Kişiliyə hər gün başqa təyinat geyindirən alfa-maskulin qaqaşlar... - Malik AtIlay

Kişiliyə hər gün başqa təyinat geyindirən alfa-maskulin qaqaşlar... - Malik AtIlay
28 iyul 2025
# 12:00

Kulis.az Malik Atilayın "Fenomenlərin doğuşu və cəmiyyətin məhvi" yazısını təqdim edir.

Qatar gənclərə məxsus çevikliklə "Gənclik" metrosuna çatarkən bir gənc oğlan yanındakı xanımla telefonun ekranına baxır, heç özlərinin belə eşidə bilmədiyi hansısa mahnıya dodaq oynadırdılar. Əvvəllər adam tanınmaq üçün nəsə ciddi bir iş görərdi: bir kitab yazardı, bir fikir deyərdi, olmadı, hər şeyə qarşı mübarizə apararaq adını tarixə yazdırardı.

İndi isə baxırsan ki, bığı burma kişilər, beli incə qadınlar telefonun kamerasını açıb dodağını büzür, göz süzdürür, özünü nə insana, nə insanlığa yaraşmayan cildə salaraq video çəkir.

Vəssalam, haradasa mənasız və məzmunsuz adamları məşhur etmək üçün barmağı telefonun ekranında gözləyən həmvətənlərimiz əllərindən gələn hər şeyi edirlər ki, cəmiyyətimizin sinəsinə daha bir dağ çəksinlər.

Abortdan necəsə yayınan bir fenomenin doğuşu da belə başlayır. Məzmunu olmayan bir adam özünü mənaya çevirməyə çalışarkən qədim Şərq fəlsəfəsindən tutmuş günümüzə qədər nə qədər filosoflar varsa, məzarlarında çiyni üstə dönürlər.

Gözlər qıyılıb, bir əllə saçını düzəldib, açıq sinəsini qabağa verərək kamera qarşısında dişisini ehtiraslandırmaq üçün qəribə hərəkətlər edən kenquru halına salır özünü, hələ bir altına da yazır ki: “Kişilik susmaqdır”.

Kişiliyə hər gün başqa təyinat geyindirən bu alfa-maskulin qaqaşlar 13-14 yaşlı uşaqları zərərli fikirləri ilə zəhərləməkləri azmış kimi tək uğuru yaxşı dovğa bulamaq olan qadınları da inandırır ki, kişi evə çörək gətirən yox, xarizmatik baxandır...

Dodaqlar büzülüb, qaşlar çatılıb, fonda hansısa kafenin divar yazısı , altında da son dövrlərin tragik şüarı: “Güclü qadınları sevin”.

Xanım, bu gücü harda isbat eləmisən? Ancaq güzgüdə öz əksinlə qarşı-qarşıya durmusan bu vaxta qədər. Gücün hardadı sənin? Ağlında? Xarakterində ? Yoxsa sevgilinin son model maşını və dolu portmanatında?

Özlərini "sosial fiqur" sayan bu xanımların və bəylərin bəndədən utanmaqlarının olmadığını bilirik, heç Allahdan da utanmaqları olmadığı üçün durmadan-dayanmadan hamıya ağıl verir, "uğur hekayələrini" paylaşıb hamını öz günlərinə salmağa səsləyirlər.

Bura qədər, bəlkə, bir təhər gülərək, yarızarafat, yarıgerçək yola vermək olardı, amma bir də ikinci tərəfi var – o tərəf kədərli və təhlükəlidir. Bəli, bu adamlar sadəcə özlərini gülünc vəziyyətə salmırlar, cəmiyyəti də zəhərləyirlər. Öz uydurma həyatlarını insanlara “real” kimi göstərirlər. Gündə bir restoranda, bir kafedə, bir “brend”lə, bir pozada – guya, bu onların adi həyatıdır.

İnsanlar isə bu yalanlara baxıb öz həyatlarından utanmağa başlayır. Qadınlar ərlərinin fərsiz olduğunu düşünür, kişilər qadınlarından gələn yemək qoxusundan iyrənir. Uşaqlar...

Əvvəllər uşaqların xəyal dünyası vardı: biri kosmonavt, biri prezident olmaq istəyirdi, amma indi onların da dünyası reallıqla zəhərlənib. Ona görə də uşaqdan nə olmaq istədiyini soruşanda, cavab verir: “TikTok influencer.”

Dünyanın zəhərli reallığı budur - uşaqlar əlçatmazı deyil, adiləşənləri sevir və rəğbət bəsləyirlər.

Kədərli tərəfini danışdıqsa, bir az da təhlükəli tərəfindən söz açaq.

Gəlin, ailələrə baxaq. TikTokda cəmiyyətin yaratdığı mənəviyyat qurdları fenomenlər yalnız fərdi zəhərləmir, ailəni də, cəmiyyəti də içdən çürüdür.

Bir vaxtlar kişilər evə gələndə, həyat yoldaşıyla çay içə-içə günün dərdini bölüşərdi, bir-iki kəlmə söz kəsib, günün yükünü çiyinlərindən qoyardı yerə. İndi bu cümlə mənim üçün nostalgiya, bəziləri üçün geridəqalmışlıqdan savayı bir şey deyil.

İnsanlar bir-birini sevməyi, dinləməyi unudub. Hər kəs sevilmək istəyir, hər kəs danışmaq istəyir.

Qarşılıqlı hörmət, sevgi, anlayış – bunlar artıq “nostalji dəyərlər”dir. Ailə artıq ekrana baxaraq parçalanır.

Hisslər “like”la ölçülür, səmimiyyət “filter”lə maskalanır.

Uşaq böyüyür, amma insan görmür. Çünki evdə adamlar var, amma insan yoxdur.

Bax, bu, çağdaş fəlakətdir. Çünki daha qiyamətdə tufanlar qopmur, insanların bir-biri ilə bağları qopduqca hər gün bir az daha çox qiyamət yaşanır...

# 1009 dəfə oxunub

Oxşar xəbərlər

Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı

Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı

18:40 28 iyul 2025
"Messinin sevimli qolu"  əsəri satıldı

"Messinin sevimli qolu" əsəri satıldı

18:00 28 iyul 2025
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupda

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupda

17:50 28 iyul 2025
Bu tapıntı tarix dərsliklərini dəyişəcək

Bu tapıntı tarix dərsliklərini dəyişəcək

17:30 28 iyul 2025
Məşhur aktrisa oğurluğa görə saxlanıldı

Məşhur aktrisa oğurluğa görə saxlanıldı

17:00 28 iyul 2025
Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... - Ülviyyə Lalənin şeirləri

17:00 28 iyul 2025
# # #