Film çəkilişində infarkt oldu, xanımına aktrisalığı qadağan etdi... - Xalq artisti ölüm ayağında nə istədi?

Rasim Ocaqov. Rejissor

Rasim Ocaqov. Rejissor

22 noyabr 2021
# 15:05

Bu gün Xalq artisti, kinorejissor Rasim Ocaqovun doğum günüdür. Kulis.az bu münasibətlə Rasim Ocaqovla bağlı maraqlı faktları təqdim edir.

Şəkidə dünyaya gələn Rasim Ocaqovun uşaqlıq arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır.

***

İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağırıb və deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə həsrət qalacaqsan. Beləliklə “Qatır Məmməd” filmi Rasim Ocaqova həvalə olunur. Rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxuyur”. Ayrılan vəsait xərclənib, plyonka işlənib, çəkilən çəkilib. Min bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film nümayişə buraxılır. Ocaqov bu işi demək olar ki, büdcəsiz həll edir. Bu fədakarlığına və bacarığına görə Moskva kinematoqrafçıları Rasim Ocaqovu “Gəncəbasarlı xilaskar” adlandırır.

Rasim Ocaqov “Onun böyük ürəyi” filmində Rəna obrazını canlandıran Sveta Cavadovaya aşiq olur. Bu film aktrisanın çəkildiyi ilk və sonuncu film olur. Sveta Cavadova ilə ailə həyatı quran rejissor onu sənətdən ömürlük uzaqlaşdırır.

***

“İstintaq” filmində müstəntiq roluna Həsən Məmmədovu, təqsirləndirilən şəxs obrazına isə Hamlet Xanızadənin təsdiq etsə də qəfil fikrini dəyişir. Hər şeyin hazır olduğu məqamda Rasim Ocaqov çəkiliş günü kinostudiyaya gəlmir. Ani bir qərarla Moskvaya gedən rejissor bu gözlənilməz səfərinin məqsədi filmdə müstəntiq roluna çəkilməsi üçün Aleksandr Kalyaqinin dalınca getməsi olub. Beləliklə Rasim Ocaqov elan edir ki, müstəntiq roluna Kalyaqini, təqsirləndirilən şəxs rolunda isə Həsən Məmmədovu görür.

***

Müharibə filmləri çəkməkdən ehtiyat edib, deyib ki, mən müharibə filmləri çəkə bilmirəm, çünki onu yaşamamışam.

Bir çox filmlərdə operator kimi çalışıb. “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. Filmləri arasında ən çox "Tütək səsi" filmini bəyənirmiş. Özünün də uşaqlığı müharibə illərinə təsadüf etdiyindən həmin filmdə öz uşaqlığını görüb.


***

Deyilənə görə çəkiliş meydançasında çox sərt, amansız, rəhmsiz rejissor olub. Nizam-intizama fikir verən adam imiş. Heç vaxt heç kimə güzəştə getməyib. Onun bir sözünü iki eləmək mümkün olmayıb.

Rejissor Əbdül Mahmudbəyov müsahibələrinin birində deyir:

“Ölümündən 3 il əvvəl də infarkt keçirmişdi. Bildiyimə görə, birinci dəfə Təhminə filminin çəkilişləri zamanı infarkt olmuşdu. Danışırdı ki, həmin vaxt siqaret çəkdiyi yerdə gözü qaralıb, bir onda ayılıb ki, reanimasiyadadır. Gözünü açanda həkim ondan soruşub ki, ürəyiniz nə istəyir? O da soruşub ki, yaxınlarımdan burda kim var? Həkim deyib hamı. Həkimdən xahiş edib ki, kürəkəninə desin, ona bir siqaret gətirsin. Həkim ona reanimasiyada olduğunu xatırladıb və siqaretin onu öldürəcəyini bildirib. Rasim deyib ki, əksinə, siqaret çəkməsəm, öləcəyəm, ölümümə bais olmayın”.

Ocaqov ömrünün sonuna qədər siqareti atmayıb. Deyib ki, siqaretdən aldığım həzzi həyatda heç nədən almamışam. Səhhətindəki problemlərdən əziyyət çəksə də onu yıxan siqareti ömrünün sonuna qədər atmayıb. Siqaretin hər qullabı beynimdə yaranan bir süjetdən çıxır sözlərini deyib.

***

Rejissorun sonuncu ekran işi “Otel otağı” filmi olub. Rejissor dostları ilə görüşəndən sonra evə gedir və qəfildən halı pisləşir, elə ayaqüstə dünyasını dəyişir.

# 13373 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər