma yarım ildir oxumuram. Prosper Merimenin “Karmen”ini oxuyurdu. Deyirdi novella başqa cür yazılıb, liberetto başqa cür. Əsasını bilməliyəm. Mən də ondan bunu götürdüm. Hansı işi görürəmsə, dərininə enməliyəm.

- Bəstəkarlığı da olub. Xeyli mahnısı var.

– 50-dən çox.

– Deyirmiş ki, bu mahnıları özümdən başqa heç kim oxuya bilməz.

– Özünə görə yazırdı. İstəyirəm, onları bir yerə yığıb kitablaşdırım. Bir neçə il əvvəl bununla bağlı layihə təqdim eləmişəm. İmkan vermirlər. O nazirin adamları hələ də oradadırlar. Atamın düşmənləri hələ sağdılar. Düşmən də deyillər e... Mübarizəni də gərək mərdcə aparasan. Onların hamısı tuladı.


– Klassik musiqi ifaçılarını həmişə ciddi görkəmdə görürük. İstər-istəməz maraq yaranır. Lütfiyar bəy evdə necə idi?

– Evdə də elə idi. Onu biz heç vaxt pijamada görmədik. Elə geyinirdi ki, elə bil indicə səhnəyə çıxacaq. Deyirdim ki, evin içində niyə belə geyinmisən? Deyirdi, qarışma. İndi deyirlər e, rayondan gəlib şəhəri zəbt eləyiblər. Atam da rayondan gəlmişdi. Hamımız oradan gəlmişik də.

– Sənət adamlarından evinizə ən çox kimlər gəlib-gedirdi?

– Fikrət Əmirov, Cövdət Hacıyev, Əminə Dilbazi, Arif Məlikov, Niyazi, Qara Qarayev.
Biz Niyazi ilə, Qaqa Qarayevlə bir yerdə yaşayırdıq. Onların danışıqlarının hamısı yadımda qalıb. Şairlər çox gəlirdi. Təzə şeirlərini gətirirdilər.
Bir dəfə biri zəng eləyib dedi ki, salam, Lütfiyar bacını olar? Dedim, ay ata, kimsə sənə zəng eləyib “bacı” deyir. Deyəsən, Tofiq müəllim idi.
Bir də görürdün, küçədə gedəndə Niyazi ilə rastlaşırdım. Deyirdi ki, hara gedirsən? Deyirdim ki, heç, elə-belə gəzirəm. Onda bir yerdə yaşamırdıq. Atamı soruşurdu. Kabinetinə aparırdı məni, pianonun qarşısında otuzdururdu, deyirdi ki, çal.

Onda evin adamı idilər deyə fikir vermirdim, adi gəlirdi. Sonra başa düşdüm ki, mən kimlərlə bir evdə yaşamışam...
Bir gün Qulu Əsgərovla mübahisəmiz düşdü. Anam Salyanda idi. Qapını açdım, Qulu müəllim dedi ki, kim var, kim yox. Dedim, heç kim yoxdur, qapını bağladım. Dedi, barı bir stəkan çay ver. Dedim, yoxdu çay. İndi xatırlayanda gülürəm...
Atam həm də dərs deyirdi. Tələbələri gəlirdi...

Dörd yaşımdan teatra gedirəm. Bir dəfə birinci sıradan atama baxırdım, sonra soruşdum ki, ata, gördün məni? Dedi ki, ordaydın? Görməmişdi məni. O nə oxuyurdusa, gözündə onun təsvirini yaradıb oxuyurdu, heç kimi görmürdü. Oğlunu belə. Ona görə də o oxuyanda hamı inanırdı ki, “Koroğlu”dur. İndi görürsən ki, adam oxuyur, amma gözləri başqa yerdədir.

– Hər dəfə deyirdi ki, mən “Koroğlu” üçün yaşayıram. Onu o operaya, o rola nə bağlayırdı?

– Uşaqlıqda Bülbülün ifasına qulaq asıb. Deyirdi ki, mən uşaq vaxtı özümə kömürdən bığ çəkib, taxtadan qılınc düzəldib ora-bura qaça-qaça ariyalar oxuyurdum.

Ondan sonra öküz arabası ilə neçə saata Bakıya gəlib. “Koroğlu”ya baxıb. Üzeyir bəyi, Bülbülü canlı görüb. Deyir, ondan sonra vuruldum bu operaya, bu sənətə. Koroğlunun 7777 dəlisi varsa, biri də mənəm.

Təsəvvür eləyin, 2007-ci ildə Yeni il günü yığışmışdıq, dedim ki, biz gedək. Dedi, yox, saat birdə gedərsən. Moskva vaxtına görə hesablayırdı. Oturdum. Qəfildən başladı “Koroğlu”nu oxumağa. Zilə keçəndə tüklərim biz-biz oldu. Qurtarandan sonra da dedi ki, oxudum ha. Qurudum qaldım. 80 yaşında bu səs?! 20 gündən sonra rəhmətə getdi.

– İlk dəfə səsini kim kəşf edibmiş?

– Atam çox utancaq uşaq olub. Heç yerdə oxumayıb. Deyir, bir gün gəlib gördüm ki, atam stolda oturub, çox hirslidir. Başladım bir mahnı zümzümə eləməyə. Atası təəccüblənib, deyib ki, sənin əməlli səsin var. Ondan sonra evə kim gəlirdi, oxutdururdu atamı. 14 yaşında onu Sabirabadda musiqi dərnəyinə götürürlər. Orada suflyor işləyirdi. 15 yaşında dərnəyin rəhbəri olur. Kimsə onu eşidib, deyir ki, sənin yerin Bakıdır. Gəlir Bakıya. Qulaq asıb görüblər ki, səsi var.

Bir müəllimi var idi – Milovanov. Ondan başqa müəllimi olmayıb atamın. Sonra atamı Musiqli Komediya Teatrına solist kimi götürürlər. 1958-ci ildə “Hacı Qara”da oynayır. Niyazi görüb bəyənibmiş. Deyib ki, sabah burada ol. Atam da gedib “Koroğlu”dan bir hissə oxuyur. Deyiblər, bu hazır “Koroğludu” ki.

1959-cu ildə Moskvada “Koroğlu”nu oxuyur. Gələndən sonra Əməkdar artist adı verilir və opera solisti olur.

60-cı illərdə Ramiz Mustafayev “Vaqif” operasını yazdı, atam oxudu. Sonradan qardaşıma da “Vaqif” adını qoydu. Həmin gün – atam “Vaqif”i oxuyanda doğulub. Aramızda beş yaş fərq var. Atama dedim ki, bu hələ balacadır, başa düşmür, gəl adlarımızı dəyişdirək, mən “Vaqif” olum.

Uşağam da, beş yaşım var. Desə “yox” başlayacam ağlamağa. Dedi, sən də oxuyacaqsan? Dedim, hə.

Biz oxuyanda atam heç bilmirdi “2” alırıq, “5” alırıq. Soruşmurdu. Deyirdi ki, özünüz üçün oxuyursunuz. Bir dəfə də məktəbimizə gəlməyib. Konservatoriyada oxuyanda da bilmirdi, necə oxuyuram.

– Bu, həm də laqeydlik deyil?

– Arada maraqlanırdı. Anam tərəfimizi saxlayırdı. İstəmirdi ki, hirslənsin. Gündəliyimizi də vermirdi ona.

– Əksər Azərbaycan ailəsində olduğu kimi...

– Hə. Atam da anama inanırdı deyə, baxmırdı. Anam istəmirdi ki, atam ikiləri görsün. Gündəliyə yazırdılar ki, Rauf dava eləyib-filan. İstəmirdi, onları görüb əsəbiləşsin. Çünki çox sərt adam idi. Mən pianoçu idim. Ən az 3-4 saat çalmalı idim. Deyirdim ki, gedim futbol oynayım. Deyirdi, yox, get əsəri öyrən. Həyətə buraxmırdılar. İkinci mərtəbədə yaşayırdıq. Eyvana çıxırdım, uşaqlar aşağıda oynayırdılar, mən də hakimlik eləyirdim.

Qəddar deyildi. Dərsimizi qurtaran kimi otağımıza gəlib deyirdi ki, neynirsiz? Deyirdik ki, heç nə. Deyirdi, gəlin şahmat oynayaq. Fikirli olurdu deyə, uduzurdu. Dodağında nəsə zümzümə eləyirdi. Bir də gördün, çıxıb getdi.

Vaxtı çox az olurdu. Evdə tapılmırdı. Biz səhər yuxudan durub onun şəklinin qabağında dayanıb deyirdik ki, sabahın xeyir. Axşam yatanda da sağollaşıb sonra yatırdıq.

Dörd aylıq Ərəbistana getdi. Gələn kimi soruşdum ki, nə gətirmisən? Çatan kimi hədiyyələrimizi verirdi.

Hamıya kömək eləyirdi, bizə yox. Deyirdilər ki, sən Lütfiyar İmanovun oğlusan, yəqin əsgərlikdə olmamısan. Deyirdim, niyə? Olmuşam. Yəqin səni Bakıda saxlayıblar. Yox, Krasnodarda qulluq eləmişəm. Ağcabədidə işləmişəm. Bilmirdilər. Xəbərləri yox idi.

– Onu özündən ən çox nə çıxara bilərdi?

– Xalq mahnılarının arajimanını bəyənmirdi. Deyirdi ki, nə oxuyur e, onlar? Ora muğam yeri deyil axı. Mən də deyirdim ki, sən muğam bilirsən? İnanmırdım muğamı bilməyinə. Bir dəfə bir konsertdə Vaqifin sözlərinə segah oxudu. Dəhşətə gəldim.
Ağa ağ deyirdi, qaraya qara. Ortası yox idi.
Səhnəyə çıxacağı gün biz evdə danışmırdıq ki, birdən ona mane olarıq.

– Moskvaya da dəvət eləyiblərmiş. Ev, şərait, hər şeyə razı olublar...

– Hə, çox yerdən təklif gəlib. Rusiyadan, Tükiyədən, Çexoslavakiyadan, Kanadadan. Ancaq getmədi.

– Getməməyinə peşman imiş...

– Hə, deyirdi ki, nahaq orada qalmadım. Hindistandan təklif gəlmişdi. Hətta evləndirmək istəyirdilər. Şəkli də var qızla. Anam soruşub, kimdi bu. Deyib, mənə deyirdilər ki, bu qızla evlənsən, varlı olacaqsan, anab da gülüb, deyib, razılaşardın da.

Deyirdi ki, mən azərbaycanlıyam, vətəni atıb gedə bilmərəm. Necə buranı atıb “Bolşoy Teatr”da oxuya bilərəm? Adı “Bolşoy Teatr”ın siyahısında var idi. Ayda azı iki dəfə orada səhnəyə çıxırdı. Maaş almırdı, ancaq ilin əvvəlində qastrollarının siyahısını göndərirdilər. Xərclərini ödəyirdilər.

– Türkiyədə də işləyib bir müddət.

– Adnan Sayqun 1973-cü ildə “Koroğlu” operasını yazıb. 80-ci illərdə atama təklif elədi ki, gəlin, “Koroğlu”nu oxuyun. Üzeyir bəyin “Koroğlus”u tenordur, Həsən xan bas, Sayqunun “Koroğlu”sunda isə tərsinə idi: bariton-bas. Həsən xan isə tenor. O, elə fikirləşib ki, sərkərdənin səsi tünd olmalıdır. Dedi ki, Həsən xanı oxuyarsan. Atam da razılaşdı. Getdi öyrəndi, oxudu.

Burada işləməyə imkan vermirdilər. Bir dəfə Müslüm Maqomayevin dayısının günləri keçirilirdi. Müslüm demişdi ki, mən Bakıya gəlmirəm. Niyəsini soruşanda demişdi ki, çünki Lütfiyar konsertdə iştirak eləmir. Lütfiyar axı Müslüm Maqomayevin “Nərgiz” operasında oxuyub. Onu konsertin proqramına salmamışdılar.

Bizə zəng elədilər. Mən də evdə idim. Atam dedi ki, yox, mənə xəbər eləməyiblər. Müslüm də Heydər Əliyevə zəng eləyib. Bir saat sonra Mədəniyyət Nazirliyindən zəng eləyib dedilər ki, adınızı proqrama salmışıq, nə oxuyacaqsınız? Belə şey olar? Biabırçılıqdı.

– Belə şeylər də sənətkarı sındırır.

– Əlbəttə. Ancaq onu sındıra bilmədilər.

– Ona görə də Türkiyəyə getdi.

– Hə. Dörd ilə yaxın orada işlədi. Həm dərs deyirdi, həm də oxuyurdu.

– Siz də onunla getmişdiniz?

– İki aydan bir gedib-gəlirdim. Deyirdi ki, qal Türkiyədə. Ancaq razı olmurdum. Mən burada hər işdə işləmişəm. Mədəniyyət Nazirliyində işləyəndə Polad Bülbüloğlu çalışırdı ki, məni işdən çıxartsın. Bağlanmışdım buralara.

– Son görüşünüz necə oldu?

– 2007-ci ilin 31 dekabrında. Bayaq dediyim kimi, evdə oxudu. Sonra dağılışdıq...

– Ölüm xəbərini necə aldınız?

– İndiki kimi yadımdadır. O gün yağış yağırdı. Evə gəldim. Bacım oğlu zəng elədi ki, atanın vəziyyəti yaxşı deyil. Səbəbini soruşanda dedi ki, iki dəfə təcili yardım maşını gəlib evə. Dedim ki, yarım saata gəlirəm. Dedi ki, artıq onu xəstəxanaya aparıblar. Tez evə gəldim. Öyrəndim ki, səhərdən vəziyyəti pisləşibmiş. Saat 10-un yarısı idi. Qardaşıma zəng elədim. Dedi ki, reanimasiyaya salacaqlar. Yarım saat sonra Mədəniyyət Nazirliyindən zəng gəldi... Dedilər ki, Allah rəhmət eləsin. Huşumu itirdim. Sonra dedilər ki, sən yıxılıb ulayırdın. Sən demə, xəstəxananın liftindəcə keçinib...
Gör nə vaxtdır vəfat eləyib, ancaq mən bu gün də onun evinin yanından keçmək istəmirəm. Hər gün saat altıda onun yanına gedirdim. O vəfat eləyəndən gündən - mən saat altı oldumu, özümə yer tapa bilmirəm.

Son vaxtlar özünə baxmırdı. Soyuq su içirdi. Çox əsəbi idi.

– Atanız haqqında bir cümlə yazmaq imkanınız olsaydı, nə yazardınız?

– Oxuyana qədər yaşayıram...


# 39343 dəfə oxunub

Oxşar xəbərlər

“Məhəmməd Peyğəmbərin həyatı”  kitabı nəşr olunub

“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub

18:40 14 oktyabr 2024
"100 möhtəşəm marketinq məsləhəti" çap olundu

"100 möhtəşəm marketinq məsləhəti" çap olundu

15:14 14 oktyabr 2024
Fərqanə Qasımova:  "Haqqımı heç vaxt onlara halal etmirəm"

Fərqanə Qasımova: "Haqqımı heç vaxt onlara halal etmirəm"

14:45 14 oktyabr 2024
Farah Zeynep Abdullahdan Nur Sürerə "Yılmaz Güney" reaksiyası

Farah Zeynep Abdullahdan Nur Sürerə "Yılmaz Güney" reaksiyası

14:13 14 oktyabr 2024
Gəncə Dövlət Filarmoniyasında Gülüstan Əliyevanın konserti keçiriləcək

Gəncə Dövlət Filarmoniyasında Gülüstan Əliyevanın konserti keçiriləcək

13:13 14 oktyabr 2024
“Səhra savaşı”  romanı yenidən işıq üzü gördü

“Səhra savaşı” romanı yenidən işıq üzü gördü

13:10 14 oktyabr 2024
# # #