Lalə Azərtaş düz deyir, qadın kişinin ayağını yumalıdır

Lalə Azərtaş düz deyir, qadın kişinin ayağını yumalıdır
24 may 2022
# 12:48

Kulis.az Vüqar Babazadənin “Anam, bacım, qız, gəlin” adlı yazısını təqdim edir.

Anam, bacım, qız, gəlin.

Əli ayağı düz gəlin.

Yeddi oğlum istərəm,

Bircə dənə qız gəlin.

Lalə Azərtaşın reinkarnasiyası – I hissə

Söhbəti çox uzatmaq istəmirəm. Birbaşa mövzuya girmək istəyirəm. Girmək sözü təəssüf ki, pis başa düşülür. Ümumiyyətlə, bir ovuc milli mənşəli sözümüz var, onları da cümlədə işlədəndə, gərək üzr istəyib işlədəsən. Girdim, çıxdım, qoydum, soxdum, saldım, basdım və s. Nəsə, bu ayrı yazının mövzusudur. Biz qayıdaq öz mövzumuza.

Lalə Azərtaş deyib ki, “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.

Bu xəbəri görən kimi səhər-səhər qanım it qanına döndü. Əslində, bu fikirlərə təəccüblənməyə ehtiyac yoxdur. Hər şey ağ və qara deyil. Elə olsaydı həyat boz rəngdə olardı. Həyat rəngarəng, maraqlı, rəngli olmalıdır ki, birtəhər dolana bilək. Lalə Azərtaş kimi insanlar olmasa, məncə, biz darıxarıq, ürəyimiz sıxılar.

Lalə xanımın fikirlərini bir xeyli düşündüm. Görəsən, Lalə Azərtaş və onun kimiləri ər ayağı yumasalar nəsə dəyişərmi? Ümumiyyətlə, feminizm bu ölkəyə nə verə bilər? Məncə, heç nə. Azərbaycanda feminizmə ehtiyac yoxdur. Feministlərin özləri də bunu çox yaxşı başa düşürlər, ona görə də daim aqressiv və hiddətlidirlər. Feminizm hər şeyi aşmış xalqlar üçündür. Bizdə isə onsuz da dolanmaq olur. Azərbaycan matriarxal bir cəmiyyətdir. Bunu inkar edənlərin Azərbaycan məişətindən zərrə qədər də başları çıxmır. Azərbaycanda hər şeyi qadın idarə edir.

Nə təsadüfdürsə, son zamanlar mən də özümün feminist tərəfimi sorğulayıram. Bir sıra feminist romanlar oxuyuram, ölkədəki kişi və qadın münasibətlərini müşahidə edirəm, feminizm haqqında səhih mənbələrdən öyrənirəm.

Deyəsən, feministəm. Əslində, belə demək olar. Mən eşşək deyiləm. Normal adamam. Normal adamlar isə şiddətə, cins fərqləri olmadan yaşamağa, toksik maskulin və toksik feminenliyin iş və məişət zəminindən yığışdırılmasına tərəfəm.

Yəni, bir qadına yekə döşləri var deyə hörmət edilməsinə, zəif və çarəsizdir deyə döyülməsinə, ev heyvanı kimi münasibət göstərilməsinə qarşıyam. Bir kişiyə musqulu var deyə hörmət edilməsinə, evə pul gətirir deyə ondan qorxmağa qarşıyam.

Kişi ürəyi istədiyi hər şey edə bilər. Yalnız bir halda ki, qadın da ürəyi istədiyi hər şeyi etsin. Və yaxud əksinə. Əgər qadınlar deyirsə ki, bizim ürəyimiz nə istəsə, onu edə bilərik, bir halda edə bilərlər ki, kişilər də ürəyi nə istəsə, onu edə bilsin.

Bir dəfə qız dostumla (bunu vurğulamaq məcburiyyətindəyəm) yolda gedirdik. Birdən kepkalı, saçı yağlı, makasin geyinmiş bir gədə qız dostumun ayağını tapdaladı və çönüb məndən üzr istədi. Ona dedim ki, ay eşşək, məndən nə üçün üzr istəyirsən? Ayağını tapdaladığın adam yanımdadır. Ondan üzr istə də. Amma o elə fikirləşdi ki, mən gey, yaxud transam. Çünki Azərbaycanda kişi öz qadınına sahiblənməli, ona bir əşya kimi sahib çıxmalıdır. Əks halda kişi hesab olunmursan. Mən öz kişiliyimi nümayiş etdirmək üçün hətta o oğlanla dalaşmalı idim ki, mənim “qız dostumun” ayağını niyə tapdalayırsan? Belə etsəydim, olacaqdım əsl kişi.

Lalə Azərtaş, Budda və Qaumata Siddharatha – II hissə

Qayıdaq, Lalə xanımın ayaq yumaq fetişinə. Lalə xanım çox düz vurğulayır ki, qadın nəinki kişinin ayağını yumalı, hətta onun suyunu da içməlidir. Boşanmayın, bu da təzə çıxıb-zad. Lalə xanımın belə deməyinə baxmayın. O da həyat yoldaşından boşanıb. Mən qətiyyən boşanmağın əleyhinə deyiləm, boşanmağa pis baxmıram. Bir haşiyə çıxım. Ümumiyyətlə, hazırda elə bir zirvədəyəm ki, heç nəyə pis baxmıram. Çox-çox radikal şeyləri çıxmaq şərti ilə (insest, pedofiliya, zorakılıq və s). Nəyəsə pis baxmaq mənə çox gülünc gəlir. İnanın səmimiyyətimə, Lalə xanımın bu sözlərinə də pis baxmıram. Deyib, deyib də. Guya Lalə xanım hansı sözün, hörmətin yiyəsidir ki, onun mükalimələrindən sonra kütləvi şəkildə qadınlar kişilərin ayaqlarını yuyub, həmin suyu içməyə başlayacaqlar?

Lalə xanımkimilər bizim xaos dolu, urbanisitik mədəniyyətimizi zənginləşdirirlər. Lalə xanımın tərəfini də tutmalıdırlar, həm də onu söyməlidirlər. Lalə xanımın tərəfini tutanların da tərifini tutanlar olmalıdır, onu söyənlərin də özlərini söyənlər olmalıdır. Məni də bu yazıya görə həm söyən, həm də təqdir edən adamlar olacaq. Yəni ki, bir sözlə, bir dəli quyuya daş atacaq, sonra bütün danabaşlar tökülüb həmin daşı ordan necə çıxarmaq haqqında baş sındıracaqlar.

Mən cənub bölgəsindən olduğum üçün bu ayaqyuma söhbətini kənddə gözlərimlə görmüşəm. Gəlin qayınatanın, qayınların-filan ayağını qırmızı ləyəndə, aftafadan su tökə-tökə yuyur. Həmin gəlinlər nə Lalə Azərtaş tanıyır, nə də Vüqar Babazadə. Hansı ki, 9-dan attestatı alan kimi məktəbdən çıxıb, öz xoşları ilə ərə gediblər, 18 yaşlarında ana olublar, bir dənə də oğlan doğub yerlərini bərkidiblər. Və sevə-sevə ərlərinin, qayınatalarının, qayınanalarının ayaqlarını yuyurlar. Özünü öldür, onları başa sala bilməzsən ki, bu düzgün hərəkət deyil və yaxud matriarx-patriarx məsələsidir. Onlar elə bilirlər ki, ev işləri görmək üçün, ömürlərini mətbəxlə qonaq otağı arasında çürütmək üçün, ayaq yumaq üçün dünyaya gəliblər. Və öz hallarından xoşbəxt, məmnun halda yaşayırlar.

Sizə sadə bir mənzərə göstərim. Avqust ayıdır. Cəhənnəm alovu yeri-göyü götürüb. Kənddə bir kişi bu istinin altında ot biçir. İlahi, bunu yaşamayanlar, ən azı görməyənlər nə demək istədiyimi başa düşməzlər. Elə bir isti var ki, su deyirsən, söz ağızda buxar olur, eşidilmir. Qar deyirsən, söz adamın ağzında əriyir. Kişilər həmin istidə, zəmidə qalın corablar, üst-üstə ayaqqabılar geyinirlər ki, zəmidə addım başı olan ilanlar onları ayaqdan sanca bilməsinlər, tikanlar batmasın, zəhərli otlardan yayınsınlar. Ot biçəndə adama hər şey ola bilər. Nə bilmək olar, o boyda zəmidə yayın cırhacırında otların arasında nə gizlənib? Qərəz, bu cür ağır bir prosesdən yorğun-arğın evə gələn ərinin ayaqlarını öz ağ, toppuş, pambıq kimi əlləri ilə ovxalayan, həmin zəhmətkeş ayaqları yuyan gəlinlərin nəyi pisdir ki? Saunalarda, spalarda, nə bilim, masajxanalarda da bunu etmirlərmi? Edirlər. Bu eşşəklik, danalıq yox, estetik hərəkətdir, hörmət, sevgi əlamətidir. Kənd yeridir. Adamlar sevgilərini bir-birinə bu cür göstərirlər. Sizə tam səmimi deyirəm, rayona gedəndə, hərdən dəhşət yorğun oluram, anam ləyən gətirib deyir ki, gəl ayaqlarını yuyum. Qəbul etmirəm, amma bəzən mənim yaxşı yumadığımı görüb, özü də hərdən masaj edir. Anam İdarəçilik Akademiyasının Politologiya fakültəsini bitirib və 20 ildir bir müəssisədə müdirdir. Yəni deməyim odur ki, bu iş təhsilə, statusa, elmə-zada baxmır. Bu hərəkət sevginin, hörmətin göstəricisidir.

Amma Lalə Azərtaş kimi şər-xata qadınlar natamamdırlar. Onlar xoşbəxt deyillər və istəyirlər ki, başqaları da xoşbəxt olmasın. Mən bilirəm ki, Lalə xanım ayaq yumaq deyəndə yuxarıda dediyim səmimi, isti davranışları nəzərdə tutmur. Onun kimi qadınlardan qorxuram. Adamın başına min dənə oyun aça bilərlər. Misalçün, bu gün bir qadın Azərbaycanda məhkəməyə müraciət edib dəlilsiz, sübutsuz desə ki, filan kişi mənə sataşdı, ya mənə nəsə elədi. Bilirik ki, həmin məhkəmə həmin qadının tərəfini tutacaq. Kişiləri şərləmək bu cür qadınlar üçün çox asandır.

Məncə, Lalə xanım Buddizm dininə etiqad edir. O, ustad Buddanın və ustad Siddharathanın fikirlərinin daşıyıcısı, bir növ Azərbaycanın Dalay-Lamasıdır. Daha bilmirəm, o bu cür kamilliyə nələrdən keçib gəlib, necə belə cəsarət yiyəsi ola bilib. Ümumiyyətlə, məncə, Lalə Azərtaş öz ayaqlarını yumur. Çünki Buddizmdə belə bir şey var ki, buddistlər ayaqlarını yumurlar ki, suyu murdarlayarlar. Su müqəddəs və pakdır. Ayaq girdisə ora, su olacaq murdar. Söz düşmüşkən, Lalə xanıma Herman Hessenin “Siddhartha” əsərini oxumağı şiddətlə tövsiyə edirəm, çox gözəl kitabdır.

Buna görə də Lalə xanımın sözlərini doğru hesab edirəm. Düz deyir. Sizin başınız xarabdır? Nə boşanmaq-boşanmaq salmısız? Qadın kişinin ayaqlarını da yuyar, suyunu da içər, kirini də bankalara doldurub qışda turşu əvəzi istifadə edər, ya nə bilim, kompot hazırlayar.

# 13354 dəfə oxunub

Oxşar xəbərlər

# # #