"Əruz sizə ata mirası deyil" - Qafiyə azarı, heca dərdi, əruz xəstəliyi...

"Əruz sizə ata mirası deyil"  - Qafiyə azarı, heca dərdi, əruz xəstəliyi...
17 iyul 2025
# 12:00

Kulis.az Malik Atalayın "Qafiyə azarı, heca dərdi, əruz xəstəliyi..." yazısnı təqdim edir.

Ədəbiyyat meydanı deyəndə (ki, bu sözdən də çox xoşum gəlmir) adamın gözünün önünə hər misrada bir yenilik edən, yenilik axtaran kimsələr gəlməlidir – gəlmir. Xüsusən də yaşıdlarım arasında. Axı bu yaşda, bu vaxta yenilik axtarışında olmaq əvəzinə səndən əvvəlkilərin getdiyi yolu yenidən balaqlarını çırmalayıb addımlayacaqsansa, bu gözəlim gəncliyi niyə qafiyə, qəlib və ənənə üçbucağında heyf edirsən ?

Gözümün yaşını ürəyimdən axıdaraq deyirəm ki, bu gün meydan qafiyə bərbərləri, heca qəssabları, əruz pinəçiləri ilə doludur. Formaya bürünüb, mənanı boğan bu gənc şairlər – şeirləri meyxana "rakkıdı, çıkkıdısı" olan, ruhu ölü, sadəcə söz oyununa köklənmiş şairlər. Başdaşına şeir yazan adamlar, dəvətnamə üstünə şeir yazan adamlar, toyda mikrofon verilsə oxumaq üçün şeir yazan adamlar. İndi gəl, bu adamların arasında sərbəst şeir yaz və inandır ki, qardaş, Həzrət Abbas haqqı, bu, hekayə deyil, əsl şeir budur, yoxsa, sənin bəh-bəhlə ilin-günün bu vaxtı, qloballaşan dünyada yazdığın şeylər ötən əsrlərin geyim tərzində geyinib-keçinib hər gün inkişaf edən gözəl Bakıda gəzməkdən savayı bir şey deyil.

Bəndədən qorxmursunuz, barı Allahdan qorxun...

Öz səsinizlə danışmaq əvəzinə, əruzun 13-cü əsrdən gələn səsini dublaj edirsiniz. Qorxaqsınız, çünki sərbəst yazmaq – yəni məsuliyyət daşımaq, yəni çılpaq qalmaq deməkdir, yəni, sözü birbaşa naxış vurmadan, qəlibə salmadan ruhundan süzüldüyü kimi, dəli, asi və çılpaq bir harmoniyada ifadə etməkdi. Amma sən bunlardan qaçdıqca ortalığa çıxır ki, nə ideyan var, nə duyğuların öz orijinallığı, nə də yaşamaqdan gələn bir sarsıntı. Sadəcə qafiyə ilə bəzənmiş emosional simulyasiya.

Əruz sizə ata mirası deyil. Əruz – başqasının həyatı üçün yazılmış qırx ölçülü paltodur. Siz o paltonu geyinib şəkil çəkdirirsiniz, amma palto bədəninizə olmur deyə qollarınız sallanır, ürəyiniz sıxılır, nəfəsiniz kəsilir. Bunları yaradıcılıq ağrısı olaraq da qəbul edə bilərsiniz, amma canım üçün o deyil.
Siz əruzla yazırsınız, çünki əruz sizin yerinizə düşünür.
Heca ilə yazırsınız, çünki ritmin içində gizlənmək rahatdır.
Sərbəst yazmırsınız, çünki orada yuxarıda dediyim kimi nə sizin yerinizə düşünən var , nə də sizə gizlənmək üçün qucaq açan...

Səni indi eşidirəm, Seyid Əzimdən dəm vurursan, gah Nəsiminin ruhunun mənə qənim olmasını istəyir, gah da Füzulidən öyrəndiklərimin burnumdan gəlməsini istəyirsən. Əvvəla, bunu bildirim ki, mən şeir yazmağı yox (bunu heç kimdən öyrənmirsən) şeiri və sözü duymağı əruz ədəbiyyatından öyrənmişəm. Amma sadəcə öyrənmişəm, bunu tətbiq etməliyəm deyə bir qanun yoxdur...

Füzuli əruzla yazırdı, amma bu o demək deyil ki, sən də yazmalısan. Füzuli şeirin formasını deyil, fəlsəfəsini dəyişdi. O, ruhunu qafiyəyə yox, sözün adamın canında yaratdığı titrəməyə bağladı.

Yenilik edilən, yenilik üçün can atılan şeir minalanmış ərazidir, hər yeni cəhd səni o başa da apara bilər, ya da bir şeirin qalıqları arasında yoxa da çıxa bilərsən. Gəl, indi mənim üçün sıxdığın yumruğunu aç, əlini qoy vicdanına və de:
"Sən nə qədər hazırsan ruhunun iztirablarında can verməyə?"

Yazdığınız şeirlərdə ölçü var, amma ruh yoxdur. Qafiyəlidir, amma boşdur. Çünki sizin üçün poeziya bir hiss deyil, bir texniki əməldir. Əsas odur ki, qafiyə tutuşsun, hecalar düz gəlsin ya da bir qəzəl havası yaransın.
Axı tam da bu zaman ayrılıq ağrısı çəkən gənc qız sizin şeirləriniz olan vərəqi göz yaşıyla isladır, qiraətçilər də o göz yaşına arxayın olub, videoları çox izlənəcək deyə güc verirlər ölü şeirlərə.

Sərbəst şeir sizə görə "söz yığınıdır", çünki orada əzbərlənəcək bir ritm yoxdur. Çünki orada misralar qafiyənin əlindən tutub ayaqda saxlamır sizi.

Sərbəst şeir baxmaqdır – özünə, dünyaya, içinə. Sərbəst şeir özündə yox olub, özündə yaranmaqdı yenidən.

Sərbəst şeir hissin özü qədər nizamsız, amma təbiidir. Sərbəst vəzn sizə düşmən görünür, çünki orada təhlükə var , çünki ora dediyim minalanmış ərazisi, çünki orada fikir lazımdı, sözlərin təbii harmoniyası gərəkdir. Amma siz yazmaq üçün başqasının səsini götürüb öz adınızla imzalayırsınız. Bu ədəbi plagiatın lirik formasıdır. Səsinizi qoşmusunuz sizdən, bizdən əvvəlkilərin səsinə...

Niyə Əli Kərim ustadır? Çünki o, əruza, hecaya sığınmaq əvəzinə öz sinəsindən gələn ahəngi axtarıb, tapdı.

Niyə Rəsul Rza başqa ölkələrdə ən çox kitabları tərcümə edilən azərbaycanlı şairdi? Çünki o, fikri musiqiyə çevirdi, səsi sintaksisə saldı.
Ritmik boşluq əvəzinə sözü duyğularının səsi halına gətirib, ürəyinin qanı ilə bəslədi. Bax, şeir burdan başlayır...

Əgər sən hələ də düşünürsənsə ki, qafiyə varsa, şeir də var , vəzn varsa şeir də var – onda bayaq vicdanını qoyduğun əlini təkrar ora apar və de görüm, qafiyə nə vaxtdan ağrını izah edir?

Sənin qafiyən ədəbiyyat tarixinin içində bir xəstəlik kimi dolaşır. Çünki, nə qədər çox olsa da belə şeylər haradasa bir küncdə yazdıqlarını oxuyub bunun şeir yoxsa nazimlik, bir sözdüzmə oyunu olduğunu bilənlər var axı... Nostalji mütəxəssislərisiz qədim bir dili öyrənmiş, ora sığınmış və bütün yeni fikirlərin əli qələmli düşmənləri...

Bilirəm, indi bütün qəzəbini sıxdığın yumruğunda toplamısan, amma bu, heç nəyi dəyişmir...

Əruzu bilmək sənət deyil – tədrisdir.

Hecada yazmaq ustalıq deyil – təkrardır.

Qafiyə qurmaq istedad deyil – əzbərdir.

# 326 dəfə oxunub

Oxşar xəbərlər

250 nəfərlik orkestrin canlı müşayiəti ilə  “Üzüklərin hökmdarı”

250 nəfərlik orkestrin canlı müşayiəti ilə “Üzüklərin hökmdarı”

16:44 17 iyul 2025
Məşhur festivalın səhnəsi yandı

Məşhur festivalın səhnəsi yandı

16:30 17 iyul 2025
"Küçədə qızlara söz atan "qaqaşlar"ı... "- Cəlil Cavanşir

"Küçədə qızlara söz atan "qaqaşlar"ı... "- Cəlil Cavanşir

15:01 17 iyul 2025
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

14:30 17 iyul 2025
Azad Zamanov:  "Alim Qasımova dərs demişəm"

Azad Zamanov: "Alim Qasımova dərs demişəm"

14:09 17 iyul 2025
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov haqda

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov haqda

14:05 17 iyul 2025
# # #