"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

"Görən, bu çöllərdə kimim var mənim?"  - Arif Babayevlə vida mərasimindən reportaj
1 avqust 2025
# 16:43

Kulis.az Ülvi Bahadırın Xalq artisti Arif Babayevlə vida mərasimindən reportajını təqdim edir.

Yığılmır yollardan fikrim, xəyalım,

Görən, bu çöllərdə kimim var mənim?

Sazda Kərəmiyə qoşulan səsim,

Kamanda inləyən simim var mənim.

Qulağımda ta uşaqlıqdan gələn yuxu nəğmə…

Hərdən belə də olur…

Olur ki, bir yuxuya toxunursan…

Çağa əli ilə baş barmağını sıxan təki…

Hansısa kəsilmiş, unudulmuş şəklin içinə girirsən…

Hansısa səsi dünyanın ən məhrəm dolanbaclarına yayırsan…

Sinən nə zamansa çin olacaq yuxu kimi dalğalanır...

Hərdən belə də olur…

Olur ki, axır nəfəsdən bir addım sonrakı dayanacaqda bir qara maşın dayanır.

Baqajı açılır və sonuncu nəfəs dolanbaclardakı səs kimi qalxır çiyinlərə…

“Kaş sənin çiynində gedim” deyərdi bütün sevdiklərim.

Sevdiklərimin ağırlığı ilə girirəm Muğam Mərkəzinə…

Çöllərdə yuxu nəğməsinin çin adamlarını axtaran Arif Babayevin vidasına…

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

***

Kəsilib qapıdan gedib-gələnim,

Yox mətləb qananım, qədir bilənim,

Dumanlar içində yorğun köhlənim,

Tufanlar qoynunda gəmim var mənim.

Zalda insan izdihamı…

Hamı oturmağa yer gəzir…

Anı qaçırmaq istəməyən fotoqraflar…

Əklillər…

Qırmızı pərdənin ortasında yuxu nəğməsini tapan adamın fotosu…

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

Sarıhacılı nəğməsinin köhlən məqamına...

Evə qayıdış…

Axırıncı ayaq izini axtarmaq…

Ömrün qərib-qəribə fəsli…

Sanki bu boyda ayı, ili bu fəslə çatmaq üçün yaşamısan…

Sanki bütün ayaq izləri yoxa çıxır… Səninkilərdən savayı…

Evə qayıdış…

Sarıhacılı nəğməsinin köhlən məqamına…

Bu adamlar ki var haa…

Eyni yuxunu görənlər…

Eyni nəğməni tapanlar…

Onlardamı bu ayaq izlərini izləyib gəlmişdilər bura… Mənim kimi…

Tufanlar içində çırpınan gəmiləri tapmağa…

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

***

Hüseyn, nə oldu qönçə niyyətim?

Daşlara toxundu ilk məhəbbətim,

Özgəni güldürən sözüm-söhbətim,

Özümü ağladan qəmim var mənim.

Burdadı… Hamı burdadı…

"Mən bu sənətə Arif Babayevi sevib gəlmişəm”.

Belə deyir Mənsum İbrahimov…

O aşkarda deyir, qalanlar ürəyində…

“Uzun illər eyni səhnəni bölüşmüşük. Arif Babayev elə bir iz qoyub gedib ki, o heç vaxt unudulmayacaq".

Yaddan çıxmış xatirəni qəfil xatırlayanda o yer də, o xatirə də daha da durulur, paklanır.

Dünyanın ən ağır yükü çiyinlərində buxarlanır…

Uzun illər sonra xatırlananda…

Səni unutmayacaq adamların çoxu bəlkə də hələ doğulmayıb…

Kimlər gülür səni xatırlayanda?..

Kimi xatırlayanda ağlayırsan?...

Vamiq Məmmədəliyevin qəhərli səsi gəlir qulağıma:

“Biz təkcə sənətdə yox, sənətdən kənarda biz dost idik. Arif Babayevin insanlara verdiyi qiymət çox yüksək idi, çox səmimi insan idi. Onun tələbələri də onu çox istəyir, çünki həm sənəti həm də insanlığın yüksək idi".

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn edilib - FOTO  - VİDEO  - YENİLƏNİB-1

Yaşar Babayev kürsüyə çıxanda səsindəki itkinlik, əzizsizlik sinəmə yayılır…

Bütün kəsə küçələrin birləşdiyi yerdəyəm sanki…

***

Hərdən belə də olur…

Olur ki, axır nəfəsdən bir addım əvvəlki dayanacaqdan arxaya baxırsan…

Əl yelləyir çin olacaq dalğalanan yuxular…

Tapır kimsə səni evin bir küncündən, birləşdirir unudulmuş şəkilə…

Toxunur kimsə sənə…

Çağa əli ilə baş barmağını sıxan təki…

Yüyürürsən dolanbaclara yayılan səsin ardınca…

“Görən, bu çöllərdə kimim var mənim?”

# 1068 dəfə oxunub

Oxşar xəbərlər

“Freaky Friday”nin davamı gəlir

“Freaky Friday”nin davamı gəlir

18:50 1 avqust 2025
“Ulduz”un iyul-avqust sayı dərc edildi

“Ulduz”un iyul-avqust sayı dərc edildi

18:40 1 avqust 2025
Erkən xristianlığın mərkəzi olan  şəhər aşkarlandı

Erkən xristianlığın mərkəzi olan şəhər aşkarlandı

18:23 1 avqust 2025
Tanınmış teatr rejissoru vəfat etdi

Tanınmış teatr rejissoru vəfat etdi

16:45 1 avqust 2025
"Yarım qalmış şeir" - Yeni hekayə

"Yarım qalmış şeir" - Yeni hekayə

16:00 1 avqust 2025
Azərbaycan Qırğızıstanda beynəlxalq mədəniyyət festivalında

Azərbaycan Qırğızıstanda beynəlxalq mədəniyyət festivalında

15:10 1 avqust 2025
# # #