Kulis.az Əli Çağlanın yeni yazısını təqdim edir.
Bildiyiniz kimi Güney Azərbaycan ərazisində bir həftədən artıqdır internetin kəsildiyi üçün mənim və yazıçı dostum Həmid Herisçinin vəziyyətindən nigaran qalanların sayısı az olmayıb. Onlara Arazın Culfa sahilindən Azərbaycan internetinə qoşularaq səslənirəm ki, bizdə salamatlıqdır.
Amma birbaşa əsas məsələyə qayıtmaq istəyirəm; son günlər bir neçə sayt və sosial media səhifəsi qəribə bir tamaşa qurmağa çalışıb, xəbərimiz olmayıb. Həmin yazılarda başlıqlar sensasiya qoxuyur, cümlələr isə fakt deyil, şübhə üzərində qurulur. Guya haradansa uzanan əllər var, guya kimlərsə gizli şəkildə ədəbi mühiti idarə edir, guya hansısa böyük oyun oynanır. Hamımızın kim olduğumuz göz önündədir və hamı da hamını yaxşı tanıyır.
Demək, sanki 199 nəfərin imzasının mürəkkəbi hələ qurumayınca sancısı bu sifarişçiliklə məşğul olub əleyhimizə yazı yazanların canından çıxmayacaq!..
Onlar fakt gətirə bilmədikləri üçün suallar uydururlar. Arqument tapmadıqlarına görə şayiə yayırlar. Sonra da həmin şayiəni “ictimai müzakirə” adlandırırlar.
Bu prinsip çox köhnədir. Çox köhnə...
Tarix boyu istedadsızlıqla üzləşən adamların ən sevdiyi üsul həmişə bu olub; tənqidi yazı yazmağı bacarmayıb böhtan yazmaqla gündəmə gəlmək istəyənlər, hələ tənqidlə təxribin fərqini bilmirlər. Aylar öncə Güneydən AYB-yə gələn məktubların hamısı tənqidi müraciət idi, təxrib deyildi və o adamı öz ədəbi sferamıza layiq görmədiyimiz üçün hörmətlə müraciət etdik. Lazım olursa həmin adamın ətrafının mənə yazdığı söyüşləri də paylaşaram ki, xalq onların necə hörmətsiz olduğundan xəbərdar olsun.
Şəxsi qalmaqallara keçmək istəmirəm. Nə isə... Mənim haqqımda yazılan yazıda bir neçə dəfə yaşım vurğulanır. Əslində onu yazan bilməlidir ki, mənim 21 yaşım yox, 23 yaşım var. Demək yaşımı bilməyən şəxs mənim hara bağlı olduğumu bilir, maraqlıdır! Sanki 21 yaş yaxud 23 yaş insanın düşünməsinə, yazmasına və ya ədəbi mühitdə görünməsinə manedir. Maraqlıdır ki, eyni adamlar gənclərdən danışanda həmişə “gənclərə yol vermək lazımdır” deyirlər. Amma həmin gənclər onların qurduğu dar çevrədən kənara çıxanda və onları tənqid edəndə ki, illərdir ədəbiyyata heç bir xeyriniz dəyməyib, birdən-birə o gəncin varlığı problemə çevrilir.
Bunu anlamırlar ki, ədəbiyyatda yaş məsələsi yoxdur və ədəbiyyat heç kimin dədə malısı deyil.
Məni xalq yazıçımız Anar müəllim Rzayevin otağına çəkib aparan və həqiqəti sübut etmək istəyən güc yazılarımdakı istedadım idi. Onlara səslənirəm ki, Anar müəllimi də rahat buraxın, bizi bu işə layiq görübsə, onun başını aşağı etmərik; necə ki, ədəbi materiallar hazırlamışıq, Ədəbiyyat qəzetində yayırıq, kitablar çapa hazırlamışıq və tezliklə xalq şairimiz, Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının təşəbbüsü ilə "Təbriz-Bakı" jurnalını yenidən quracağıq və bunların hazırlanma məsuliyyətinin bir çoxu da mənim boynuma düşür. Azərbaycan ədəbiyyatına kiçik bir vəzifə kimi əlimdən gələni əsirgəməyəcəyəm.
Onsuz da hər şey göz önündədir. İllərdir Güneydə yaşayan ədəbiyyatçı soydaşlarımı saytlarda tanıtdırıram, antologiya toplayıram, vaxtilə birinci dəfə Güneydən Qarabağa yazılan şeirlər və hekayələr antologiyasını "Öncə vətən" adı altında çıxartmışam. O zaman, hörmətli dostumuz Nərgiz xanım İsmayılova məndən xahiş elədi ki, şeirlər kitabımı Bakı şəhərində çap edək. Mən də "əvvəl güneyli soydaşlarımızı çap edək və sonra mən çap olmasam da problem deyil" dedim. kitabın adını ona görə "Öncə vətən" qoyduq ki, bioqrafiyamda öz yaradıcılığımdan öncə, vətənimdə olanların yaradıcılığı öndə dayansın.
Siz nə etdiniz? Bir gəncin heç bir imkanı olmadan bu işləri görüb, kulis.az saytının Güney müxbiri işləyib, edebiyyatveincesent.az və başqa saytlarda Güney azərbaycanlı ədəbiyyatçıları tanıtdırmaq istəyib və indi də Anar müəllimin təşəbbüsü ilə həmin gənc, "Ədəbiyyat qəzeti"nin Güney Azərbaycan layihəsində təmsil olunur və öz soydaşlarını bütöv Azərbaycan oxusun deyə əlindən gələni əsirgəmir.
Əleyhinizə yazılan bu yazılarda başqa bir məqsəd də görünür. Orada elə bir atmosfer yaradılır ki, guya mən hansısa gizli təsirlərlə irəli çəkilmişəm. Halbuki həqiqət çox sadədir; mən istedadımın gücünə Əli Çağla olmuşam. Fikirlərimi açıq demişəm və Güney ərazisində diktator bir hakimiyyətdən gələn bütün təhlükələri göz önünə alıb danışmışam, danışacağam da. Mənə fəxrdir Səməd Behrəngi kimi ölmək... Mənə fəxrdir Mikayıl Müşfiq kimi ölmək. Mənə fəxrdir Əlirza Nabdil kimi həyat sürmək...
Yazılan yazılarda dostum, yazıçı
Həmid Herisçi
haqqında da müxtəlif ittihamlar səsləndirilir. Onun fikirləri təhrif olunur, kontekstdən qoparılır və sanki siyasi mövqe kimi təqdim edilir. Sanki Həmiddən Təbrizdə müsahibə almağımız və Həmdin "Bakısız Təbriz, Təbrizsiz Bakı" deməyi İran hökümətinin xaricdə masa arxasında olan agentlərini çox incidib. Bunu bilsinlər ki, biz öz kimliyimizi belə adama etibar etmərik, özümüz qoruyarıq, necə ki, qorumuşuq...
Həmid müstəqil düşünən bir yazıçıdır. Müstəqil düşünən yazıçıları hər zaman narahatlıq içində yaşatdırıblar. Yazıçı sual verər... Yazıçı düşünər... Yazıçı hadisələri fərqli bucaqdan görər... Fərqli fikrə, tənqidə dözməyi bacarmayanlar isə belcə demaqoqluqla məşğul olar
Amma mən başqa bir məsələni də xatırlatmaq, bəlkə də daha doğrusu ifşa etmək istəyirəm. 5-6 il əvvəl, yeniyetmə zamanlarımda
Leyla xanım Əliyevanın yazdığı “Issık göl” şeirini tərcümə etmişdim. Çox keçmədi ki, həmin tərcümə bəzi saytlarda indi mənim və dostum Həmidin əleyhinə yazılar sifariş etdirənin adı ilə yayımlandı.
Bu hadisə mənə ədəbiyyat aləminin ən qaranlıq tərəfini, ən çirkin səhifəsini hələ ağzımdan süd iyi gələrkən göstərdi.
Maraqlıdır ki, bu gün mənə dərs keçmək istəyənlərin arasında məhz belə ədəbiyyat qəhrəmanları da var. Plagiatın kölgəsindən çıxmayan adamların başqalarına dürüstlük dərsi keçməsi isə sadəcə ironiyadır. O şəxs deyir ki, Əli Çağla hardan maliyyələşir? O şəxs bilmir ki, Əli Çağla bir dəfə Bakıya gəlmək üçün bir il ayaqqabı dzaynerliyi eləyib pulunu toplayır və Bakıya gəlir ki, onun kimi adamların ədəbiyyata xəyanətini ortaya qoysun. İstərsə ona nəcə qan tər içində işlədiyimin və pul qazandığımın şəkillərini də göndərərəm.
Bu yazılarda Güney Azərbaycan mövzusundan da istifadə edilir. Bəziləri bu mövzunu sanki şəxsi mülkiyyət kimi təqdim etməyə çalışır. Guya kim bu mövzuda onların istədiyi kimi danışmırsa və ətrafındakı güneyli ədəbiyyatçıları boykot etmirsə deməli günahkardır. Amma Güney Azərbaycan heç kimin şəxsi mülkü deyil. Güney Azərbaycan, bütöv Azərbaycanlıların doğma torpağıdır. Güney Azərbaycan 50 milyon insanın parçalanıb doğma bacı-qardaşından ayrı düşmüş taleyidir, dilidir, tarixidir, üstəgəl kimliyidir. Bu mövzu ilə bağlı danışan insanın əvvəlcə kimliyi araşdırılmalıdır. Mənim kimliyim bəllidir. Amma mənim əleyhimə yazılar yazanın kimliyini tanımayanlara tanıtdırdım ki, həmin adamın povestini oxusanız, dialoqlarda istifadə olunan kürd dilini necə yaxşı bildiyi göz önündədir.
Vətənpərvərlik Xudafərinin o tayında dayanıb bu tayına söyüş verməklə deyil, Xudafərinin bax, bu tayında yumruğunu cibində düyünləyib hər dəqiqə təhlükələrdən özünü qorumaqla bəlli olur. Cürətin varsa, qalx, gəl Güneyə, görək indi silahlanan kürd qohumlarının qabağında mən dayanıram yoxsa sən?
Bu gün bəzi adamlar ekran arxasında böyük sözlər danışırlar. Uzun statuslar yazırlar. Başlıqlar düzəldirlər. Özlərini böyük mübarizə adamı kimi təqdim edib Həmidin və mənim əleyhimə çıxırlar. Amma tarixə müraciətimizdə belə qəhrəmanların ömrünün çox qısa olduğunu görürük. Çünki səs-küy tez sönür. Qalan isə yalnız həqiqətdir. Mənim bu yazılara cavabım çox sadədir. Mən nə gizlənirəm, nə də kiminsə kölgəsində yaşayıram.
Kim istəyirsə, dediklərimi dinləsin. Razı deyilsə, tənqid etsin. Tənqidi mübahisə aparsın. Ona açıq yol buraxıram. Amma təxrib etməyinə icazə vermərəm... Və bunu da anlasın ki, şayiə yazmaq ədəbiyyat deyil. Böhtan yazmaq polemika deyil...
Və ən əsası; başqasının sözünü, başqasının tərcüməsini oğurlayan adamın ədəbiyyatdan danışmağa mənəvi haqqı yoxdur...