"Dedi, acam, mənə bir az pul ver" - Elçin Cəlilovu narkotikə öyrəşdirən Xalq artisti kim idi?

"Dedi, acam, mənə bir az pul ver" - Elçin Cəlilovu narkotikə öyrəşdirən Xalq artisti kim idi?
17 iyul 2025
# 09:00

Bu gün mərhum müğənni Elçin Cəlilovun doğum günüdür.

Kulis.az yazıçı Varisin "Ayrılıq beləmi olur?" yazısını təqdim edir.

İnsan haçansa ayrılıqları duymaq gücündə olur. Qəlbi, hissləri, vücudu – hər biri onu misqal-misqal ayrılıqlara hazırlaşdırır...

Amma qəfil ölümü cənabi-insan əsla duya bilmir. Gənc bir kəs necə duya bilər ki, tutalım, bir saatdan sonra hansısa bir bədbəxt hadisə onu dünyadan qopara biləcək?

Elçin Cəlilov ayrılığı duymuşdu. Ömrünə çox acı, ağrılı ayrılıqlar gəlməyə hazırlaşanda yanğı ilə bəstəkar Xanım İsmayılqızına məxsus “Ayrılıq beləmi olur” mahnısını oxumuşdu.

Sevməyi öyrətdin mənə sonunda,
Qaldım sənsizliyin qəm qanadında.
Sən yoxsan, xəyalın məni ovudur,
Bilmirəm, ayrılıq beləmi olur?..

Mən bilmirəm, bu mahnını dinləmisinizmi, amma qəmin, kədərin yürüşü və dərdin ekspansiyası mahnıda qırmızı xətlə keçir.

Onda, səhv etmirəmsə, 2001-ci il idi. Elçinin 33 yaşı var idi. Ayrılıqdan oxuyurdu, ayrılıqlar yaşayırdı, iki dəfə ailə həyatı qurmuşdu, hər iki ailəsi dağılmışdı (biri müğənni Lalə Dadaşova ilə idi), birinci nikahdan olan qızını çox sevdiyindən, onun xiffətini eləyirdi, həyatını ildırım sürəti ilə məhv etməyə başlamış “ağ ölüm”ün caynaqları arasındaydı...

Elçin Cəliov və ilk nikahından olan qızı

Cəmi 4-cə il ömür sürəcəyinə isə əsla inanmazdı. Heç kəs bunu ona inandıra bilməzdi. Axı böyük hədəfləri vardı, onlara doğru yol almışdı. Çox az müğənninin malik olduğu səs diapazonuna malik idi, tenor idi, muğam, xalq mahnıları da oxuyurdu, estrada da. Sevilirdi, böyük dinləyici auditoriyasına malik idi.

Elçinlə şəxsi tanışlığımız vardı, hər ikimiz eyni şəhərin – Sumqayıtın yetirməsi olduğumuzdan elə tanışlığımızın tarixi də gedib xeyli uzaqlara – yeniyetməliyimizə, Sumqayıtın məktəblərarası spartakiadasına çıxırdı.

İllər sonra – 90-ların əvvəllərində Elçin və skripkaçı Kazbek biz sumqayıtlıların Sarıqaya adlandırdıqları bağ massivində yerləşmiş sovetdənqalma Pansionatdakı restoranın qış zalında çıxış edirdilər, bircə boş masa tapmazdın, insanlar onları dinləmək üçün ailəlikcə ora axışırdılar.

Biz də dostlarla tez-tez ora gedərdik: Rövşən, Rəhim, İlqar, Vüqar...

Elçini dinləmək çox xoş idi.

Korifey müğənnimiz, Xalq artisti Rəşid Behbudovun ifa etdiyi, musiqisi Rauf Hacıyevə aid olan “Bahar sənsiz” mahnısı var, ondan sonra kim bu mahnını oxuyubsa, dahi Behbudovun kölgəsində qalıb.

Elçinin o mahnını Pansionatda Kazbekin skripka müşayiəti ilə oxuması yadımdan əsla çıxmaz, mübaliğə olmasın, bəlkə də, bir saat ayaq üstə alqışlandı. Mahnını özünəməxsus improvizə ilə, səs imkanlarını tam açan bir muğam parçası ilə necə oxudu, ilahi.

Getmə gözümdən, ey canan,
Dönmərəm sözümdən, ey canan.
Səndən ilham alır mənim könlüm,
Məni səndən inan, ayırmaz ölüm.
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutar, yanar sənsiz...

Rica edirəm, "YouTube" paltformasından adını çəkdiyim hər iki mahnını təxirə salmadan, məhz elə bu gün, məhz elə bu yazını oxuduqdan sonra dinləyin. Dinləyin və Elçini yada salın. Bu dünyada xoşbəxtliyinə bircə addım qalana qədər gəlib də o bir addımı atdığı anda çox-çox uzaqlarda dayanıb əl eləyən bədbəxtliyə aldanan, yolunu dəyişən fitri istedad yiyəsini bu gün, lütfən, xatırlayın. Axı bu 17 iyul günü onun doğum günüdür.

Hər kəs öz avtoportretini çəkə bilsəydi, necə gözəl olardı. Simasını çəkib üz cizgilərini dəqiq ortaya qoyardı. Sonra isə ən çətinini edərdi. Öz iç dünyasını bütün təbəddülatları, ziddiyyətləri ilə ortaya qoyardı.

Axı ən peşəkar, ustad rəssam belə sənin üzünü fotoaparat dəqiqliyi ilə verə bildiyi halda, içini verə bilməz. Sənin üzün hamı üçün açıqdır, için isə yasaq ərazidir. Onu özündən başqa kimsə görəmməz.

Özünün avtoportretini çəksəydi, əminəm ki, Elçin ora arzularını həkk edərdi. Qanadlı arzularını. Quş təki uçan, hədəfdən-hədəfə qonan arzularını.

Avtportreti yoxdur. Avtobioqrafiyası var. 17 iyul 1968-ci ildə Sumqayıt şəhərində musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedib, konsert proqramları ilə çıxış ediblər. 80-lərin əvvəllərində bu ailə ansamblı çox məşhur idi, Az.TV tez-tez onları efirə çıxarırdı. Rəsmi dövlət tədbirlərində də müntəzəm səhnə alırdılar. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olub, Şövkət Ələkbərovadan dərs alıb.

İlk dəfə səhnəyə solo ifa üçün sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edib. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olub, Arif Babayevdən dərs almağa başlayıb. Və efirlərə muğam ifaçısı kimi çıxıb. O, muğam dəstgahları ilə yanaşı, bayaq qeyd etdim, xalq, estrada mahnılarını da, romansları da gözəl ifa edib.

Gallery

Və təkrar edirəm, onun səsi tenor idi, çox təəssüflənirəm, onun bu təkrarsız səsindən niyə operalarımızda istifadə edilmədi. Bir dəfə mikrofonsuz, bizlər üçün Luçano Pavarottinin repertuarından bir parça oxumuşdu, dünya musiqi xəzinəsinin incisi sayılan “Caruso”nu, onun səsi yandırıb kül eləyən ildırım şaqqıltısı idi, coşub-kükrəyən dəniz şırıltısı idi, hər şeyi qoparıb aparan külək vıyıltısı idi.

Mən indi yana-yana deyirəm, taleyi qara gəlməsəydi o, "La-Skala" səhnəsində oxuyacaq qədər virtuoz idi, istedadlı idi.

İki uğursuz ailə həyatından sonra 90-ların sonlarında Elçinin bəyəndiyi xanım vardı, “Ədalət” qəzetinin mühasibi Tahirə xanımla birgə yaşamağa başlamışdılar. Elçin “Azərbaycan” nəşriyyatına – Tahirə xanımı görməyə gəlirdi. Hərdən eyni mərtəbədə yerləşən bizim “168 saat”a da dönürdü, söhbətləşirdik.

Atalar üçdən deməyibmi, üçüncü dəfə qurduğu bu ailənin xoşbəxt olacağına inamı böyük idi.

Amma və lakin…

Xoşbəxtliyi ilə onun arasında həmin o “ağ ölüm” dayanmaqdaydı…

2005-ci ilin 10 may günündə – cəmi 36 yaşında vəfat etdi. Evindən ölü tapıldı. Tibbi ekspertizanın rəyi “narkotik maddələrin dozasının aşılması” idi…

İndi söz-söhbət gəzir, hətta efirlərə də yol açıb bu söz-söhbət. Deyirlər, onu narkotiklərə bir ağsaqqal xalq artisti öyrədib. Hələ də yaşayır o xalq artisti. Elçinsə yoxdur.

Kifayət qədər imkanlı idi, bir neçə mənzili, avtomobili vardı. Narkotika alüdəçiliyi sizə zarafatmı gəlir, əjdaha kimi ağzını açıb adamdan pul tələb edir, Elçin nəyi var idi satdı, hər şeyini itirdi, ondan-bundan borc istəmək dərəcəsinədək kiçiltdi özünü…

Bu günlərdə müğənni Nazim Pişyarinin – Faytonçu Nazimin Elçin barədə kədərli bir xatirəsini oxudum, ürəyim parçalandı.

"Elçinin çox gözəl səsi vardı. Vaxt olub ki, ən bahalı toyları o aparıb. Onun ifası bizim hamımızın ifalarından seçilirdi. Bu gün mənim ruhum dincəlmək istəyəndə mən Elçinə qulaq asıram. Hətta etiraf edirəm ki, elə şeylər var, bu gün mən onu Elçindən öyrənirəm. Elçinin yeri bu gün də görsənir. Elçinin yeri sabah da görsənəcək. O, sənətkar idi. Rəşid Behbudov adına Mahnı Teatrının solisti idi. Elçin bu gün Xalq artisti olmalı idi, "Şərəf", "Şöhrət" ordenləri onun sinəsini bəzəməli idi. Təəssüf ki, Elçin Cəlilov bu gün sıralarımızda yoxdur…"

Gerisi isə bir sənətkar ömrününü faciəvi həyatının tam kulminasiyasıdır:

Nazim Pişyarı davam edir:

"Bir gün mən toyda idim. Ofsiantlardan biri mənə yaxınlaşıb dedi ki, "Nazim müəllim, sizi foyedə bir yaşlı kişi çağırır." Çıxdım bayıra, gördüm Elçindi. Yaşlı kişi ... Elçin mənimlə həmyaşıddır e. O mənzərəni görmək heç istəməzdim... Üzü saqqallı, üstü-başı tör-töküntü. Dedi, mən acam. Mənə bir az pul ver, gedim...

Gerisi isə 2005-ci ilin 10 mayıdır. Öncə tabut... Sonra da qəbir…

Amandır, özünüzü, dost-tanışlarınızı, balalarınızı ağ ölüm adlı o kabusdan qoruyun. Amandır, imkan verməyin ki, ağsaqqal xalq artisti xislətlilər gəncləri “o zibilə” öyrəşdirsinlər.

Ürəyi təmiz, kin-küdurətdən uzaq, saf, çox sadəlövh, dostları üçün yanan bir adam idi Elçin Cəlilov. Və təkrar-təkrar deyirəm: fitri istedad sahibi idi.

Bu gün onu kimsə xatırlayırmı, qəbrinin üstünə gedəni varmı, bilmirəm. Məncə, onu unudublar. Qısa zaman kəsiyində musiqi tariximizi zənginləşdirənimizi beləcə urvatdan salmışıq.

Heyif. Çox heyif!

Epitafiya – yunan sözüdür, qədim Yunanıstanda mənzum şəklində olan qəbirüstü yazıya, yəni başdaşı yazısına deyirlər.

Başlığa bu sözü əbəs çıxarmadım. Elçin indi Mehdiabad qəbristanlığında uyuyur.

Və onun epitafiyası yoxdur.

Demək ki, ayrılıq belə də olurmuş.

# 2735 dəfə oxunub

Oxşar xəbərlər

"Küçədə qızlara söz atan "qaqaşlar"ı... "- Cəlil Cavanşir

"Küçədə qızlara söz atan "qaqaşlar"ı... "- Cəlil Cavanşir

15:01 17 iyul 2025
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

14:30 17 iyul 2025
Azad Zamanov:  "Alim Qasımova dərs demişəm"

Azad Zamanov: "Alim Qasımova dərs demişəm"

14:09 17 iyul 2025
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov haqda

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov haqda

14:05 17 iyul 2025
Mabel Matizin konsertləri ləğv edildi - Səbəb

Mabel Matizin konsertləri ləğv edildi - Səbəb

14:00 17 iyul 2025
İsa peyğəmbərin məzarından mərmər lövhə tapıldı

İsa peyğəmbərin məzarından mərmər lövhə tapıldı

13:47 17 iyul 2025
#
#
# # #