“İmperiya xəstəliyi” böhran həddinə çatmış şəxsin sayıqlamaları... - Nikita Mixalkovun xalqımıza başqa üz göstərməsinin arxasında nə gizlənir?

“İmperiya xəstəliyi” böhran həddinə çatmış şəxsin sayıqlamaları... - Nikita Mixalkovun  xalqımıza başqa üz göstərməsinin arxasında nə gizlənir?
5 avqust 2025
# 18:40

Kulis.az Nəriman Əbdülrəhmanlının "Çöküşün anatomiyası" yazısını təqdim edir.

Sənət adamının çöküşü kədərli haldır...

İstedadlı və şöhrətli sənət adamının çöküşü isə ikiqat kədərlidir...

Adıbəlli rejissor Nikita Mixalkovun 90-cı illərin əvvəllərindən özünü büruzə verən “imperiya xəstəliyi”nin simptomları özünü daha eybəcər şəkildə göstərməyə başlayıb. Şeytanları qovan apokrifik xristian müqəddəsi Nikita Besoqonun adını daşıyan “Besoqon TV” müəllif proqramında rejissor bu məqsədlə gözünü belə qırpmadan şeytanı öz niyyətinin və hikkəsinin vasitəçisinə çevirir.

Son proqramında Mixalkov Azərbaycanı hədəf aldı, ölkəmizi “nankor” eks-sovet respublikası kimi təqdim elədi, yalan və təhriflə dolu iddialar səsləndirdi, işğaldan azad olunmuş ərazilərimizlə Rusiyanın Ukraynaya qarşı təcavüzü arasında təhlükəli və əsassız paralellər apardı, AZAL-a məxsus mülki təyyarəni Rusiyanın vurması və Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq hallarına baxmayaraq, rəsmi Moskvanın bu məsələlərdə məsuliyyəti öz üzərinə götürmədiyini bildirdi, dövlət başçımıza qarşı tərbiyəsiz tövr nümayiş etdirdi, Şuşa Media Forumu ilə bağlı təqdim olunan məlumatları kontekstdən çıxardı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini “çoxmillətli Rusiya imperiyasının parçalanması” kimi qələmə verdi, tarix dərsliklərimizdə “rusofobiya” izləri “aşkara çıxardı”.

Bütün bunlar artıq sənət motivasiyasını tamam qeyb eləmiş, korrupsiyaya bataqlığında çabalayan, “imperiya xəstəliyi” böhran həddinə çatmış şəxsin sayıqlamaları kimi ürək bulandırır.

Üstəlik, bu, Nikta Mixalkovun gördüyü alicənab münasibət müqabilində nümayiş etdirdiyi ilk nankorluq deyil...

Onun sənət Olimpinə yüksəlişi Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır: 1970-ci ildə yazçının “Sakit gün” hekayəsinin motivləri əsasında qələmə aldığı ssenarisini ekranlaşdırandan sonra rejissor kimi böyük sənətə qədəm basıb; 90-cı illərdə lentə aldığı “Urqa – məhəbbət ərazisi”, “Günəşdən yorulmuşlar”, “Sibir bərbəri” filmlərini də onun iştirakıyla araya-ərsəyə gətirib, Venesiya və Kann kinofestivallarının baş prizinə, “Nika”, “Feliks”, “Oskar” mükafatlarına, üç dəfə Rusiya Federasiyasını Dövlət Mükafatına layiq görülüb.

Nikita Mixalkov Azərbaycanda həmişə hörmət görüb. 90-cı illərdə Rüstım İbrahimbəyovun təşkilatçılığıyla keçirilən “Şərq-Qərb” kinofestivalında iştirakı, verdiyi müsahibələrdə ölkəmizlə bağlı xoş sözləri hələ unudulmayıb. Amma sənət dostunda “imperiya xəstəliyi” əlamətlərinin üzə çıxması, haqqını danması 90-cı illərin axırlarında Rüstəm İbrahimbəyovun onunla yaradıcılıq və işgüzar əlaqələrini kəsməsinə səbəb oldu, nəticədə o zamanın çox uğurlu tandemi dağıldı, Mixalkovun sonrakı filmlərisə regional kinofestivallardan uzağa gedə bilmədi.

Nikita Mixalkovun anadan olmasının 70 illik yubileyi münasibətilə 2015-ci ilin dekabrında Heydər Əliyev Sarayında təntənəli yaradıcılıq gecəsinin keçirilməsi hələ də yaddaşlarda yaşayır.

Onda Prezident İlham Əliyev onu qəbul eləmiş, kinorejissor Bakıda gördüyü inkişav tempinə heyrətləndiyini bildirmiş, dövlət başçısına filmlər kolleksiyasını bağışlamışdı.

Sonra o, “Nizami” Kino Mərkəzinin mətbuat klubunda kinematoqrafçıları ilə görüşmüş, gənc rejissorlara ustad dərsləri keçmişdi. Hətta o vaxt Nikita Mixalkov rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedov haqqında çoxseriyalı film çəkməyə hazırlaşdığını, filmin ssenarisini 1985-ci ildə yazdığını, lakin Qarabağda gedən müharibəyə görə çəkilişlərin təxirə salındığını, Qriboyedovun 40 min ermənini İranda əsirlikdən qurtarıb ora göndərdiyini söyləmişdi. Düzdü, həmin layihə gerçəkləşmədi, amma belə bir cəhd və etiraf da yaddaşlardan silinmədi.

Bəs, Nikita Mixalkovun ölkəmizə və xalqımıza başqa üz göstərməsinin arxasında nə gizlənir? Görünür, hələ də onunkimilərin “imperiya xəritəsi”ndə Rusiyanın sərhədləri daxilində təsəvvür edilən dövlətlərin müstəqil siyasət yürütmələri, öz haqlarına sahib çıxmaları.
Əslində, Nikita Mixalkov 80-ci illərdən həqiqətin deyil, güclünün yanında olmağı özünün həyat kredosuna çevirib: Mixail Qorbaçova da yarınıb, onun rəqibi Boris Yeltsinin də tərəfdarı olub, Yeltsinə rəqib çıxan Aleksandr Rutskoyun da tərəfini saxlayıb.

2000-ci ildə hakimiyyətə gələn Vladimir Putini də ruh yüksəkliyi ilə qəbul eləyib, onun ikinci dəfə seçilməsi üçün əlindən gələni əsirgəməyib, 2012-ci ildə də, 2018-ci ildə də seçki prosesində vəkili təyin olunub.

O, 90-cı illərin əvvəllərindən, əslində, Kremlin imperiya niyyətlərinin müdafiəçilərindən və təbliğatçılarından birinə çevrilib, 1992-1999-cu illərdə qırğınlar törətmiş serb millətçilərini vətənpərvər sayıb, Çeçenistana, Gürcüstana və Ukraynaya təcavüzün ilhamvericiləri sırasında olub, hətta Müdafiə Nazirliyi ictimai şurasının sədri kimi o təcavüzlərə haqq qazandırmaq üçün əlindən gələni əsirgəməyib.

Təcavüzü təbliğ etdiyinə görə beynəlxalq mədəni məkandan təcrid olunması, adının Avropa İttifaqının və bir sıra ölkələrin sanksiyalarına məruz qalanların siyahısına salınması, Ukrayna Baş Prokurorluğunun onun haqqında qiyabi həbs hökmü çıxarıb, axtarış elan etməsi Nikita Mixalkovun imperiya nisgili müqabilində xırda məsələlər kimi görünür. İki dəfə Eduard Volodin adına “İmperiya mədəniyyəti” milli mükafatına, “Sevastopolun Rusiyaya qaytarılmasının 10 illiyi” medalına layiq görülməsi də bu yönümdə göstərdiyi xidmətlərin müqabilində aldığı paydı...

Nikita Mixalkov şəxsi və imperiya marağına hətta sənət marağını belə qurban verməyi məqbul sayır. İtaliyada şərab istehsalçısı, Rusiyada “Vozrojdeniye” bankı direktorlar şurasının üzvü, meşə təsərrüfatı, mebel istehsalı, almaz emalı müəssisələrinin, “TRİTE” və animasiya studiyalarının, Kino və Teatr Akademiyasının sahibi olan sabiq rejissor (2016-cı ildən adı yalnız studiyasında istehsal olunan filmlərdə prodüser kimi keçir) tarixi binaları sökdürüb otel tikdirməyi, İngiltərədə çəkilmiş “Stalinin ölümü” kinokomediyasının prokata buraxılmasının qarşısını almağı özünə rəva görür.

Hətta 2013-cü ildə böyük vətənpərvərə və kürəkəninə qarşı qeyri-qanuni almaz ticarəti ilə bağlı cinayət işi qaldırılmışdı, amma ölkə başçısının himayəsində olan maqnat, əlbəttə ki, qanunun təqibindən qurtulmağı bacardı. Üstəlik, 2017-ci ildə mənzili və bağ evindən əlavə 6 yaşayış, 11 qeyri-yaşayış binası, 89 torpaq sahəsi, 5 minik avtomobili, traktoru, helikopteri, gündə 1.5 milyon rubl gəliri olduğu mətbuata da sızmış, Mixalkov isə sərvətinin mənbəyini açıqlaya bilməmiş, bu da ictimaiyyatı hiddətləndirmişdi.

1998-ci ildən Rusiya Kinematoqrafçılar İttifaqının, 1999-cu ildən Beynəlxalq Moskva Kinofestivalının sahibi, 2020-ci ildən Əmək Qəhrəmanı olan kinorejissor, kinoaktyor, ssenariçi, kinoprodüser, teleaparıcı, biznesmen, blogger, müğənni, yutuber (rəsmi bioqrafiyasında belə təqdim olunur) Nikita Mixalkovun imperiya düşüncəsini yaşadan və təbliğ eləyən, postsovet dövlətləri bərpa olunacaq imperiyanın əraziləri sayan Eduard Limonov, Aleksandr Duqin, Zaxar Prilepin, Mixail Delyagin, Mixail Smolin, Vladimir Solovyov, Olqa Skabeyeva, Marqarita Simonyan... kimilərin şovinizm xoruna qoşulması ən azı təəssüf doğurur...

Azərbaycan xalqının da, dövlət rəhbərliyinin də ona və yaradıcılığına hörmətlə yanaşması müqabilində suveren dövlətə qarşı Kremlin diliylə danışması sənətçyə başucalığı gətirmir...

Bu, açıq-aşkar çöküş əlamətidi...


# 296 dəfə oxunub

Oxşar xəbərlər

İngiltərə  Krallıq Baleti İsraildə planlaşdırılan çıxışını ləğv etdi

İngiltərə Krallıq Baleti İsraildə planlaşdırılan çıxışını ləğv etdi

18:00 5 avqust 2025
Möminə Xatun türbəsi  ilkin formaya uyğun bərpa ediləcək

Möminə Xatun türbəsi ilkin formaya uyğun bərpa ediləcək

17:04 5 avqust 2025
Antalya Muzeyi tamamilə yenilənir

Antalya Muzeyi tamamilə yenilənir

17:00 5 avqust 2025
Amerikalı memarla evlənən,  Los-Ancelesdə rus restoranlarında çıxış edən "Bəxt üzüyü"nün "Sevda"sı

Amerikalı memarla evlənən, Los-Ancelesdə rus restoranlarında çıxış edən "Bəxt üzüyü"nün "Sevda"sı

15:40 5 avqust 2025
"Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi!" - Gi de Mopassan

"Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi!" - Gi de Mopassan

15:25 5 avqust 2025
"Rəqs edən ömrün nəğməsi"  - Təranə Muradova - 60

"Rəqs edən ömrün nəğməsi" - Təranə Muradova - 60

15:10 5 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər