Kinonun sizə heç bir dəxli yoxdur! – Mədəniyyət Nazirliyinə sərt tənqid

Pərviz Həsənov, rejissor, ssenarist

Pərviz Həsənov, rejissor, ssenarist

3 avqust 2022
# 10:40

Kulis.az rejissor, ssenarist Pərviz Həsənovun “Ozan dili yüyrək olar...” yazısını təqdim edir.

Yazıya başlamazdan əvvəl Mədəniyyət Nazirliyi adlı quruma ad tapmaq istədim, lakin alınmadı. Çünki adlarını doğrultmurlar. Ağlımda nələrsə var, inşallah, yazının sonuna doğru ad tapılar.

Nə isə getdik.

“Ozan dili yüyürək olar” deyiblər...

Yox, bu cümlə də olmadı. Bizim nazirlik hardan bilsin ki, ozan nə deməkdir? Hələ yüyrək sözünü heç bilməz. Əslində, sözlər öz dilimizdədir, amma, təəssüflər olsun ki, biz nazirliklə ayrı dillərdə danışırıq. Gərək ayrı bir yazı da yazım ki, “Ozan dili yüyrək olar” folklorumuzdan gələn cümlədir. Nağılın, dastanın ortasında aşıqlar, ozanlar bu cümlədən keçid kimi istifadə ediblər. O da çətin məsələdir. İnsafən özləri əla qissəxandılar. Yenə çətinə saldım, üzrlü sayın, siz Quran.

Siz, bəlkə, belə başa düşərsiniz: “Ozan dili go go...”

Əlqərəz, çox hörmətli Mədəniyyət Nazirliyi zor nağıllar danışır, əslində. Ümumiyyətlə, maraqlıdır, sizin kino sahəsi ilə bağlı neyləmək fikriniz var? Şəxsən mənə maraqlıdır.

Əgər qarşınıza məqsəd qoymusunuzsa ki, kino sahəsini məhv edəsiniz, deyim ki, alınıb. Uğurla addımlayırsınız!

Konkret yazacam, ümid edirəm ki, konkret də anlayasınız.

Sabah Azərbaycanda, çox demirəm, 5 tammetrajlı bədii film istehsalata buraxılsa, nə baş verəcək, deyə bilərsiniz? O filmləri istehsal edəcək mütəxəssis tapılmayacaq. Söhbət tək rejissordan getmir. Film istehsalına aid olan bütün mütəxəssislər bura aiddir. Prodüsser qrupundan tutmuş, rəssam qrupuna kimi, protexnikdən tutmuş kaskadyor qrupuna qədər. Geyim rəssamı qrupundan tutmuş, texniki qrupa qədər… İnsafən bu prosesi siz başlamamısız, nə yalan deyim. Sizdən əvvəlkilərin zamanında başlamışdı. Amma imam üçün ağlayanda Yezid üçün də ağlamaq lazımdı. Sizin də bu prosesdə az əməyiniz yoxdur. Danmaq olmaz. Xülasə (yəni karoçe) bu kino adamları hardadır, neyniyir, xəbəriniz var? Bilirəm ki, yoxdu. Nəzərinizə çatdırım ki, kino yaradıcılıq olduğu qədər həm də istehsalat sahəsidir. Kinonun digər incəsənət növlərindən səciyyələndirən də (yəni fərqləndirən) məhz budur. Apardığınız kino siyasəti nəticəsində o adamların hərəsi bir tərəfə pələsəng oldu (“Pələsəng olmaq”– yəni dağılmaq, səpələnmək).

O adamlar ki, neçə illər ərzində yetişmişdi. Özü də çətin şəraitdə. Çünki sizdən əvvəlkilər də gül vurmuşdular. Siz də gəldiniz gülab çəkdiniz. Bu ölkədə kino varsa, ancaq fədakar adamların sayəsində var. O kinonun sizə heç bir dəxli yoxdur.

Niyə istehsalatdan yazdım? Çünki anlayışınız yoxdur. Məqsədim sizi aydınlatmaqdır. Sizə görə çalışıram. Film istehsalını bilmirsiniz. Bu dediklərimi nazirliyin kinoya aid bütün əməkdaşlarına istənilən şəraitdə isbat etməyə də hazıram, ya da ki, böyük əksəriyyətinə.

Bildiyiniz 2-3 xarici termindi. O da ki heç kimə lazım deyil, təkcə sizdən başqa. Heç kim başa düşmür. Elə məhz ona görə də bayaq dediyim kimi, “Ozan dili go go...”

Keçirilən müsabiqələrin nəticələri necə olacaq? Qaliblər ancaq qalib olaraq qalacaqlar? Arada müsabiqə-zad keçirirsiniz. O qədər müsabiqə keçirilib və niyə görə qalib ssenarilər istehsalata buraxılmır?

Siz allah “ssenari fondu yaradırıq” cümləsini deməyin, adamın əti tökülür. Sizin yerinizə cavab da verirəm. Day nə istəyirsiniz? Qədrimi bilin. Çünki dəqiq bilirəm ki, bu cümləni, daha doğrusu, nağılı danışacaqsınız.

2019-cu ildə keçirilmiş ssenari müsabiqəsində qalib olan ssenarilərin aqibəti nə yerdədi? Daha sonra keçirilən müsabiqələrdə qalib olan ssenarilər bəs?

2019-cu ildə istehsalata buraxılan filmlər niyə dayandırıldı? (Pərvizin də orda filmi var idi, elə ona görə bu yazını yazıb. Yoxsa yazmazdı.) Halbuki dəfələrlə şəxsən soruşmuşam. Sizi necə gözəl tanıyıram, görürsünüz? Bir şeyi də deyim ki, sizdən əvvəlkilər kim idisə, siz də onların birisiniz. Üç aşağı, beş yuxarı.

Söz deyəndə də susursunuz. Çevrilib olursunuz, Allah qəni-qəni rəhmət eləsin, Tarkovskinin filmlərinin kadrları. Uzun və hüznlü sükut…

Ozan dili yüyürək olar – “Ozan dili go go”

Qayıdaq yenidən 2019-cu ilə, o filmlərin aqibətinə. Necə ola bilər ki, istehsalata buraxılmış və istehsalat prosesinin 50 faizi yekunlaşmış filmlər dayandırılsın? Hansı səbəbə? O zaman bu qədər pul niyə xərcləndi? Özü də qeyd edim ki, o filmlər ölkə başçısının ehtiyat fondundan maliyyələşmişdi. Yəni ölkə başçısının xüsusi tapşırığı ilə. Sağ olsun, Xalq artisti Mehriban Zəki. Yenə o dilə gəldi ölkə başçısının qarşında. Əslində, o deməli deyildi heç. Orda çox dəyərli və hörmətli, kinoya illərini vermiş Xalq artisti Şəfiqə Məmmədova var idi. O da sağ olsun, kinonun problemini öz ittifaqının binasızlığı kimi təqdim elədi.

Kinonun problemi ittifaqın binasının olmamağıdı? Hansı məntiqlə? O da özünə bəlli ola bilər ancaq. Ümumiyyətlə, o ittifaqın yer problemi var. Yarandığı gündən heç cür özünə yer tapa bilmir.

Qayıdaq sizə. Siz heç bir səbəb demədən, heç bir arqument gətirmədən və müəlliflərə xəbər etmədən filmlərin istehsalatını dayandırdınız. Xeyir ola?

Yaxşı, 2019-cu ilin başını buraxdıq. Çox da özünüzü tıncıxdırmayın, yəni çox da özünüzə qapanıb dərd eləməyin. Mənim də işim zülümdü. Öyrənin də bu dili, qurban olum.

Niyə film istehsal olunmur? Səbəb nədir?

İstehsal olunan filmlər niyə ortalığa çıxmır?

Niyə ancaq “master klass” ilə baş qatırsınız? Çox sual verdim, bilirəm yoruram. Amma siz heç nə eləməyəndə, mən də sual verməliyəm.

Onsuz da bilirəm bu yazının da xeyri yoxdu sizə. Amma mən yenə də ümidlərimə sarılım.

Bir az da istehsalatdan danışaq. “Debüt” studiyası var. Yaranan gündən onlara gənc sənət adamına şərait yaradılmışdı o studiyada. Film istehsalını öyrənirdi gənclər. Proses gedirdi. Nə baş verdi? Neçə ildi, heç nə çəkmir. Bəlkə də, çəkir amma ürəyində.

“Mozalan” studiyası var. O da eyni aqibətdə. Böyük ehtimal o da ürəyində çəkir.

Animasiyadan söz belə gedə bilməz.

Əgər bu studiyalar fəaliyyət göstərmirsə, səbəb nədir? Maliyyə problemi ola bilməz. Biz kasıb ölkə deyilik. Əgər Maliyyə Nazirliyi vəsait ayırmırsa, niyə məsələ qaldırmırsınız?
Ölkədə film istehsalı yoxdur, amma fəxrlə tədbir keçirirsiniz.

Eşitdim, yaylaqda da “altını vurmusuz”.

Sizin yaylaqda nə işiniz var? Yaylaq görmüsünüz? Sizinki onlayn tədbirlərdi. Özünüzü niyə çətinə salırsız ki? Nə isə…

Sənət adamları var olduğu üçün Mədəniyyət Nazirliyi var və sizin borcunuzdur ki sənəti – kinonu himayə edəsiniz. Amma borcunuzu yerinə yetirmirsiniz. Çalışın, çox borc toplamayın üzərinizə, sonra qaytaranda (hər iki mənada) əziyyət çəkməyəsiniz.

Deyəsən, Mədəniyyət Nazirliyinə tərif tapdım axı.

Bir uşaq dünyaya gətirib boya-başa çatdıra bilməyən, lakin özünü çoxuşaqlı qəhrəman ana kimi aparan quruma Mədəniyyət Nazirliyi deyilir.

“Ozan dili go go...”

Bu yazıdan sonra nazirlikdən belə bir cavab gözləyirəm: bu əziz gündə ortalığa pərxaşdıq salmayın.

# 2687 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #