İnandığımız şeylər – Fəridədən yeni hekayə

Fəridə, yazıçı

Fəridə, yazıçı

22 iyul 2022
# 08:54

Kulis.az Fəridənin yeni “İnandığımız şeylər” hekayəsini təqdim edir.

Bu hekayədə sən də varsan!

- Nə axtarırsan? – Qəfildən boynumun arxasında onun həmişəki yorğun, narazı səsini eşidirəm.

- Dişim ağrıyır, dərman axtarıram.

- Dərman alıb qoymusan ki, orda dərman olsun? Sənə neçə dəfə dedim get, o dişi düzəltdir.

- Qorxuram, bilirsən axı.

- Uşaq doğmağa qorxmurdun amma, – sancmağından qalmır, amma mən buna çoxdan öyrəşmişəm, fikir vermirəm.

Krantın üstündəki dolabda gözümə çaxır şüşəsi dəyir. Sevinirəm. O, məndən əvvəl şığıyır, şüşəni qapır və hamam otağına qaçır. Unitaza axıdılan çaxırın qoxusu dəhliz boyu yayılır, mətbəxdə mənə çatır.

- Utanmırsan, uşağından da utanmırsan heç? Dədəni bu mərət öldürdü, bunu da unutmusan?

Elə davranır ki, elə bil min ilin əyyaşıyam. “Atanı da bu mərət öldürdü” – cümlə dayanmadan beynimdə əks-səda verir.

O danışanda ağzından elə cümlələr çıxır ki, ilk anda fikir vermədiyini düşünürsən, amma o sözlər sanki buxarlanır, dumanlanır, hansısa qaz bombası kimi tüstü şəklində yayılır, səni yavaş-yavaş zəhərləyir...

Bu sözləri həmin vaxt necə gəldi ağzından çıxardır, yoxsa əvvəldən düşünüb hazır saxlayır – bunu bilmirəm. Hansısa sözü, cümləsi günlərlə, bəzən aylarla beynimdə əks-səda verir... Məni incidir, ağrıdır, bəzən ağladır. Mənsə, özümü inandırıram ki, ona fikir vermirəm. Amma axtarsan, illər öncə ağzından çıxartdığı hansısa bir söz, cümlə hələ də ətrafımda tüstü buludu kimi dolanmaqdadır

Otağa keçəndə görürəm ki, yaylığını çiyninə salıb, “Ayətül-kürsü”sünü pəncərəyə doğru qaldırıb, eynəyinin altından gözünü kitabçanın xırda hərflərinə dikərək dodaqlatı dua oxuyur. Mənim üçün oxuyur, bilirəm. Duaların diş ağrımı kəsə biləcəyinə inanır.

Dəfələrlə istəmişəm deyim ki, atamı sən öldürdün, içki yox. Dəfələrlə bağırmaq istəmişəm: “Sus, xahiş edirəm, bəsdir, daha dözə bilmirəm”...

Amma onun zəhərli buludları elə bil, dilimi lal edib, oxuduğu dualar məni əfsunlayıb. Beynimdə qurub-qurub, asıb-kəsib, qışqırıb-bağırıb, küsüb-ağlayıb, onu görəndə sadəcə susuram...

Nədənsə şikayət etsəm “nəyin çatışmır?” adlı silahını beynimə elə dayayır ki, əlllərimi qaldırıb təslim olmaqdan başqa çarəm qalmır...

Mirzəzadənin qızı... Hə, hə, “o fəhlə gədəyə qoşulub qaçıb atasını biabır edən, dörd ay sonra qarnında uşaqla geri qayıdan qızı”.

“Kişinin də ürəyi dözmədi də”. “Dağ boyda kişi”. “O hörmətdə adam”... “İçkiyə qurşandı”. “O mərəti ağlar qalsın”... “Atanı da bu mərət öldürdü”...

Səslər bir-birinə qarışır, böyüyür, çoxalır, uğuldayır...

Səslərdən qaçış yoxdur...

Səslər hər yerdədir...

Ətrafımda rəqs edən rəngbərəng səslər... Onlarla yaşamaq bir meşənin içiylə qaçmaq kimi idi... Təngnəfəs qaçırdım. Meşə uğuldayır, qadınlar xısınlaşır, səs böyüyür, büzüşür, kiçilir, yavaş-yavaş yox olurdum. “Divar”ı kəşf edənə qədər...

- Bu gün həkimə getmişdim, – süfrəni düzə-düzə dillənirəm.

- Dəli doxduruna?

Psixiatr seansımı nəzərdə tutur.

Onlar – Sara, anam və həkimim məni inandırmaq istəyirlər ki, bu sadəcə yuxu idi. Necə deyirlər? Hə, belə: - “Elə bil ki, hər şey pis bir yuxu imiş. Gözlərini aç, hər şeyi unut”.

Bilmirəm nağıldır, ya hekayə, amma yuxu olmadığına əminəm. Dərmanları içəndən bəri lap “dumanlanmışam”. Onlarla aramda qalın, səskeçirməz şüşə örtük yaranıb. Səslərini şüşə divarın o tayından çoox uzaqlardan gəlirmiş kimi eşidirəm. Bu divar mənim məsafə, yaxınlıq, uzaqlıq anlayışımı da bir-birinə qarışdırıb. Gözəgörünməz örtüyün o tərəfində (o tərəf nə qədər uzaqlıqdadır ölçə bilmirəm) səs-səsə verib qışqırışırlar: “eləəəə bil kiiii, hərrrr şey pis bir yuxu idiiiii”.

Mən onları çətinliklə də olsa eşidə bilirəm, amma onlar məni eşidə bilmirlər. Gah ağlayır, gah qəzəblənir, gah susaraq başa salmaq istədiklərimin heç birini eşidə bilmirlər.

- Mən onu dünən də gördüm.

- Başdan, lap əvvəldən başla.

- Oyanan kimi əl-üzümü yumamış mətbəx pəncərəsinin önündə düzülmüş dibçək güllərinə su verirəm. Yarpaqlarının tozunu silib, pəncərəyə tərəf əyilən çiçəklərini oxşayıram.

Bir stəkan çay içib geyinib evdən çıxıram. Şəhər bomboz üzü ilə məni salamlayır. May ayı olmasına rəğmən havada sentyabrın ilk dərs gününə məxsus xüsusi qoxu var. Dərin bir nəfəs alıb dayanacağa tərəf addımlayıram.

Yarı yolda bu gün iş günü olmadığını anlayıram. Yola boylanıram. Yol tanış gəlmir. Yenə dalğınlıqla səhv avtobusa minmişəm. Tələsik adamları yara-yara avtobusun orta qapısına yaxınlaşır, növbəti dayanacaqda enirəm.

Yolun hər iki tərəfində hündür, sıx ağaclar düzülüb. Şəhərdən xeyli uzaqlaşmışam. Bir qədər irəlidə uçuq-sökük tikilinin önündəki daşın üstündə qəribə, alabəzək köynəkli bir adam oturub. Görünür, bu tikili haçansa dayanacaq olub. Yavaş-yavaş ona tərəf gedirəm.

Otuz yaşlarında, hündürboy, cüssəli oğlan məni görən kimi ayağa durur. Qucağındakı iri gül dəstəsini qoltuğunun altına vurub cibindən siqaret qutusu çıxardır. Yaraşıqlıdır. Gözaltı məni süzür. Ona baxıb gülümsəyirəm.

Xeyli gözləyirik. Növbəti avtobus gəlmək bilmir. Bu yol hara uzanır, hara gedir bilmirəm. Avtobusun gəlməməyi oğlanla danışmaq üçün əla bəhanə olur.

- Çoxdan burdasınız?

- Təxminən, otuz ildir, – gülümsəyir.

Qəhvəyi gözləri parıldayır. Elə bil bal bankasına gün işığı düşür. Bu xoşuma gəlir.

Araya çökən sükutu bu dəfə alabəzək oğlan pozur:

- Nabələd adama oxşayırsız.

- Səhv avtobusa minmişdim.

- Bəs niyə burda düşmüsüz?

- Nə bilim, – çiyinlərimi çəkirəm.

Avtobus gəlmək bilmir. Oğlan ayağa durur. Qoltuğundakı çiçəklər soluxmaq üzrədir.

- Deyəsən, avtobus gəlməyəcək, – deyir – ağaclığın o tərəfində şəhərə qayıdan başqa yol var, bəxtimizi orda sınayaq...

“Gözlərini aççççç və elə bil ki, hər şey yuxu idi”...

Bu yuxu ola bilməz. Mən onun qoxusunu duyuram. Tünd şokolad tonlarında bir az siqaret, bir az da nəmişlik qarışmış qoxu.

O mənə toxunur və içimdə sanki qızmar tavanın dibinə atılmış, balaca barmağımın sədəfindən bir az kiçik sarışın bir qarğıdalı dənəsi isinir-isinir, əvvəl titrəyir, qəfildən də “pıtt” deyə bir səslə açılıb qonur göbəkli ağ çiçəyə çevrilir.

Amma o mənə “nilufər” deyir. Deyir ki, mən meşəliyin ortasındakı nəhəng bataqlığın əəən gözəl nilufəriyəm. Yarpaqların arasında düz sinəsinə enən sısqa günəş şüalarına cilvələnən, xoşbəxt nilufər...

- Nəyin reallıq, nəyin kabus olduğunu seçə bilmir, ona kömək etməyimiz üçün heç bir çaba göstərmir.

- Təhrif edir, bu normaldır, onun vəziyyəti üçün adi haldır.

Məni inadırmaq istəyirlər ki, bu sadəcə dörd ay çəkib. Dördcə ay.

Mən onlara illərlə o cəhənnəmdə həbs edildiyimi isbat edə bilmirəm.

Bəlkə, hər şey bu aramızdakı səskeçirməz örtük ucbatındandır?

Bəlkə də o örtüyü aramıza mən özüm çəkmişəm. Bəlkə də bu, mənim səslərdən, anamdan gizlənə bilmək cəhdimdir. Dərmanların təsirindən olduğunu düşündüyüm üçün dərmanları dilimin altında gizlədib xəlvətcə salfetlərə büküb atıram (anam məni tutana qədər), amma yenə də bu divar aradan çəkilmir.

- Mən onu dünən də gördüm. Bu heç kimin vecinə deyil, amma mən onu gördüm.

Təsadüfən burulduğum kafedə (dərman içməli olduğum üçün nəsə yemək fikrim var) burnuma tanış qoxu dəyir. Tünd şokolad tonlarında siqaret və nəmişlik qarışıq kişi ətri. Arxası mənə tərəfdir. Üzbəüz stulda gözəl bir qadın əyləşib. Masanın üstündə qırmızı çiçək dəstəsi var. “Sən xoşbəxt bir nilufərsən” deyir. Qadın gülümsəyir.

- Sabah Sara ilə gedərsən, mən Fatimənin xınası üçün alış-verişə getməliyəm xalanla – anamın səsi qırmızı kabuslarımı dağıdır...

Saata baxıram. Bir saatdan sonra qızımı bağçadan götürməliyəm. Ev telefonu zəng edir. O, tələsik qaçıb dəstəyi götürür. Kimləsə atüstü danışıb, sağollaşır.

- Nərgizgilə gedirəm, - deyir, - qızı dalaşıb gəlir. Deyəsən, gədə narkomandı.

Ardınca yenə nəsə deyir. Danışır. Deyinir. Dinləmirəm. Deyinə-deyinə geyinib çıxır. Sevinirəm. Eyvana keçirəm. Eyvanda şoraba saxladığımız dolabın qapısını açıb dibdəki boş dibçəyin içində gizlətdiyim siqaret qutusunu çıxardıram. Büzüşüb bir küncdə gizlənirəm ki, üzbəüz binadan baxan olsa, eyvanda siqaret çəkən qadını görməsin.

Eyvan barmaqlıqlarının arasından səmaya boylanıram. Bir əlçim pəmbə bulud nazlana-nazlana göy üzündə yeriyir. Içimə qəribə bir rahatlıq çökür. Bilmirəm, ümiddimi bu, yoxsa işkəncə...

Siqaretin kötüyünü əzib cibimdən çıxartdığım salfetə büküb yenidən cibimə qoyuram. Hamama keçib dişlərimi fırçalayıram ki, ağzımdan külqabı qoxusu gəlməsin. Dinmək üzrə olan diş ağrısı yenidən şiddətlənir.

Əynimi dəyişib evdən çıxıram. Pilləkəni enə-enə düşünürəm ki, görəsən, qapını kilidlədim?!

Həyətə çıxan kimi səslər yenidən peyda olur. Binanın qabağında üzbəüz dayanıb söhbət edən qadınlardan biri o birinin qolunu dümsükləyir, baxışlarıyla məni göstərir, nəsə deyir...

Addımlarımı yeyinlədib yola düzəlirəm. Dayanacağa çatıb gözləyirəm. Diş ağrısı dayanılmaz həddə çatır. Qızımı bağçadan götürəndən sonra aptekə girməyi planlayıram. Avtobus gəlmir. Beş dəqiqə, on dəqiqə keçir. Gicgahlarım, qulağımın dibi və çənəmdə bir nöqtə ürəyimin ritmiylə həmahəng döyünür. Başımı qaldırıb binaların üstündəki göy üzünə boylanıram. Pəmbə buludu axtarıram. Amma buludlar qəflətən sıxlaşır, qaralır. Şimşək çaxır. Leysan tökür. Dayanacaqdan iki addım uzaqda dayanan avtobusa minənə qədər islanıram. Boş yer tapdığım üçün sevinirəm. Oturub başımı pəncərəyə dayayıram.

Qırmızı kabuslarım yenə yaxamdan əl çəkmir. Mən onu gördüm... Yəgin illər sonra hansısa bir qadının da belə rəngli kabusları doğulacaq. Sonra həkimlər, rəfiqələr və analar onu inandırmaq istəyəcəklər ki, hər şey sadəcə bir yuxu idi... Gözlərini aç və unut...

Gözlərimi açıram. Mənzilbaşına çatmışam. Yarımca saat yağan leysan dayanıb. Binaların üstündəki ovuc boyda səmada göy qurşağı görünür. Göy qurşağının rənglərini sayıram. Diş ağrımın nə vaxt kəsdiyindən xəbərim belə olmur.

# 1669 dəfə oxunub

Oxşar xəbərlər

# # #